Məhkəmə qərarları › İş №2(103)-910/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-910/2021

12.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-910/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)-1926/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2020-ci il tarixli 10 K/Ş saylı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər hər ay müvafiq əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, uzun müddətdir MMC-nin nəzdində fəaliyyət göstərən Logistika Departamentinin Anbar Şöbəsində fəhlə olaraq işləmiş, xx.xx.2020-ci il tarixindən başlayaraq ona və digər işçilərə işlədikləri müəssisənin Anbar Şöbəsinin müdiri Əbülfəz müəllim tərəfindən bildirilmişdir ki, əmək müqaviləsinin yenilənməsi ilə əlaqədar olaraq, Baş ofisə gedib müvafiq sənədləri imzalamalıdırlar. O da digər işçilər kimi xx.xx.2020-ci il tarixində Baş ofisə gedərək sənədləri imzalamışdır. xx.xx.2020-ci il tarixində işə gəldikdə isə ona iş yerindən bildirmişlər ki, işdən azad edilib, elə həmin gün yenidən Baş ofisə gedərək nəyə əsasən işdən azad olunmağının səbəbini soruşduqda, X1 əmək kitabçası təqdim edilərək bildirilmişdir ki, o, hal-hazırda müvəqqəti olaraq işdən azad edilib, lakin onu xx.xx.2020-ci il tarixindən etibarən yenidən işə çağıracaqlar. O, faktiki olaraq yenidən işə çağrılmamışdır. Digər tərəfdən, onun tərəfindən işəgötürənə ümumiyyətlə işdən azad edilməsi barədə ərizə təqdim edilmədiyi halda o, Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndi ilə (öz xahişinə əsasən) işdən azad edilmişdir. Halbuki, onun tərəfindən öz xahişinə əsasən işdən azad edilməsi barədə işəgötürənə ərizə təqdim edilməmişdir. O, işlədiyi dövrlər ərzində ona təhkim olunmuş bütün işləri vaxtlıvaxtında və lazımlı qaydada icra etmişdir. Eyni zamanda o işdən azadedilən zaman işəgötürən qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq müddəti əvəzinə aylıq əmək haqqını birdəfəlik qaydada ödənilməli olduğu halda, işəgötürən bu qaydaya da əməl etməmişdir. Daha sonra o, qanunun tələblərinə əsasən xx xxxxxx 2020-ci il tarixində pretenziya qaydasında cavabdehə müraciət edib işə bərpa olunmağını xahiş etmiş, bu günə qədər ünvanına heç bir məlumat daxil olmamışdır. Bundan əlavə, işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı bir ay əvvəl işçini rəsmi xəbərdar etməlidir və yaxud da qanunla müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə işçiyə onun razılığı ilə aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Həmçinin xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyalarının icrasından azad edilməli idi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)- 1926/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ekspertiza tədqiqatının dəyəri olaraq 124 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi müəyyən edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəməyə təqdim etdiyi vəsatətlə xx.xx.2020-ci il tarixli işdən çıxma ərizəsindəki imzanın və yazıların həqiqiliyini müəyyən etmək məqsədi ilə ekspertiza keçirilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ekspert qarşısında xx.xx.2020-ci il tarixli “tutduğu vəzifədən azad edilmə” barədə ərizədəki imza və digər yazıların kim tərəfindən icra edilməsi ilə bağlı sual qoyulsa da, ekspert rəyindən görünür ki, məhkəmə ekspertizaya həmin ərizəni yox, tarixsiz başqa bir ərizə göndərmişdir. İş materiallarında iki fərqli ərizə mövcuddur, ekspertizaya göndərilən ərizənin məzmunu xx.xx.2019-cu il tarixinə aiddir və tarixsiz ərizədir. Digər bir vəsatətlə müraciət edərək işçilərin kütləvi şəkildə işdən azad edilmələrinin doğruluğunu müəyyən etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu verilməsini xahiş etsə də, məhkəmə həmin vəsatətlə bağlı araşdırma aparmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İddiaçı qeyd etdi ki, ekspert rəyi ilə razıdır, çünki ərizələr Şirkət tərəfindən əvvəlcədən tərtib edilmişdir, o, boş blanka imza etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili isə apelyasiya şikayətini qəbul etmədiyini bildirərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə aşağıdakı hallar müəyyən edilir. xx.xx.2018-ci il tarixdə “xxxx” MMC-nin direktoru X3 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, sonuncu logistika Departamentində Anbar şöbəsində fəhlə peşəsinə təyin edilmişdir. “xxxx” MMC-nin Nizami intizam qaydalarının pozulması haqqında 570 saylı əmrindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndini əsas götürərək yazılı xəbərdarlıq edilmişdir. “xxxx” MMC-nin İşdən azad edilmə barədə xx.xx.2020-ci il tarixli 10 saylı əmrindən görünür ki, cəmiyyətin logistika Departamentinin Anbar şöbəsinin fəhləsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun ərizəsi əsasında Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilmişdir. İddiaçı tərəfindən imzalanmış və “xxxx” MMC-yə ünvanlanmış ərizədən görünür ki, o, xx.xx.2019-cu il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza üzrə verilmiş 4/510 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, mülki işin 101-ci vərəqəsində olan ərizədəki yazılar və “imza” qrafasındakı imza İddiaçı tərəfindən icra edilmişdir. İddiaçı tərəfindən imzalanmış və “xxxx” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Mübahisələndirilən ərizə xx.xx.2020-ci il tarixli olduğu halda, ekspert tədqiqatı tarixsiz ərizə əsasında aparıldığı üçün Kollegiyanın xx.xx.2020-ci il tarixli 2(103)- 8588/2020 saylı qərardadı ilə əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 4/1148 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş “xxxx” müəssisəsinin adına İddiaçı adından yazılmış olan xx.xx.2020-ci il tarixli tutduğu vəzifədən azad olunması haqqında ərizədə “İmza” qrafasındakı imza – İddiaçı tərəfindən icra olunmuşdur; ərizənin yuxarı sağ tərəfindəki “Logistika, Anbar, Fəhlə İddiaçı”, “İmza” qrafasındakı “Bədəlov.H” yazıları, “Ərizə” yazısından aşağıda yerləşən “16.01”, “Tarix:” qrafasındakı “xx.xx.2020” rəqəmlər – İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Göründüyü kimi, mübahisələndirilən xx.xx.2020-ci il tarixli ərizə iddiaçının özü tərəfindən imzalanmışdır. Kollegiya hesab edir ki, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə görə işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı işdən azad olunması barədə ərizəni imzalayarkən cavabdeh tərəfindən aldadıldığını bildirsə də, bu hal həm birinci instansiya məhkəməsinin araşdırması zamanı, həm də apelyasiya baxışında öz təsdiqini tapmamış, iddiaçı öz dəlilini əsaslandıra və sübuta yetirə bilməmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçı könüllü ərizə verməklə işdən azad olunmuşdur. Könüllü (işçinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmiş, bununla bağlı da cavabdeh tərəfindən qanun pozuntusuna yol verilməmişdir. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1926/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar