Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9119/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh1 Əskər oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh1 Əskər oğluna qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2196/2021 saylı 11 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 Əskər oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evinin qanuni mülkiyyətçisidir. Həmin yaşayış sahəsində həyat yoldaşı X2, qızı X3, oğlu X8 qeydiyyatda olmaqla yaşayırlar. Digər şəxslər hazırda cavabdehlər olan oğlu Cavabdeh1 Əskər oğlu və gəlini Cavabdeh2 isə formal olaraq qeydiyyatda olmaqla yaşamışlar. Cavabdeh1 Əskər oğlu həyat yoldaşı və övladları ilə birlikdə bir neçə ünvanda yaşayış sahələri olmaqla əlaqədar başqa ünvanlarda yaşayırlar. Ancaq cavabdehlər onun qanuni olan xüsusi mülkiyyətində yaşamayaraq formal olaraq qeydiyyatda olmaqla onun mülkiyyətindən maneəsiz istifadə etmək hüququnu pozurlar. Bundan başqa, cavabdeh onun mülkiyyətinə qeydiyatda olmağından istifadə edərək onun mülkiyyətinə soxularaq ona məxsus evin qapılarını söküb aparmış, digər qanunsuz əməlləri törətmişdir. Bununla bağlı istintaq orqanlarına müraciət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2196/2021 saylı 11 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilmiş, iddiaçıya izah edilmişdir ki, cavabdehin qeydiyyatına onun inzibati orqana müraciəti əsasında xitam verilməli, inzibati orqan tərəfindən imtina edildikdə isə o, bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2196/2021 saylı 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qərardaddan şikayət verilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin Cavabdeh1 Əskər oğluna aid hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iş materialları ilə, həmçinin təqdim etdiyi sübutlarla təsdiq olunur ki, cavabdehin daimi yaşamaq üçün bir neçə yaşayış evi və torpaq sahəsi var. Bu halı təsdiq edən müvafiq sübutlar təqdim etmiş, həmçinin şahid ifadələri ilə də təsdiq olunmuşdur. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi Yeni Suraxanı qəsəbəsi Aşağı məhəllə adlanan ərazidə yerləşən yaşayış evini 25.000 almaq baradə razılığa gəlmiş və hətta 10.000 manat da ödəniş etmişdir, lakin sonradan alqı-satqı baş tutmamış və evi qaytarmışdır. Eləcə də digər mənzil də ona məxsus deyildir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 21b, 10 saylı mənzil ilkin olaraq İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 64/2 saylı 27.10.2016-cı il tarixli sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ şosesi, 21b ünvanında yerləşən beşmərtəbəli, 2 girişli, 20 mənzilli bina qəza nəticəsində yaşayışa yararsız vəziyyətə düşməsi ilə əlaqədar sökülmüşdür. Həmin binadan köçürülən sakinlərin mənzillə təmin olunması üçün Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi, 1C ünvanında yeni beşmərtəbəli, 2 girişli, 25 mənzilli yaşayış binası tikilərək istifadəyə verilmişdir və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ şosesi, 21b saylı binada İddiaçı məxsus, yaşayış sahəsi 59,38 kv.m olan 5 otaqlı 10 saylı mənzilin sökülməsi ilə əlaqədar həmin mənzil razılıq əsasında ünvan 3 ünvanında yerləşən binada ümumi sahəsi 117,22 kv.m, yaşayış sahəsi 74,47 kv.m olan 5 otaqlı 15 saylı mənzil ilə əvəz edilmiş və həmin mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ şosesi, 21b saylı binada yaşayış sahəsi 59,38 kv.m olan 5 otaqlı 10 saylı mənzil İddiaçı 08.01.1990-cı il tarixli 013318 nömrəli order əsasında verilmişdir. Mənzildə qeydiyyatda olan Sevinc Rəhimova, Anar Rəhimov, Fəridə Rəhimova, Cavabdeh2 və Cavabdeh1 27.04.2011-ci il tarixli ərizələri ilə mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər və ******* nömrəli Çıxarışdan görünür ki, 18.08.2011-ci il tarixdə mənzil İddiaçı adına qeydiyyata alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 64/2 saylı 27.10.2016-cı il tarixli sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ şosesi, 21b ünvanında yerləşən beşmərtəbəli, 2 girişli, 20 mənzilli bina qəza nəticəsində yaşayışa yararsız vəziyyətə düşməsi ilə əlaqədar sökülmüş və İddiaçı məxsus, yaşayış sahəsi 59,38 kv.m olan 5 otaqlı 10 saylı mənzilin sökülməsi ilə əlaqədar həmin mənzil razılıq əsasında ünvan 3 ünvanında yerləşən binada ümumi sahəsi 117,22 kv.m yaşayış sahəsi 74,47 kv.m olan 5 otaqlı 15 saylı mənzil ilə əvəz edilmişdir. RX ******* 04.09.2018-ci il tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi, ev 1c, mənzil 15 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Beləliklə müəyyən edilmişdir ki, mübahisəli mənzil 2018-ci ildə iddiaçının adına qeydə alınmasına baxmayaraq, 2011-ci ildən iddiaçının xüsusi mülkiyyətində olan mənzilin əvəzinə verilmiş mənzildir. Ona görə də 2018-ci ildə yeni mənzil iddiaçının adına qeydə alınarkən ailə üzvləri – X2, X4 və X5 həmin mənzilin özəlləşdirilməsinə verdiklər razılıq heç bir əhəmiyyət daşımamışdır. Cavabdeh1 isə hələ köhnə mənzilin özəlləşdirilməsi zamanı (2011-ci ildə) həmin mənzilin atasının, yəni iddiaçının adına özəlləşdirilməsinə razılıq vermişdir. İddiaçı hazırda cavabdehin başqa yaşayış sahəsi olduğu halda formal olaraq ona məxsus mənzildə qeydiyyatda olmasını bildirərək, cavabdehin mənzilə istifadə hüququna xitam verilməsini tələb etmişdir. Cavabdeh birinci instansiya məhkəməsi zamanı iddiaçı tərəfindən 25000 manat kompensasiya verildiyi halda iddia tələbini qəbul edəcəyini bildirmişdir. Məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gələrək, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh1 iddiaçıya məxsus mənzilə istifadə hüququ mövcuddur və bu hüquqa kompensasiya verilmədən xitam edilməsinə əsaslar yoxdur. İstifadə hüququnun kompensasiya verilmədən itirilməsi üçün hüququn mövcudluğuna səbəb olan hallar aradan qalxmalıdır. Lakin, hazırkı işdə bu hallar mövcud deyildir. İşin halları ilə cavabdehin digər daimi yaşayış yerinin olması sübuta yetirilmir, eləcə də, cavabdeh tərəfin izahatından müəyyən edilir ki, o, mübahisəli yaşayış sahəsinə məhdud əşya hüququndan imtina etmir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır. Cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranması işin mübahisəsiz halıdır. Bu hüquq 1990-cı ildə sökülmüş mənzilin verilməsi ilə həmin mənzilə münasibətdə yaranmışdır və 2011-ci ildə həmin mənzilin özəlləşdirilməsi, daha sonra isə həmin mənzilin sökülməsi nəticəsində yeni mənzilin verilməsi də cavabdehin istifadə hüququna xitam verilməsi ilə nəticələnə bilməzdi. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.07.2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01.10.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Məhkəməsi Plenumunun 12.03.1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Eyni mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-ci il tarixli Qərarında da müəyyən olunmuşdur: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.» Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, cavabdehin mübahisəli mənzilə dair istifadə hüququna xitam verilməli olub-olmaması üçün onun həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxıb-qaxlmadığını müəyyən etmək lazımdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu X1 vəkil sorğusuna 06.05.2021ci il tarixli cavab məktubunda göstərilmişdir ki, X7 tərəfindən Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Aşağı məhəllədəki ünvanda yerləşən yaşayış sahəsinə dair Cavabdeh1 qiymətləndirmə rəyi verilmişdir. Apelyasiya şikayətinə əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir. Bakı Regional Qazın Satışı Departamentinin 09.06.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, müraciətdə ünvan barəsində heç bir məlumat əks olunmadığından ad, soyad, ata adı üzrə araşdırılma aparılmış və nəticədə Cavabdeh1 məxsus **********00059 nömrəli istehlakçı hesabının mövcud olduğu aşkar olunmuşdur. Cavabdeh1 məxsus (abonent kodu **********00059) Abonent saldosundan görünür ki, abonentin ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsidir və həmin ünvan üzrə qaz sərfi barədə göstəricilər əks olunmuşdur. Ödənişin aparıldığı dövr 2020-ci ilin may ayından 2021-ci ilin may ayını əhatə etmişdir. Cavabdeh1 məxsus (abunə kodu **********00002) "xxxx" ASC-nin Abunə haqqında məlumatına əsasən abonentin ünvanı ünvan 6 tarixi 18.05.2021-ci il göstərilmişdir. Cavabdeh2 məxsus (abunə kodu **********70025) "xxxx" ASC-nin Abunə haqqında məlumatına əsasən abonentin ünvanı ünvan 7rixi 02.02.2015-ci il göstərilmişdir. Həmin ünvanda 2015-ci ildən hazırki vaxtadək yaşayış olduğu görünür. Birinci instansiya məhkəməsində iddiaçı tərəfindən şahid kimi dəvət edilmiş X9 izahat verərək bildirmişdir ki, “İddiaçı onun atasıdır. Mübahisə predmeti olan mənzili 1998ci ildə atasına dövlət vermişdi. Sonra bina söküldü və yerinə təzə bina tikildi. Hazırkı mənzili də həmin təzə binadan atasına verdilər. Mənzilə atasının adına çıxarış alınanda qardaşı Natiq də razılıq vermişdi. Qardaşı Cavabdeh1lə 15 il bir yerdə işləmişlər, onlar tikinti materialları satışı ilə məşğul olurdular. Sonradan Natiqin mənzildə valideynləri ilə dini baxışları üstündə mübahisələri düşdü və onlar mənzili tərk edib getdilər. Qardaşının 14 iyul küçəsindəki digər evi kirayə verdiyini bilir.” Birinci instansiya məhkəməsində iddiaçı tərəfindən şahid kimi dəvət edilmiş X6 izahatında bildirmişdir ki, “14 iyul küçəsi, məhəllə 7, mənzil 22-də kirayə yaşamışdır. Həmin mənzil Cavabdeh1 mənzili idi və o, 150 manata həmin mənzildə kirayə qalırdı. Kirayə pulunu Natiqə verirdi. Həmin mənzildə bir ilə yaxın müddətdə yaşamışdır. Natiqi tikinti materialları dükkanından tanımışdı. Natiqlə aralarında rəsmi kirayə müqaviləsi olmayıb.” Beləliklə müəyyən edilir ki, Suraxanı rayonu, Yeni Suraxanı, V.Xəlilov, ev (bina) 7, 25 saylı mənzil 2015-ci il tarixdən, Suraxanı rayonu, Yeni Suraxanı, Aşağı qəsəbə, ev (bina) 0010, mənzil 0002 isə 2020-ci il tarixdən cavabdehin istifadəsindədir. Həmin mənzillər üzrə abonent kodları cavabdehin və arvadının adına olmaqla, 2021-ci ildə daxil olmaqla ödənişlər edilmişdir. Kollegiya cavabdehin Yeni Suraxanı qəsəbəsi Aşağı məhəllə adlanan ərazidə yerləşən yaşayış evini 25.000 almaq baradə razılığa gəlib bu məqsədlə 10.000 manat ödəniş etsə də, sonradan alqı-satqının baş tutmaması və evi qaytarması barədə dəlillərinə tənqidi yanaşır, belə ki həmin yaşayış evi üzrə qaz sərfiyyatı üzrə abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən 2021-ci ilin may ayına kimi qazdan istifadəyə görə ödənişlər olunmuşdur, bu isə həmin evin məhz cavabdehə məxsus olmasını göstərir. Cavabdehin mübahisəli mənzildən getdikdən sonrakı vaxtdan hazırki vaxta qədər olan dövrdə başqa ünvanda yaşaması, ona məxsus yuxarıda qeyd olunan mənzillərin olması kimi hallar belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehin mübahisəli mənzilə olan ehtiyacı aradan qalxmışdır, yəni mənzilə istifadə hüququnun əldə edilməsini zəruri edən əsaslar aradan qalxmışdır. Belə olan halda Kollegiya qeyd edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməlidir. Kollegiya hesab edir ki, məhkəmə cavabdehin mübahisəli mənzilə ehtiyacının olmasının aradan qaxlmasının müəyyən edilməməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(010)- 2196/2021 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin. Cavabdeh1 Əskər oğlunun ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9119/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9119/2021
15.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver