Məhkəmə qərarları › İş №2(103)-907/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-907/2021

02.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-907/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)-3237/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx xxxxxx 2014-cü il tarixli bağışlama müqaviləsinin və həmin bağışlama müqaviləsinə əsasən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və mənzilin əvvəlki vəziyyətə gətirilərək adına çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1986-cı ildə övladlığa götürdüyü Cavabdeh öz doğma balası kimi böyüdərək oxutdurmuş, ona ali təhsil almaqda yardımçı olmuşdur. Sonra da onu el adəti ilə ərə verərək iki övladının dünyaya gəlməsində və böyüməsində analıq qayğısı göstərmişdir. Daha sonra cavabdeh həyat yoldaşı ilə yola getmədiyi üçün boşanmış, iddiaçı isə keçmiş kürəkənindən mənzil tələb etməyərək qızını iki uşaqla birlikdə öz evinə gətirmişdir. xx xxxxxx 2014-cü il tarixində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin özünə məxsus olan hissəsini Cavabdeh bağışlamışdır ki, ömrünün axırlarına qədər Nəzakət onun qulluğunda dursun. Cavabdeh evi öz adına keçirdikdən sonra nəinki onun qulluğunda durmamış, hətta ona qarşı hörmətsizlik etməyə başlamışdır. Son vaxtlar isə ona məlum olmuşdur ki, Nəzakət əxlaqsız həyat tərzi keçirməyə başlamış, hətta bic uşaq doğmuşdur. Hesab edir ki, cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədiyinə görə bağışlama müqaviləsi və onun əsasında cavabdehin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, iddiaçının mənzil üzərində mülkiyyət hüquqları bərpa olunmalıdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, bibisi İddiaçı xx xxxxxx 2014-cü ildə evi ona bağışladıqdan sonra o, fasiləsiz və etirazsız olaraq evə sahiblik etmiş, evin təmir və kommunal xərclərini öz vəsaiti hesabına qarşılamış, daima bir övlad kimi iddiaçının qulluğunda durmuşdur. Lakin son zamanlar iddiaçı evi onun əlindən alıb əmisi nəvəsi Pəriyə vermək qərarına gəlmişdir. Hesab edir ki, iddia əsassızdır. Belə ki, bağışlama müqaviləsi heç bir cavab xidməti ilə, o cümlədən iddiaçını ömürlük saxlama ilə şərtləndirilməmişdir. Bundan əlavə, İddiaçı pensiyaçı olmaqla ayda 350 manat pensiya alır və fiziki cəhətdən hər hansı qüsuru yoxdur. Yəni o, kənar şəxslərin köməyinə və maddi yardıma ehtiyacı olmayan əmək qabiliyyətli şəxsdir. İddiaçı bağışlamadan imtina üçün qanunla nəzərdə tutulmuş bir illik müddəti də ötürmüşdür. Belə ki, o, iddia ərizəsində 2014-cü ilin sonunda cavabdeh tərəfindən iddiaçıya qarşı münasibətin dəyişdiyini görməsini bildirmiş, beləliklə bağışlamadan imtinanın əsasları ona həmin dövrdə məlum olmuşdur. Göstərilənlərə əsasən, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar həmin bağışlama müqaviləsinin ləğvi üçün əsas olmadığından, cavabdeh məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)- 3237/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı x xxxxxx 1987-ci ildə Cavabdeh övladlığa götürmüşdür. xx xxxxxx 2014-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən İddiaçı ünvan 2 s ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətində olan 24 kv.m sahədən ibarət bir otağını Cavabdeh bağışlamış, sonuncuya həmin evin 24 kv.metri üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxxx 2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. İddiaçı iddia tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670 və 673-cü maddələri ilə əsaslandıraraq müqavilə bağlanarkən cavabdehin ömrünün axırına qədər onun qulluğunda duracağına ümid etdiyini, hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci və 670.1-ci maddələrinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər ki, həmin öhdəliklər bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı təminat əldə etməsi ilə bağlı olmamalıdır. Tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin məzmunundan görünür ki, bağışlama hər hansı şərtin və ya öhdəliyin yerinə yetirilməsindən asılı edilməmişdir. Mülki Məcəllənin 673.1-ci maddəsinə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər. Mülki Məcəllənin 673.3-ci maddəsinə əsasən, imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bağışlama müqaviləsinin ləğvi ilə bağışlamaqdan imtina fərqli anlayışlardır. Belə ki, bağışlamaqdan imtina əmlakı gələcəkdə bağışlamaq vədi verildikdə və bağışlamanın hələ həyata keçirilmədiyi halda tətbiq olunduğu halda, bağışlamanın ləğvi bağışlama müqaviləsi bağlandıqdan sonra tətbiq olunur. Bundan əlavə, İddiaçı Cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozmasını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı iddia ərizəsində cavabdehin ona qarşı münasibətinin 2014-cü ilin sonlarından dəyişməyə başladığını, cavabdehin onu dəfələrlə təhqir etməsini, qulluğunda durmamasını göstərmişdir. Beləliklə, iddiaçı özü də etiraf etmişdir ki, bağışlamadan imtina üçün güman etdiyi əsaslar ona 2014-cü ilin sonlarından məlum olmuşdur. Lakin İddiaçı hazırkı iddianı bağışlamadan imtina üçün güman etdiyi əsasların ona məlum olduğu vaxtdan 6 il keçəndən sonra qaldırmışdır. Bundan əlavə, o, qanunvericiliyin tələbinə uyğun olaraq hədiyyə alana bağışlamadan imtina haqqında bildiriş verməmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, nə bağışlama müqaviləsinin ləğvi, nə də bağışlamadan imtina üçün əsaslar olmadığından, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)- 3237/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar