Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9049/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 2(005)-3564/2021 saylı iş üzrə qəbul etdiyi 06 iyul 2021-ci il tarixli qərardadından Ərizəçi verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə” ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünü yoxlayan Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 06.07.2021-ci il tarixli qərardad ilə ərizənin icraata qəbul edilməsindən imtina etmiş və ərizəçiyə izah vermişdir ki, o, ərizədə göstərilən məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququna malikdir. Qərardad onunla əsaslandırılmışdır ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi hüquqi əhəmiyyəti olan fakt məhkəmə qaydasında müəyyən edilə bilməz. İddiaçı qeyd edilən həmin qərardaddan Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 05.08.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, şikayət qismən təmin olunmalı, qərardad ləğv edilməli və Ərizəçi ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Göründüyü kimi mülki prosessual qanunvericilik ərizənin (iddia ərizəsinin) iddianın yolverilməzliyinə görə qaytarılması halında məhkəmənin üzərinə ərizəçinin (iddiaçının) hansı orqana müraciət etməli olmasının göstərilməsi vəzifəsini qoymuşdur. Lakin Ərizəçi ərizəsini yuxarıda qeyd olunan əsasla qaytaran Rayon Məhkəməsi MPM-nin 153.3-cü maddəsinin tələblərinə əməl etməmiş, ərizəçiyə ərizədə göstərilən məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququna malik olmasını izah etməklə kifayətlənmiş, “müvafiq icra hakimiyyəti orqanı” ifadəsini açıqlamamışdır. Göründüyü kimi, Rayon Məhkəməsinin qərardadının nəticə hissəsi anlaşılan deyil. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi prosessual qanunla onun üzərinə qoyulmuş vəzifəni yerinə yetriməmişdir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 iyul 2021-ci il tarixli qərardad ləğv edilsin. Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə” ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-9049/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9049/2021
03.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver