Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-908/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı «kommunal haqqı və rəfin sökülməsi» tələbi barədə ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə (açar sözlər: kommunal xidmət haqqı və s. tələblər) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Şadiyev Namik Ənvər oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-in nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı MMC-in Cavabdeh qarşı «kommunal haqqı və rəfin sökülməsi» tələbi barədə ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(009)-1871/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İddiaçı MMC-in nizamnaməsinin 1.2-ci bəndinə əsasən, İddiaçı MMC "xxxx" MTK-nın hüquqi varisidir. İddiaçı MMC-in ümumi yığıncağının xx.xx.2017-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, səsvermə nəticəsində yığıncaq kommunal xidmətlər haqqının 0,45 qəpikdən 0,50 qəpiyə artırılmasını təsdiq etmişdir. xx.xx.2013-cü il tarixli Liftlərə Texniki Xidmət Müqaviləsinin surətindən görünür ki, xidmət göstərən "xxxx" QSC 6 ədəd OTİS kompaniyasının istehsalı olan sərnişin liftinə mövcud qayda üzrə texniki xidmət göstərməyi, sifarişçi isə göstərilən işlərin dəyərini bu müqavilənin şərtlərinə uyğun ödəməyi öz öhdəsinə götürür. xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, icraçı BŞİH MKTD-nin "xxxx" MMC sifarişçiyə "xxxx" MMC-yə məxsus ərazidə yerləşən konteynerlərdə yığılmış bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsini, sifarişçi isə daşınma ilə əlaqədar lazım olan şəraiti və xidmət haqqının vaxtında ödənilməsini təmin edir. xx.xx.2020-ci il tarixli mühafizə xidmətlərinin göstərilməsi barədə müqavilənin surətindən görünür ki, sifarişçi Meridian MMC obyekti təhvil verir, icarəçi "xxxx" MMC isə obyektin mühafizəsini öz üzərinə götürür. İddiaçı MMC-nin 1 aylıq kommunal xərclər vərəqəsinin surətindən görünür ki, aylıq məxaric 8376,6 manat təşkil edir. xx.xx.2011-ci il tarixdə imzalanmış “kooperativ binada fərdi mənzil tikintisi üçün” Müqavilənin surətindən görünür ki, icraçı "xxxx" firması Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 ünvanında tikilən 16 mərtəbəli yaşayış binasında mənzili payçı Cavabdeh verməyi, payçı isə mənzilin pay haqqını ödəməyi öz öhdələrinə götürürlər. Müqavilənin 1.1-ci bəndində qeyd edilir ki, mənzilin ümumi sahəsi 68,1 kv.metrdən ibarətdir. Müqavilənin 1.5-ci bəndinə əsasən payçı hər ay kommunal xərci icraçının kassasına ödəməyi öhdəsinə götürmüş, tərəflər kommunal xərcin dəyişdirilməməsinin mümkün olması şərtini müəyyən etmişlər. Müqavilənin 2.1-ci bəndində qeyd edilir ki, mənzil sahəsinin hər kvadrat metrinin dəyəri 600 ABŞ dolları qiymətindədir. Meridian Firmasının xx.xx.2011-ci il tarixli xəzinə mədaxil orderinin qəbzinin surətindən görünür ki, Cavabdeh 102 saylı mənzil ilə bağlı sayğaclara görə 600 manat pul vəsaitini Meridian Firmasına ödəmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 60,45 kv.metr təşkil edən ünvan 1 saylı evin 109 saylı mənzili xx.xx.2013-cü il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh qarşı «kommunal haqqı və rəfin sökülməsi» tələbi barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 saylı evin 109cu mənzilin qarşısında onun tərəfindən qanunsuz quraşdırılan rəfin (kiçik anbarın) sökülməsi, həmin mənzilə dair göstərilən kommunal xidmətlərə görə yaranmış 1057.70 (bir min əlli yeddi, 70 qəpik) manat borcun, məhkəmə xərcləri üçün ödənilmiş 30.57 manat, iddianın ikinci hissəsində olan tələbə görə 100 manat, vəkilə görə müqavilə üzrə ödənilən 500 manat və bu dəyişikliklə bağlı ödənilmiş dövlət rüsumuna əlavə ödənilən 6,31 manat ümumilikdə 1694.58 (bir min altı yüz doxsan dörd, 58 qəpik) manat pulun Cavabdeh tutularaq İddiaçı MMC-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə ünvan 1 saylı evin sahəsi 68.1 (çıxarışa əsasən 60.45) kv.metr olan bir otaqlı 102-ci (sonradan-109) mənzilinin İddiaçı MMC-dən alınmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, Cavabdeh kommunal xidmətləri haqqını sonuncu dəfə 2021-ci ilin sentyabr ayında həmin ilin iyul və avqust aylarına görə ödəmişdir. Bundan sonra, cavabdeh bu günə qədər, bir dəfədə olsun borcundan qalan məbləği ödəməmişdir. Hazırda Cavabdeh göstərilən kommunal xidmətlərə görə 1057.70 manat borcu var. Bununla da Cavabdeh İddiaçı MMC-nə müəyyən məbləğdə ziyan vurmuşdur. Cavabdeh məxsus olan 109 nömrəli mənzilin ümumi sahəsi 60.45 kv.metrdir. Hər kv.metrə görə sakinlərin ödənişi, İddiaçı MMC-nin qərarına əsasən, 0.50 qəpik müəyyən edilmişdir. 60.45 kv.m x 0.50q = 30.22 manat, 30.22 x 35 ay (2021-ci ilin sentyabr ayı - 2024-cü ilin iyul ayı daxil) =1057.70 manat. Bildirilir ki, kommunal ödənişlərdən bütün təminatlara (su təchizatı, liftlərə aylıq texniki qulluq, işıq təhcizatı, məişət tullantıların daşınması, blokların, liftlərin, uşaq meydançasının, həyətin təmizlənməsi, 24 saat həyətin mühafizəsi, binanın giriş qapılarının, mərtəbələrdə PVC qapıların, şüşələrin təmiri, kameraların, şlaqbaumun) ödənişlər olunur, eyni zamanda həmin yığılan puldan işçilərə əmək haqqı ödənilir. Bununla bağlı hər ayda müvafiq qaydada sakinlər üçün hesabat lövhəyə vurulur. Cavabdeh və digər investorların ödəmələrində gecikmələr olması nəticəsində İddiaçı MMC-nın Vergi orqanları qarşısında borcları yaranmış və həmin borclar vaxtında ödənilməməsinə görə faiz borcları yaranmışdır. Hal-hazırda yaranmış borclar üzrə müxtəlif məhkəmə instasiyalarında işlərə baxılmaqdadır. Bununla bağlı tərəflərindən Cavabdeh və digər sakinlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmiş və hər rübdə müvafiq qaydada sakinlər üçün hesabat lövhəyə vurulur. Bir halda ki, İddiaçı MMC tərəfindən faktiki xidmətlər göstərilmiş və binanın digər sakinləri kimi cavabdeh də həmin xidmətlərdən yararlanmışdır, belə olan halda həmin xidmətlərin haqqını ödəməlidir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan mənzil-tikinti kooperativi üzvləri yaşayış sahəsinin saxlanması və təmirinə görə, habelə kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıyırlar. Bundan başqa cavabdehə məxsus N.Rəfiyev küçəsi 25A saylı yaşayış binasının 3-cü blokun 5-ci mərtəbəsində yerləşən 109 saylı mənzilin yerləşdiyi mərtəbədə, gediş-gəliş yolunun üstündə qanunsuz, özbaşına olaraq saxlanc anbarı (şkafı) quraşdırmışdır. Cavabdeh tərəfə şkafı həmin yerdən götürərək gediş-gəliş yolunu boşaldması ilə əlaqədar dəfələrlə rəsmi və qeyri-rəsmi müraciətləri olmuş, lakin o, həmin dolabı oradan götürməmiş və bütün müraciətlərə məhəl qoymamışdır. Eyni zamanda iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıdan mənzilin sahə fərqinə görə artıq aldığı 4,590 ABŞ dolları məbləğinin (ödəniş gününə olan məzənnə ilə), 317,18 manat kommunal xidmətlərə görə artıq alınan məbləğin, 600 manat sayğaclara görə qanunsuz alınan məbləğlərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı ərizəsini belə əsaslandırmışdır ki, onunla İddiaçı MMC arasında xx.xx.2011-ci il tarixli “kooperativ binada mənzilin tikintisinə dair” müqavilə bağlanmış, həmin müqavilənin 1-ci bəndinə əsasən müqavilə predmeti olan mənzilin ümumi sahəsi 68.1 kv.m müəyyən edilmişdir. Lakin mənzilə dair çıxarışdan görünür ki, mənzilin ümumi sahəsi 60.45 kv.m təşkil edir. Müqavilənin 2-ci bəndində həmin mənzilin 1 kv.m-nin qiyməti 600.0 ABŞ dolları dəyərində qeyd edilmişdir. Deməli, İddiaçı MMC ondan mənzilin sahə fərqi olaraq 7.65 kv.m sahənin pulunu artıq almışdır. Bu məbləğ isə müqaviləyə əsasən 4590 ABŞ dolları təşkil edir. Hesab edir ki, həmin məbləğ ona geri qaytarılmalıdır. Bundan başqa, İddiaçı MMC 2013-cü ildən indiyə kimi kommunal xidmət haqqını ondan 2013- 2018-ci illər arasında kommunal xidmət haqqını hər kv.m üçün 0.45 qəpik, 2018-ci ildən isə hər kv.m üçün 0.50 qəpik olmaqla 60.45 m2 sahə üçün deyil, 68.1 m2 sahə üçün almışdır. Bununla da, 2013-2018-ci illər arasında ondan 60 ay üçün hər ay 3.44 manat (7.65 (sahə fərqi) x 0.45 (tarif)=3.44) olmaqla cəmi 206.40 manat, 2018 (yanvar)-2020-ci ilin may ayına kimi 29 ay üçün hər ay 3.82 manat (7.65(sahə fərqi) x 0,50 (tarif)=3.82) olmaqla cəmi 110.78 manat, ümumilikdə isə 317.18 manat (206.4+110.78) artıq ödəniş almışdır. Qəbzlərdən də görünür ki, yalnız 2020-ci ilin iyun ayından başlayaraq, artıq kommunal xidmət haqqını faktiki sahəyə görə hesablamışlar. Hesab edir ki, həmin məbləğ ona geri qaytarılmalıdır. Mənzilə quraşdırılmış sayğaclara görə də İddiaçı MMC ondan qanunsuz olaraq 600.0 manat ödəniş tələb etmiş və almışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Hesab edir ki, həmin məbləğ ona geri qaytarılmalıdır. Hazırda İddiaçı MMC ondan 1057.70 manat yaranmış kommunal borcun ödənilməsini tələb edir. Hesab edir ki, öhdəliklər qarşılıqlı olaraq tam yerinə yetirməlidir. İddiaçı MMC binada idarəçiliyi sakinlərin razılığı olmadan, müvafiq sənədləşmə prosedurlarına əməl etmədən, özbaşına olaraq tam qanunsuz şəkildə həyata keçirməsi azmış kimi, göstərdiyi xidmətlər də olduqca aşağı səviyyədədir və qənaətbəxş deyildir. Bu barədə hələ məhkəmədən öncə yazılı olaraq onlara müraciət etmiş və iradını bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, MMC qarşı tərəfdən qaz sayğacının quraşdırılması üçün 600 manat məbləğində ödəniş almışdır və bununla bağlı qəbz vermişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsi ilə iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddia müddətinin tətbiqi ilə qarşılıqlı iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi-vəkili qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunmamasını, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-1871/2024 nömrəli qətnaməsinə əsasən, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 1057,70 manat məbləğində borc pul vəsaitinin Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 saylı evin 109-cu mənzilin qarşısında Cavabdeh tərəfindən qanunsuz quraşdırılan rəfin (kiçik anbar) sökülməsi, 600 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən Cavabdeh xeyrinə tutulması, 636,88 manat məbləğində dövlət rüsumunun və vəkilə hüquqi yardım üçün ödənilmiş pul vəsaitinin Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilməsi, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 50 manat hissəsinin İddiaçı MMC-dən tutulub Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 saylı evin sahəsi 68.1 (çıxarışa əsasən 60.45) kv.metr olan bir otaqlı 102-ci (sonradan-109) mənzili Cavabdeh məxsusdur. İddiaçı MMC həmin mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasına kommunal xidmətlər göstərir. İddiaçı göstərilən xidmətlərin müqabilində cavabdeh tərəfindən ödənilməyən məbləğin cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh ona məxsus mənzildə yaşamaqla həmin mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasına iddiaçı tərəfindən göstərilən kommunal xidmətlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə haqq ödəmək öhdəliyi daşıyır. Eyni zamanda iddiaçının iddia ərizəsinin məzmunundan görünür ki, cavabdeh 2021-ci ilin iyul-avqust ayına kimi sözügedən ödənişi etmiş və bununla qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəlikdən məlumatlı olduğunu nümayiş etdirmişdir. Lakin sonradan o, heç bir əsassız səbəb olmadan göstərilən kommunal xidmətlərə görə ödəməli olduğu haqqı ödəməkdən yayınaraq, mənzil qanunvericiliyi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, göstərilən kommunal xidmətlərə görə yaranmış 1057,70 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İlkin iddia tələbinin “qanunsuz quraşdırılan rəfin sökülməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tələb bu hissədə də əsaslıdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən ona məxsus mənzilin yerləşdiyi mərtəbədə saxlanc anbarı quraşdırıldığı işin mübahisəsiz halıdır. Belə ki, işin bu halı iş materiallarında olan saxlanc anbarını əks etdirən fotoşəkillə yanaşı cavabdehin özü tərəfindən də etiraf olunur. Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydalarının “Binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri”-nin 4.8-ci bəndinə əsasən lift hollarında, boşluqlarında, anbarlar, köşklər, dükanlar və s. yerləşdirmək, pilləkan qəfəslərində və dəhlizlərdə anbarlar (kiçik anbarlar) yaratmaq, həmçinin pilləkanın iki səki arasında olan hissəsinin altından və onların meydançalarında əşyalar, mebellər və digər yanar materiallar (birinci və kürsülü mərtəbələrindəki pilləkanın iki səki arasında olan hissənin altında ancaq yanmayan materialdan olan arakəsmələrlə çəpərlənmiş mərkəzi isitmənin idarəedilmə qovşaqları, su ölçən qovşaqlar və elektrik lövhələri qurmağa icazə verilir) saxlamaq qadağandır. Beləliklə qanunvericiliyin tələbindən də göründüyü kimi, çoxmərtəbəli yaşayış binasında yaşayış sahəsinin mülkiyyətçisinə lift hollarında, boşluqlarında, anbarlar, köşklər, dükanlar və s. yerləşdirmək, pilləkan qəfəslərində və dəhlizlərdə anbarlar (kiçik anbarlar) yaratmaq, həmçinin pilləkanın iki səki arasında olan hissəsinin altından və onların meydançalarında əşyalar, mebellər və digər yanar materiallar (birinci və kürsülü mərtəbələrindəki pilləkanın iki səki arasında olan hissənin altında ancaq yanmayan materialdan olan arakəsmələrlə çəpərlənmiş mərkəzi isitmənin idarəedilmə qovşaqları, su ölçən qovşaqlar və elektrik lövhələri qurmağa icazə verilir) saxlamaq qadağan edilmişdir. Belə olan halda cavabdeh tərəfindən ona məxsus mənzilin yerləşdiyi mərtəbədə saxlanc anbarı quraşdırılması yolverilməzdir. Bu səbəbdən cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 saylı evin 109-cu mənzilin qarşısında onun tərəfindən qanunsuz quraşdırılan rəf (kiçik anbar) sökülməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “cavabdehdən iddiaçıdan mənzilin sahə fərqinə görə artıq aldığı 4590 ABŞ dolları məbləğinin (ödəniş gününə olan məzənnə ilə), 317,18 manat kommunal xidmətlərə görə artıq alınan məbləğin tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, "xxxx" firması (satıcı) ilə Cavabdeh (alıcı) arasında “kooperativ binada fərdi mənzil tikintisi üçün” müqaviləyə əsasən, icraçı "xxxx" firması Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 ünvanında tikilən 16 mərtəbəli yaşayış binasında mənzili payçı Cavabdeh verməyi, payçı isə mənzilin pay haqqını ödəməyi öz öhdələrinə götürmüşdürlər. Müqavilənin şərtinə əsasən mənzilin ümumi sahəsinin 1 kv.m-nin qiyməti 600 ABŞ dolları müəyyən edilmişdir. Mənzilin dəyəri alıcı tərəfindən tam qaydada ödənilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona müqavilə üzrə müəyyən edilmiş ölçüdən kiçik ölçüdə mənzil təhvil verildiyini qeyd edir və mənzilin artıq kvadrat metrinə görə ödədiyi məbləğin cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı 2013-2018-ci illər aralığında mənzilin faktiki sahəsinə görə ümumilikdə 317,18 manat məbləğində artıq kommunal haqqı ödəmişdir və həmin məbləğində cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin şərtlərini iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla müəyyən olunan halla birlikdə qiymətləndirməklə belə nəticəyə gəlmişdir ki, həmin MMC-nin bağladığı müqaviləni bəyənən cavabdeh MMC iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilməz. Bu konteksdən çıxış edən məhkəmə hesab edir ki, yalnız mənzilin müqavilə üzrə nəzərdə tutulmuş ölçüyə uyğun təhvil verilməyən hissəsinin dəyəri cavabdehdən tutulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla müəyyən edilmiş mənzilin faktiki sahəsi ilə müqavilədə qeyd olunan sahə arasında olan fərq kimi (müqavilədə nəzərdə tutulmuş 68,1 kv.metr ilə çıxarışda qeyd olunan sahə kimi 60,45 kv.metr ilə arada olan fərq) 7,65 kv.metr mənzilin dəyəri müqaviləyə əsasən hər 1 kv.metri 600 ABŞ dolları ilə hesablanaraq 4,590 ABŞ dolları məbləğində pul iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh 2013-2018-ci illər aralığında iddiaçıdan mənzilin çıxarışda qeyd olunan faktiki sahəsindən artıq sahəyə münasibətdə kommunal haqqı almışdır. Bu səbəbdən həmin məbləğin də cavabdeh tərəfindən iddiaçıdan alınması əsassız hesab edilməlidir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə vəsatətinə münasibətdə qeyd etmişdir ki, vəsatət əsaslıdır. İddiaçı 2013-2018-ci il tarixləri arasında artıq ödənilmiş kommunal haqqı kimi 317,18 manat pulun və artıq kvadrat metr sahəyə görə ödənilmiş 4590 ABŞ dolları məbləğində pulun tutulmasını xahiş edir. Belə ki, iddiaçı hazırkı iddianı mənzilə mülkiyyət hüquqlarını təsdiq edən çıxarışı əldə etməsindən 11 il, artıq ödəmiş olduğu kommunal haqqını ödəməsindən isə 6 il müddət keçdikdən sonra qaldırmışdır. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzili təhvil aldıqdan sonra 5 il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi isə iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olur. Mülki Məcəllənin 776.1-ci maddəsinin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Mülki iş materiallarından görünür ki, iddiaçı araşdırılan mübahisəyə dair iddia ərizəsi ilə məhkəməyə 16 sentyabr 2024-cü il tarixdə müraciət etmişdir. Mülki Məcəllənin 776.1-ci maddəsinin tələbinə görə binaya aid qüsur barəsində tələbi sifarişçi beş il ərzində irəli sürə bilər. İddiaçının mənzilin sahəsinə görə artıq ödəmiş məbləğə dair hüquqlarının pozulduğu an mənzilə dair çıxarışın verildiyi xx.xx.2013-cü il tarix qəbul edilməsi qanuni və əsaslıdır. İddiaçı Mülki Məcəllənin 776.1-cı maddəsində nəzərdə tutulan iddia müddətini ötürməklə məhkəməyə araşdırılan iddia ilə müraciət etmişdir. İddia müddətinin tətbiqinə dair gəlinən hansı müddətin tətbiq edilməli olmasına dair isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Bu baxımdan mübahisəli sahə binanın tərkib hissəsi olan mənzillə bağlıdır və belə olan halda bu qəbildən olan iddialar həll edilərkən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərkən istinad olunan normada nəzərdə tutulmuş binaya münasibətdə icranın qüsuru barədə müəyyən o olunmuş 5 illik müddət tətbiq edilir. Bu səbəbdən qarşılıqlı iddia tələbi qeyd olunan hissədə iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinin “600 manat sayğaclara görə qanunsuz alınan məbləğin tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tələb bu hissədə əsaslıdır. Belə ki, sayğacların quraşdırılmasına görə MMC-nin iddiaçıdan 600 manat məbləğində pul alması tərəflərin hər ikisinin izahatları ilə təsdiq olunur və işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qanunun tələbindən də görünür ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına quraşdırılır. Belə olan halda qaz sayğacının quraşdırılmasına görə cavabdeh tərəfindən iddiaçıdan 600 manat pulun alınması əsassızdır və həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı həmin məbləği istehlakçı qismində ödədiyindən və bu qəbildən olan tələb iddia müddətinin şamil edilmədiyi tələblərdən olduğundan iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin bildirdiyi bu hala şamil edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1, 766cı maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.3, 135.1, 136.2, 137.1, 137.4, 137.6-cı maddələrinə, Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydalarının “Binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri”nin 4.8-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 115.0.6, 119.1, 121.1, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və ona etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı MMC Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1871/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddianın təmin olunduğu hissədə ləğv edilərək, qarşılıqlı iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-1871/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ilkin iddia tələbinin təmin olunan hissəsində ləğv edilərək, ilkin iddianın təmin olunmamasına, qarşılıqlı iddianın təmin edilməyən hissədə ləğv edilərək həmin hissədə iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılması xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə İddiaçı MMC-in apellyasiya şikayəti onunla əsaslandırılır ki, Səbail Rayon Məhkəməsi ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 1057,70 manat məbləğində borc pul vəsaitinin Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 saylı evin 109-cu mənzilin qarşısında Cavabdeh tərəfindən qanunsuz quraşdırılan rəf (kiçik anbar) sökülməsi, 600 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən Cavabdeh xeyrinə tutulması, 636,88 manat məbləğində dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş pul vəsaitinin Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi İddiaçı MMC-dən tutulub Cavabdeh ödənilməsi qət edilmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-1871/2024 saylı, xx.xx.2024-cü il-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsi hissədə aşağıda göstərilən əsaslara görə qanunsuz və əsassız olduğu hesab edilir. Məhkəmənin mövqeyi iddia müddətinin tətbiqi ilə bağlı hissədə yalnışdır, ona görə ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində və izahatında bildirib ki, 600 manat pulu qaz sayğacına görə Meridian MTK 10 dekabr 2011-ci il tarixdə ondan almışdır. 10 dekabr 2011-ci il tarixli həmin qəbzə fikir verdikdə görünür ki, 600 manat ödəniş qaz sayğacı üçün deyil ümumi sayğaclar üçün alınmışdır. Məhkəmə əsassız olaraq Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” 4.2-ci bəndinə istinad etmişdir. Belə ki, MTK tərəfindən mənzillər podrat müqaviləsinə əsasən vətəndaşlara təqdim olunarkən həmin mənzilə qurlaşdırılmış bütün sayğaclara (qaz, su, işiq) görə sifarişçidən ödənişlər alınır. Belə ki, MTK tərəfindən həmin ödənişlər paylayıcılara əvvəlcədən ödənir. Məhkəmə həmin hissədə iddia müddətinin tətbiq etməməsindədə yalnışlığa yol vermişdir. Belə ki, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 10 dekabr 2011-ci il tarixdə və ya başqa digər tarixlərdə Meridian MTK ilə Cavabdeh arasında istehlak müqaviləsi bağlanmamışdır. Məhkəmə əsassız olaraq Cavabdeh istehlakçı kimi tanıyaraq bu tip iddialara iddia müddəti tətbiq edilmədiyini əsas gətirərək 600 manat ödənişi İddiaçı MMC-dən tutulması barədə qətnamə çıxarmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair ("xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) M.Şükürova qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi) qərarda qeyd edilmişdir ki, paylayıcı ilə istehlakçı arasında olan tələbləri üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin. Həmin qərarın mahiyyətindən göründüyü kimi paylayıcı ilə istehlakçı arasında olan iddalara da iddia müddəti tətbiq edilir. Məhkəmə Cavabdeh tərəfindən ödənilmiş 600 manat vəsaiti qanunsuz hesab edibsə bunun əsassız varlanma və sair kimi qiymətləndirməli və bundan sonra iddia müddəti tətbiq etməli idi. Bununla belə, işin hallarından göründüyü kimi "xxxx" MTK 600 manat ödənişi əldə etməsinə dair qəbz təqdim etmiş və bunun müqabilində mənzillərə sayğacların qurlaşdırılmasını təmin etmişdir. Mülki Məcəllənin isə 551.1-ci maddəsinə görə Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə hər bir halda MM-nin 373.1 və 551.1 maddələrin nəzərə alaraq ümumi iddia müddətinin keçməsinə əsas gətirərək qarşılıqlı iddianı tamamilə rədd etməli idi. Məhkəmə həqiqətə nail olmaq üçün işin hallarını düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Göründüyü kimi məhkəmə qətnamə qəbul edən zaman konstitutsiya məhkəməsinin qərarlarını nəzərə almamış, qarşılıqlı iddianı təqdim edən şəxsin ilkin iddia üzrə tələbləri aradan qaldırmaq üçün əsassız tələb kimi qiymətləndirməmişdir. Mülki işin materiallarından göründüyü kimi qarşılıqlı iddiaçı ilkin iddia verildikdən sonra qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1871/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının qarşılıqlı iddianın təmin olunduğu hissədə ləğv edilərək, qarşılıqlı iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş olunur. İlkin iddia ərizəsi üzrə Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılır ki, işin həqiqi və faktiki hallarına görə Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2011-ci il tarixli “kooperativ binada mənzilin tikintisinə dair” müqavilə bağlanmış, həmin müqavilənin 1-ci bəndinə əsasən müqavilə predmeti olan mənzilin ümumi sahəsi 68.1 kv.m müəyyən edilmişdir. Lakin mənzilə dair çıxarışdan görünür ki, mənzilin ümumi sahəsi 60.45 kv.m təşkil edir. Buna baxmayaraq, İddiaçı MMC cavabdehdən 2013-2018-ci illər arasında kommunal xidmət haqqını hər kv.m üçün 0.45 qəp., 2018-ci ildən isə hər kv.m üçün 0.50 qəp. olmaqla 60.45 kv.m sahə üçün deyil, 68.1 kv.m sahə üçün almışdır. Bununla da, 2013-2018-ci illər arasında cavabdehdən 60 ay üçün hər ay 3.44 manat (7.65(sahə fərqi) x 0.45 (tarif)=3.44) olmaqla cəmi 206.40 manat, 2018 (yanvar)-2020-ci ilin may ayına kimi 29 ay üçün hər ay 3.82 manat (7.65(sahə fərqi) x 0.50(tarif)=3.82) olmaqla cəmi 110.78 manat, ümumilikdə isə 317.18 manat (206.4+110.78) artıq ödəniş almışdır. Qəbzlərdən də görünür ki, yalnız 2020-ci ilin iyun ayından başlayaraq, artıq kommunal xidmət haqqını faktiki sahəyə görə hesablamışlar. Artıq alınan məbləğ, yəni 317.18 manat cavabdehə geri qaytarılmamış, nə də əvəzlənməmişdir. İddiaçı MMC binada idarəçiliyi sakinlərin razılığı olmadan, müvafiq sənədləşmə prosedurlarına əməl etmədən, özbaşına olaraq tam qanunsuz şəkildə həyata keçirir. Cavabdeh bildirir ki, onunla İddiaçı MMC arasında belə bir müqavilə mövcud deyildir. Dəfələrlə iddiaçıya onların idarəçiliyinin qanunsuz olması, bu idarəçiliyin bina sakinlərinin iradə ifadələri olmadan həyata keçirilməsi və binanı bələdiyyənin idarəçəliyinə vermələrini tələb etmişlər. Sözügedən binanın həyəti, binanın fasadı bərbad vəziyyətdədir. Binanın həyətini zəbt edib orada qanunsuz iki mərtəbəli tikinti aparmış və həyəti tamam zəbt ediblər. Həyətdə sonradan qarajların damında inşa olunan “uşaq meydançasının” heç bir təhlükəsizlik tələblərinə cavab verməməsi, köhnə asfalt örtüyün olması, binada liftlərin mütəmadi olaraq işləməməsi, avtomobillər saxlanan qarajı su basması kimi mənfi hallar sakinlərin, eləcə də cavabdehin əsaslı və ciddi narazılığına səbəb olmuşdur. Mənzil Məcəlləsinin 43-cü maddəsinə görə çoxmənzilli binanın idarəetmə orqanı binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır. Həmin maddəyə əsasən, çoxmənzilli binanın idarəetmə üsulunu seçmək birbaşa ümumi yığıncağın səlahiyyətinə aiddir. Mənzil Məcəlləsinin 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Həmin maddəyə əsasən, binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 128 saylı Qərarı ilə təsdiq edilmiş “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”na uyğun olaraq idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Bu baş verməyib. Bina üzrə bu üsul indiyədək müəyyən olunmayıb. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş bütün müddəaları (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklər nəzərə alınmaqla) əks etdirməklə bağlanmalıdır. Göstərilən qaydanı pozmaqla çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklərin) çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. MM-nin 142-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə idarəetmə müqaviləsi bağlanılır. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsində başqa hal müəyyən edilməyibsə, idarəedici təşkilat hər il cari ilin birinci rübü ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinə ötən il üzrə binanın idarə edilməsi müqaviləsinin yerinə yetirilməsi haqqında hesabat təqdim edir, bunu etmir də. Ümumiyyətlə, iddiaçının, guya bağladığı həmin müqavilələr heç Mənzil Məcəlləsinin tələblərinə də cavab vermir. Belə ki, müqavilə 1 il müddətinə bağlanıb, müddət də bitib, müddətin uzadılması barədə protokol da yoxdur. Digər tərəfdən, MM-nin 142-ci maddəsi ilə nəzərdə tutulan bir sıra məqamlar müqavilələrdə əks olunmayıb: barəsində idarəetmənin həyata keçirildiyi çoxmənzilli binanın ümumi əmlakının tərkibi, idarəedici təşkilatın çoxmənzilli binanın idarə edilməsi müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət qaydası və s. bina üzrə nə belə müqavilə bağlanıb, nə idarəedici təşkilat seçilib, nə də kimsə sakinlərə (sahə mülkiyyətçilərinə) hesabat təqdim edib. Həmin qərara əsasən, 1)”..binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər.”; 2) “...çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər.” Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır.” 3) “...çoxmənzilli binanın idarə edilməsi müqaviləsində başqa hal müəyyən edilməyibsə, idarəedici təşkilat hər il cari ilin birinci rübü ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinə ötən il üzrə binanın idarə edilməsi müqaviləsinin yerinə yetirilməsi haqqında hesabat təqdim etməlidir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin təftiş komissiyası (müfəttişi) isə öz fəaliyyəti barədə cəmiyyət iştirakçılarının ümumi yığıncağına hesabat verir”. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında çoxmənzilli binalarda göstərilən xidmətlərin qaydaları ilə bağlı qanunvericiliyin tələblərinə izah verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə müvafiq olaraq çoxmənzilli binaların idarə edilməsi yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçilərin müştərək cəmiyyəti və ya ixtisaslaşmış təşkilat tərəfindən təşkil olunmalıdır. Çoxmənzilli binanın idarə edilməsinin tam həcmdə mənzillərin mülkiyyətçilərinə məxsus olduğunu nəzərə alaraq, kommunal xidmətləri həyata keçirən təşkilat çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağında seçilməlidir. Cavabdeh bildirir ki, məhkəmədə iddiaçı həqiqətən tələb etdiyi kommunal xidmət haqqı qədərində xidmət göstərdiyini sübut edə bilməmişdir. Ona görə də, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-1871/2024 saylı qətnaməsinin ilkin iddia tələbinin təmin olunan hissəsində ləğv edilərək, iddianın təmin olunmamasına, qarşılıqlı iddianın təmin edilməyən hissədə ləğv edilərək həmin hissədə iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılması xahiş edilir. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-in nümayəndəsi (vəkili) Vəkil2 ilkin iddiaçının apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq ilkin iddiaçının apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixinə təyin edilən iclasında ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 ilkin iddia üzrə cavabdehin apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq ilkin iddia üzrə cavabdehin apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh rəsmi qaydada məlumat verilmiş, lakin ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Maddə 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Maddə 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Maddə 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənziltikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Bu Qanunda istifadə edilən anlayışlar: istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs; istehsalçı — mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar; Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları Bənd 4 “Binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri” 4.8. Lift hollarında, boşluqlarında, anbarlar, köşklər, dükanlar və s. yerləşdirmək, pilləkan qəfəslərində və dəhlizlərdə anbarlar (kiçik anbarlar) yaratmaq, həmçinin pilləkanın iki səki arasında olan hissəsinin altından və onların meydançalarında əşyalar, mebellər və digər yanar materiallar (birinci və kürsülü mərtəbələrindəki pilləkanın iki səki arasında olan hissənin altında ancaq yanmayan materialdan olan arakəsmələrlə çəpərlənmiş mərkəzi isitmənin idarəedilmə qovşaqları, su ölçən qovşaqlar və elektrik lövhələri qurmağa icazə verilir) saxlamaq qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə ilk iddia tam, qarşılıqlı iddia qismən təmin edildiyindən, qətnaməni ilk iddiaçı qarşılıqlı iddianın təmin edilməyən hissəsində, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı isə təmin edilən ilk iddia və qarşılıqlı iddianın təmin edilməyən hissəsində mübahisələndirdiklərindən qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-1871/2024 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia tələbi bu hissədə də təmin edilməməlidir. Kollegiya qeyd edir ki, yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq, qanunvericilikdə müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarına malikdir. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Yaşayış sahəsinin mülkiyyətçisi mülkiyyətində olan əmlakı yararlı vəziyyətdə saxlamaqla yanaşı, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Fiziki və hüquqi şəxslər yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi isə yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranır. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda isə idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, xx.xx.2011-ci il tarixli “kooperativ binada fərdi mənzil tikintisi üçün” müqaviləyə əsasən, icraçı "xxxx" firması Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 ünvanında tikilən 16 mərtəbəli yaşayış binasında sahəsi 68,1 kv.m. olan mənzili payçı Cavabdeh verməyi, payçı isə mənzilin hər kv.m. üçün 600 ABŞ dolları olan pay haqqını və kommunal xərcləri ödəməyi öhdəsinə götürmüşdür. İstinad olunan müqaviləyə əsasən icraçı inşa etdiyi mənzili payçıya təhvil vermiş, sonuncunun ünvan 1 saylı evin sahəsi 60.45 kv.m. olan bir otaqlı 109 saylı mənzilinə dair mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə DƏDR-də qeydə alınmışdır. Göründüyü kimi hələ xx.xx.2013-cü il tarixdən Cavabdeh ona təhvil verilən mənzilin sahəsinin 68,1 kv.m. deyil, 60.45 kv.m. olması məlum olmuş, buna baxmayaraq o, bu halı mübahisələndirməmiş əksinə, 2020-ci ilin iyun ayınadək ona göstərilən kommunal xidmətlərə görə xidmət haqqını 68,1 kv.m. sahəyə görə, 2020-ci ilin iyun ayından 2021-ci ilin sentyabr ayında (həmin ilin iyul və avqust ayları üçün) isə mənzilin faktiki sahəsinə görə ödəmişdir. Daha sonra tədqiq olunan sübutlardan müəyyən olunur ki, K.E.Həsənova xx.xx.2011ci il tarixli xəzinə mədaxil orderinə əsasən 102 saylı mənzil ilə bağlı sayğaclara görə 600 manat pul vəsaitini Meridian Firmasına ödəmiş, 13 ildən çox müddət ərzində həmin vəsaitin hüquqi əsas olmadan ondan alınmasını mübahisələndirməmişdir. Bundan başqa araşdırma zamanı müəyyən olunmuşdur ki, K.E.Həsənova çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi istifadəsində olan sahədə, yəni dəhlizdə hər hansı bir icazə almadan rəf (kiçik anbar) quraşdırmışdır. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, ona göstərilən kommunal xidmətlərə görə MMC-in umumi yığıncağının qərarı ilə müəyyən olunmuş məbləğdə kommunal xidmət haqlarını etiraz etmədən uzun müddət ödəyən K.Ə. Həsənovanın hazırda onunla müqavilə bağlanmaması əsası ilə göstərilən kommunal xidmətləri üzrə yaranan borcu ödəməkdən imtina etməsi əsassızdır. Belə ki, Cavabdeh mülkiyyətində olan mənzildə yaşamaqla və həmin mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasına ilk iddiaçı tərəfindən göstərilən kommunal xidmətlərdən istifadə etməklə qanunvericilikdə müəyyən edilmiş qaydada və məbləğdə haqq ödəmək öhdəliyi daşıyır. Bundan başqa Cavabdeh 2021-ci ilin iyul-avqust ayları da daxil olmaqla sözügedən ödənişi etmiş və bununla qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəlikdən məlumatlı olduğunu, mülkiyyətində olan mənzilndə yerləşdiyi çoxmərtəbəli yaşayış binasının idarəedicisinin xidmətindən, müəyyən olunmuş xidmət haqqının məbləğindən razı olmasını nümayiş etdirmişdir. Daha sonra kollegiya Cavabdeh çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi istifadəsində olan dəhlizdə quraşıdırdığı rəfin (kiçik anbar) sökülməsini tələb etməkdə ilk iddiaçının hüququnun olmaması dəlili ilə bağlı qeyd edir ki, qaydalara görə dəhlizdə belə anbarların quraşdırılması qadağan edildiyindən qonşuların müvafiq qaydada təsdiq edilmiş razılıq ərizələri belə həmin qaydalardan istisnaya yol verilməsi üçün əsas deyil, belə qaydaların pozulmasının qarşısını almaq vəzifəsi isə ilk növbədə çoxmənzilli binanın idarəçisinin vəzifəsidir. Belə ki, ilk iddiaçı bu tələbi ilə ilk növbədə həmin dəhlizdən istifadə edən mülkiyyətçilərin, eləcə də Cavabdeh maraqlarını qoruyur. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin ilk iddia tələblərinin tam təmin edilməsinə dair gəldiyi nəticə ilə razılaşıb Cavabdeh apellyasiya şikayətinin ilk iddia tələbinə dair hissədə dəlillərini əsassız hesab edir. Kollegiya apellyasiya şikayətlərinin qarşılıqlı iddia tələbləri ilə bağlı dəlilləri üzrə qeyd edir ki, ilk iddia tələbi ilə qarşılıqlı iddia tələbləri əvəzləşdirilə bilən tələblər deyildir. Mülki qanunvericiliyə əsasən, əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Qarşılıqlı iddia tələblərinə əsasən, Cavabdeh mənzilin sahəsinə görə artıq ödədiyi 4590 ABŞ dollarını, 2013-2020-ci illər aralığında mənzilin faktiki sahəsinə görə artıq ödədiyi cəmi 317,18 manat məbləğində kommunal haqqı 2024-cü ildə geri qaytarılmasını tələb etməklə yuxarıda qeyd olunan mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətlərini ötürdüyündən birinci instansiya məhkəməsinin bu tələblər üzrə gəldiyi nəticə ilə kollegiya razılaşır. Kollegiya birinci instansiya məhkəməsinin Cavabdeh tərəfindən sayğaclara görə ödənilmiş 600 manatın ona geri qaytarılmasına dair nəticəsi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə aktı bu hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Əvvəla tərəflər müqavilə bağlayarkən sifarişçi payçıya mənzili sayğaclar quraşdırılmış vəziyyətdə təhvil verəcəyi, buna görə payçı tərəfindən ona 600 manat ödənilməsi şərtini müəyyən etmədiklərindən Meridian MTK (hüquqi varisi Meridian-M MMC) tərəfindən həmin vəsaitin alınması faktının Cavabdeh itehlakçı olaraq hüququnun pozulması kimi qiymətləndirilməsi düzgün deyildir. Bundan başqa ilk iddiaçı alınmış 600 manatın mənzildə quraşdırılmış sayğaclara görə ödənilməsini sübuta yetirə bilmədiyindən kollegiya hesab edir ki, həmin vəsait 2011-ci ildə hər hansı bir hüquqi əsas olmadan Cavabdeh alınmış vəsait olduğundan, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşdüyündən qarşılıqlı iddia tələbi bu hissədə də təmin edilə bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1871/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı sayğaclara görə alınan 600 manat tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1871/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği tərəflərin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-908/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-908/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver