Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-907/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Qədirov İlqar Hümmət oğlunun, Cavabdehin nümayəndəsi və vəkili İsmayılov Sərdar Əbülfət oğlunun iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Məmmədov Rəsul Elman oğluna qarşı pul tələbinə dair işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-630/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” MMC cavabdeh Məmmədov Rəsul Elman oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10.100 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2017-ci il tarixdə “xxxx” MMC-nin anbarından 10.100 manat məbləğində nisyə olaraq yuyucu vasitələri, uşaq bezləri və digər qeyri-qida mallarını götürmüşdür. Bununla bağlı aralarında xx.xx.2017-ci ildə maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Cavabdeh həmin malları satıb qısa müddət ərzində pulunu iddiaçıya ödəyəcəyini bildirmiş, cavabdeh “xxxx” MMC-nin direktoru Adil Səfərova xx.xx.2017-ci il tarixdə ərizə yazaraq 10.100 manat məbləğində borcunu etiraf etmiş və həmin məbləği tezliklə ödəməyi öhdəsinə götürmüşdür. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcunu ödəməmişdir. Dəfələrlə ona yazılı xəbərdarlıq edilsə də bunun bir nəticəsi olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti və ona əlavə verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin qismən, yəni 1591 manat məbləğində hissəsinin təmin edilməsi, qalan hissədə iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iştirakı təmin edilməyib. Cavabdeh iddiaçı ilə xx.xx.2017-ci il tarixli “maddi məsuliyyət” müqaviləsi bağlamaqla işə başlamışdır. Daha sonra əlavə müqavilə bağlayaraq iddiaçı üçün cavabdehə bölgələrdə satmaq üçün ən çox 10.100 manat məbləğində depozitə mal veriləcəyi nəzərdə tutulmuşdur. Həmin müqavilədən irəli gələrək borc öhdəliyi barədə qəbz imzalanmışdır. İddiaçı bu qəbzin formal olduğunu bildirmiş, cavabdeh də hüquqi savadı olmadığından qəbzi imzalayarkən onun mahiyyətini düzgün başa düşməmişdir. Cavabdehin həqiqətən tələb olunan məbləğdə borcu olsaydı, qəbz yazıldıqdan 7 gün sonra hesab-faktura əsasında 3909,86 manat yenidən mal verilməzdi. İddiaçı tərəffindən təqdim olunmuş xəbərdarlıq məktubları saxtalaşdırılmışdır. Belə ki, iddiaçının işə əlavə etdiyi xəbərdarlıq məktubları cavabdehə göndərilən xəbərdarlıq məktubları ilə eyni deyil. Cavabdehə göndərilən məktublarda 3302,91 manat, daha sonra isə 3278,51 manat borcun ödənilməsi tələb olunur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə əlavənin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili şikayətə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdəqanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən cavabdeh şikayət vermişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, аpеllyаsiyа şikаyəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, işdə olan yazılı sübutlarla müəyyən olunur ki, tərəflər arasında bağlanmış maddi məsuliyyət haqqında xx xxxxx 2017-ci il tarixli müqaviləyəəsasən cavabdeh iddiaçıya görəcəyi işlər nəticəsində vurduğu maddi ziyanı tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən yazılmış əlyazma «borc öhdəliyi» haqqında xx xxxx 2017-ci il tarixli qəbzdən görünür ki, cavabdeh iddiaçıya 10.100 manat məbləğində borcu olduğunu etiraf etmiş və həmin borcu ödəyəcəyini vəd etmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxx 2019-cu il tarixli 11754 nömrəli rəyinə əsasən standart kağız vərəqi üzərində olan “Borc öhdəliyi (“xxxx” MMC-nin direktoru cənab Adil Səfərova” yazılarında başqa) mən Məmmədov Rəsul Elman oğlu “xxxx” MMC balansında olan 10 100 AZN məbləğində malı faktura əsasında götürmüşəm və bu malları faktura əsasında balansımda olan satış nöqtəsinə vermişəm həmin malları nağd pul şəklində tez bir zamanda şirkətə ödəməyə söz verirəm və öz məsuliiyətimlə cavabdehlik daşıyıram. Qeyd: Balansımda göstərilən 10 100 AZN məbləğində pulu ödəmədiyim halda məsuliyyətə cəlb olunmağa hazıram. Məmmədov Rəsul Elman oğlu xx.xx.2017” əlyazmalar və imza - cavabdeh tərəfindən icra olunmuşdur. Standart kağız vərəqi üzərində olan “xxxx” MMC-nin direktoru Adil Səfərova” yazıları – cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 21, 385, 442, 448, Əmək Məcəlləsinin 191, 192, 199, 205-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçı tərəfindən ona həvalə edilmiş əmlakın və malın çatışmazlığı nəticəsində maddi məsliyyəti tam olaraq öz öhdəsinə götürdüyü və hazırda ona həvalə olunmuş əmlak üzrə 10.100 manat məbləğində çatışmazlıq müəyyənedildiyindən iddia təmin edilməli və cavabdehdən həmin pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən pulun tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, tutulmalı olan pul məbləği ilə bağlı məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddia ərizəsinə “xxxx” MMC tərəfindən cavabdehə ünvanlanmış xx xxxxxxx 2017-ci il tarixli 22 saylı və xx xxxxxx 2017ci il tarixli, 09 saylı xəbərdarlıq məktubları əlavə edilmişdir. Həmin məktublarda cavabdehdən 10.100 manat borcunun könüllü olaraq ödənilməsi xahiş edilmişdir. İşin apellyasiya baxışı zamanı cavabdeh tərəfindən təqdim olunmuş xəbərdarlıq məktublarından isə görünür ki, xx xxxxxxx 2017-ci il tarixli məktubda cavabdehin iddiaçıya olan borcu 3302,91 manat, xx xxxxxx 2017-ci il tarixli məktubda isə 3278,51 manat göstərilmişdir. İddiaçının isə sübut qismində işə əlavə etdiyi xəbərdarlıq məktubları və ona əlavə edilmiş xəbərnamələrdən görünür ki, 22 saylı məktub xx xxxxxxx 2017-ci il tarixdə tərtib edilsə də, xx xxxxxxx 2017-ci il tarixdə cavabdehə göndərilməsi üçün rabitə orqanına təhvil verilmişdir. 09 saylı məktub isə xx.xx.2017-ci il tarixdə tərtib edilməsinə baxmayaraq məktub tərtib edildiyi gündən 4 gün əvvəl, yəni xx.xx.2017-ci ildə poçta təhvil verilmişdir. Yaranmış ziddiyyətə aydınlıq gətirmək üçün iddiaçının direktoru öz etirazında bildirmişdir ki, 2017-ci ildə cavabdeh ayrı-ayrı vaxtlarda 3278,51 manat və 10.100 manat dəyərində şirkətdən mal götürüb. Cavabdehin iki borcuna görə, yəni 10.100 manat borcuna görə ona xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə xəbərdarlıq məktubları göndərilib. Poçt qəbzlərində xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərinin göstərilməsi poçt işçisinin səhvidir. Belə ki, işçi həmin gün möhürdə olan tarixi göndərilən tarixlə dəyişməyib. Cavabdehin xəbərdarlıq məktublarını aldıqdan sonra susması onun həmin borcla razılaşması kimi qəbul edilməlidir. Digər borcla – 3278,51 manat borcla bağlı cavabdehə qarşı hər hansı iddia qaldırılmayıb. Kollegiya cavabdehin dəlillərini daha inandırıcı hesab edir. Belə ki, iddiaçı cavabdehin ona 10100 manat borcunun olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı tələbin əsası kimi xx xxxx 2017-ci il tarixdə tərtib edilmiş borc öhdəliyinə (iş v.səh.6) istinad etmişdir. Lakin iddiaçının xx xxxxxxx 2017-ci il tarixli xəbərdarlıq məktubunda 3302,91 manat və xx xxxxxx 2017-ci il tarixli xəbərdarlıq məktubunda 3278,51 manat borcun cavabdehdən tələb edildiyi görünür. İddiaçının 10100 manat borcun ödənilməsi barədə cavabdehə göndərilməsi barədə işə əlavə etdiyi xəbərdarlıq məktublarının mötəbərliyini isə yuxarıda qeyd edilən əsaslara görə Kollegiya şübhə altına alır. Kollegiya Poçt işçisinin səhvi ucbatından hər iki poçt xəbərnaməsinə məktubların tərtib edildiyi tarixdən geriyə tarixlərin vurulmasını ağlabatan hesab etmir. İddiaçı Kollegiyada buna daxili inam yaradan hər hansı sübut da təqdim etməmiş, bunun məntiqli izahını verə bilməmişdir. Bu baxımdan Kollegiya hesab edir ki, cavabdehə sonuncu – xx.xx.2017-ci il tarixdə göndərilmiş xəbərdarlıqda tələb olunan 3278,51 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, şikayətə əlavə edilmiş qaimələr və qəbzlər iddiaçıya olan borcun cavabdehin etiraf etdiyi həcmdə - 1591 manat borcunun olması barədə birmənalı qənaətə gəlmək üçün əsas deyildir. Belə ki, həmin qaimələrdə malların kim tərəfindən təhvil verilib-alınması, qəbzlər üzrə ödənişlərin hansı müqavilə üzrə ödənilməsi məlum deyildir. Beləliklə, qeyd olunanlar konteksində Kollegiya cavabdeh tərəfindən verilmiş şikayəti araşdıraraq belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən borc pulun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən 3278,51 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Məmmədov Rəsul Elman oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-630/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdehdən Məmmədov Rəsul Elman oğlundan 3278 (üç min iki yüz yetmiş səkkiz) manat 51 (əlli bir) qəpik pul tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-907/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-907/2020
22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver