Məhkəmə qərarları › İş №2(103)-902/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-902/2024

06.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-902/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 himayəçisi İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “fərdi yaşayış evinə köçürülmə, həmin evdən yaşamalarına, istifadə etmələrinə olan maneələrin aradan qaldırılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və X1, onların nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 himayəçisi İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürülmə, həmin evdən yaşamalarına, istifadə etmələrinə olan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2184/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçıların himayəçisi İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. AZ-İİ seriyalı, 289283 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2022-ci ildə ölmüşdür.

2. Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1 ilə X8 nikahı Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş və tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 doğulmuşdur.

3. 263754 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X9 atası İddiaçı3dur.

4. Lerik Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 177 nömrəli sərəncamın surətindən görünür ki, Mondigah kənd sakini İddiaçı3 yetkinlik yaşına çatmayan nəvələri, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 himayəçi, xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 qəyyum təyin edilmişdir.

5. Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Qala qəsəbə İ.Ə.D üzrə nümayndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, sözügedən fərdi yaşayış evinə İddiaçı3 iştirakı ilə yerində baxış keçirilmiş və aydın olmuşdur ki, həmin yaşayış evi S.Şükürov küçəsində x=40.448990, y=50.113834 koordinatlarında yerləşir.

6. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aryışın surətindən görünür ki, həmin arayış İddiaçı3 ondan ötrü verilmişdir ki, qızı mərhumə X15 2 övladı ilə birlikdə xx.xx.2022-ci ilədək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X20 (Bakavtomat yolu) ərazisindəki evdə qeydiyyatsız yaşamışdır.

7. Bakı şəhəri üzrə Təhsil İdarəsi 26 N-li Tam orta məktəbin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, həmin arayış İddiaçı1 ondan ötrü verilmişdir ki, o, həqiqətən Bakı şəhəri üzrə Təhsil İdarəsi 326 N-li tam orta məktəbin 9-cu sinifini, İddiaçı2 is 7-ci sinifini bitirmişdir.

8. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 157.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü və 66.3-cü maddələrinə əsasən qəti olaraq 18 il müddətə azadlıqdan məhtumetmə cəzasına məhkum edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1 Arzuman oğlunun və İddiaçı2 himayəçisi İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, valideyn himayəsindən kənarda qalmış yetkinlik yaşına çatmayan nəvələri - himayəçisi olduğu İddiaçı1 və qəyyumu olduğu İddiaçı2 onunla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X20 "Bakavtamat” yolu ərazisində yerləşən fərdi yaşayış evinə köçürülmələri, mübahisəli fərdi yaşayış evində yaşamaqlarına, həmin edən istifadə etməklərinə cavabdehlər tərəfindən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qızı, X15, Cavabdeh1 ilə 2003-cü ildə nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahından iki övladları - xx xxx 2007-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 var. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi X20 "Bakavtamat” yolu ərazisində yerləşən mübahisəli fərdi yaşayş evi birgə nikah dövründə qızı X15 ilə Cavabdeh1 ümumi gəlirləri hesabına tikilib təmir edilmiş və orada həmin vaxtan etibarən qızı, X15 əri və uşaqları ilə orada yaşayıb birgə təssərrüfat aparmışlar. Onun köməkliyi ilə də mübahisəli evin təmirinə qızı Vüsalə tərəfindən əsaslı vəsait qoyulmuşdur. Nəvələri Aqşin və Şölə mübahisəli evdən həmin ərazidə yerləşən 326 №-li Tam Orta Məktəbə gedib-gəlmişlər. Mübahisəli fərdi yaşayış evi Cavabdeh1 adına kommunal xidmətlər üzrə su, elektrik və qazla təmin edilmişdir. Vüsalə ilə Cavabdeh1 arasında nikah Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, lakin sonra barışmış və mübahisəli evdə birlikdə yaşamışlar. Sonuncu dəfə 2021-ci ilin avqust ayında Cavabdeh1la qızı Vüsalə arasında ailədaxili mübahisələr zəminində baş vermiş mübahisə zamanı cavabdeh Fazilov X4 döyərək uşaqları ilə birlikdə mübahisəli evdən çıxarmış, uşaqlarını yaşadıqları evə buraxmamışdır. Vüsalə iki uşağı ilə əvvəlcə qardaşı Sevindiyin evində, sonra kirayədə qalmağa məcbur olmuşdur. Cavabdeh1 15 iyul 2022-ci il tarixdə saat 19 radələrində qızı Vüsalə Əliyeva nəvəsi Şölə ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X20 “Bakavtamat” yolu ərazisindəki mübahisəli evin hasar qonşuluğundakı evin həyətində olduqları zaman şəxsi münasibətlərin pozulması zəmnində qızı Vüsaləni öldürmək niyyətini həyata keçirmək üçün həyətə daxil olmuş, qızı Vüsalə qaçaraq mənzilə daxil olub qapını bağlamaq istəyərkən buna maneə olaraq özü də mənzilə daxil olub Vüsalə Əliyevaya hücum edərək müstəsna dərəcədə rəhmsizlik, qəddarlıq nümayiş etdirərək qız övladı Şölənin gözü qarşısında üzərində gəzdirdiyi mətbəx bıçağı ilə Vüsalənin ürək və digər bədən nahiyələrinə çoxsaylı zərbələr endirərək onu xüsusi amansızlıqla öldürmüşdür. Cavabdeh1 Vüsalə Əliyevanı qəsdən həyatdan məhrum etdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-412/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq 18 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdehə ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etmişdir. Hökmdən apellyasiya şikayəti verilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, Lerik rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə valideyn himayəsindən kənarda qalmış yetkinlik yaşına çatmayan nəvələri İddiaçı1 himayəçi, İddiaçı2 isə qəyyum təyin edilmişdir. Hazırda digər cavabdeh, Cavabdeh1 qardaşı X13 yetkinlik yaşına çatmayan nəvələri Aqşin və Şöləni onların valideynlərinə məxsus olan və valideynləri ilə birlikdə yaşadıqları mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi “Bakavtamat” yolu ərazisindəki fərdi yaşayış evinə buraxmır, nəvələrinin həmin evdə onunla birlikdə yaşamalarına maneələr yaradır. Mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bakavtamat” yolu ərazisindəki fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə aiddir. Hesab edir ki, iddia tələbi təmin olunmaqla valideyn himayəsindən kənarda qalmış yetkinlik yaşma çatmayan nəvələri himayəçisi olduğu İddiaçı1 və qəyyumu olduğu İddiaçı2 onunla birlikdə Xəzər rayonu, Qala qəsəbəsi, X20, “Bakavtamat” yolu ərazisində yerləşən fərdi yaşayış evinə köçürülmələri, mübahisəli fərdi yaşayış evində yaşamaqlarına cavabdehlər tərəfindən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməlidir.

11. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 himayəçisi İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək valideyn himayəsindən kənarda qalmış yetkinlik yaşına çatmayan nəvələri - himayəçisi olduğu İddiaçı1 və qəyyumu olduğu İddiaçı2 onunla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X20 (“Bakavtomat” yolu deyilən ərazi) S.Şükürov küçəsində x=40.448990, y=50.113834 koordinatlarında yerləşən mübahisəli fərdi yaşayış evinə köçürülmələri, mübahisəli fərdi yaşayış evində yaşamaqlarına, həmin evdən istifadə etmələrinə cavabdehlər tərəfindən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cəzaçəkmə müəssisəsində cəzaçəkən iş üzrə Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, 2007-ci ildə Xəzər rayon Binə qəsəbəsində qanunsuz tikilidə yaşamış və iki evi olmuşdur. 2012-ci ildə yarıtikili mənzilinin birini qaynatası Aşur tərəfindən aldadılaraq qaynı Əliyev Vüsala verilmiş, hazırda orada yaşayır. 2018-ci ildə arvadı Əliyeva Vüsalədən ayrılandan rəsmən sonra ondan heç bir mülkiyyət tələb etməmişdir. Çünki onun mülkiyyətində heç bir mənzil və ya torpaq olmamışdır. Binə qəsəbəsi, “Bakelektroavtomat” yolundakı ona məxsus olan təmirsiz evi 2021-ci ildə satıb özünə müalicə etmişdir. Özü daimi müalicə olunur, şezafreniya paranoid formada natamam smesiya xəstəsidir, İİİ qrup əlildir. Bildirir ki, nə onun, nə də qardaşı Cavabdeh2 mülkiyyətində heç bir ev yoxdur. İddiaçı3 ev iddiası əsassızdır və onlara şər-böhtan atır. Övladları İddiaçı1 və İddiaçı2 hazırda yetkinlik yaşına çatmamış, İddiaçı3 tərəfindən qəyyumluğa götürülmüş və Lerik rayonunun Mondigah kəndində Aşurun evində yaşayırlar, orada təhsillərini davam etdirirlər. Bildirir ki, uşaqları köçürməyə heç bir mənzil yoxdur.

13. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2184/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X10)

14. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, İddiaçı tərəfindən mübahisə predmeti olan tikiliyə və ya tikilinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd, iddianın əsaslığını təşkil edən hallara dair (mübahisə predmeti olan tikilinin inşası və maneələrin törədilməsi barədə) hər hansı bir sübut məhkəməyə təqdim olunmamış və işin araşdırılmış halları ilə də müəyyən olunmamışdır. Belə ki, iddianın əsaslığını sübut etmək və müvafiq sübutları məhkəməyə təqdim etmək iddia tərəfin vəzifəsidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbinin əsaslığı sübut olunmadığına görə iddia təmin edilməməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.2-ci, 35.6-cı, 38.6-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci, 72.1-ci, 77.1-ci, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən İddiaçı2 himayəçisi İddiaçı3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətinin məzmunu iddia əriəsinə uyğun əsaslandırılmış və olaraq göstərilmişdir ki, Qətnamədə hakimin istinad etdiyi ərizədə Cavabdeh Fazilov Agadadaş Bayram oglu qardaşı Arzumanın mübahisəli evi 2021-ci ildə satdıgını bildirir. Evin yerində müayinəsi zamanı X17 kimi təqdim edən şəxs isə həmin evdə ailəsi ilə birlikdə 3 ildir ki, yaşadığını bildirir. Göründüyü kimi mübahisəli ev barədə işə baxan hakimin cavabdeh və X17 kimi təqdim edən şəxsdən aldığı məlumatlar arasında ziddiyət var. X17 kimi təqdim edən şəxsin mübahisəli evdə ailəsi ilə birlikdə 3 ildir yaşadığı barədə məhkəməyə verdiyi məlumat aşkar yalan məlumatdır. Bu bir də onunla təsdiq olunur ki, elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş abonentin saldosundan görünür ki, Zenner G4T Mexaniki **********7 №-li qaz saygacı xx.xx.2021-ci il tarixdə 4 nəfər ailə üzvü olan Cavabdeh1 adına quraşdırılmış və qaz sərfiyyatına görə ödəmələr də sonuncunun adına 2022-ci ilin dekabr ayınadək aparılmışdır. Bu hala işə baxan hakim tərəfindən qəsdən hüquqi qiymət verilməmişdir. Qızı Vüsalə sağlıgında, yetkinlik yaşına çatmayan nəvələri Aqşin və Şölə yaşadıqları evdən qanunsuz məhrum edilmişlər, nəvələri həmin yeganə yaşayış sahələrindən hazırkı vaxta qədər istifadə edə bilmirlər. Bu iş üzrə işə baxan hakim isə Cavabdeh1, o cümlədən də onun qardaşı Cavabdeh2 göndərdiyi məktubu (ərizəni) sübut kimi qəbul etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mübahisə predmeti olan evin qızı Əliyeva Vüsalə ilə Cavabdeh1 tərəfindən birgə nikah dövründə tikilib-tikilmədiyini, ümumiyyətlə tikilib istifadə olunma tarixini, mübahisəli evin hüquqi statusunu, yetkinlik yaşına çatmayan xx xxx 2007-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 mübahisə predmeti olan evdə valideynləri ilə birlikdə hansı vaxta qədər yaşadıqları və evdən çıxmalarının, müxtəlif vaxtlarda Lerik rayonunda və Bakı şəhərində qalmalarının səbəbi, mübahisəli evin su, elektrik və qaz təminatı üzrə müqavilələrin kiminlə bağlandığı və evin kommunal xərclərinin kimin adına və hansı tarixədək ödənildiyi, ümumiyyətlə Cavabdeh1 cəzaçəkmə müəssəsində olmasının səbəbi, onun hansı vaxtdan həbs olunduğu, mübahisənin predmeti olan ev barəsində notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsinin mövcud olub-olmadığı kimi işin bütün faktiki halları aydınlaşdırılmamışdır. Mübahisəli evin daxilini, həyətyanı sahəsini belə müayinə etməmiş, X17 kimi təqdim edən şəxsin, onun dediyi kimi mübahisə predmeti evi Arzuman adlı şəxsdən alan Nadir adlı şəxsin şəxsiyyətini belə müəyyən etməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

19. Apellyasiya icraatı zaman mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş X3 və X2 və onların nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş və iddiaçıların himayəçisi İddiaçı3 teleqram vuraraq özünün və nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. İddiaçılar tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası üçüncü şəxsləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

27. İşin faktiki hallarından göründüyü kimi iddia tələbinin əsası ondan ibarətdir ki, mübahisə predmeti olan tikili himayəsində olan uşaqların valideynlərinin, mərhum anaları X14 və iş üzrə Cavabdeh1 birgə yaşadıqları dövrdə və birgə vəsait hesabına inşa edilmiş, hazırda isə iş üzrə cavabdehlər tərəfindən həmin tikilidən istifadə etmələrinə və yaşamalarına maneələr törədilir.

28. Hazırki işin halları və apellyasiya şikayətinin dəlilləri baxımından məhkəmə kollegiyası vurğulayır ki, mübahisə predmetini təşkil edən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X20 "Bakavtamat” yolu ərazisində yerləşən fərdi yaşayış evi cavabdehlərdən hər hansı birinin deyil, apellyasiya icraatı zaman mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X3 və onun ailə üzvlərinin sahibliyindədir.

29. Belə ki, apellyasiya icraatı zamanı keçirilmiş yerində müayinə zamanı mübahisəli fərdi yaşayış evində yaşayan X2 bildirmişdir ki, fərdi yaşayış evi onun oğlu X3 tərəfindən etibarnamə ilə 04 noyabr 2021-ci il tarixdə alınmış və o, həyat yoldaşı X6 və oğlu Aqillə birlikdə orada yaşayır. Həmin mübahisə predmeti olan fərdi yaşayış evini onun oğlu X3 30000 manata almışdır. İddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, artıq 3 ildir, 2021-ci idən həmin şəxslər sözügedən özbaşına tikili olan evdə yaşayırlar. Başqa sözlə, 3 ildən artıqdır cavabdehlərin bu tikili ilə hər hansı bir əlaqəsi olmamaqla müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin sahibliyindədir.

30. Göründüyü kimi, iddiaçılar hazırki tələblərini özbaşına tikilinin sahibliklərində olmayan şəxslərə qarşı irəli sürməklə iddiaçıların həmin özbaşına tikiliyə köçürülməsi təmin edilə bilməz. Belə olan halda kollegiya hesab edir ki, köçürülməsi tələb edilən özbaşına tiklinin hər hansı hüquq müəyyənedici sənədləri olmamaqla dövlət qeydiyyatına alınmadığını, onların məhz həmin evə hər hansı bir hüquqlarının olmadığını, o cümlədən cavabdeh kimi qeyd edilən şəxslərin həmin tikliyə sahiblik etmələri təsdiqini tapmamaqla başqa şəxslərin sahibliyində olması nəzərə alınmaqla həmin tikliyə iddiaçıların köçürülməsi barədə qənaətə gəlinməsi əsaslı hesab edilə bilməz. Belə bir iddianın təmin edilməsi (iddiaçılara münasibtədə hər hansı qohumluq bağları olmayan) orada yaşayan və faktiki sahiblik şəxslərin hüquqlarının pozulmasına gətirib çıxarar ki, bu da yolverilməzdir. Yəni qanunvericiliyin tələbləri baxımından sözügedən tikili iddia üzrə cavabdeh olan şəxslərin faktiki sahibliyində olmamaqla, hətta cavabdehlərdən biri olan Cavabdeh2 ümumiyyətlə həmin tikilidə yaşamamış və hazırda sahiblik etməməklə hazırki iddiaya cavab verən şəxs qismində də qəbul edilə bilməz.

31. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçıların himayəçisi İddiaçı3 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2184/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar