Məhkəmə qərarları › İş №2(103)-9097/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9097/2020

16.12.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9097/2020 16.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3835/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh2 “xxxx” MMC-yə qarşı yaşayış sahəsinə hüquqlarının təmin edilməsi və maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, F.Məmmədov və K.Kazımzadə küçəsi kəsişməsində yaşayış binasında 495,2 kv.metr qeyri-yaşayış sahəsinə və M.Sənani küçəsi, yaşayış binasının 1 və 2-ci mərtəbələrində çəkilmiş xəritədə qeyd olunan 296-kv.metr qeyri yaşayış sahəsinin özgəninkiləşdirilməsinə və həmin qeyri yaşayış sahələrində müəyyən hərəkətlərin (söküntü-tikinti, təmir işlərinin aparılması) cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3835/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, F.Məmmədov və K.Kazımzadə küçəsi kəsişməsində yaşayış binasında 495,2 kv.metr qeyri-yaşayış sahəsinə və M.Sənani küçəsi, yaşayış binasının 1 və 2-ci mərtəbələrində çəkilmiş xəritədə qeyd olunan 296-kv.metr qeyri yaşayış sahəsinin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Qərardadından cavabdeh “xxxx” MMC şikayət verərək, qərardadın ləğv edilməsini və iddianı təmin etmə tədbiri barədə ərizənin rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "Cavabdeh1" MMC-yə qarşı iddiası üzrə verdiyi iddianın təmin tədbiri barədə ərizəsi qismən təmin edilərək Bakı şəhəri, Təbriz küçəsi, F.Məmmədov və Kazımzadə küçəsi kəsişməsində yaşayış binasında 495,2 kv.m. qeyri-yaşayış sahəsinə və M.Sənani küçəsi, yaşayış binasının 1 və 2-ci mərtəbələrində çəkilmiş xəritədə qeyd olunan 296 kv.m qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi qadağan edilmişdir. Qeyd edilən qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddianın təmin tədbiri barədə ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməlidir. Belə ki, iddianın əsası kimi təqdim edilən qeyriyaşayış sahələri ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında heç bir müqavilə bağlanmamışdır. İddiaçı tərəfindən məhkəməyə qeyd edilən qeyri-yaşayış sahələrinin ona aid olmasına dair sənədlərin əsli və ya əslinə bərabər surəti təqdim edilməmişdir. Belə olan halda iddiaçının əsassız iddiaları əsasında qeyd edilən qeyri-yaşayış sahələrinin üzərinə həbs qoyularaq cavabdehin iş fəaliyyətinin pozulması və sahibkarlıq fəaliyyətinə süni maneə yaradılması qanunsuz və əsassızdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3835/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-3835/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3835/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə görə, iddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Buna görə də kollegiya hesab edir ki, iş üzrə yekun məhkəmə aktı çıxarılanadək müvəqqəti olaraq Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, F.Məmmədov və K.Kazımzadə küçəsi kəsişməsində yaşayış binasında 495,2 kv. metr qeyri-yaşayış sahəsinə və M.Sənani küçəsi, yaşayış binasının 1 və 2-ci mərtəbələrində çəkilmiş xəritədə qeyd olunan 296-kv. metr qeyri yaşayış sahəsinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh “xxxx” MMC şikayətində iddianın əsası kimi təqdim edilən qeyri-yaşayış sahələri ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında heç bir müqavilə bağlanmadığını, iddiaçı tərəfindən məhkəməyə qeyd edilən qeyri-yaşayış sahələrinin ona aid olmasına dair sənədlərin əsli və ya əslinə bərabər surəti təqdim edilmədiyini qeyd etsə də, iş materiallarında olan müqavilənin və maliyyə arayışının təsdiq edilmiş surətindən görünür ki, bu hal təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3835/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3835/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar