Məhkəmə qərarları › İş №2(103)-9126/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9126/2021

30.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9126/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1, Cavabdeh, onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2(009)-1975/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” barədə iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin cehiz əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının oğlu ilə 18.06.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. 15 noyabr 2019-cu il tarixdə nikah pozulmuşdur. ünvan 1 ünvanında yerləşən ev iddiaçının sahibliyindədir və mənzil kirayə müqaviləsi onunla bağlanılmışdır. Cavabdeh valideynləri ilə yaşasa da cehiz əşyaları sözügedən evdə qalmaqdadır. Bu vəziyyətdən istifadə edərək, müxtəlif vaxtlarda cavabdeh günlərlə həmin evdə yaşayır. Odur ki, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2(009)-1975/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən evdən cehiz əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə iddaçı olan keçmiş qaynansı İddiaçı ona qarşı yaşayış sahəsindən çıxarılma barədə idda ərzəsi ilə məhkəməyə müraciət edərək cavabdehin cehiz əşyaları ilə birlikdə ünvan 2 ünvanında yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı əmlakın hüquqi vəziyyətini müəyyən edən heç bir sənəd təqdim etməmiş, yalnız kommunal ödənişlərin ödənişi üzrə qeydiyyatda olmasına dair hesabdan çıxarış vermişdir. Bu isə öz növbəsində özbaşına tikili hesab olunan evin hüquqi taleynə təsir edən sənəd hesab olunmur.kirayə müqaviləsi kimi dəyərləndirilə bilməz. İşə baxan məhkəmə tərəfin prosesdə iştirakını təmin etmədən və faktiki olaraq iddianın məzmumuna etiraz edən cavabdehin hüquqi mövqeyini, işin faktiki hallarını araşdırmadan qanunsuz və ədalətsiz qətnamə qəbul etmiş, hüquqlarımı pozmala azyaşlı uşağı ilə onun çöldə qalmasına şərait yaratmışdır. Halbu ki, işin faktiki halları ondan ibarətdir ki, o, Cavabdeh iddiaçının oğlu X5 ilə 18.06.2014-cü il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 1 uşaqları övladları doğulmuşdur. Bu uşağı da, gəlin köçdüyü həmin pəncərəsiz bir otaqlı mənzildə dünyaya gətirmişdir. Nərimanov Rayon Məhkəməsinin 25.07.2019-cu il tarixli 2(005)2308/2019 saylı qətnaməsi ilə Ç.Vəliyevlə aralarında olan nikah xitam olunmuşdur. 24.01.2016-cı il təvəllüdlü X3 onun yanında saxlanmışdır. Fasiləsiz və maneəsiz olaraq mübahisəli bir otaqda qalır və uşağı təkbaşına böyüdür. Həmin ev faktiki olaraq sənədsiz hesab olunur və statusu bilinmir. Hakim isə məhkəmədə subyektiv hüquqluluq anlayışından yan keçməklə əhəmiyyətli hallara diqqət yetirməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X4 (cavabdehin anası) izahatında bildirmişdir ki, qızı mübahisəli evin 1 otağına gəlin köçmüşdür. Gəlin köçərkən evin tam hazır olduğunu bildirsələr də, ev təmirsiz idi. Otaq 9 kv.metrdir. Həmin otağın məişət və təmin əşyalarını Ş.Əhmədova özü almışdır. Otağın təmir işlərinə sərf olunan inşaat materialları da onun özü tərəfindən alınıb və keçmiş qudası Saqif usta olduğundan onun tərəfindən təmir işləri həyata keçirilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ev dövlət qeydiyyatından keçməməklə özbaşına tikili statusuna malikdir. Nərimanov Rayon Məhkəməsinin 25.07.2019-cu il tarixli 2(005)-2308/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə iddiaçının oğlu X5 ilə aralarında olan nikah pozulmuşdur. Tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, cavabdeh mübahisəli mənzildə yaşayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh iddiaçının ailə üzvü statusunu itirmiş və bu səbəbdən artıq sözügedən evdə daimi olaraq yaşamamaqdadır. Lakin cavabdeh özünə məxsus cehiz əşyalarını iddiaçının sahibliyindəki evdə saxlamaqla iddiaçının mənzildən sərbəst şəkildə və öz istədiyi kimi istifadə etməsinə maneçilik törətməkdədir. Bu səbəbdən iddia təmin edilərək cavabdeh cehiz əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdən çıxarılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş tikiliyə köçürülmə tələbi ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir; Həmin məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Qeyd olunan məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, , heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kollegiya qeyd edir ki, bu konstitusion norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insan yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın əsası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanuni iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə cavabdehin yaşadığı yerdən məhrum edilməsi halı mövcuddur. Belə ki, qanunvericiliyin mənasına görə məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əkd təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. İşin materialları və işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilmişdir ki, mübahisəli tikili özbaşına tikili statusuna malik olmaqla onun üzərində heç kimin mülkiyyət hüququ qeydə alınmamış və iddiaçı uzun müddət cavabdehlə birgə həmin mənzildə yaşayırlar. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsi göstərişinin xarakterinə görə səlahiyyətverici norma olmamaqla, yuxarıda qeyd edildiyi kimi qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı yəni, mənzildə yaşamaq səlahiyyəti verilsə idi, bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunması normanın istifadə hüququnun olub-olmadığına aslı olmayaraq, mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Çünki, obyektiv hüququnun normalarından biri də mühafizə funksiyasıdır. Qeyd edilən məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, mübahisəli evin özbaşına tikili sayılmasının Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəasində ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın həmçinin tətbiq edilməsinə də maneə deyildir. Belə ki, qeyd olunan normada istifadə olunan “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edil bilməz” məzmunlu obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına inşa olunmuş tikili və s.) asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında » 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən, şəxsin olduğu yer-onun yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə, yaşayış binası (özünün, qonsuşunun, tanışının və digər.) başa düşülür. Şəxsin yaşayış yeri tam həmdə qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Kollegiya qeyd edir ki, əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın (Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi) məqsədi baxımından həmin obyekt mənzil sayılır. Kollegiya həmçinin qeyd edir ki, Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4). İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən, özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. Kollegiya qeyd edir ki, tikilinin özbaşına tikili statusunda olmasının ondan uzun illər ərzində yaşayış sahəsi kimi istifadə etmiş şəxsin həmin sahədən çıxarılmasına əsas ola bilməz. Özbaşına tikililərdə yaşayan şəxsin orada yaşamaqdan məhrum edilməsi müəyyən hüquqi nəticələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola bilər. Belə ki, bu halın mövcudluğu artıq qanunu pozmaqla özbaşına tikintini aparmış şəxsə növbəti qanunsuzluqlar etməyə, yəni, özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxartmağa və digər bu kimi hərəkətlər etməyə şərait yarada bilər. Ona görə də bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalıdır, yəni, əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Belə ki, işin materiallarından görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirməmiş, mübahisələndirilən hal həmin evə (özbaşına tikiliyə) cavabdehin hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, cavabdeh həmin evin təmirində və evin ümumi vəziyyətinin yaxşılaşdırılmasına iştirak etmişdir. Bu hal apellyasiya baxışı zamanı tərəflərin izahatı ilə öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh mübahisəli evə köçərkən, yaşadığı otaq təmirsiz olmuşdur. Tərəflərin qarşılıqlı razılaşması əsasında, cavabdeh tərəfindən, yəni cavabdehin anası tərəfindən tikinti materiallarının (oboy, laminat və s.) alınması üçün pul vəsaiti iddiaçının həyat yoldaşına ödənilmişdir. İddiaçının həyat yoldaşı özü usta olduğundan, evin təmir işləri onun tərəfindən görülmüşdür. Bu faktı məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi də, təsdiq etmişdir. Belə olan halda, cavabdehin mübahisəli evin təmir olunmasında iştirak etməsi iddiaçı tərəfindən qismən etiraf edildiyindən, cavabdehin mövqeyinin təkzib edilməsi vəzifəsi iddiaçının üzərinə keçmişdir. Buna baxmayaraq, iddiaçı bunu təkzib edə bilməmişdir. Kollegiya hesab edir ki, cavabdehin mübahisəli evin əsaslı təmirində iştirak etməsi işin mübahisəsiz halıdır və tərəflərin izahatları ilə də təsdiq olunur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Konstitusiyanın hər bir normasının birbaşa hüquqi qüvvəyə malik olmasının nəzərə alınmaqla, cavabdehin mübahisəli mənzildən əşyaları ilə birlikdə çıxarılması qeyd qanunvericvilik normalarının tələblərinə ziddir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2(009)-1975/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar