Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9047/2020 09.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)- 4564/20 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət X6 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət X2rşı “xx.xx.2019-cu il tarixli 248-K nömrəli əmrin ləğv edilməsi və onun İnstitutun qarderobçusu vəzifəsinə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət X3 rektorunun xx.xx.2019-cu il tarixli 248-K nömrəli əmrinin ləğv edilməsini, onun institutun qarderobçusu vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev, iş № 2(004)-4564/20) iddia təmin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət X3 rektorunun xx.xx.2019-cu il tarixli 248-K nömrəli əmri ilə istehsalat zərurəti ilə əlaqədar olaraq xx.xx.2019-cu il tarixdən 01 (bir) ay müddətinə institutun yataqxanasına xadimə işləməyə göndərilmiş institutun qarderobçusu İddiaçı əvvəlki işinə, yəni İnstitutun qarderobçusu vəzifəsinə qaytarılması qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cəbrayıl rayonundan məcburi köçkündür, 2019-cu ildə Bakı şəhəri Qaradağ oayonu “Qobu Park-2” yaşayış massivindəki 18 nömrəli evin 37 nömrəli mənzilinə köçmüşdür. O, xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət X1rderobçu işləyir. Onun razılığı alınmadan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət X3 rektorunun xx.xx.2019-cu il tarixli 218-K nömrəli əmri ilə istehsalat zərurəti ilə əlaqədar olaraq xx.xx.2019-cu il tarixdən bir ay müddətinə institutun yataqxanasına xadimə vəzifəsinə keçirilmişdir. Bir ay müddət başa çatandan sonra əvvəlki işinə qaytarılmamış və yenidən onun razılığı olmadan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət X3 rektorunun xx.xx.2019-cu il tarixli 248-K nömrəli əmri ilə xx.xx.2019-cu il tarixdən bir ay müddətinə institutun yataqxanasına xadimə işləməyə göndərilmişdir. O, səbrlə öz işinə qaytarılmasını gözləmiş, lakin bir ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də öz iş yerinə, yəni İnstitutun qarderobçusu vəzifəsinə qaytarılmamışdır. Onun səhhəti xadimə işləməyə imkan vermir, həmçinin xadimə işlədiyi müddət ərzində əlavə ödəniş kimi ona verilən 50 manat ödəniş dayandırılmışdır. Bu səbəblərdən əvvəlki işinə qayıtmaq istəyir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət X3 nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı əmrin ləğv edilməsi ilə bağlı iddianı əmrin çıxarıldığı tarixdən təxminən bir il sonra qaldırmış, qanunla nəzərdə tutulmuş bir ay müddəti üzrsüz səbəbdən ötürmüşdür. Onların iştirakı olmadan işə baxılması ilə əlaqədar iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmək hüququndan məhrum olmuşlar. Məhkəmə iclasında iştirak edə bilməməsinin səbəbi işin xx xxxxxxxx 2020-ci il tarixində baxılması barədə göndərilmiş məktubun xx.xx.2020-ci il tarixdə almaları olmuşdur, yəni, həmin məktubu işin baxılmasından bir gün sonra almışıq. xx.xx.2020-ci il tarixdən əvvəl cavabdeh tərəfindən hansısa sənədlərin alınmasını təsdiq edən heç bir sənəd iş materiallarında yoxdur, çünki almamışlar. Qətnamədə “cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmişdir” cümləsi tamamilə əsassızdır. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçı apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, İddiaçı məcbiri köçkündür və hazırda Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park-2” yaşayış şassivində məskunlaşmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən o, xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət X3 təsərrüfat hissəsinə xadimə işinə qəbul edilmişdir, tərəflərin razılığına əsasən xx.xx.2016cı il tarixli 79-K nömrəli əmrlə xx.xx.2016-cı il tarixdən 0,5 ştat vahidi qarderobçu vəzifəsinə, xx.xx.2017-ci il tarixdən isə 1,0 ştat vahidi qarderobçu vəzifəsinə keçirilmişdir. Həmçinin, işdən görünür ki, İddiaçı cavabdehin xx.xx.2019-cu il tarixli 218-K saylı əmrinə əsasən istehsalat zərurəti ilə əlaqədar olaraq xx.xx.2019-cu il tarixdən bir ay müddətinə İnstitutun yataqxanasına xadimə vəzifəsinə keçirilmiş, bir ay müddət başa çatandan sonra əvvəlki işinə, yəni qarderobçu vəzifəsinə qaytarılmamış və xx.xx.2019-cu il tarixli əmrlə yenidən xx.xx.2019-cu il tarixdən bir ay müddətinə İnstitutun yataqxanasına xadimə işləməyə göndərilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli 248-K saylı əmrin əmək qanunvericiliyinin tələblərinə zidd olduğunu əsas gətirərək hazırkı iddianı qaldırmışdır. Onun tələbi xx.xx.2019-cu il tarixli 248-K nömrəli əmrin ləğv edilməsi və İnstitutun qarderobçusu vəzifəsinə bərpa edilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianın əsaslı olduğu qənaətinə gələrək onu təmin etmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı razılığı olmadan istehsalat zərurəti ilə əlaqədar xx.xx.2019-cu il tarixli əmrlə bir aylıq müddətə müvəqqəti olaraq xadimə vəzifəsinə keçirilmiş, həmin müddət tamam olduqdan sonra əvvəlki işinə qaytarılmamış və yenə də razılığı olmadan xadimə işinə ehtiyac olduğuna görə xx.xx.2019-cu il tarixli əmrlə bir aylıq müddətə müvəqqəti olaraq yenidən xadimə işinə göndərilmişdir. Lakin xx.xx.2019-cu il tarixli əmrdə göstərilmiş əlavə bir aylıq müddət xx.xx.2019-cu il tarixdə başa çatmasına baxmayaraq iddiaçı əvvəlki işinə, yəni institutun qarderobçusu vəzifəsinə qaytarılmamışdır. İddiaçı bir ildən artıq müddətdə öz razılığı olmadan başqa işdə çalışdırılır. Həmçinin, Elmi-tədqiqat travmatologiya institutunun xx.xx.2020-ci il tarixli 7420/4264 nömrəli arayışından müəyyən edilir ki, həkim müayinəsi zamanı İddiaçı sağ diz oynağında olan problemlə əlaqədar fiziki gərginliklərdən azad edilməsi məsləhət görülmüşdür. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsaslanaraq bu qənaətə gəlmişdir ki, iddiaçı bir ildən artıq müddətdə öz razılığı olmadan başqa işdə çalışdırıldığına və səhhəti xadimə işləməyə yol vermədiyinə, ən əsası isə cavabdehin xx.xx.2019-cu il tarixli əmrində göstərilmiş əlavə bir aylıq müddət xx.xx.2019-cu il tarixdə başa çatdığına görə iddiaçı əvvəlki işinə, yəni institutun qarderobçusu vəzifəsinə geri qaytarılmalıdır. Məhkəmə iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43, 59, 60-cı maddələri ilə əsaslandırmışdır. Əmək Məcəlləsinin 43-cü maddəsinin 1, 3 və 4-cü hissələrinə görə əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Əmək Məcəlləsinin 59-cu maddəsinin tələbinə görə işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya şikayətinin əsas dəlillərindən biri cavabdehinn məhkəmə iclasında iştirakının təmin edilməməsi, bu səbəbdən də ötürülmüş iddia müddətinin tətbiqinə dair ərizənin təqdim edilməsi imkanından məhrum olması barədədir. Belə ki, xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasına dair nüvafiq bildiriş xx.xx.2020-ci il tarixdə onlara çatmışdır. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız sayır və qeyd edir ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq məhkəmə bildirişləri birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət X3 yerləşdiyi Bakı şəh, Tbilisi pr 3165 ünvana göndərilmiş və bu barədə reyestrlərin surəti iş materiallarına əlavə edilmişdir. Bundan başqa, cavabdeh onlara xx.xx.2020-ci il tarixdən əvvəl heç bir sənədin təqdim edilmədiyini bildirmişdir ki, bu da həqiqətə uyğun deyildir. Belə ki, məhkəmə hazırlıq iclası təyin edilərkən qoşmasında iddia ərizəsinin də olduğu müvafiq məhkəmə bildirişinin xx.xx.2020-ci il tarixdə göndərilməsinə dair reyestr iş materiallarında mövcuddur, yəni, cavabdehin iddiadan xəbərdar olması iş materialları ilə sübuta yetirilmişdir. Belə olan halda, cavabdeh məlumatlı olduğu məhkəmə iclasında üzrlü səbəb olmadan iştirak etməmiş və iddia müddətinin tətbiq edilməsi barədə ərizə də təqdim etməmişdir. Bu səbəbdən də iddia müddətinin tətbiqinə dair ərizə apellyasiya məhkəməsi tərəfindən qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülkİ Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Digər tərəfdən, iddia müddətinin tətbiq edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinin tələbinə əsasən fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün – işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Cavabdeh iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini iddia etsə də, iddiaçının hüququnun pozulmasının aşkar edildiyi vaxta dair (işçiyə müvafiq əmrin verilməsi, əmək müqaviləsinə sonradan düzəliş edilsə də, bu düzəlişdən iddiaçının xəbərdar olması) barədə sübutlar təqdim etməmişdir. Bununla da, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlillərinin formal mülahizə xarakteri daşıdığını qeyd edir və MPM-nin 385.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, bu dəlillər mahiyyəti üzrə düzgün olan məhkəmə qətnqaməsinin ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-9047/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9047/2020
09.12.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver