Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9085/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X5, Cavabdeh MMC-nin nümayəndələri Nümayəndə və X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1510/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-nə qarşı “06.11.2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa olunmağı, məcburi iş buraxma müddətində əmək haqqının, dəymiş mənəvi zərərin əvəzi ödənilməsi, hüquqi yardıma görə pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə onunla bağlanılmış 15.07.2019-cu il tarixli əmək müqaviləsinə 16.11,2020-ci il tarixdən xitam verilməsinə dair Cavabdeh MMC-nin əmrinin ləğv edilməsi və onun işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla “X10" MMC-də (MMC) 15.07.2019-cu il tarixdən Logistika və gömrük işləri üzrə mütəxəssis vəzifəsində işləmişdir. İşə başladığı ilk gündən nümunəvi fəaliyyət göstərmiş, işlədiyi müddətdə heç bir nöqsana yol verməmişdir. Bunun məntiqi nəticəsidir ki, işəgötürən tərəfindən əmək haqqına əlavə də edilmiş, mükafatlara layiq görülmüş və əmək müqaviləsinin vaxtı növbəti dövr üçün uzadılmışdır. Lakin son dövrdə şirkətin bəzi məsul şəxsləri tərəfindən ona qarşı ayrıseçkiliyə yol verilməyə başlanılmışdır. O, daim əmək vəzifələrini vicdanla yerinə yetirməmə baxmayaraq noyabr ayının əvvəlində ona şirkətin İnsan resursları üzrə rəhbər işçisi və digər vəzifəli şəxslər təzyiq göstərərək işdən getməyinə nail olmağa çalışırdılar. O, hər vəchlə onlara izah etməyə çalışırdı ki, onun sadə vətəndaş kimi işə ehtiyacı var və belə yüksək əmək haqqılı işi itirməmək üçün əmək vəzifələrini hər zaman yüksək peşəkarlıqla icra etmişdir. Əgər şirkət rəhbərliyi onunla işləmək arzusu yoxdursa, əmək qanunvericiliyi ilə dövlətin müəyyən etdiyi təminat hüququna hörmət edilməlidir. Halbuki o zaman da, elə indi də o işləmək istəyir, çünki indiyə qədər şirkətinə və rəhbərliyinə bağlı olmuşdur. Onun indiyə qədər heç bir xəbərdarlığı, töhməti olmamışdır. Bunun məntiqi nəticəsidir ki, yuxarıda da qeyd etdiyi kimi, işlədiyi bütün dövr ərzində həm rəhbərlikdə təmsil olunan şəxslərlə, o da kollektivin digər üzvləri ilə mehriban olmuş, hər zaman nümunəvi qayğıkeş işçi kimi əməyi, səyləri yüksək qiymətləndirilmişdir. Ailə yiyəsi və azyaşlı övlad atası kimi bütün çırpınışlarına məhəl belə qoyulmadı, davamında şərəf və ləyaqətinin alçaldılması ilə müşayiət olunan təzyiqlər qarşısında “könüllü” ərizə yazmama məcbur edilmişdir. Belə ki, bu çətin pandemiya dövründə ailəsinin dolanışığı təhlükə altında olacaq” deyib dəfələrlə işdən çıxarılmamasını xahiş etdikdə isə, İnsan resursları üzrə rəhbər işçi “sən ərizəni yaz ki, o də rəhbərliklə danışıb kömək edəcək” dedi. Psixologiyasına təsir edərək qanuna zidd şəkildə ərizə yazdırıb gələcək həyatına və ailənin dolanışığına zərbə vurdular. Bununla bağlı şirkət daxili kamera görüntülərinə baxış keçirilsə, onun ərizəsini könüllü yazmadığı və ərizəyə imza atana kimi necə təzyiqlərə məruz qaldığı açıq-aşkar görünəcəkdir. Davamında, iş yerindən ayrılan kimi, dərhal əmək hüquqlarının pozuntusuna görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı Mərkəzinə müraciət edərək baş vermiş faktlar çarəsində məlumat vermişdir. Habelə “ərizəni yaz ki, sənə köməklik edim" deyən insan resursları üzrə məsul şəxsdən xoş xəbər gözləyirdi. Lakin ona cavabdeh tərəfindən 17.11.2020-ci il tarixdə məktub göndərilərək “05.11.2020-ci il tarixdən guya öz xahişi ilə işdən çıxmağını əsas götürülərək əmək kitabçanı götürməyi” tövsiyyə edildi. O, işdən qanunsuz çıxarılmış, ərizəni azad iradəsi daxilində, könüllü yazmamışdır, belə bir ərizəyə imza atmasına səbəb qarşılaşdığı psixolojik təzyiqlər olmuşdur, bu baxımdan öz 'işilə işdən azad olunması” barəsində ərizədəki iradə ifadəsi heç bir hüquqi etibarlılıq nəticəsi yarada bilməz. Ayrıca yol verilən pozuntu üzrə bir halda budur ki, əgər ərizəni könüllü şəkildə özü imzalamışdısa, həmin ərizədəki “işdən azad olunma tarixi” yazısı niyə ona məxsus deyil? Ona bildirdilər ki, “o hissəni boş burax, ona kömək edəcəyik.” Bu da iradə ifadəsinin zədələndiyini, pozulduğunu sübut edən önəmli faktdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir çox qərarında nalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələrdə tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Digər bir ifadə ilə, hüquqi etibarlı nəticələr meydana gətirməsi üçün, onu əmələ gətirən iradə fəsinin “sağlam” olması lazımdır, zəruridir. Halbuki istər birinci ona psixoloji təzyiqlər, canında isə “imza at ki, kömək edək” məzmununda aldanılması ərizədə ifadə olunan iradəni zədələyən hallardır ki, etibarlılığın hüquqi nəticələrini yarada bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan bərabər idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Bir məsələni də qeyd edir ki, onun 19.11.2020-ci il tarixdə aldığı yuxarıdakı məktubda işdən azad olunması tarixi 05.11.2020-ci il tarixi göstərilmiş, Əmək Nazirliyinin elektron portalında isə işdən azad olunma tarixi 06.11.2020-ci il qeyd olunmuşdur. Hansının həqiqət olduğunu isə hələ də bilmir, çünki həmin tarixdən artıq bir aya yaxın vaxt keçməsinə baxmayaraq Əmək müqaviləsinə xitam verilməsinə dair Əmr ona təqdim olunmamışdır. Qeyd bu barədə cavabdehə təqdim olunmuş vəkil sorğusuna bu günə kimi cavab məhkəmə icraatı başlana kimi sorğulara gələcək cavablar məhkəməyə tərəfindən təqdim olunacaq və zərurət olarsa iddia tələbinə dəqiqləşdirmə ediləcəkdir. Qeyd olunan bu əsaslara görə, işdən azad olunması barədə ərizədə istək iradəsini əks etdirmədiyi üçün, onunla bağlanılmış 15.07.2019-cu il tarixli əmək müqaviləsinə 06.11.2020-ci tarixdən xitam verilməsinə dair Cavabdeh MMC tərəfindən verilən əmri tamamilə qanunsuz və əsassız hesab edir. Ona görə, həmin əmr ləğv edilməli və işinə bərpa edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1510/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavə vermiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutların bir qisminə qətnamədə münasibət bildirməmiş, təqdim edilmiş sübutları nə üçün qəbul etməməsinin səbəblərini göstərməmiş, bununla da mülki prosessual qanunvericiliyin tələbləri pozulmuş, həmçinin iddiaçının işdən azad olunması vaxtı əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1 və 69.3-cü maddələrinin tələblərinin pozulmasına diqqət yetirməmiş, iddiaçının işdən azad olunması barədə yazdığı ərizənin təsir və təzyiq altında yazılmasını təsdiq edən kifayət qədər mövcud olan sübutları qiymətləndirməyərək, idddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı maddələrinin birinci hissəsi, 127-ci maddəsinin ikinci və dördüncü hissəsi, 148-ci maddəsinin ikinci hissəsi ilə qorunan hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edildiyindən, apelyasiya şikayəti təmin edilməklə, qətnamə ləğv olunmalı və iddia tələbi tam şəkildə təmin olunmalıdır. Cavabdeh MMC tərəfindən apelyasiya şikayətinə etiraz verilmiş, cavabdeh verdiyi etirazında iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə və apelyasiya şikayətinə əlavədə göstərilən hər bir dəlilə münasibət bildirərək, iddia tələbinin əsassız olduğunu qeyd edərək, apelyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X8 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında baxışında Cavabdeh MMC-nin nümayəndələri Nümayəndə və X3 etirazın dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin rədd edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş cavabdeh təşkilatın “İnsan resursları” şöbəsinin əməkdaşı X6 izahatında müəssisədə iddiaçıya qarşı işdən azad olunması barədə ərizəni onun yanında könüllü yazdığını, ərizə yazarkən yanlarında hər hansı bir kənar şəxsin olmadığını və ərizəsində işdən azad olunması gününü göstərdiyi üçün həmin gün də onun ərizəsi rəsmiləşdirilmiş və işdən azad olunmuşdur. İddiaçı işdən azad olunduqdan sonra ona telefonla zəng edərək, rəhbərliklə danışıb ona kompensasiya verilməsinə köməklik edilməsini xahiş etmiş və o da iddiaçıya onun fikirlərini rəhbərliyə çatdıracağını bildirmişdir. Apelyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş cavabdeh təşkilatın Təhlükəsizlik və Mühafizə şöbəsinin əməkdaşı X2 izahatında bildirmişdir ki, iddiaçını müəssisənin işçisi kimi tanımış, münasibətləri normal olmuş, iddiaçı işdən azad olunmaq istəməsi barədə ona bildirmiş, sonra isə onun nə vaxt, kimin yanında ərizə yazmasını görməmiş, iddiaçıya işdən azad olunması barədə ərizə yazmağa məcbur edilməsi, ona bu məqsədlə təsir, təzyiq olunmasından məlumatı yoxdur. İddiaçı işdən azad olunandan sonra təhvil-təslimi həyata keçirmədiyindən onunla əlaqə yaradılmış və telefon danışığı zamanı o, işdən azad olunmasından narazılığını bildirmiş və onun işə qaytarılmasına köməklik göstərilməsi və ya ona kompensasiya verilməsinə köməklik göstərilməsini ondan xahiş etmiş, o isə, bu məsələlərin onun səlahiyyətində olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh MMC-nin direktoru M.K.Nəzərəliyevə ərizə ilə müraciət edərək, onu 15 iyul 2019-cu il tarixdən MMC-nin Logistika və gömrük işləri üzrə mütəxəssis vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. (i.v. 52) İş materiallarında olan 15 iyul 2019-cu il tarixli, K-2019-040№-li, direktor M.K.Nəzərəliyev tərəfindən imzalanmış əmrin surətindən görünür ki, İddiaçı 15 iyul 2019cu il tarixdən Cavabdeh MMC-yə Logistika və gömrük işləri üzrə mütəxəssis vəzifəsinə qəbul edilmiş və aylıq əmək haqqı 1995,53 manat təyin edilmişdir (vergilər daxil olmaqla). (i.v. 53) İş materiallarından görünür ki, İddiaçı və Cavabdeh MMC arasında 15 iyul 2019-cu il tarixli, AFF046№-li əmək müqaviləsi bağlanmışdır. (i.v. 59) İş materiallarında olan İddiaçı 05.11.2020-ci il tarixli ərizəsindən görünür ki, o, 06.11.2020-ci il tarixindən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. (i.v. 63) İş materiallarında olan Cavabdeh MMC-nin 05.11.2020-ci il tarixili, K-2020-177№-li əmrindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. (i.v. 62) İş materiallarında olan Cavabdeh MMC-nin 17.11.2020-ci il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, İddiaçı Əmək Müqaviləsi 05.11.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmiş, xahiş olunmuşdur ki, əmək kitabçasını almaq üçün Kadrlar şöbəsinə müraciət etsin. (i.v. 18) İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış 11 dekabr 2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı 06 noyabr 2020-ci il tarixində saat 10:31-də Çağrı mərkəzi 142-yə zəng vuraraq əmək münasibətləri sahəsində əmək hüquqlarının pozulduğunu, belə ki, işəgötürəni "X10" MMC tərəfindən ona təzyiq göstərildiyini, məcburi şəkildə işdən azad olunmaq barədə ərizə yazılmasının tələb edildiyini və bu səbəbdən ərizə yazdığını bildirmişdir. İddiaçı Çağrı mərkəzi 142-yə növbəti dəfə 10 noyabr 2020-ci il tarixində saat 14:57-də zəng etmişdir, bu müraciətdə vətəndaş artıq əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. Hər iki müraciət Çağrı mərkəzi 142-nin əməkdaşları tərəfindən müvafiq qaydalara uyğun olaraq qeydə alınmış və əmək hüquqlarının pozulması halları ilə bağlı qanunvericilik tələbləri vətəndaşa izah edilmişdir. (i.v. 78) İş materiallarında (i.v. 80) olan iddiaçının vəkili Qasım Şalıyevin vəsatətindən görünür ki, iddiaçı işdən azad olunması barədə ərizədə işdən azad olunması günü barədə yazılan qeydlərin onun tərəfindən icra olunmadığını bildirərək, məhkəmə xəttşünaslıq ekspertizası keçirilməsi xahiş olunmuş və vəsatət təmin edilərək, 18.02.2021-ci il tarixli qərardadla məhkəmə xəttşünaslıq ekspertizası təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 15.04.2021-ci il tarixli, 4/307 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin materiallarında olan A4 kağız vərəqi üzərində yazılmış 05.11.2020-ci il tarixli İddiaçı adından olan işdən azad edilmə barədə ərizənin mətnindəki “06.11.2020-ci il” yazıları – İddiaçı tərəfindən icra olunmuşdur. İş materiallarında olan (i.v. 82) və apelyasiya icraatında iddiaçı tərəfindən təqdim edilmiş disk kollegiya tərəfindən dinlənilmiş və həmin diskdəki telefon danışıqlarından müəyyən edilir ki, iddiaçı müəssisənin əməkdaşları Sevda və Firudin adlı şəxslərlə telefonlarla danışaraq, işdən azad olunmasının qanunsuz olduğunu bildirir və rəhbərliklə danışıb heç olmasa ona kompensasiya verilməsinə köməklik edilməsini xahiş edir. Kollegiya iş materiallarında yuxarıda qeyd edilən sübutlar və tərəflərin izahatları əsasında müəyyən etmişdir ki, iddiaçı 15 iyul 2019-cu il tarixli əmək müqaviləsinə əsasən həmin tarixli əmrlə cavabdeh müəssisədə logistika və gömrük işləri üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, 05 noyabr 2020-ci il tarixli əmrlə ərizəsi nəzərə alınaraq, 06 noyabr 2020-ci il tarixdən əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Kollegiya apelyasiya şikayətinin, apelyasiya şikayətinə qarşı verilmiş etirazın dəlillərini, işin materiallarını, tərəflərin izahatlarına əsasən qiymətləndirib hesab edir ki, apelyasiya şikayəti rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinin “a” bəndinə əsasən, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edir. Həmin maddənin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən kollegiya hesab edir ki, iddiaçı işdən azad olunması barədə ərizədə, işdən azad olunması barədə günü göstərdiyindən, işəgötürən də iddiaçının ərizədə göstərilən tarixdə işdən azad etməkdə haqlı olmuş və əmək qanunvericiliyinin yuxarıda qeyd edilən normalarının tələblərinin pozuntusuna yol verməmişdir. Kollegiya bu qənaətə gələrkən onu da nəzərə alır ki, iddiaçı işə birinci instansiya məhkəməsində baxılarkən işdən azad olunması barədə konkret günü göstərmədiyi, həmin tarixin sonradan ərizəyə başqa şəxs tərəfindən əlavə edildiyini bildirərək, xəttşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət vermiş və onun vəsatəti əsasında keçirilmiş ekspertiza nəticəsində ərizədə işdən azad olunması barədə yazılan günün iddiaçı tərəfindən yazılması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən kollegiya işəgötürən tərəfindən verilmiş əmri əmək qanunvericiliyinin tələblərinə uyğun hesab edir. Kollegiya iddiaçının apelyasiya şikayətinin işəgötürən tərəfindən əmr verilərkən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinin tələblərinin pozulması barədə dəlillərinə qiymət verərkən, həmin dəlillərlə bağlı cavabdehin etirazında qeyd etdikləri ilə razılaşır. Belə ki, cavabdeh etirazında iddiaçının həmin dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, “.........İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra ƏM) 69-cu maddəsinin 1-ci bəndini səhv təfsir edərək iddia edir ki, işəgötürən, ümumi qayda olaraq, ƏM 69.3 maddəsində göstərildiyi hallar mövcüd olmadığı təqdirdə işçi ilə əmək münasibətlərinə yalnız xəbərdarlıq müddəti (işçi işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etdikdən sonra 1 təqvim ayı) bitdikdən sonra xitam verə bilər. ƏM 69-cu maddəsinin 1-ci bəndinin belə bir sərbəst təfsiri qanunun müddəasının mənasını təhrif edir, qanunvericinin niyyətinə tamamilə ziddir və nəticədə həm işçinin, həm də işəgötürənin hüquqlarının pozulmasına gətirib çıxarır. Yuxarıda adı çəkilən müddəaların hüquqi təhlili açıq-aydın göstərir ki, onlar işəgötürənlə işçi arasında olan əmək münasibətlərini qəti imperativ formada müəyyən etmir və edə də bilməz, ən azı ona görə ki, ƏM 69-cu maddəsinin 1-ci bəndi, 1 təqvim ayı münasibətində yalnız işçinin öhdəliklərini müəyyən edir (müqaviləni birtərəfli qaydada ləğv etdikdə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməsi və həmin 1 ay ərzində iş yerini tərk etməməsi), işəgötürənin öhdəlikləri isə yalnız həmin 1 ay keçdikdən sonra yaranır; əksinə, ƏM 69-cu maddəsinin 3-cü bəndində 1 təqvim ayı münasibətində işçinin hüquqları göstərilir (adları çəkilən hallar mövcüd olduğu təqdirdə, əmək münasibətlərinə istədiyi tarixdə xitam vermək), amma hər hansı bir öhdəliyi müəyyən edilmir. İddiaçının interpretasiyasında, ƏM 69-cu maddəsinin 3-cü bəndindəki hüquqlar işçiyə məxsus olduğuna baxmayaraq, əmək müqaviləsinə 1 təqvim ayından qısa müddətdə xitam verildikdə, sübut etmə yükü, yəni həmin maddədə göstərilən halların mövcüd olubolmamasını sübut etmək öhdəliyi işəgötürənə həvalə olunur. Bundan əlavə, nə işçinin, nə də işəgötürənin əmək münasibətlərini davam etmək arzusu olmadığı halda, tərəflər ƏM 69.3 bəndində istinad edildiyi hallar mövcüd deyilsə, əmək münasibətlərini 1 ay ərzində davam etmək məcburiyyəti qarşısında qalırlar, bu da ki, hər 2 tərəflərin maraqlarına xələl gətirir. Göründüyü kimi, ƏM 69-cu maddəsi işçiyə öz təşəbbüsü ilə əmək müqaviləsinin ləğv etməsi hüququnu verir. Amma həmin hüququn qüvvəyə minməsi üçün müəyyən şərt qoyulub, o şərt də, 1 təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etmək. Bu müddət bitdikdə işçi iş yerini qeyri-şərtsiz tərk edə bilər və buna görə heç bir məsuliyyət daşımır. Lakin ƏM 69.3 maddəsində göstərilən hallar mövcüd olduqda (məsələn, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda və s.) işçinin həmin hüququ dərhal yaranır və işçi 1 təqvim ayı gözləmədən əmək müqaviləsini ləğv edə bilər. İşəgötürəni işçi tərəfindən 1 təqvim ayı qabaqcadan xəbərdar etmək şərti, tərəflərin münasibətlərini qəti formada tənzimlənməsi məqsədini yox (qarşı tərəf iddia etdiyi kimi), işəgötürənin hüquqlarının qorunması məqsədini daşıyır. Bu məhdudiyyət, işəgötürən tərəfindən boşalan iş yerinə yeni namizədin axtarışı üçün müəyyən vaxt tələb olması ilə bağlıdır. İşəgötürən bu hüquqdan istifadə edə bilər; bu halda, işçi ya ƏM 69.3 maddəsində qeyd olunan halı sübut etməli, ya da ki xəbərdarlıq müddəti bitənədək əmək funksiyalarını icra etməyə borcludur. Lakin işəgötürən həmin hüquqdan imtina edə bilər. İşəgötürən həmin hüquqdan (yəni 1 təqvim ayı qabaqcadan xəbərdar edilməsi hüququndan) imtina etdikdə, işçinin ƏM 69-cu maddəsinin 1-ci bəndində göstərilən öhdəliyi də müvafiq olaraq qüvvəsini itirir və əmək müqaviləsini ləğv etmək hüququ, hər hansı sübutun təqdim olunub-olunmamasından asılı olmayaraq, dərhal reallaşır. Hazırki halda, Cavabdeh MMC, İddiaçı işdən azad olunması barədə ərizəsinə əsasən əmr verərək, iddiaçının 1 təqvim ayı ərzində iş yerində qalması tələbindən imtina etmiş və bunun nəticəsində, növbəti gün işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir.” Göstərilənlərə əsasən kollegiya iddiaçının apelyasiya şikayətinin həmin dəlillərini əmrin ləğv edilməsi üçün əsaslı hesab etmir. İddiaçının apelyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçıya işdən azad olunması barədə ərizə təsir və təzyiq edilərək yazdırılmış, həmin ərizə iddiaçının iradəsinə əsasən yazılmamış və bu halın sübutu kimi iddiaçının işdən azad olunması barədə əmrin verildiyi növbəti gün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsi, bir neçə gün sonra isə işdən azad olunması barədə həmin Nazirliyə rəsmi şikayət etməsi, bu faktları təsdiq edən sübutların birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilməsidir. Kollegiya apelyatorun həmin dəlili ilə bağlı da cavabdehin etirazında göstərdikləri ilə razılaşır və eyni zamanda qeyd edir ki, iddiaçının işdən azad edilməsi barədə ərizəni təsir və və təzyiq altında yazması barədə istinad etdiyi sübutlar iddiaçının işdən azad edilməsi barədə əmr verildikdən sonrakı vaxtla əlaqədardır və həmin sübutlar, həmçinin iddiaçının istinad etdiyi telefon danışıqları və telefon danışıqlarında adı keçən şəxslərin məhkəmədə verdikləri izahatlarında ərizənin yazılması zamanı iddiaçıya hər hansı bir təsir, təzyiq edilməsini təsdiq etmir. Qeyd edilən sübutlardakı məlumatları iddiaçı öz mənafeyinə uyğun qiymətləndirir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hüququ var idi ki, ərizə yazılması barədə məcbur edildiyi və ya təsir və təzyiqə məruz qaldığı halda ərizə yazmadan da müvafiq icra hakimiyyətinə bununla bağlı şikayətlər etsin. Lakin iddiaçı ərizə yazmamışdan öncə deyil, ərizə yazdıqdan sonra belə müraciətlər etməsi, ona ərizə yazması barədə təsir və təzyiq edilməsini təsdiq edən hal kimi qəbul edilə bilməz. İddiaçının istinad etdiyi hallar məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Kollegiya işin yuxarıda qeyd edilən sübutlarını prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsaslı hesab edilmir və bu səbəbdən də apelyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1510/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9085/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9085/2021
02.11.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver