Məhkəmə qərarları › İş №2(103)-910/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-910/2025

13.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-910/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X8 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına qarşı “əmrin ləğv edilməsi, əmək haqqının və son haqqhesabın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X8 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına qarşı “əmrin ləğv edilməsi, əmək haqqının və son haqq-hesabın ödənilməsi” tələbinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4682/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi əsasında “X8 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına aylıq 370 manat əmək haqqı ilə anbardar vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2023-cü il müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

2. “X8 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru X1 142 saylı xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, mağaza bölməsində anbardar vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmiş, işçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 7 məzuniyyət gününün, son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilmişdir.

3. Xalq Bank” ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2023xx.xx.2024-cü illərdə İddiaçı kart hesabına pul mədaxil olunmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh “X8 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına qarşı “əmrin ləğv edilməsi, əmək haqqının və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X8 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialının aralarında bağlanmış xx.xx.2023-cü il tarixli “Əmək müqaviləsi”nə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 142 nömrəli əmrin ləğv edilməsi, cavabdeh “X8 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialının aralarında bağlanmış xx.xx.2023-cü il tarixli “Əmək müqaviləsi”nin Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin “b” bəndinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilməsi barədə əmrin verilməsi və bu barədə qeydlərin cavabdeh tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verildiyi tarixə, yəni 19 yanvar 2024-cü il tarixə kimi hər ay 800 manat olmaqla 4 ay x 800=3200 manat və son haqq-hesabın hesablanaraq ona ödənilməsi, cavabdehin qanunsuz əməli nəticəsində işdən çıxarıldığı 19 yanvar 2024-cü il tarixdən 2024-cü ilin iyun ayının 20-nə kimi işləmədiyi dövrlər üçün hər ay 800 manatdan olmaqla 5 ay müddətinə (5ay x 800=4000 manat) dəymiş ziyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh “X8 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ilə aralarında xx.xx.2023-cü il tarixində “Əmək müqaviləsi” bağalanmışdır. Bağlanmış əmək müqaviləsinə əsasən o, anbardar (sürücü) vəzifəsinə işə götürülmüşdür. O, cavabdeh olan şirkətdə 08 oktyabr 2023-cü il tarixədək işləmişdir. İşində də hər hansı səhlənkarlığa yol verməmişdir. Lakin xx.xx.2023-cü il tarixində müəssisədə oğurluq hadisəsi baş verdi və araşdırma aparıldı. Sonda məlum oldu ki, onun hər hansı günahı olmamışdır. xx.xx.2023-cü il tarixdən də müdriyyət işə çıxmamasını bildirdi. Bir ay müddət keçmədi ki, o, cavabdehin rəhbəri ilə əlaqə saxlayaraq işə gəlib-gəlməyəcəyini, gəlməyəcəksə özünə iş axtarmaq məcburiyyətində olduğunu bildirdi. Cavabdehin rəhbərliyi hadisə ilə bağlı araşdırmanın sonunu gözləməsini bildirdi, o isə işə ehtiyacı olduğunu ona deyəndə narahat olmamasını, haqlı olarsa bütün ayların əmək haqqını verəcəyini bildirdi. 2023-cü ilin sonunda o, artıq gördü ki, cavabdehin rəhbərliyi onu nə işə çağırır, nə də ki əmək haqqı verir. 2024-cü ilin əvvəlində ona iş təklifi gəldi və o, müqavilə bağlayan zaman bildirdilər ki, onun qüvvədə olan əmək müqaviləsi var. O, dərhal cavabdehin müdiriyyəti ilə əlaqə saxlamış və işdən çıxarılmasını xahiş etmişdir. Bu zaman cavabdehin rəhbəri onu işdən çıxarmayacağını və əgər 1000 manat pul gətirib versə işdən çıxaracağını bildirdi. O, bununla razılaşmadı və işdən çıxarılması və əmək haqqının ödənilməsi barədə cavabdehin qanunsuz əməlinə qiymət verilməsi barədə Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinə ərizə ilə müraciət etdi. Cavabdehlə aralarında olan müqavilə üzrə əmək haqqı 800 manat olmuşdur. Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinə müraciəti əsasında da müəyyən olundu ki, onun özündən xəbərsiz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qanunsuz olaraq işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli 142 nömrəli əmr çıxarılmış, son haqq-hesab ödənişi verilməmişdir. Eyni zamanda da cavabdehin qanunsuz əməlinə qiymət verilərək xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək bu bu Məcəllənin 192.4-cü maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cavabdehin qanunsuz hərəkəti səbəbindən artıq o, hara müraciət etsə də işə götürmürlər və o, ailəsini dolandıra bilmir. Bu günə kimi də o, işə düzəlib əmək haqqı ala bilmir. Bu da o deməkdir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində o, bu günə kimi hər ay 800 manat və daha çox puldan məhrum olmuşdur. Hesab edir ki, cavabdeh bunların hamsını ödəməlidir. Bu səbəbdən də o, məhkəmədən kənar məsələnin həlli üçün mediasiya təşkilatına müraciət etdi və cavabdeh mediasiya təşkilatına gəlmədi. Hazırda da o, əmək hüquqları pozulduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. İş materialından və cavabdehin üçüncü şəxsə verdiyi izahatdan da məlum olmuşdur ki, cavabdeh o, oktyabr ayından onların işə gəlməməsi barədə bildirişindən sonra işə gəlməmiş, müqavilənin müddəti isə xx.xx.2023cü il tarixdə bitir və o, işə gəlməyə-gəlməyə müqaviləyə xitam vermirlər, lakin o, şikayət edəndən sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qanunsuz olaraq onun işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli 142 nömrəli əmr çıxarılmışlar. Cavabdehin qanunsuz hərəkəti səbəbindən o, işlə bağlı müraciət etsə də əsas sınaqlardan keçmiş, lakin cavabdehin qanunsuz hərəkəti nəticəsində adı işdə getdiyindən və daha sonra əmək müqaviləsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması qeyd edildiyindən onu işə götürməmişlər. Hazırda isə o, 2024-cü ilin iyun ayının 20-dən sonra çətinliklə də olsa “Tam Store” Mağazalar şəbəkəsində işə düzəlmişdir. Belə olan halda cavabdeh qanunsuz hərəkəti nəticəsində ona əmək müqaviləsinə xitam verildiyi tarixə, yəni 20 yanvar 2024-cü il tarixə kimi hər ay 800 manat olmaqla 4ay x 800=3200 manat son haqq-hesab hesablanaraq ödəməlidir. Eyni zamanda da cavabdehin qanunsuz əməli nəticəsində işdən çıxarıldığı 20 yanvar 2024-cü il tarixdən 2024-cü ilin iyun ayının 20-nə kimi işləmədiyi dövrlər üçun hər ay 800 manatdan olmaqla 5 ay müddətinə (5ay x 800=4000 manat) dəymiş ziyanı ödəməlidir.

6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4682/2024 saylı, xx.xx.2024-cü tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə “X8 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2023cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə “X8 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru X1 142 saylı xx.xx.2024-cü il tarixli əmri ləğv edilməsi, “X8 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialından əmək haqqı 370 manat olmaqla 18 gün üçün əmək haqqı (370:30.4x18) hesablanaraq İddiaçı xeyrinə ödənilməsi və “X8 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialından 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ilkin olaraq hazırkı mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan “X8 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru X1 142 saylı, xx.xx.2024-cü il tarixli əmrinin qanuniliyi yoxlanılmalıdır. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin göstərilən tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamışdır. Göründüyü kimi, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Lakin iddiaçının barəsində birbaşa ən ciddi tənbeh növü, yəni əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin «ç» bəndi tətbiq edilmişdir. Beləliklə, “X8 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru X1 142 saylı xx.xx.2024-cü il tarixli əmri əmək qanunvericiliyinin tələblərinə uyğun verilmədiyindən iddiaçının əmək müqaviləsinə əsassız olaraq xitam verilmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsi barədə “X8 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru X1 142 saylı xx.xx.2024-cü il tarixli əmri ləğv edilməlidir. Məhkəmə, iddiaçı ilə cavabdeh “X8 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Əmək müqaviləsi”nə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin “b” bəndinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən xitam verilməsi barədə əmrin verilməsi və bu barədə qeydlərin cavabdeh tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hissəsində iddia tələbini əsassız hesab edir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi tərəflər arasında sərbəst bağlandığı kimi, əmək müqaviləsinə hansı əsasla xitam verilməsi də tərəflərin təşəbbüsü və qarşılıqlı razılığı əsasında həyata keçirilir. Belə olan halda, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə əmrin verilməsi, həmin əmrin cavabdeh tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hissəsində iddiaçının tələbi əsassızdır. Məhkəmə, son haqqhesabın hesablanaraq ödənilməsi hissəsində də iddia tələbini əsassız hesab edir. Hazırkı iş üzrə məhkəmə tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsi barədə “X8 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru X1 142 saylı xx.xx.2024-cü il tarixli əmri ləğv edildiyindən, iddiaçıya son haqqhesab da əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh tərəfindən yeni əmr verildikdən sonra ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçıya işlədiyi dövr üçün əmək haqqı hesablanıb ödənilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı əmək müqaviləsinin bağlandığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “X8 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialında işləyərək əmək funksiyalarını icra etmiş, lakin bu müddət üçün ona əmək haqqı ödənilməmişdir. Məhkəmə, iddiaçının əmək haqqının rəsmi olaraq 370 manat olmasını nəzərə alaraq hesab edir ki, ona işlədiyi 18 gün (xx.xx.2023xx.xx.2023) gün üçün əmək haqqı (370:30.4x18) hesablanaraq ödənilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçı aylıq əmək haqqının 800 manat olduğunu bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, işdə olan əmək müqaviləsi məlumatlarında əmək haqqının 370 manat olduğu müəyyən edilmişdir. Məhkəmə, cavabdehin qanunsuz əməli nəticəsində ona dəymiş ziyanın ödənilməsi hissəsində iddia tələbini əsassız hesab edir. Hazırkı işdə iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddətdə cavabdehin qanunsuz əməli nəticəsində işləyə bilməməsi, işə qəbul edilməməsinə məhz cavabdehin mübahisələndirilən əmrinin səbəb olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Odur ki, iddia tələbi dəymiş ziyanın ödənilməsi hissəsində də rədd edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 196.2, 1097.1, 1097.3-cü maddələri, Əmək Məcəlləsinin 68, 70 “ç” bəndi, 72, 76, 83.1, 186.2-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4, 216- 220-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a)Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh “X8 və Dış Ticaret Limited Şirketi” apellyasiya şikayəti verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4682/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh tərəfindən iddiaçının hərəkətlərinə hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına şikayət edilmişdir. Həmin şikayət əsasında iddiaçı tərəfindən verilmiş izahatda da anbardan malın götürüldüyü, müqabilində təqdim edilən pulun iddiaçı tərəfindən götürüldüyü qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən bu hallar araşdırılmamış, həmin izahat, ümumilikdə cavabdehin şikayəti ilə əlaqədar toplanmış materiallar tələb edilməmişdir. Hazırda tərəflərindən həmin izahat tələb edilərək apellyasiya instansiyası məhkəməsinə təqdim ediləcəkdir. Həmçinin məhkəmə iddiaçının xx.xx.2023-cü il tarixindən etibarən üzrlü səbəb olmadan işə gəlməməsini nəzərə almamış, bu barədə hər hansı araşdırma etməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bununla əlaqədar şikayətlə birlikdə iddia ərizəsinin tətbiqi barədə ərizə də məhkəməyə təqdim olunacaqdır.

a) Proses iştirakçılarının izahatı

11.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, 2023-cü ilin sentyabr ayında işə başlamış, bütün sınaqlardan keçib. Yanında həmişə öz adamları olub. Heç vaxt tək olmayıb. Sonra oğurluq hadisəsi oldu. Araşdırmanın nəticəsini 1 ay gözlədi.Ailəsinə baxmalı idi. Ona deyildi ki, xəbər edəcəklər, narahat olmağa əsas yoxdur. Cavabdehə təhvil-təslim aktının tərtib edilməsini demişdi. Amma, onlar etmədilər. Rəhbərliyə, insan resursları ilə bağlı şöbəyə bu barədə bildirmişdi. Özünü sığortalamaq istəyirdi ki, sonra nəsə problem olsa məsuliyyəti ona qalmasın. Oğurluq hadisəsinin üstündən 1 ay keçdi, o da polis bölməsinə müraciət etdi. X6 Xidmətinə müraciət etdi. Cavabdehin onunla bağlı narazılığı var idisə müqaviləyə vaxtı bitənə kimi xitam verərdilər. Polis bölməsində izahat verib. Onlar da dedi ki, problem yoxdur, gedə bilər. Prokurorluqda da iş araşdırılıb.18 gün orada işləmiş və ona nə deyilibsə onu etmiş, ora getmiş. Onun tələbi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin dəyişdirilməsidir. İş tapmaqda çətinlik çəkir. Hazırda işləsə də “ç” bəndi ona maneəçilik törədir. X6 Xidmətinə şikayət edəndə müqaviləsinə xitam verdilər. Həm də vakansiyanın elanı 500 manatdan aşağı deyildi. Necə 370 manat ola bilər. Apellyasiya şikayəti əsassızdır. Şikayəti cavabdeh verib, amma məhkəmə iclaslarında iştirak etmirlər. 5 ay ərzində işləyib. Əgər problem var idisə, ya həmin zaman bildirərdilər, ya da Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini əsaslandırardılar. Müqavilə vaxtı bitdikdən sonra onu işdə saxlayıblar, müqavilə vaxtını uzadıblar,ödəniş olunacağını bildiriblər. O, ailə saxlayır. Cavabdehə dəfələrlə bildirib ki, ya iş tapıb işləsin ya da, orda işləyib, ödənişini alsın. Əmək Müfəttişliyinə şikayət edib.Rəsmi şəkildə əmək haqqı 370 manat qeyd olunub. Müqavilədə isə 800 manat qeyd edilib. İddia tələbimin tam təmin olunmasını xahiş edir.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbini bildirməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

Maddə 76. 1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

Maddə 186. 1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Maddə 187, 1-ci bənd. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 187. 2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. İddiaçı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi əsasında “X8 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına aylıq 370 manat əmək haqqı ilə anbardar vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2023-cü il müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

20. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində qeyd edilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir.

21. Əmrdə işçinin hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi əmrin verilməsinə əsas olmuş sənədlərin cavabdeh tərəfindən təqdim edilməsi üçün sorğu vermişdir. Cavabdehin nümayəndəsi işə birinci instansiya məhkəməsində baxıldığı zaman məhkəmə iclasında iştirak etmişdir. Cavabdehin nümayəndəsi izahatında qeyd etmişdir ki, İddiaçı anbarda işləyərkən təhvil təhsil aktını qəbul etməmiş, onun barəsində prokurorluğa material göndərilmiş, orda belə bir epizod var ki, anbardan mal götürülmüş, həmin malın pulu iddiaçının kartına vurulmuşdur. Rəhbərlik də bunu belə qiymətləndirir ki, bu pul iddiaçı tərəfindən mənimsənilmişdir. Ehtimal olunur.

22. Kollegiya qeyd edir ki, əmr verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl edilməmişdir. Belə ki, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək işəgötürən tərəfindən verilə bilən intizam tənbehlərindən biridir. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçidən yazılı izahatın alınması, yaxud işçinin yazılı izahat verməkdən imtina etməsinə dair sübut təqdim edilməmişdir.

23. Bundan əlavə, əmrdə ümumi olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qeyd edilmişdir. İşçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması hallarına görə onunla əmək müqaviləsinə xitam verilçəsi əmrdən müəyyən olunmur. Cavabdehin nümayəndəsinin izahatından isə belə müəyyən olunur ki, işçi tərəfindən pul mənimsənildiyi ehtimal olunduğuna görə onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi işçi ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur.

24. O cümlədən qeyd olunmalıdır ki, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitsə də, işəgötürən tərəfindən xx.xx.2024-cü il tarixdə müqaviləyə xitam verilmişdir.

25. Cavabdehin apellyasiya şikayətinin dəlili odur ki, hüquq mühafizə orqanlarından iddiaçı ilə bağlı aparılmış araşdırma sənədləri tələb edilməmişdir.

26. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, tərəflər istinad etdikləri hallarla bağlı sübutları məhkəməyə özləri təqdim etməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsində qeyd edilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

28. Cavabdehin nümayəndəsi işə birinci instansiya məhkəməsində baxılması zamanı məhkəmə iclasında iştirak etsə də, sübutların təqdim edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etməmişdir. Apellyasiya şikayətində bu hala istinad etsə də hansı orqan tərəfindən araşdırma aparılmasına dair şikayətinə sübut əlavə etməmişdir.

29. Cavabdehin apellyasiya şikayətinin digər dəlili odur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür.

30. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edilməmişdir.

31. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh “X8 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4682/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün rüsum apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar