Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-912/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və vəkili Həbib Əliyevin, Cavadehin nümayəndəsi Elnur Məmmədovun iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-3940/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “işə bərpa” tələbi ilə məhkəməyə müraciət edərək, X1 elektrik montyoru vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, Cavabdeh MMC-nin Baş direktoru ilə bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli əmək müqaviləsinə əsasən Ağcabədi rayon Telekommunikasiya Qovşağında elektrik montyoru vəzifəsinə qəbul edilmiş, xx xxx 2020-ci il tarixə kimi həmin vəzifədə işləmiş və heç vaxt intizam tənbehi almamışdır. Cavabdeh MMC-nin X2 rəisi vəzifəsini icra edən X3 əməkdaşları Hafiz Həsənov və digərlərinin xx xxxxx 2020-ci il tarixdə saat 22 radələrinə Qovşağın inzibati binasında qumarxana təşkil etməklə qumar oynamaları barədə məlumat verərək onlara intizam tənbehi verilməsi üçün Cavabdeh MMC-nin Baş direktoruna müraciət etmiş və Cavabdeh MMC-nin Baş direktoru araşdırma aparmadan xx xxx 2020-ci il tarixli, 512 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməklə elektrik montyoru vəzifəsindən azad etmişdir. Elməddin Mamedov təqdimat yazmazdan əvvəl o və digərləri haqqında eyni zamanda Ağcabədi rayon Polis şöbəsinə də rəsmi müraciət etmişdir. Halbuki, iddia ərizəsinə əlavə edilmiş Ağcabədi rayon Polis idarəsinin müstəntiqinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, onun və digərlərinin xx xxxxx 2020-ci il tarixdə saat 22 radələrində X2 inzibati binasında qumar oynamaları təsdiq edilmədiyinə, yəni əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddələrinin əlamətləri olmadığına görə barələrində inzibati icraat başlanması rədd edilmişdir. O, nəinki kart oynamamış, X2 rəisi vəzifəsini icra edən Elməddin Mamedovun mobil telefonu ilə çəkdiyi video görüntüdən göründüyü kimi E.Mamedov otağa daxil olub video görüntü çəkərkən o həmin otaqda olmamışdır. Onun otaqda olmamağı göstərir ki, o, iş yoldaşları ilə kart oynamamış, əmək vəzifəsini tam yerinə yetirmiş, işəgötürənin və ya əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurmamışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)- 3940/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi iş üzrə araşdırma apararkən yanlışlıqlara yol vermişdir. İddiaçı qumar oynadığına görə deyil, məsul olduğu və digər şəxslərin girişinə icazə verilməyən otaqda qumar oynanılmasına şərait yaratdığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh MMC qanunvericiliyin yuxarıda sadalanan hallarının iddiaçı tərəfindən kobud şəkildə pozuntusunu əsas gətirərək onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bununla bağlı 21,05.2020-ci il tarixdə X2 Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmışdır. İddiaçı məhkəmədə verdiyi izahatında və cavabdehin nümayəndəsinin suallarına verdiyi cavabda qeyd etmişdir ki, qumar oyununun oynanıldığı otağa 4 nəfər elektrik mantytoru məsuldur. Həmin gün isə 4 nəfərdən yalnız İddiaçı növbədə olmuşdur. Bu hal özü də sübut edir ki, onunla bağlanmış müqaviləyə xitam verilməsi qanunauyğun olmuşdur. Lakin məhkəmə iclas protokolunda iddiaçının verdiyi izahat təhrif edilmiş, bununla bağlı protokola dair verdiyi qeydlər isə təmin edilməmişdir. Məhkəmənin yol verdiyi pozuntular bununla yekunlaşmır. Belə ki, iddiaçı öz iddia ərizəsində “işə bərpa və əmək haqqı tələbi” irəli sürsə də, məhkəmə iddia tələbindən kənara çıxmış və yekun qətnamə ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmri də ləğv etmişdir. Halbuki nə iddia ərizəsində əmrin ləğvi tələb olunmamış, nə də məhkəmənin gedişində iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilməmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxxxx 2019cu il tarixdə Ağcabədi rayon Telekommunikasiya Qovşağında elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-cı il tarixində, axşam saat 22:00 radələrındə Ağcabədi rayon Telekommunikasiya Qovşağının bir qrup əməkdaşı tərəfindən İddiaçı təhkim olunmuş və digər şəxslərin girişinə icazə verilməyən otaqda (elektrik qida qurğuları avadanlıqlarının yerləşdiyi otaq) qumar oynanılmışdır. Cavabdeh MMC üzrə verilmiş xx xxx 2020-ci il tarixli, 512 saylı əmrə əsasən Ağcabədi rayon Telekommunikasiya Qovşağının elektrik montyoru İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən son haqq-hesab müvafiq qaydada ödənilməklə tutduğu vəzifədən azad edilmişdir. X4 Həmkarlar ittifaqı Respublika Komitəsi Ağcabədi TKQ-nin Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin xx.xx.2020-ci il tarixində onlayn iclasının 01 saylı protokoluna əsasən Ağcabədi rayon Telekommunikasiya Qovşağının elektrik montyoru İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilə bilməsinin əsaslarından biri kimi bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması da nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 72-ci maddəsinin e) və f) bəndlərinə əsasən işçi tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbeh növlərindən biri olan əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsinə görə isə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 83cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli, 224 saylı əmri ilə təsdiq edilmiş “Daxili intizam Qaydaları”nın 3.2-ci bəndinə əsasən, Cəmiyyətin mənafeyinə zidd olan işləri, hərəkətləri (hərəkətsizliyi) etməmək, Nazirliyin və Cəmiyyətin adına xələl gətirə bilən yerlərdən, hərəkətlərdən və şəxslərlə əlaqədən çəkinmək işçinin əsas vəzifələrindəndir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, işçilər nümunəvi nizam-intizamı və davranışı ilə Cəmiyyətin adına olan ictimai etimadı yüksəltməli, hüquq və vəzifələrini davranış və nizam-intizam prinsiplərinə müvafiq olaraq həyata keçirməlidirlər. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2011-ci il tarixli, 148 saylı əmri ilə təsdiq edilmiş “Rabitə birlik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçilərin etik davranış Qaydaları’nın 5.4-cü bəndinə əsasən, işçilər onun xidməti vəzifəsinə aid olmadığı hallarda Nazirliyin və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə Nazirliyin və çalışdığı müəssisənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təsiri bağışlayan hərəkətlərdən çəkinməlidir. Həmin Qaydaların 5.7ci bəndinə əsasən, işçilər Azərbaycan Respublikasının, Nazirliyin və işlədiyi müəssisənin nüfuzunu möhkəmləndirməyə, adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Bundan əlavə həmin Qaydaların 6.34-cü bəndinə əsasən, işçi işgüzar qaydalara və etik davranış qaydalarına uyğun olmayan davranışa qarşı tədbirlər görməli, həmin Qaydaların 6.35-ci bəndi əsasən, özünə və həmkarlarına qarşı tələbkar olmalı, etik davranış qaydalarının iş yoldaşı tərəfindən pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbirlər görməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməlidir. O cümlədən, həmin Qaydaların 7.9-cu bəndinə əsasən, rəhbər işçi tabelikdə olanların işgüzar qaydalara və etik davranış qaydalarına əməl etməsinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir. Göründüyü kimi, İddiaçı X1 öz əmək funksiyasını yerinə yetirməyərək, Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli, 224 saylı əmri ilə təsdiq edilmiş “Daxili intizam Qaydaları”nın və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2011-ci il tarixli, 148 saylı əmri ilə təsdiq edilmiş “Rabitə birlik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçilərin etik davranış Qaydaları”nın tələblərinə zidd olaraq əmək və icra intizamını pozması, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə zərər vurması kimi qiymətləndirilməlidir. Kollegiya iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-3940/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “X1 elektrik montyoru vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-912/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-912/2021
17.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver