Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9058/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpağın qanuni sahibliyə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(008)-3448/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpağın qanuni sahibliyə qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 Maştağa Bələdiyyəsinin 40/260 saylı, 16.10.2006-cı il tarixli sərəncamı ilə Maştağa qəsəbəsi, “Ləəc” bağ massivi sahəsində fərdi bağ evinin tikintisi üçün ona verilmiş 2686A saylı 1200 kv. metr torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin onun qanuni istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, “Ləəç” bağ massivində Maştağa Bələdiyyəsi tərəfindən ayrılmış 2686 A saylı bağ sahəsi ona məxsusdur. Bu barədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin 40/260 saylı, 16 oktyabr 2006-cı il tarixli “Vət. İddiaçı fərdi bağ ev tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” sərəncamı vardır. Həmin sərəncama əsasən Maştağa qəsəbəsi, “Ləəç” bağ massivi sahə 2686 A-da 1200 kv.metr torpaq sahəsi fərdi bağ evi tikintisi üçün İddiaçı ayrılmışdır. Həmin tarixdən başlayaraq torpaq sahəsi onun istifadəsində olmuşdur. Torpaq sahəsinin ətrafı hündür daş hasarla əhatə olunub. Orada müxtəlif ağaclar və bitkilər əkib yetişdirmişdir. Lakin, təqribən bir həftə əvvəl həmin ərazinin qonşuluğunda yaşayan şəxslərdən biri iddiaçıya zəng edərək bildirdi ki, bir neçə nəfər şəxs traktorla hasarı uçurub əraziyə daxil olublar, orada ağacları kəsib tikinti aparmaq istəyirlər. O, polisə şikayət edəndən sonra öyrənmişdir ki, ona məxsus torpaq sahəsini zəbt edən şəxs X4r. İddiaçı onun telefon nömrəsini öyrənib ona zəng etmişdir. Cavabdeh telefonda bildirdi ki, torpaq sahəsi ona məxsusdur, guya sənədləri var, o, bu torpaq sahəsində ev tikəcək. X1 tərəfindən ona məxsus torpaq sahəsi qanunsuz olaraq zəbt edilmişdir. X5 tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edilməsi və ondan qanunsuz olaraq istifadə etməsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxsə qanunsuz hərəkətlərinin dayandırılması, ona məxsus olan bağ sahəsinin boşaldılması barədə dəfələrlə xəbərdarlıq edilsə də, cavabdeh onun haqlı tələblərinə əhəmiyyət verməyərək həmin ərazidən çıxmır və qanunsuz hərəkətlərini bu günə kimi davam etdirir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(008)- 3448/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmlərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının mübahisəli torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi mövcud olmaması və nə qədər ki, iddiaçının mübahisəli torpaq sahəsinə ehtimal olunan hüquqları lazımi qaydada dövlət qeydiyyatına alınmayıb onun belə bir iddia elə çıxış etməsi üçün əsasların yaranmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Sabunçu rayon Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 16.10.2006-cı il tarixli, 40/260 saylı sərəncamından görünür ki, İddiaçı fədi bağ evi tikintisi üçün Maştağa qəsəbəsi, Ləəç bağ massivi sahə 2686a-da 1200 kv.m torpaq sahəsi fərdi bağ evi tikintisi üçün İddiaçı ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 03.05.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 18.01.1990-cı il tarixli 15/558 saylı qərarına əsasən X6 Ləiş bağlar massivində 138 saylı bağ istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhər İcraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Ləiş bağlar sahəsi tərəfindən verilmiş orderin təsdiqlənmiş surətindən görünür ki, X6 Bakı şəhər İcraiyyə komitəsinin 18.01.1990-cı il tarixli 15/558 saylı qərarına əsasən Ləiş bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 2686a saylı bağ ayrılmışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Kollegiya qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. O sübutları qəbul edilir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin 40/260 saylı, 16 oktyabr 2006-cı il tarixli sərənçamı ilə ona Maştağa qəsəbəsi, “Ləəç” bağ massivi sahə 2686 A-da 1200 kv.metr torpaq sahəsi fərdi bağ evi tikintisi üçün ayrıldığını, həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu bildirərək cavabdehin həmin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin onun qanuni istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddiaçı torpaq sahəsinin onun mülkiyyətində olmasına dair hər hansı bir sənəd təqdim etməmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq, torpaq sahələri üzrə hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsdiq edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Qanunvericiliyin tələbinə əsasən torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki mühakimə icraatında ədalət mühakiməsi hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyinin realizə edilməsi ilə həyata keçirilir. Məhkəmə çəkişmə prinsipinə riayət etməklə yalnız tərəflərin təqdim etdikləri sübutlar əsasında yekun hüquqi nəticəyə gələ bilər. Məhkəmənin hər hansı bir tərəfin vəzifəsini öz üzərinə götürərək, əlavə sübut toplaması çəkişmə prinsipinə ziddir. İddiaçı da apellyasiya şikayətinə torpaq sahəsinin onun mülkiyyətində olması ilə bağlı sənəd əlavə etməmişdır. Bu isə iddia tələbi üzrə əlavə araşdırılma aparılmasını mümkünsüz etmişdir. Belə olan halda iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə, iddiaçı tərəfindən hər hansı əsaslı şübhə yaratmayan sübutla təkzib edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə kimi dəyərləndirilməli və əsassız hesab edilməklə gəlinən nəticənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3448/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3448/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-9058/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9058/2021
20.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver