Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-907/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə birjasının Cavabdehnə qarşı “hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul etdiyi 11 iyul 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə üçüncü şəxs olan "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətinin nümayəndəsi Vəkil və iddiaçının iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdeh MMC-yə qarşı “hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi barədə” iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş 40/07 nömrəli “Hərracın yekunları barədə protokolun” etibarsız hesab edilməsi və “Alğı-satqı müqaviləyə” əsasən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(077)-01/2019 saylı qətnaməsi ilə “Para“ BOKT ASC-nin (hazırki iş üzrə iddiaçı) İddiaçı qarşı irəli sürülmüş ilk iddianın qismən təmin edilməsi, “Para“ BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 245/15/PB/YF nömrəli “Kredit müqaviləsi” üzrə İddiaçı 72.100 ABŞ dolları əsas borcun, 5.419,52 ABŞ dolları faiz borcunun, 266 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 77.785,52 ABŞ dolları borcun, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Para“ BOKT ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş və İddiaçı məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 127 “a” nömrəli evdə yerləşən 4 otaqlı 43 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə edilə biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcunun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətində boşaldılması, İddiaçı “müqavilə şərtlərinin dəyişdirilməsi və sair tələblər barədə” qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 2(105)-2930/2019 saylı qətnamə ilə apellyasiya şikayətinin təmin edilməməsini, Şuşa Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İddiaçı həmin qətnamədən verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 2(102)- 1507/2020 saylı, xx.xx.2020-ci il tarixli qərar ilə kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin həmin qətnaməsinin İddiaçı borcun tutulması hissədə dəyişdirilməsini və ondan “Para“ BOKT ASC-nin xeyrinə tutulmalı olan 77.785,52 ABŞ dolları məbləğində pulun, qətnamənin icra olunacağı günə təyin olunacaq rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı tutulmasını qərara alınmışdır. Bundan sonra həmin qətnamənin icra edilməsi mərhələsi ilə bağlı iddiaçıya heç bir məlumat verilmədən hərrac təşkil edilmiş və keçirilmiş hərracda iştirak edən olmadığından mənzil iddiaçı (tələbkar) “Para“ BOKT ASC-yə təklif edilmişdir. Qanunvericiliyə əsasən isə 1 ay müddətində “Para“ BOKT ASC mənzili qəbul etməli və ya imtina etməli idi. Bu barədə iddiaçıya heç bir məlumat verilmədiyinə baxmayaraq Nərimanov Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2023-cü ildə mənzili boşaltmalı olduğu və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məktub göndərilmişdir. Bundan sonra iddiaçı dərhal Nərimanov Rayon İcra Şöbəsinə və cavabdeh MMCyə müraciət edərək keçirilmiş hərracla bağlı zəruri sənədləri tələb etmişdir. Nərimanov Rayon İcra və Probasiya Şöbəsi tərəfindən isə iddiaçıya yalnız “Külək" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş 40/07 nömrəli “Hərracın yekunları barədə protokolun” surəti təqdim edilmişdir. Mənzil barədə keçirilmiş qanunsuz hərracda alıcı olmadığından cavabdeh mənzili 93.500 manata əldə etmək hüququnu bildirmişdir. Lakin bu barədə rəsmi aksept məktubu verilməmiş və "xxxx" BOKT ASC tərəfindən əmlakın əldə edilməsi, sənədləşdirilməsi barədə (alqı-satqı müqaviləsi bağlanmamışdır) heç bir tədbir görülməmişdir. Qanunverciliyə əsasən iddiaçı evin mülkiyyətçisi olaraq hərraca dəvət olunmalı idi və hərraca çıxarılmış daşınmaz əmlakın alınması ona təklif olunmalı idi. Lakin hərrac təşkilatçısı bütün bunları etməmiş mənzili qiymətindən aşağı məbləğdə hazırkı iş üzrə cavabdehə satmışdır. Bununla da iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi tərəfindən Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi və "xxxx" BOKT ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb olunmuşdur.
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçı tələblərini hərracdan xəbərdar olmaması, hərraca dair bildirişləri almaması ilə əsaslandırır. Lakin İş materiallarından bu bildirişlərin iddiaçının özü tərəfindən də faktiki ünvanı olaraq göstərilmiş ünvana göndərildiyi aydın olur. İddiaçı iddia tələblərinin əsaslı olduğunu təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. c) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, hərracların keçirilməsi barədə iddiaçının məlumatı olmamış, buna baxmayaraq hərrac keçirilmiş və hərracı keçirmiş MMC tələbkar BOKT-un maraqlarına uyğun hərəkət etmişdir. İşə baxmış Rayon Məhkəməsi isə bunları nəzərə almamışdır. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatlar barədə məlumat
8. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
9. Üçüncü şəxs "xxxx" BOKT-un nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin məzmununa uyğun izahat verdi.
10. Cavabdeh MMC və digər üçüncü şəxs Nərimanov Rayon İcra Şöbəsi apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, apellyasiya baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə həmin cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən (iş № 2(077)-01/2019) görünür ki, həmin qətnamə ilə “Para“ BOKT ASC-nin (hazırki iş üzrə iddiaçı) İddiaçı qarşı irəli sürülmüş ilk iddianın qismən təmin edilməsi, “Para“ BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 245/15/PB/YF nömrəli “Kredit müqaviləsi” üzrə İddiaçı 72.100 ABŞ dolları əsas borcun, 5.419,52 ABŞ dolları faiz borcunun, 266 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 77.785,52 ABŞ dolları borcun, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Para“ BOKT ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş və İddiaçı məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 127 “a” nömrəli evdə yerləşən 4 otaqlı 43 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə edilə biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcunun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətində boşaldılması, İddiaçı “müqavilə şərtlərinin dəyişdirilməsi və sair tələblər barədə” qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən (iş № 2(105)-2930/2019) görünür ki, həmin qətnamə ilə Şuşa Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarından (iş № 2(102)-1507/2020) görünür ki, həmin qərarla İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən, yəni İddiaçı borcun tutulması hissədə dəyişdirilməsi İddiaçı “Para“ BOKT ASC-nin xeyrinə tutulmalı olan 77.785,52 ABŞ dolları məbləğində pulun, qətnamənin icra olunacağı günə təyin olunacaq rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
15. İşdə olan sənədlərdən görünür ki, həmin qərar qanuni qüvvəyə mindikdən sonra qərar əsasında tərtib edilmiş “İcra vərəqəsi” icra edilməsi üçün hazırki iş üzrə üçüncü şəxslərdən biri olan Nərimanov Rayon İcra Şöbəsinə göndərilmiş, İcra Şöbəsinin sifarişi ilə cavabdeh MMC tərəfindən hərrac keçirilməsi ilə bağlı hərəkətlər həyata keçirilmişdir.
16. Hərracın keçirilməsinə dair xx.xx.2020-ci il tarixli, 01 saylı və xx.xx.2020-ci il tarixli, 02 saylı bildirişlərdən görünür ki, cavabdeh MMC, iddiaçıya məxsus olan və ipoteka predmetini təşkil edən mənzilin açıq hərracdan satılması ilə bağlı xx.xx.2020-ci il tarixdə saat 11:00-17:00-dək (növbəlilik əsasında) və xx.xx.2020-ci il tarixdə saat 11:00-17:00-dək (növbəlilik əsasında) hərracın keçirilməsi barədə İcra Şöbəsi, "xxxx" BOKT ASC və iddiaçıya bildirişlər göndərmişdir.
17. “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli saylarından görünür ki, mənzilinə dair hərracların keçirilməsi və baş tutmamasına dair məlumatlar dərc edilmişdir.
18. Cavabdeh MMC tərəfindən Nərimanov Rayon İcra Şöbəsi, "xxxx" BOKT ASC və iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli “İpoteka predmetinin əldə olunmasına dair təklifdə” qeyd olunur ki, Nərimanov Rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən ipoteka yüklü edilmiş mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri'' qəzetinin xx.xx.2020-ci il tarixli sayında elan dərc edilmişdir. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 70.125 manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7,43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur.
19. “Hərrac predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2020-cü il tarixli 40/07 nömrəli protokoldan və eyni tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilələrdən görünür ki, "xxxx" BOKT ASC həmin mənzili 70.125 manata açıq hərracdan əldə etmişdir.
20. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışdan görünür ki, mənzil üzərində "xxxx" BOKT ASC mülkiyyət hüququ reyestrdə xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır.
21. İddiaçı bildirir ki, keçirilmiş hərraclar barədə ona məlumat verilməmişdir bu səbəbdən də hərracın nəticələri etibarsız hesab edilməlidir.
22. Bununla bağlı Məhkəmə iş materiallarına əsasən qeyd edir ki, cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə hərracın keçirilməsi barədə Nərimanov Rayon İcra Şöbəsinı, "xxxx" BOKT ASC və iddiaçının özünə müvafiq bildirişlər göndərilmişdir. İddiaçıya göndərilmiş bildirişlər iddiaçının qeydiyyatda olduğu və yaşadığı ünvan (iddia ərizəsində də iddiaçı həmin ünvanı öz ünvanı kimi qeyd etmişdir) üzrə göndərilmişdir. Göründüyü kimi, hərrac təşkilatçısı tərəfindən bildirişlər iddiaçıya düzgün ünvan üzrə qanunvericiliklə müəyyən olunmuş vaxtda və qaydada göndərilmişdir. Həmin bildirişlər ünvan üzrə çatdırılmışdır.
23. Bundan başqa qeyd edilməlidir ki, mənzilinə dair hərracların keçirilməsi və baş tutmamasına dair məlumatlar “Birja yenilikləri” qəzetinin saylarında dərc edilmişdir.
24. Beləliklə, işdə olan sənədlərdən görünür ki, icra sənədinin icrası ilə əlaqədar təyin edilmiş hərraclar barədə iddiaçıya müvafiq bildirişlər göndərilmiş, həmin bildirişlər ünvan üzrə çatdırılmış və eyni zamanda hərracların keçirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində və hərracı keçirən MMC-nin rəsmi internet saytında müvafiq elanlar dərc edilmişdir. Başqa sözlə iddiaçının həmin hərraclar barədə məlumatı olmuşdur.
25. Keçirilmiş hər iki hərrac zamanı mənzilinin hərracdan satışı baş tutmamışdır və cavabdeh MMC tərəfindən əmlak “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 70.125 manat olmaqla ipoteka saxlayana, yəni "xxxx" BOKT ASC-yə təklif olunmuşdur. "xxxx" BOKT ASC qanunvericiliklə müəyyən olunmuş müddətdə təklifə razılıq verərək protokol və alqı-satqı müqaviləsini bağlamışlar və "xxxx" BOKT ASC həmin əmlaka mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarışı almışdır.
26. Göstərilənlərə əsasən Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416.2.).
27. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir (maddə 42.1.). Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun (maddə 43.5.). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal (hərraca iki nəfərdən az alıcı gəldikdə) istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun (maddə 43.7.).İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir (maddə 43.8.). Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur (maddə 44.).
27. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına tətbiqi nəticəsində müəyyən edilir: iddia əsassızıdır; hərrac proseduru qanunvericinin tələblərinə uyğun həyata keçirilmişdir; Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur; Rayon Məhkəməsi hüquq normalarını düzgün tətbiq etmişdir; apellyasiya şikayətinin müzakirə edilən dəlilləri əsassızdır.
28. Məhkəmə həmçinin bildirir ki, yuxarıda qeyd edilən ipoteka predmetinin satılması ilə əlaqədar keçirilmiş hərraclar ilə bağlı bildirişlərin iddiaçı tərəfindən şəxsən alınmaması, həmin bildirişləri almış iddiaçının ailə üzvünün bu barədə iddiaçıya məlumat verməmələri halında belə iddianın təmin edilməsi üçün heç bir əsas olmazdı. Çünki “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının 9.22-ci maddəsinə görə, fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir.
29. Qeyd edilən qaydaya görə, keçirilmiş hərraclar ilə bağlı bildirişlər iddiaçıya çatdırılmış hesab edilir.
30. Bununla da müəyyən edilir ki, iddiaçının göstərdiyi bu dəlil də əsassızdır.
31. Bununla yanaşı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.
32. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.
33. Hazırkı iş üzrə iddiaçı hərracla bağlı proseslərdən məlumatının olmadığını bildirsə də, mülki işin materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixli icra vərəqəsi ilə bağlı tələbin könüllü icrası barədə, xx.xx.2020-ci il tarixdə hərracın keçirilməsi barədə iddiaçının qeydiyyatda olduğu ünvana bildirişlər göndərilmişdir.
34. Belə olan halda hesab edilməlidir ki, iddiaçı, həm icra vərəqəsinin verilməsinə əsas olmuş məhkəmə aktlarından, həm də keçirilmiş hərraclar barədə məlumatlı olmuşdur.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.
36. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” xx.xx.2020-ci il tarixli qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
37. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır.
38. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hərracın etibarsızlığı ilə bağlı tələb müddət ötürülməklə məhkəməyə verildiyindən, iddianın həmin əsasla da rədd edilməsi barədə Rayon Məhkəməsinin gəlmiş olduğu qənaət düzgündür. f) apellyasiya baxışının nəticəsi
39. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
43. Məhkəmə həmçinin bildirir ki, cavabdeh və üçüncü şəxslər tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, onlar hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
44. İddiaçının apellyasiya şikayəti və iddia tələbi təmin edilmədiyindən iddiaçı, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
45. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul etdiyi 11 iyul 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Cavabdeh Respublika Xammal və Əmtəə birjasının Cavabdeh, üçüncü şəxslər Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi və "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyəti tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilməz.