Məhkəmə qərarları › İş №2(103)-9116/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9116/2021

29.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9116/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlərdən Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Əzizov Azər Mirzə oğlunun, Cavabdeh və onun nümayəndəsi və vəkili Abuzərov Heydər Saleh oğlunun, Tərcüməçi Allahverdiyev Fuad Zahir oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1897/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1-dan qeydiyyatdan çıxarılmaqla mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini 14 dekabr 2014-cü il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında mülkiyyətinə keçirmişdir. ********** qeydiyyat nömrəli, 18.02.2021 -ci il qeydiyyat tarixli, **********28-05101-093063 reyestr nömrəli çıxarışla ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin onun mülkiyyətində olması öz təsdiqini tapır. Belə ki, o, Cavabdeh tanımır, onunla heç bir qohumluq əlaqəsi yoxdur. Hal-hazırda cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 26A, mənzil 10da qeydiyyatda olmaqla oranı zəbt edib yaşayır. Lakin onun həmin şəxslə heç bir tanışlığı və qohumluğu yoxdur. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 26A-da yerləşən 10 saylı mənzili zəbt edərək yaşaması onun istifadə hüququnu pozur, ümumiyyətlə mülkiyyət hüququnun tam həyata keçirilməsinə məhdudiyyət yaradır. Hazırda həmin mənzildən istifadə edir. Orada yaşayır. Buna görə də, Cavabdeh mülkiyyətində olan ünvan 1-dan qeydiyyadan çıxarılmaqla mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1-dan istifadə hüququna xitam verilməsi və mübahisəli mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1897/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 26 a saylı evin 10 saylı mənzilindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar (iddianın mülkiyyətçi olmasına aid hissəsi istisna olmaqla) tamamilə yalandır. İşin həqiqi halları aşağıdakı kimidir: O, iddiaçının atası Hacıyev Elxan İslam oğlu ilə 2005-ci ildə tanış olaraq onunla faktiki nikah münasibətlərinə daxil olmuşdur. 02.03.2005-ci il tarixdən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 6 saylı evin 9 saylı mənzilində yaşamağa başlamışlar. 02.03.2017-ci il tarixdə də Elxan Hacıyev onu həmin mənzilə qeydiyyata salmışdır. İddiaçı və onun anası Samirə Hacıyeva və bacısı, eyni zamanda digər qohumları onu onun atası ilə faktiki nikah münasibətlərində olduğunu 2005-ci ildən bilirdi. Bundan sonra onlar bir müddət Elxan Hacıyevin qardaşı keçmişdə hərbi komissar işləmiş Ağalar Hacıyevin evində yaşamışlar. Bundan sonra onlar iddiaçının qeydiyyatda olduğu Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi 10 saylı evin, 40 saylı mənzilində yaşamışlar. İddiaçı özü dəfələrlə yaşadıqları mənzilə gəlmiş və onalrın orada yaşağını görmüşdür. Sonradan isə Elxan Hacıyev mübahisəli mənzili oğlu iş üzrə iddiaçının adına formal olaraq alsa da əsas məqsəd ondan ibarət olmuşdur ki, həmin mənzili gələcəkdə onun adına sənədləşdirəcəkdir. 17.10.2017-ci il tarixdə Elxan Hacıyev oğlu iş üzrə iddiaçıdan aldığı etibarnamə əsasında onu 17.10.2017-ci il tarixdə mübahisəli mənzilə qeydiyyata aldırmışdır. 2017-ci ilin oktyabr ayında Elxan Hacıyev ona bildirmişdir ki, qızına toy etmək istəyir, özündə yığıb saxladığın pulu ona ver toy etsin, onsuz da mübahisəli mənzili onun adına sənədləşdirəcək. O onunla uzun müddət faktiki nikah münasibətlərində yaşadığına və bu illər ərzində aralarında hər hansı bir narazılıq olmadığına görə və ona etibar etdiyinə görə buna razılaşdır. O onunla faktiki nikah dövründə yaşadığı müddətdə o, demişdi ki, qazancını yığ saxla sonda ona mənzil alacaqlar. O, cavabında bildirmişdir ki, ona pulu versin, onda o da mənzili onun adına sənədləşdir. Razılaşmışlar. O topladığı 40.000 manatı Elxan Hacıyevə vermişdir. O, pulu alıb qızına toy tədarükü görmək üçün, əvəzində mübahisəli mənzilin mülkiyyət hüququnu təsdiq edən-çıxarışını gətirib ona vermiş və bildirmişdir ki, mənzilin alınmasından 5 il keçsin ki, ondan artıq pul tutulmasın. O, verdiyi pullarla qızına toy etmişdir. Toy gəzintilərinə və sairə xərclənmişdir. Onlar mübahisəli mənzildə yaşamqda davam edirdilər. İş üzrə iddiaçı atasının vəsaiti hesabına İngiltərədə təhsil almış və atasının hesabına Ukraynada işə düzəlmiş və atasının hesabına Ukraynada mənzil almışdır. Mübahisəli mənzil də Elxan Hacıyev tərəfindən gələcəkdə onun adına sənədləşdirilməsi üçün alınmışdır. 2020-ci ilin dekabrında Elxan Hacıyev korona xəstəliyinə yoluxmuş və 17 yanvvar 2021-ci il tarixdə xəstəxanada vəfat etmişdir. İddiaçı atasının dəfnindən 3 gün sonra Ukraynadan yas mərasiminə gəlmişdir. Cəmi 3 gün sonra-22 yanvar 2021-ci il tarixdə isə o, onunla görüşərək, mənzildən çıxmağını tələb etmişdir. Ondan tələb etmişdir ki, bacısın toyu üçün verdiyi 40.000 manatı ver, o da mənzildən çıxsın. Cavabında bildirmişdir ki, pulu atası alıb, o almamışdır. Bu sənin problemindir, ona aidiyyatı yoxdur. Lazım idi mənzili vaxtında adına sənədləşdirərdin. Bu sənin problemindir ki, vaxtında addım atıb mənzili öz adına keçirməmisən. O daha sonra ona bildirmişdir ki, mənzilin mülkiyyət hüqunun təsdiq edən çıxarışı pulun əvəzinə ona vermisiniz. Cavabında bildirimişdir ki, bacısı verib, bunun ona dəxli yoxdur. Yanında gələn qohumu isə bildirmişdir ki, çıxarışın onda olması ona mənzilə görə heç bir hüquq vermir. Möhtərəm məhkəmə kollegiyası, mərhum Elxan Hacıyev Xəzər Dəniz Nəqliyyat Donanmasında yüksək vəzifədə - Gəmilərin Üzgüçülük Təhlükəsizliyinin Rəisi vəzifəsində işləmişdir. O da həmin Donanmada başqa vəzifədə çalışmışdır. Faktiki nikah münasibətlərində yaşadıqları 15 il ərzində onun demək olar ki, bütün qohumları, ən əsası isə oğlu, iş üzrə iddiaçı onların ailə münasibətlərini bilmiş və qəbul etmişlər. Onlar tərəfindən ona qarşı hər hansı bir mənfi addım atılmamışdır. Yalnız mübahisəli mənzilin onun adına rəsmiləşdirilməsində, yəni 40.000 manatı o Elxan Hacıyevin qızının toy mərasimi üçün verdikdən sonra reallaşmış, çıxarışı ona vermişlər və sadəcə 5 il keçmədiyinə görə alqı-satqı müqaviləsi bağlanmamışdır. Çünki 5 il keçməmiş mənzil satılardısa əlavə pul ödənişi mənzili satandan tutulmalıydı. Mərhum Elxan Hacıyevin vaxtsız ölümü bunun qarşısını əngəllədi, onun ölümündən sonra isə vərəsəsi iş üzrə iddiaçı olan oğlunun ona qarşı olan münasibəti iş materiallarında öz əksini tapmışıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Abuzərov Heydər Saleh oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Əzizov Azər Mirzə oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız qeyd edilən hissədə cavabdeh mübahisələndirməklə, həmin hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. İddiaçı isə iddianın təmin edilməyən hissəsini mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1897/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “Elektron Notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 26A ünvanında yerləşən 10 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan, AN-İ seriyalı ******* saylı, 14.12.2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı Poslov Qennadiy Vladimiroviç ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 19.53 kv.m olan mənzili İddiaçı mülkiyyətinə verir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18.02.2021-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 26 a ünvanında yerləşən 10 saylı mənzil İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna 07.05.2021-ci il tarixli cavab məktubundan görünür ki, 1 saylı Bakı ASAN Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu A.E.Qasımova tərəfindən təsdiqlənmiş 4Ə-2104 reyestr nömrəli 14.12.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. İş materiallarından görünür ki, 14.12.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Poslov Qennadiy Vladimiroviç Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 26 a saylı evin 10 saylı mənzilini İddiaçı mülkiyyətinə vermişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 18.02.2021-ci il tarixli çıxarışa əsasən qeyd olunan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda cavabdeh mübahisəli mənzildə qeydiyyatdadır. (“Elektron Notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarış). İddiaçı mülkiyyət hüquqlarının pozulması ilə tələbini əsaslandırır. Hazırda iddiaçı heç bir hüquqi əsas olmadan mənzilində yaşayan cavabdehin mənzildən çıxarılmasını və istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Göründüyü kimi, hazırda Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 26A, 10 saylı mənzil İddiaçı mülkiyyətindədir. Həmin mənzil hər hansı hüquqi əsas olmadan cavabdeh tərəfindən istifadə edilir. İddiaçı mülkiyyətçi olmaqla, həmin mənzildən istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək haqlı olaraq hesab etmişdir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 26 a saylı evin 10 saylı mənzilindən çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarını pozulmasını göstərsə də, o pozuntuların nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1897/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1897/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar