Məhkəmə qərarları › İş №2(103)-906/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-906/2025

23.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-906/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək mübahisələri, əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2097/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 712- N nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinə Personalın uçotu xidmətinə 15-ci dərəcəli xidmət rəisi vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli bağlanılmışdır (bənd 2.1). Əmək müqaviləsi tərəflərin razılığına əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3 ay müddətinə bağlanmışdır (bənd 2.3). Müqavilə şərtində işçiyə hər ay 1934 manat məbləğində əmək haqqı ödənilməsi qeyd edilmişdi (bənd 4.1)

2. Cavabdeh xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1K-69/2024 saylı əmrinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən Cavabdeh “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin İdarəetmə aparatının Personalın uçotu xidmətinə 15-ci dərəcəli xidmət rəisi vəzifəsinə işə qəbul olunmuşdur. Əmrin əsası kimi İddiaçı şəxsi ərizəsi və 712-N saylı, xx.xx.2024-cü il tarixli əmək müqaviləsi göstərilmişdir.

3. Cavabdeh baş mühəndis – baş direktorun birinci müavini Rövşən Qarayev tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında X4 Xidmətinin rəisi Vəli Quliyevə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən SOCAR-ın Cavabdeh “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin Personalın uçotu xidmətinin rəisi vəzifəsinə işçi qəbul edilməsi məqsədilə “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” (No xxxxxxx000400) alarkən mexaniki olaraq müqavilə müddəti 1 il qeyd edilmişdir. Uyğunsuzluğun aradan qaldırılması məqsədilə Portalda aidiyyəti üzrə (Noxxxxxxx000401) müvafiq dəyişiklik aparılmışdır.

4. Cavabdeh baş direktoru Əli Qurbanov tərəfindən Cavabdeh “Siyəzənneft” NQÇİ-nin Personalın uçotu xidmətinin rəisi İddiaçı ünvanlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlığından görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitəcəkdir. Qeyd edilən müddətli əmək müqaviləsinin müddətinin bitməsini nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73- cü maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixdə İddiaçı ilə bağlanmış “Əmək müqaviləsi”nə xitam verilməklə tutduğu vəzifəsindən azad ediləcəkdir.

5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh 14-2-1/3- 1K-134/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsini rəhbər tutaraq və müqavilə vaxtının bitməsini nəzərə alaraq Cavabdeh “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin idarəetmə aparatının Personalın uçotu xidmətinə 15-ci dərəcəli xidmət rəisi İddiaçı ilə xx.xx.2024-cü il tarixli, 712-N nömrəli əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdən ləğv edilməsi əmr verilmişdir. Əmrin verilməsi üçün əsas kimi İddiaçı müddətli əmək müqaviləsi göstərilmişdir.

6. xxxxxxx0004X0 saylı, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1К- 134/2024 saylı əmrinə əsasən Azərbaycan Respublikası 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

7. “Azneft” İB-yə daxil olan təşkilatların əmək kitabçalarının qeydiyyatı kitabının çıxarışından görünür ki, İddiaçı ******* nömrəli əmək kitabçası xx.xx.2024-cü il tarixdə almışdır. Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla SOCAR Cavabdeh arasında bağlanılmış xx.xx.2024cü il tarixli, 712 nömrəli üç aylıq müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi, əmək müqaviləsinin xitamına dair cavabdeh SOCAR Cavabdeh baş direktorunun xx.xx.2024-cü il tarixli, 14-2-1/3- 1K-134/2024 nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, SOCAR Cavabdeh “Siyəzənneft” NQÇ-də vakant vəzifə olan Personalın uçotu xidməti rəisi vəzifəsinə xx.xx.2024-cü il tarixdə imtahan vermiş, imtahanda uğurlu nəticə əldə etmiş və həmin vəzifəyə təyin olunması barədə xx.xx.2024-cü il tarixdə əmr imzalanmış o, işə başlamışdır. Onunla cavabdeh arasında xx.xx.2024-cü il tarixdə əvvəlcə bir illik müddətli əmək müqaviləsi bağlanmış, sonradan ona edilən çoxsaylı təzyiqlər yolu ilə xx.xx.2024-cü il tarixdə “qarşılıqlı razılaşma əsasında” əvvəlki bir illik müddətli əmək müqaviləsi qanunsuz olaraq dəyişdirilmiş, müqavilənin müddəti üç ay müəyyən edilmiş, cavabdeh SOCAR Cavabdeh baş direktorunun xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1K-134/2024 nömrəli əmrlə onun əmək müqaviləsinə xitam verilmişdir. O, SOCAR Cavabdeh “Siyəzənneft” NQÇ-də işə başladığı vaxtdan etibarən ona qarşı qərəzli hərəkətlər edilmiş, hədə-qorxu gəlinmiş, guya “tapşırıqla” işə qəbul olduğu üçün işdən uzaqlaşdırılması ilə bağlı xüsusilə də Ramin Əmirov tərəfindən SOCAR Cavabdehnə şər-böhtan xarakterli, həqiqəti əks etdirməyən qərəzli şikayətlər ünvanlanmış və bu şikayətlər əsasında barəsində xx.xx.2024-cü il tarixdə araşdırma aparılmış, araşdırmaq protokolundan da görünür ki, onun işə qəbulu ilə əlaqədar, eyni zamanda “Siyəzənneft” NQÇ-də xidmət etdiyi dövrdə fəaliyyətində heç bir qanunsuz hal aşkar edilməmişdir. Onun SOCAR Cavabdeh “Siyəzənneft” NQÇ-nin hüquqşünası Ramin Əmirovun və sabiq sədri Ayaz Bağırov tərəfindən məruz qaldığı təzyiqlər, qanunsuzluqlar barədə dəfələrlə dövlət qurumlarına şikayətlər ünvanlanmışdır, lakin indiyə qədər həmin şikayətlərlə bağlı heç bir tədbir görülməmiş, onun hüquqlarını pozan şəxslər barəsində ölçü götürülməmiş, onun pozulmuş hüquqları bərpa edilməmişdir. Həmçinin qeyd olunan faktiki hallarla əlaqədar Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müraciət olunmuş, Azərbaycan Neft və X6 Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2024-cü il tarixli, 150/01 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, mütəxəssislərin bildirdiyinə görə işçi ilə daha əvvəl müəssisə arasında bağlanılmış bir illik müddətli müqavilənin daha sonra üç aylıq müqavilə ilə qarşılıqlı razılıq əsasında dəyişdirilməsinin heç bir hüquqi əsası yoxdur. Hesab edir ki, onunla cavabdeh SOCAR Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 712 nömrəli 3 aylıq müddətli əmək müqaviləsinin heç bir hüquqi əsası yoxdur, ilkin müqavilənin dəyişdirilərək müddətinin azaldılması onun əmək qanunvericiliyinin 9-cu maddəsi ilə müəyyənləşdirilən işçi hüquqlarının işəgötürən tərəfindən kobud şəkildə pozulması ilə nəticələndiyinə görə etibarsız müqavilədir, buna görə də heç bir hüquqi nəticənin yaranmasına səbəb ola bilməz. Onunla cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 712 nömrəli əmək müqaviləsi hüquq normalarının tələblərinə uyğun olmayaraq qanunazidd formada bağlandığından iddianın həmin müqavilədə iradə ifadəsinin sərbəst formada əks olunmadığı, onun əlverişsiz vəziyyətə düşməsi ilə nəticələndiyi üçün etibarsız hesab edilməlidir. Onun ailəsi 4 nəfərdər ibarətdir və o, 2 azyaşlı uşaq anasıdır. O, ailəsinin yeganə qazanc yeri olduğundan hazırda işsiz olduğu üçün ailəsi maddi və mənəvi cəhətdən çətin günlər keçirir. Cavabdeh qanunvericiliyin göstərilən normalarını pozmaqla onunla bağladığı əmək müqaviləsinə müddətin keçməsi səbəblə xitam vermiş və onu işindən, eləcə də qazancından məhrum etmişdir. Göründüyü kimi, mübahisə predmeti olan üç aylıq müddətli əmək müqaviləsi qanunvericiliyin tələblərinə ziddir, ilkin bir illik əmək müqaviləsinin 3 aylıq əmək müqaviləsi ilə əvəzləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən əsaslandırılmamış onun konstitusiya,əmək qanunvericiliyi və beynəlxalq konvensiyalarla müəyyən edilən hüquqlarının pozulmasına səbəb olduğu üçün etibarsız hesab edilməlidir.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2097/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı onunla SOCAR Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 712 nömrəli üç aylıq müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi, əmək müqaviləsinin xitamına dair cavabdeh SOCAR Cavabdeh baş direktorunun xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1K-134/2024 nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsi barədə iddia tələblərinin əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə ilə əlaqədar vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsinin 2-ci bəndi müqavilənin müddətli olaraq 3 ay müddətinə bağlanılmasını nəzərdə tutduğundan, müqavilə isə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanıldığından, beləliklə də müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması məhkəmə tərəfindən müəyyən edildiyindən, iddiaçının isə müqavilə bağlayarkən bu müqavilənin onun iradəsinə uyğun olmamaqla qərəzli hərəkətlər və hədə-qorxu nəticəsində bağlanmasına dair hallar məhkəmədə müəyyən edilmədiyindən və öz təsdiqini tapmadığından, bununla da həmin dəlillər əsaslı hesab edilmədiyindən, məhkəmə hesab edir ki, həmin əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, iddiaçı əmək müqaviləsinə imza etməklə onun mahiyyəti və şərtləri ilə razılaşdığını nümayiş etdirmiş bu səbəbdən iddiaçının onunla cavabdeh arasında bağlanmış üç aylıq müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi əsaslı hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən cavabdeh təşkilatla iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən, iddiaçının onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur və bu səbəbdən onun ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələblər əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının və ödənilməmiş əmək haqqının barədə tələblərinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının onunla cavabdeh arasında bağlanmış üç aylıq müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi, əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbləri bu hissələrdə də əsassızdır və təmin edilməməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 42, 45, 47-ci maddəsinin “f” bəndi, Əmək Məcəlləsinin 68.2, 73.1, 296.2, 296.5-ci maddələri, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci, 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhər Səbail rayon Məhkəmsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-2097/2004 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının əmək müqaviləsinə dəyişiklik edilməmiş, ümumiyyətlə müqavilə iddiaçının ziyanına olmaqla yenidən tərtib edilmişdir. Bundan başqa iddiaçının yazılı qaydada razılığı alınmamışdır. Nəzərə almaq lazımdır ki, SOCAR-ın elan etdiyi heç bir müsabiqədə əmək müqaviləsi 1 ildən az müddətə olmamışdır. İddiaçı da məhz bunu əsas götürərək müraciət etmiş, öz daimi iş yerindən- Siyəzən RİH-də (məsləhətçi kadrlar üzrə işin aparıcısı, dövlət qulluqçusu vəzifəsində işindən) ayrılmışdır. İddiaçı, həmin orqanda 9 ilə yaxın işlədikdən sonra hazırki vakansiyaya məhz 1 illik əmək müqaviləsini nəzərə almaqla müraciət etmişdir. Ümumiyyətlə X4 Xidməti Əmək və Məşğulluq" altsistemində (ƏMAS) hər hansı dəyişiklik edən zaman ilk növbədə işçinin razılıq ərizəsini tələb edir. Ərizə ilə yanaşı əmrin və əmək müqaviləsinin surətini, eləcə də əmək kitabçasının surətini tələb edir. İddiaçı ərizəsi olmadığı halda ƏMAS-da müqavilə heç bir halda dəyişdirilə bilməz. DƏMX təcrübəsində belə bir hal yoxdur. Məhkəmə bu hissəni araşdırmamışdır. İddiaçının mütəmadi izahatının alınması, heç bir əsas olmadan barəsində araşdırma aparılması, şirkətdaxili yazışma olan opentext-nin bağlanması bir daha sübut edir ki, iddiaçı mütəmadi təzyiqlərə, ayrı-seçkiliyə məruz qalmışdır. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, işçinin əmək münasibətlərində daha zəif tərəf olduğundan Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsində göstərilən halların təsiri altında işdən çıxmaq barədə ərizəni yazmasını sübuta yetirməsi, həmin halı birbaşa sübutlarla təsdiq etməsi demək olar ki, mümkünsüz olduğunu nəzərə almalı idi. Bu baxımdan müvafiq hal araşdırılarkən tərəflərin münasibəti, işin gedişatı, şahid ifadələri və digər dolayı sübutlar obyektiv, hərtərəfli qiymətləndirilərək məcburiyyət, hədə-qorxu halının olub-olmaması müəyyən edilməlidir. Hazırki işdə isə məhkəmə yuxarıda qeyd edilən halları və iddiaçının təqdim etdiyi sübutları müqayisəli şəkildə qiymətləndirmədən hesab etmişdir ki, iddiaçı könüllü şəkildə müqavilənin dəyişdirilməsinə razılıq vermişdir. İddiaçı işdən çıxması öz iradəsi əsasında deyil, baş vermiş hadisələrdən dolayı hədə-qorxu, məcburiyyət təsiri altında iradəsi əleyhinə məcbur qalmış və bu fakt məhkəmə gedişatında tədqiq edilmiş sübutlarla, işin halları və məhkəmə iclasında iddiaçının verdiyi izahatlarla öz təsdiqini tapmışdır. Digər tərəfdən, hazırki mülki iş üzrə hadisələrin xronoloji ardıcıllığı iddiaçının istinad etdiyi halları (hədə-qorxu, əmək şəraitinin yaradılmaması, səlahiyyətlərinin əlindən alınması, opentextin bağlanması, baş ofisə çağırılması, barəsində əsassız arşdırma aparılması, iş yerinə gedərək onun izahatının alınması işə girdiyi andan ona verilməməsi məcburiyyət təsirinin mövcudluğunu) bir daha təsdiq etmişdir. Göstərilən hallar tərəflər arasında qərəzli münasibətin mövcudluğunu bir daha təsdiq edir. Halbuki əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulmasına o halda yol verilə bilər ki, işdən çıxarma haqqında ərizənin verilməsi onun öz iradəsini könüllü ifadə etməsinin nəticəsi olsun. Yəni işçi öz təşəbbüsü ilə yalnız iradəsinə uyğun olaraq əmək müqaviləsini ləğv etmək hüququna malikdir və bu, işçinin öz iradəsini ifadə etməsinin birbaşa nəticəsi olmalıdır. İşçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və ya üsulla əmək müqaviləsini ləğv etməyə məcbur etmək isə qanunvericiliklə qadağandır. İşçinin əmək müqaviləsinin ləğv edilməsinə məcbur edilməsi barədə dəlillərinə formal yanaşılması daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından sui-istifadəsinə şərait yaratmış olur, bu hal isə qanunvericilik tərəfindən yolverilməz hesab edilir. Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “Azneft” İB arasında tərəflərin iradə ifadəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 3 ay müddətinə 712 saylı əmək müqaviləsi bağlanmış və o “Siyəzənneft” NQÇİ-nin personalın uçotu xidmətinə 15-ci dərəcəli xidmət rəisi vəzifəsinə işə qəbul edilmişdir. “Azneft” İB-nin xx.xx.2024-cü il tarixli, 14-21/3-1K- 69/2024 saylı əmri ilə İddiaçı ilə bağlanmış 712 saylı, xx.xx.2024-cü il tarixli əmək müqaviləsi rəsmiləşdirilmişdir. İddiaçı onunla bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin müddəti bitməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73cü maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam veriləcəyinə dair xəbərdarlıqla xx.xx.2024-cü il tarixdə İddiaçı tanış olmuş və imzalamışdır. “Azneft” İB-nin xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1K-134/2024 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən xitam verilmişdir. İddiaçının əmək müqaviləsinin müddətinin qanunsuz olaraq dəyişdirilməsinə dair qeydi də tam əsassızdır. Belə ki, İddiaçı ilə “Azneft” İB arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bağlanmış 712 saylı əmək müqaviləsi İddiaçı tərəfindən də imzalanmışdır. İddiada qeyd edilən cavabdeh tərəfindən iddiaçıya təzyiqlərin edilməsinə dair qeydi tam əsassızdır. Birinci instansiya məhkəməsində araşdırma zamanı də hakimin suallarına cavab olaraq müqavilə bağlayarkən bu müqavilənin iddiaçının iradəsinə uyğun olmamaqla qərəzli hərəkətlər və hədə-qorxu nəticəsində bağlanmasına dair hallar müəyyən edilməmiş, iddiaçı təzyiqlərin, hədə qorxunun nədən ibarət olduğunu nə sübut edə bilmiş, nə də əsaslandıra bilmişdir. Buradan da müəyyən olunur ki, iddiaçı onunla bağlanmış və müddəti bitmiş müddətli əmək müqaviləsi üzrə işə bərpa üçün sanki cavabdeh tərəfindən ona təzyiqlərin edildiyinə istinad edərək əsassız qərar qəbul edilməsinə nail olmaq istəyir.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçı 9 il Siyəzən rayon İcra Hakimiyyətində çalışmışdır. Daha sonra 1 illik əmək müqaviləsi bağlanmaq şərti olan SOCAR Cavabdeh vakansiyasına müraciət etmişdir. Müqavilənin 3 aylıq bağlanmalı olduğu qeyd edilməyib. İddiaçı müraciət edib, test imtahanından uğurla keçib. Orqanın işçisi də test imtahanı verib lakin o, imtahanı keçə bilməyib. İddiaçı işə başladıqdan sonra ona qarşı qərəzli mövqe göstərilib. İddiaçıya 3 dəfə müqavilə imzaladıblar. İddiaçı SOCAR Cavabdeh baş ofisinə, Bakı şəhərinə çağırılıb və ona deyilib ki, müqavilə yenidən imzalanmalıdır. İddiaçı da düşünüb ki, nə qədər eyni müqavilədə səhvlik olar. İddiaçı müqaviləni oxumadan imzalayıb. İmzalayandan sonra da şöbə müdiri bildirib ki, müqavilədə dəyişilik edilib. Birinci müqavilə xx.xx.2024-cü il tarixində imzalanıb. Həmin zaman bir illik müddətli əmək müqaviləsi bağlanmışdır. X4 Xidməti Əmək və Məşğulluq altsistemində-ƏMAS hər hansı dəyişiklik edən zaman işçinin ərizəsi olmalıdır. İddiaçının ümumiyyətlə xəbəri olmayıb, ondan yazılı ərizə də alınmayıb. İddiaçı barəsində mütəmadi əsassız araşdırma aparılıb, “Opentext”i bağlanılıb. Bütün bunlar ona qarşı qərəzli mövqenin olduğunu sübut edir. Onun himayəsində azyaşlı övladı var. İddiaçı 9 illik iş stajını 3 aylıq müqaviləyə görə heç vaxt riskə atmazdı. ƏMAS-da müqavilənin dəyişdirildiyi qeyd edilib. İddiaçıya ilkin müqavilə təqdim edilməyib. Əmək müqaviləsinin xitam verilməsi tarixi əmrin verilməsi tarixindən əvvəl ola bilməz. İşəgötürən daha güclü tərəf hesab edilsə də, hüquqlardan sui-istifadəsinə yol verilmir. İddiaçıya “Opentext” verilməyib, tez-tez rayondan Bakı şəhərinə çağırılıb. İddiaçının razılığı olmadan əmək müqaviləsi dəyişdirilib. ƏMAS-da qeyd edilib ki, əmək müqaviləsi xx.xx.2024-cü il tarixində dəyişdirilib. ƏMAS-da 2 müqavilə var.Rayon məhkəməsi şahidləri dindirməyib. Niyə bir illik müddətli əmək müqaviləsinin 3 aylığa keçirilməsi halı məhkəmədə aydınlaşdırılmayıb. xx.xx.2024-cü il tarixində ilkin müqavilə bağlanılıb.Həmin müqaviləni də iddiaçıya 3 dəfə imzaladıblar. xx.xx.2024-cü il tarixində əmək müqaviləsinin müddəti 3 aylığa keçirilib. İddiaçı müqavilədə yenidən səhv olduğunu düşünüb, oxumadan imzalayıb. Bundan öncə də texniki səhv olduğunu bildirib imzalatmışdılar. Sonuncu dəfə imzalayandan sonra ona müqavilənin dəyişdirildiyini deyiblər. İddiaçıya qarşı qərəzli mövqenin səbəbi iddiaçı ilə işləmək istəməmələridir.

17. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçı ilə bir əmək müqaviləsi bağlanılıb. Həmin müqavilə 3 aylıq müddətə bağlanılıb.Sadəcə sistemdə texniki səhv olub, bir illik müddətli əmək müqaviləsi kimi göstərilib. Daha sonra müraciət edilib və sistemdə düzəldilib. İddiaçının iş vaxtı işdən icazəsiz getdiyi hallar olub. Ona qarşı hədə-qorxu olunmayıb, təzyiq göstərilməyib. İddiaçı rayon məhkəməsində iddiasını sübut edə bilməmişdir. xx.xx.2024-cü il tarixində müqavilə bağlanılıb, xx.xx.2024-cü il tarixində sistemdə dəyişiklik edilməsi üçün müraciət edilib və müqavilənin müddəti düzəldilib, 3 aylıq edilib. Bunun üçün iddiaçının yazılı razılığının olması vacib deyil. Sistemin səhvinə görə düzəliş edilib. İddiaçının bildirdiyi orqanda çalışan şəxs də iddiaçı işdən çıxdıqdan sonra onun vəzifəsinə keçməyib. Bildirdiyi kimi ona qarşı qərəzli mövqe olmayıb. Vakansiya üzrə elan internetdə yerləşdirilib. Nə qədər müddətə vakansiyanın olduğunu bilmir. xx.xx.2024-cü il tarixində sistemdə dəyişilik edilib. Bunun üçün işçinin razılığı lazım deyil. Əmək müqaviləsi dəyişməyib.

Tətbiq edilən maddi hüquq normaları:

18. Azərbaycan Respublikası Konstitusiyası Maddə 35. İİ hissə. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

19. Azərbaycan Respublikası Əmək Məcəlləsi

Maddə 5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 42.2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 712- N nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinə Personalın uçotu xidmətinə 15-ci dərəcəli xidmət rəisi vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli bağlanılmışdır (bənd 2.1). Əmək müqaviləsi tərəflərin razılığına əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3 ay müddətinə bağlanmışdır (bənd 2.3).

26. Əmək müqaviləsində müddət 3 ay müəyyən edilsə də, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində əmək müqaviləsinin bitmə tarixi xx.xx.2025-ci il kimi, yəni 1 il kimi qeyd edilmişdir. Uyğunsuzluqla əlaqədar işəgötürən tərəfindən X4 Xidmətinə müraciət olunmuş və həmin bildirişdə dəyişiklik apararaq müqavilənin qurtardığı tarix xx.xx.2024-cü il kimi qeyd edilmişdir.

27. Cavabdeh xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1K-69/2024 saylı əmrinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən Cavabdeh “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin İdarəetmə aparatının Personalın uçotu xidmətinə 15-ci dərəcəli xidmət rəisi vəzifəsinə işə qəbul olunmuş və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh 14-2-1/3-1K- 134/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir.

28. İddiaçı xx.xx.2024-cü il tarixli, 712 nömrəli üç aylıq müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi, əmək müqaviləsinin xitamına dair əmrinin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

29. İddia tələbinin əsası odur ki, onunla xx.xx.2024-cü il tarixdə əvvəlcə bir illik müddətli əmək müqaviləsi bağlanmış, sonradan ona edilən çoxsaylı təzyiqlər yolu ilə xx.xx.2024-cü il tarixdə “qarşılıqlı razılaşma əsasında” əvvəlki bir illik müddətli əmək müqaviləsi qanunsuz olaraq dəyişdirilmiş, müqavilənin müddəti üç ay müəyyən edilmişdir.

30. Məhkəmə iclasında isə iddiaçının nümayəndə və vəkili qeyd etdi ki, iddiaçı işə başladıqdan sonra ona qarşı qərəzli mövqe göstərilib. İddiaçıya 3 dəfə müqavilə imzaladıblar. İddiaçı SOCAR Cavabdeh baş ofisinə, Bakı şəhərinə çağırılıb və ona deyilib ki, müqavilə yenidən imzalanmalıdır. İddiaçı da düşünüb ki, nə qədər eyni müqavilədə səhvlik olar. İddiaçı müqaviləni oxumadan imzalayıb.

31. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı istinad etdiyi hallara dair məhkəməyə sübut təqdim etməmişdir.

32. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir. Konstitusiya Məhkəməsinin qeyd edilən Plenum Qərarında göstərilmişdir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır.

33. Məhkəmə kollegiyası iddiaçının cavabdeh SOCAR Cavabdeh baş direktorunun xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1K-134/2024 nömrəli əmrinin ləğv edilməsi tələbi ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndində əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi göstərilmişdir.

34. Kollegiyası hesab edir ki, tərəflər arasında imzalanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1K-134/2024 nömrəli əmri qanunvericiliyin tələblərinə əməl edilməklə qəbul edilmiş, əmrin ləğv edilməsi üçün əsas yoxdur.

35. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

36. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2097/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar