Məhkəmə qərarları › İş №2(103)-9038/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9038/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9038/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(008)-3810/2021 saylı qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 Bank Olmayan Kredit X6 Cəmiyyəti, Cavabdeh3 və Cavabdeh4 “qarşı hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin, hərracın nəticələrinə dair yekun protokolun, qeyri-yaşayış sahəsi ilə bağlı edilmiş hüquqi hərəkətlərin və onların nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 10.12.2021-ci il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri Səbail Rayon İcra və probasiya şöbəsinin 08.02.2021-ci il tarixli sifariş məktubu əsasında "xxxx" ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərraca dair hərracın yekunları üzrə 03.03.2021-ci il tarixli alqı-satqı müqaviləsinin, hərracın nəticələri haqqında YP №85 saylı protokolun və qeyri-yaşayış sahəsi ilə bağlı edilmiş bütün hərəkətlərin və onların nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi və vəkili X5 iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə dair yekun məhkəmə qərarı qəbul edilənədək mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin başqaları tərəfindən özgəninkiləşdirilməsinin Cavabdeh4 və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2(008)- 3810/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin özgəninkiləşdirilməsinin Cavabdeh4 və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil şikayətlə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(008)- 3810/2021 saylı qərardadı ilə şikayət təmin edilərək, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin özgəninkiləşdirilməsinin Cavabdeh4 və digər şəxslərə qadağan edilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2(008)- 3810/2021 saylı qərardadının ləğv edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin sədri X2 şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X5 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birilkdə araşdırıb hesab edir ki, şikayət əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi iddianın təmini tədbiri barədə 28.04.2021-ci il tarixli qərardadının ləğv edilməsinə dair 17.05.2021-ci il tarixli qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsi və sənədlər geri qaytarıldığından, iddianın təmini tədbiri əsaslı hesab edilə bilməz. Həmçinin iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması barədə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilərək, 17.05.2021-ci il tarixli qərardad ləğv edilmiş və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi qərara alınmışdır. İddiaçı mübahisələndirilən qərardaddan verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş iddia tələbinə dair ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qəbul edilmiş qərardad tərəflərə təqdim edildiyi və təqdim edildiyi gündən etibarən 10 gün şikayət müddətini gözləyərək daha sonra Cavabdeh4 və digər şəxslərə qadağan edilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli qərardadının ləğvinə dair qərar qəbul edə bilərdi. İdda ərizəsi və ona əlavə edilmiş sənədlər barədə verilmiş qərar qanuni qüvvəsini almadan iddianın təmini tədbiri barədə qərardadın ləğv edilməsi qanunsuzdur. Kollegiya şikayətin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardaddan verilmiş şikayəti təmin etməyərək nəzərə almamışdır ki, şikayət verilən qərardadın qəbul edilməsi üçün olan əsas aradan qalxdığından, həmin qərardadın da qüvvədə qalması üçün əsaslar olmamışdır. Bu səbəbdən də şikayət təmin edilib, qərardad ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin Cavabdeh4 və digər şəxslərə qadağan edilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli 2(008)-3810/2021 saylı qərardadının ləğv edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(008)-3810/2021 saylı (iddianın təmini tədbirinin ləğv edilməsi barədə) qərardadı ləğv edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar