Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9041/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin vəkili X1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sağlamlığa vurulmuş zərərə görə aylıq ödəncin və artım məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək istehsalatda xəsarət alması səbəbi ilə təyin edilmiş aylıq ödəncin ”Bakı Neft Maşınqayırma zavodu” ASC tərəfindən ona ödənilməsi, 01.09.2019-cu il tarixdən etibarən ona ödənilən aylıq ödənc 4-cü dərəcə elektrik qaynaqçısının əmək haqqına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 345 nömrəli, 07 avqust 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş və ona əlavə olunmuş dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin X3 uyğun olaraq hər ay 225.6 manatdan hesablanaraq cavabdeh tərəfindən ödənilməsi, 01.01.2010-cu il tarixdən 01.09.2019-cu il tarixədək olan vaxt ərzində ona ödənilməli olan məbləğ ilə ödənilmiş məbləğ arasındakı fərqin - 12916.4 manat məbləğində pulun cavabdehdən tutularaq birdəfəlik ödəniş şəklində ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev, iş N 2(008)-1128/20) iddia qismən təmin olunaraq "xxxx" ASC-dən İddiaçı xeyrinə istehsalatda xəsarət alması səbəbi ilə 01.01.2017-ci tarixdən 01.12.2019cu il tarixədək olan dövrə ödənilməmiş artım və məbləğlərə görə birdəfəlik 4200 manat və 01.12.2019-cu il tarixdən başlayaraq hər ay 225.6 manat aylıq ödənc tutulması qət edilmiş, qalan hissədə iddia təmin olunmamışdır. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1978-ci ildən 2002-ci ilədək "xxxx"nda 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmişdir. 2002-ci ildə xəsarət alaraq kəskin nevrasteniya diaqnozu ilə ömürlük ikinci qrup əlil olmuş və qanunvericiliyə əsasən ona aylıq ödənc təyin olunmuşdur. Daha sonra həmin zavodun ləğvi ilə əlaqədar 01.01.2010cu il tarixdən 01.09.2019-cu il tarixədək aylıq ödənc ona təqsirkar müəssisənin hüquqi varisi "xxxx" ASC tərəfindən ödənilmişdir. 2019-cu ilin avqust ayında ona zavoddan zəng edilərək özəlləşmə ilə əlaqədar artıq zavodun pul ödəməyəcəyi bildirilmiş və sənədlərinin qeydiyyatda olduğu yer üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinə təqdim etməsi bildirilmişdir. Daha sonra bu barədə ona 26.08.2019-cu il tarixli SM-10-331 nömrəli məktub göndərilmişdir. Sənədlərini DSMF-in Xətai rayon şöbəsinə təqdim edərkən ona əvvəlkindən dəfələrlə az - 66 manat ödəniləcəyi bildirilmişdir. Daha sonra ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2008-ci il tarixli, 804 nömrəli “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında” Fərmanı ilə təsdiq edilmiş Qaydalara əsasən əvvəlki qaydada aylıq 180 manat ödənc və ya 66 manat müavinət almaq onun istəyindən asılıdır. Qaydaların 4.2-ci bəndinə əsasən istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs aylıq ödənc əvəzinə aylıq müavinət almaq üçün müavinət təyin edən orqana ərizə ilə müraciət edir və müvafiq müqavilə bağlayır. Həmin qaydaların 4.3-cü bəndinə əsasən aylıq müavinəti almaq üçün müraciət olunmadıqda, aylıq ödənc təqsirkar müəssisə tərəfindən mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Bununla bağlı 15.10.2019-cu il tarixində "xxxx" ASC-yə müraciət ünvanlamışdır. Ona ünvanlanmış SM- 10/179 nömrəli, 22.10.2019-cu il tarixli cavab məktubunda Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2008-ci il tarixli 804 nömrəli Fərmanına əsaslanıb aylıq ödənc üzrə borcların əvəzinə aylıq müavinət ödənildiyi bildirilmiş və məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyi qeyd edilmişdir. Lakin "xxxx" ASC tərəfindən istinad etdikləri Fərmanın 4.3-cü bəndi nəzərə alınmamışdır. Ona ödənilən aylıq ödənc əvvəlcə 69 manat, ödəncin artırılması ilə bağlı müəssisəyə müraciət ünvanladıqdan sonra 100 manat (2014-cü il mart ayından etibarən), daha sonra 2019-cu ilin mart ayından etibarən 144 manat, 2019-cu ilin may ayından 180 manat təşkil etmişdir. "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği"nin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 9 yanvar 2003-ci il tarixli №3 nömrəli Qərarının 2.1-ci bəndinə əsasən İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. O, 2002-ci ildə xəsarət almışdır. Həmin tarixdən sonra ölkə iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər fonunda əmək haqları artmış, artımlar kütləvi xarakter daşısa da onun ödəncinə təsir etməmişdir. Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli №3 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydaların 3.5ci bəndinə əsasən İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təsbit edilir və ödənilir. Bu halda avlıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. O, xəsarət aldığı zaman 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. Hazırda maşınqayırma sahəsində 4-cü dərəcəli qaynaqçının maaşı 400 manatdan yuxarıdır. Cavabdeh "Bakı Neft Maşınqayırma zavodu” ASC-də müvafiq vəzifə üçün müəyyən edilmiş əmək haqqı əlavələr nəzərə alınmadan 1 saat üçün 2.7-3 manat təşkil edir. Tam iş günü işləyən işçinin həftədə 40saat, ayda ən azı 160 saat işlədiyini nəzərə alaraq aylıq maaş 432-480 manat məbləğində olur. Respublikada minimum əmək haqqı 2013-cü il 1 sentyabr tarixdən 105 manat, 2017-ci il 1 yanvar tarixindən 116 manat, 2018-ci il yanvarın 1-dən 130 manat, 2019-cu il 1 mart tarixindən 180 manat, 1 sentyabr tarixindən 250 manat olması və onun 4-cü dərəcəli elektrik qaynaqçısı işlədiyi halda minimum əmək haqqından daha aşağı aylıq ödənc alması nəzərə alınaraq “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği"nin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli №3 nömrəli Qərarına əsasən bu günədək ona əksik ödənilmiş məbləğin birdəfəlik ödənilməsi zəruridir. Birinci instansiya məhkəməsində iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və rədd edilməlidir. İşin halları ilə bağlı qeyd edir ki, iddiaçı ümumiyyətlə “Səttarxan adına Maşınqayırma Zavodunda” istehsalat qəzası almamışdır. Belə ki, iddiaçının həmin zavodda istehsalat qəzası alması barədə heç bir sübut yoxdur. İddiaçı iş vaxtı olmayan müddətdə hamamda çimərkən xəsarət almışdır. İlk növbədə qəzanın məhz istehsalat qəzasıolması barədə iş materiallarında heç bir sübut yoxdur. Cavabdeh müəssisə Səttarxan adına Maşınqayırma Zavodunun hüquqi varisi olduğu və iddiaçının sağlamlıq vəziyyətini nəzərə aldığı üçün bu müddət ərzində həmin ödənişi ödəmişdir. Halbuki həmin ödənclər iddiaçıya ödənilməməli idi. Belə ki, istehsalatda baş vermiş qəzada cavabdeh müəssisənin təqsirinin olması barədə iş materiallarında heç bir sübut yoxdur. Bundan əlavə, iddiaçı iddia ərizəsində qeyd edir ki, hazırda maşınqayırma sahəsində 4-cü dərəcəli qaynaqçının maaşı 400 manatdan yuxarıdır. Lakin sağlamlığın itirilməsinə görə nəzərdə tutulmuş ödənc ödənilərkən respublika üzrə ümumi göstəricilər deyil, təqsirkar müəssisədə həmin vəzifə üzrə mövcud olan vəzifə maaşlarının kütləvi artımı zamanı nəzərə alınır. İddiaçı iddia ərizəsində göstərir ki, guya cavabdeh müəssisədə müvafiq vəzifə üçün müəyyən edilmiş əmək haqqı əlavələr nəzərə alınmadan 1 saat üçün 2,7 -3 manat təşkil edir. Tam iş günü işləyən işçinin həftədə 40 saat, ayda ən azı 160 saat işlədiyini nəzərə alaraq aylıq maaş 432-480 manat məbləğində olur. İddiaçı bu halı hansı sübuta əsasən qeyd etdiyini, istinad etdiyi halın hansı dəlil ilə təsdiq olunduğunu ərizəsində qeyd etməmişdir, müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin bildirir ki, hadisə ilə əlaqədar müəssisə tərəfindən istehsalatda bədbəxt hadisə haqqında İZ formalı akt tərtib olunmuşdur. İz aktında qeyd edilir ki, “24 yanvar 2002-ci il tarixində saat 14 radələrində elektrik qaynaqçısı İddiaçı üzürlü səbəbdən işdən tez çıxıb, hamamda yuyunarkən tavanın üst suvağı qopub onun üstünə tökülüb və nəticədə xəsarət alıb". İz formalı aktdan da göründüyü kimi bədbəxt hadisə məhz iş başında deyil, İddiaçı işdən kənar hamamda yuyunarkən onun özünün diqqətsizliyi üzündən baş vermişdir. İddiaçı istehsalat qəzası nəticəsində xəsarət almamışdır. S.C. Qurbanov iş rejimini pozaraq iş vaxtı başa çatmazdan əvvəl, yəni işləmədiyi müddətdə duşxanaya getmişdir. Tökülən suvaq sahəsinə baş verən dəyişikliyə əvvəlcədən fikir verməmiş, kobud ehtiyatsızlıq etmişdir. Bu faktorlara əsaslanaraq zavodun xəsarət alan qarşısında günahı olduğu təsdiqlənmir. "xxxx" TASC-də çalışan 4-cü dərəcəli qaynaqçının aylıq vəzifə maaşı hal-hazırda 250 manat məbləğindədir. İddiaçı sabiq "xxxx" TASC-də 4cü dərəcəli qaynaqçı işləmişdir. Mövcud sənədlərə görə “22 yanvar 2002-ci il tarixdə saat 14:00 radələrində işdən tez çıxıb, hamamda yuyunarkən tavanın üst suvağı qopub onun üstünə tökülmüş, 2 saylı Tibbi Sosial Ekspert Komissiyasının rəyinə əsasən əmək qabiliyyətini 80 % itirilməklə ömürlük əlillik dərəcəsi almışdır. "xxxx" TASC-də ştat cədvəlində elektrik qaynaqçılarının əmək haqqı 2017-ci il üçün 116.0 manat, 2018-ci il üçün 130.0 manat, 2019- cu il üçün (01 sentyabradək) 180.0 manat təyin edilmişdir. Müvafiq qaydada İddiaçı 2017-2018-ci illərdə 80% nisbəti ilə 100.00 manat, 01.05.2019-cu il tarixinədək 144.00 manat, 01 may 2019-cu ildən onun çoxlu sayda müraciətləri, xəstəliyi nəzərə alınmaqla 144.0 manat ödənc əvəzinə 180.0 manat xəsarət ödənci hesablanmışdır. Müavinətə görə hesablanmış ödənc məbləği Bank "xxxx" ASC-nin “Gənclik” filialında olan hesaba köçürülmüş, 01 sentyabr 2019-cu il tarixə borc məbləği qalmamışdır. Ona görə də iddiaçıya əlavə məbləğdə ödənc hesablana bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 saylı, 9 yanvar 2003-cü il tarixli qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydaları”nın 3.5-ci bəndində göstərmişdir ki, istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli №3 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydaların 3.5-ci bəndinə əsasən İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuşqaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və nəzərə alınmayan ödənclərin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia təmin olunan hissədə əsassızdır, iddianın təmin olunmayan hissəsi ilə razıdırlar və həmin hissəni mübahisələndirmirlər. İddiaçı iş vaxtı istehsalat qəzası almamışdır. Bununla bağlı heç bir sübut yoxdur. İddiaçı iş vaxtı olmayan müddətdə hamamda çimərkən özünün təqsiri və ehtiyatsızlığı üzündən xəsarət almışdır. Belə ki, iş materiallarında olan istehsalatda bədbəxt hadisə haqqında aktın surətindən görünür ki, iddiaçı 24 yanvar 2002-ci il üzrlü səbəbdən işdən tez çıxıb hamamda yuyunarkən tavanın üst suvağı qopub onun üstünə tökülüb və nəticədə xəsarət almışdır. Məhkəmə Dövlət Əmək Müfəttişliyi Xidmətini üçüncü şəxs qismində cəlb etməmiş, məhkəmə tibbi ekspertizasının təyin edilməsinə dair vəsatətlərini də əsassız olaraq təmin etməmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin olunsa da, iddiaçı bununla razılaşaraq qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti vermiş və şikayətində qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Yəni, hazırkı apellyasiya baxışının predmeti iddianın təmin olunan hissəsidir və məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Sabunçu Rayon Məhkəməsinin iş üzrə 05 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, “Səttarxan” adına Maşınqayırma TSCyə məxsus 11 saylı MYS-nin 17 saylı qazan qaynaq sahəsində elektrik qaynaqçısı işləyən İddiaçı 24 yanvar 2002-ci ildə üzürlü səbəbdən işdən tez çıxıb hamamda yuyunarkən tavanın üst suvağı qopub onun üstünə tökülmüş və nəticədə o, xəsarət almışdır. İşin bu halı istehsalatda bədbəxt hadisə haqqında aktla təsdiq olunur. Həmin hadisədən sonra İddiaçı məhkəmədə “Səttarxan” adına Maşınqayırma TSCyə qarşı istehsalatda bədbəxt hadisə nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddia qaldırmış və Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2005-ci il tarixli qətnaməsi onun iddiası təmin edilərək “Səttarxan” adına Maşınqayırma TSC-dən 34.626.64 (otuz dörd milyon altı yüz iyirmi altı min altı yüz qırx) manatın tutularaq İddiaçı verilməsi qət olunmuş, Cəmiyyətin əmək xəsarətinə görə ödənclərin 30 % azaldılması haqqında əməyin mühafizəsi komissiyasının tarixsiz protokolu və TASC-nin 52 №-li 19.12.2002-ci il tarixli əmri əsassız olduğu üçün ləğv edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki İşlər Üzrə Mülki Kollegiyasının 28.04.2005-ci il tarixli qətnaməsi ilə dəyişiklik edilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı 1978-ci ildən 2002-ci ilədək "xxxx"nda 4cü dərəcəli elektrik qaynaqçısı işləmişdir. Qüvvədə olan məhkəmə qərarları ilə ona baş vermiş istehsalat qəzası nəticəsində təqsirkar müəssisədən ödənc verilməsi qət edilmişdir. Lakin son illər iddiaçının işlədiyi peşə üzrə aylıq əmək haqqı dəyişdiyi halda ödəncin məbləğində dəyişiklik olmamışdır. Bu səbəbdən iddiaçı 01.01.2010-cu il tarixdən əmək haqqının artım tempinə uyğun olaraq ödənc məbləğinin artırılmasını və birdəfəlik ona ödənilməsini və bundan sonra hər ay son artıma müvafiq olaraq 225.6 manat ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı sayaraq bu qənaətə gəlmişdir ki, iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən əvvəlki son üç il üzrə əmək haqqının hər il üzrə artım tempi nəzərə alınmaqla ödənilməmiş ödənc birdəfəlik olaraq və 05.12.2019-cu il tarixdən artım tempinə uyğun olaraq aylıq ödənc müəyyən olunmaqla ömürlük hər ay cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, artım hesablanarkən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən verilmiş 28.10.2020-ci il tarixli arayışa uyğun olaraq “Maşın və avadanlıqların istehsalı” sahəsində orta aylıq nominal əmək haqqı 2017-ci il üzrə 403,0 manat, 2018-ci il üzrə 412,2 manat, 2019-cu il üzrə 497,7 manat təşkil etdiyi göstərilməsinə baxmayaraq iddiaçının tələbi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 345 nömrəli Qərarına əlavədə qeyd olunmuş Vahid Tarif cədvəli üzrə Əməyin ödənilməsinin 4-cü dərəcəsi üzrə aylıq vəzifə maaşının göstəricisi nəzərə alınaraq 282 manat əsas götürülməlidir. Cavabdeh apellyasiya şikayətində faktiki olaraq iddiaçının aldığı xəsarətin istehsalat xəsarəti olmamasına, xəsarətin alınmasında cavabdehin təqsiri olmamasına istinad etmiş, başqa sözlə iddiaçıya illərdir verilən ödəncin yaranma əsasını mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsassız sayır və qeyd edir ki, iddiaçının istehsalat xəsarəti alması işin mübahisəsiz halıdır, onun xəsarətinin məhz istehsalat xəsarəti olması faktı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmiş və həmin xəsarətə görə ödənc həmin qətnamələr əsasında tutulmuşdur. Həmin ödənclər cavabdeh tərəfindən uzun illərdir ki, iddiaçıya ödənilməkdədir. İddiaçı isə müəyyən edilmiş ödəncin yalnız artırılmasını tələb etmişdir. Belə olan halda cavabdehin artırılmış məbləği deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə artıq sübut edilmiş faktı yenidən mübahisələndirməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə hazırkı işdə cavabdeh tərəfindən mübahisələndirilən məsələlərə faktiki olaraq hüquqi qiymət verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Məhkəmə kollegiyası işin tam, hərtərəfli və obyektiv araşdırılmaması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasıilə bağlı dəlilləri də əsassız sayır və qeyd edir ki, işin halları məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlar qiymətləndirilərkən göstərilən tələblərə əməl olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya baxışının predmeti olan hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 05 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni "xxxx" ASC-dən İddiaçı xeyrinə istehsalatda xəsarət alması səbəbi ilə 01.01.2017-ci tarixdən 01.12.2019-cu il tarixinədək olan dövrə ödənilməmiş artım və məbləğlərə görə birdəfəlik 4200 manat və 01.12.2019-cu il tarixdən başlayaraq hər ay 225.6 manat aylıq ödənc tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-9041/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9041/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver