Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9055/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə 12 sentyabr 2013-cü il tarixdə nikaha daxil olduğunu, nikahdan uşaqlarının doğulmadığını, cavabdehin ona xəyanət etməsi səbəbindən nikahın pozulması barədə iddia qaldırdığını və Abşeron Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulduğunu, cavabdehlə nikaha girməzdən əvvəl ünvan 1 ünvanında fərdi yaşayış evi tikdirdiyini, orada yaşamaqla evə pasport qeydiyyatına alındığını, nikaha girdikdən sonra cavabdehi həmin evə köçürdüyünü, lakin onun həmin evə heç bir hüququnun olmadığını və nikah pozulduqdan sonra evdə qalıb yaşamasına nə qanuni, nə də mənəvi haqqının qalmadığını, boşandıqdan sonra evini tərk edib getməsini cavabdehdən tələb etsə də, onun bunu könüllü şəkildə etməkdən imtina etdiyini, halbuki belə yüngül həyat tərzi keçirən qadının onun evində qalmasının qəbuledilməz olduğunu bildirmiş, buna görə də Cavabdeh Zülfliqar qızının ona məxsus ünvan 1 ünvanındakı yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, onun subyektiv hüquq sahibi olmadığı barədə səhv nəticəyə gəldiyini, cavabdehin onunla nikaha girdikdən sonra hazır evə köçdüyünü nəzərə almadığını, verdiyi qərarla maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. İşə baxılmasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını; cavabdeh isə teleqram ünvanlayaraq prosesin başqa vaxta keçirilməsini xahiş etmişlər. Kollegiya işin hallarını və şikayətə iş materialları əsasında qiymət verilməsinin mümkünlüyünü nəzərə almaqla, işə tərəflərin iştirakı olmadan baxılmasına qərar vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin tərəflərin bilavasitə özlərinin bildirdikləri əsasında müəyyən olunmuş hallarına görə, Cavabdeh iddiaçı ilə 12.09.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçmüş, Abşeron Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, nikah pozulduqdan sonra iddiaçı cavabdehin həmin evdən çıxmasını istəsə də, cavabdeh bundan imtina etmişdir. İşin mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçməmiş, ev Cavabdeh oraya köçməsinə qədər inşa edilməklə (yaxud iddiaçı tərəfindən hazır vəziyyətdə alınmaqla) iddiaçı və oğlu Xəqani Rzayev oraya pasport qeydiyyatına alınmışlar. Birinci instansiya məhkəməsi sözügedən evin özbaşına tikili olduğuna əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, iddiaçının müvafiq iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur və buna görə də iddia tələbi təmin olunmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq ilk növbədə qeyd edir ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlı olsa da, ölkə qanunvericiliyində özbaşına tikilidən istifadə məsələlərini birbaşa tənzimləyən maddi hüquq normasının mövcud olmadığı, bununla belə, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarının və oradan istifadə etmələrinin birbaşa qadağan edilmədiyi nəzərə alınmalıdır - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Bu kontekstdə kollegiyanın qənaətinə görə, özbaşına tikilidən istifadə ilə bağlı mübahisələrdə başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması əsas götürülməlidir. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Bundan başqa qeyd olunmalıdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X2rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır. Hazırkı işdə müəyyən olunan hallar odur ki, mübahisəli ev iddiaçı və cavabdehin nikaha girməsindən əvvəl iddiaçı tərəfindən alınmış (yaxud inşa edilmiş), cavabdeh 2013-cü ildə oraya köçmüş, evin tikilməsində, yaxud cari təmirində hər hansı şəkildə iştirak etməmiş və tikintiyə sərf olunmuş materiallar üzərində hər hansı hüquq əldə etməmiş, tərəflərin ailə münasibətləri 2021-ci ildə pozulmuş, lakin cavabdeh evi tərk etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4209/2021 saylı iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbi təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-9055/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9055/2021
28.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver