Məhkəmə qərarları › İş №2(103)-907/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-907/2023

13.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-907/2023 13.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə və cavabdeh Dövlət Vergi Xidmətinin nümayəndəsi Validə Cabbarovanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “müavinətin tam ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 3.484,50 manat tələb olunub. İddia ərizəsi onunla əsaslandırılıb ki, iddiaçıya ödənilən müavinətdən qanunvericiliyə görə gəlir vergisi tutula bilməz, lakin vergi tutulub. Nəticədə isə iddiaçıya ödənilməli olan müavinətin 3.484,50 manatlıq hissəsi ödənilməyib. Qətnamə ilə qət olunub ki, 3.484,50 manat cavabdehdən tutulsun. Qətnamədən cavabdeh və üçüncü şəxs apellyasiya şikayəti verib. Hər iki apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə və cavabdeh Dövlət Vergi Xidmətinin nümayəndəsi Validə Cabbarova apellyasiya şikayətlərinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətlərinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh DNŞ iddiaçıya 16.038 manat müavinət hesablayıb, ondan 3.484,50 manat gəlir vergisi tutulub. Bu, DNŞ-nin verdiyi arayışla təsdiq olunur (iş v. 22). Lakin həmin müavinətdən gəlir vergisi tutula bilməz. Belə ki, iddiaçı cavabdeh DNŞ-nin Baş ofisinin İqtisadiyyat və Uçot Departamentinin Mərkəzləşdirilmiş mühasibat şöbəsində aparıcı mühasib vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi işəgötürənin xx.xx.2022-ci il tarixli əmri ilə ləğv edilib (iş v. 25). Əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası belə göstərilib: “Əmək Məcəlləsinin 69.3-cü maddəsi, yaşa görə təqaüdə çıxması”. Əmrdə həmçinin qeyd olunub ki, iddiaçıya Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxarma müavinəti ödənilsin. Bu müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin təsiri altına düşür. Həmin maddəyə görə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindın azaddır. O cümlədən Əmək Məcəlləcinin 175-ci maddəsinin 4-cü hissəsinə görə, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. İddiaçıya ödənilən müavinət Əmək Məcəlləsində nəzərdə tutulmasa da, bu müavinət Əmək Məcəlləsində müəyyən edilmiş işdənçıxma müavinətinə bərabər tutulur. Belə ki, Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir (Əmək Məcəlləsi, maddə 2, hissə 2). Yəni Əmək Məcəlləsində müəyyən edilmiş müavinətlər minimumdur, daha artığı əmək müqaviləsində, kollektiv müqavilədə və kollektiv sazişdə müəyyən edilə bilər. İddiaçıya müavinət SOCAR və ANQSİNİRK arasında bağlanmış, 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən ödənilib. O cümlədən cavabdeh DNŞ-nin “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrində iddiaçıya ödənilən müavinət “işdənçıxarma müavinəti” adlandırılıb (iş v. 25). Əmək müqaviləsinin ləğv edilməsinin əsası həmin müavinətin statusuna (işdənçıxma müavinəti olmasına) təsir etmir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar