Məhkəmə qərarları › İş №2(103)-909/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-909/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-909/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 0731/15/ÇF/PB saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 26 % ödənilməsi şərti ilə 7.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi xx.xx.2015-ci il tarixli 0731/15/ÇF/PB saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh özünə məxsus olan «Hyundai Elantra» markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilini ipoteka ilə yüklü etmişdir. Müqaviləyə 15 fevral 2016-cı il tarixli 1 saylı əlavə və dəyişiklik edilmiş, kreditin müddəti 72 ay, illik faiz dərəcəsi 22 % təyin edilmişdir. Maliyyə arayışına əsasən cavabdehin 4.248 ABŞ dolları 67 sent əsas borc, 2.983 ABŞ dolları 85 sent faiz, 5.020 ABŞ dolları 56 sent cərimə olmaqla, cəmi 12.253 ABŞ dolları 08 sent borcu vardır. Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2022-ci il tarixli 9/4377 saylı ekspert rəyi ilə 31 may 2020- ci il tarixə (maliyyə arayışı üzrə tarixə) cavabdehin Banka olan əsas borc üzrə – 4.319 ABŞ dolları 29 sent; - faiz üzrə – 1.198 ABŞ dolları 23 sent, cəmi borcu 5.517 ABŞ dolları 52 sent məbləğində müəyyən edilir. a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 14 oktyabr 2015-ci il tarixli 0731/15/ÇF/PB saylı kredit müqaviləsinə əsasən 4.248 ABŞ dolları 67 sent əsas borc, 2.983 ABŞ dolları 85 sent faiz, 5.020 ABŞ dolları 56 sent cərimə olmaqla, cəmi 12.253 ABŞ dolları 08 sent kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması; kredit müqaviləsi üzrə tələbin cavabdehə məxsus «Hyundai Elantra» markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi; avtomobilin 8.000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-42/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Əsədov) iddia qismən təmin olunmuş, 4.248 ABŞ dolları 67 sent əsas borc, 1.198 ABŞ dolları 23 sent faiz, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 5.946 ABŞ dolları 90 sent pul vəsaiti ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmeti olan «Hyundai Elantra» markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, avtomobilin ilkin satış qiymətinin 16.800 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləğinin İddiaçı BOKT ASC-yə ödənilməsi, İddiaçı BOKT ASC-nin tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehdən ümumi qaydada tutularaq iddiaçıya ödənilməsi, 100 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, 200 manat qiymətləndirmə xərcinin cavabdehdən tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445, 448.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddia tələbinin faiz və cərimə borcu hissəsində ləğv edilməsi, həmin hissədə iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin, onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən tərəflərin təqdim etdikləri sübutlara yox, ekspertin ziddiyyətli rəyinə istinad edilməsi MPM-in 9.1-ci maddəsinin tələbinin pozulmasına səbəb olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq 10.Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 12.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 13.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 14.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 15.Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 16.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri 18.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 19.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən faiz və cərimə borcunun təmin olunmayan hissəsində mübahisələndirildiyindən, cavabdeh isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 20.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə apelyasiya qaydasında mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 21.Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, faiz borcu ekspert rəyinə əsasən müəyyən edilmiş, rəy iş materialları və Bankın özününün təqdim etdiyi maliyyə sənədləri əsasında verilmiş, iddiaçı ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı dəlillərə istinad etməmiş, yalnız subyektiv mülahizələrlə kifayətlənmişdir. Apellyator cavabdehin qət olunmuş məbləğdən daha çox faiz borcunun qaldığına dair heç bir sübut təqdim etməmiş, apellyasiya şikayətinin dəlilləri maddi hüquq normaları və iş materiallarına istinadla açıq-aşkar əsaslandırılmamışdır. 22.Cərimə borcuna münasibətdə Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 23.Kollegiya işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi 5.020 ABŞ dolları 56 sent məbləğində cərimə (dəbbə pulu) borcunu, cavabdehin əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək hesab edir və həmin məbləğin azaldılması, yəni 500 ABŞ dolları məbləğində müəyyən edilməsi barədə birinci insyansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır. 24.MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2). 25.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 18 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlham Cəfərov

Hakimlər: Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar