Məhkəmə qərarları › İş №2(103)-913/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-913/2020

30.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-913/2020 30.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi, vəkil X1, Cavabdeh iştirakları ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakışəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(007)-53/2019 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 48590 manat məbləğində pulun, vurulmuş maddi ziyana görə 15000 manatın, mənəvi zərərə görə 1500 manatın və 30 manat dövlət rüsumunun iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı2 “Superdoors” salon mağazasını etibarnamə əsasında işlətmiş və İddiaçı1 mağazanın direktoru kimi fəaliyyət göstərmışdir. Cavabdeh 2014-ci ildə həmin mağazaya gələrək Buzovna qəsəbəsində yerləşən bağ evində təmir işlərinin getdiyini və təmir işləri ilə əlaqədar plastik pəncərələrin lazım olduğunu və sifariş vermək istədiyini bildirmişdir. Bununla bağlı olaraq İddiaçı1 ilə şüşə, qapı və pəncərələrin satışı ilə məşğul olan X2 arasında 17 oktyabr 2014-cü ıl tarixdə müqavilə bağlanmış və P.A.Ağayev həmin evin pəncərələrinin quraşdırılmasını öz öhdəsinə götürmüşdür. Görüləcək işlərin qiyməti cavabdehlə razılaşdırılmışdır. P.A.Ağayevin işçiləri tərəfindən cavabdehə məxsus evdə pəncərələrin quraşdırılmasna başlanılmış və ilkin olaraq 358 kv.m. sahəyə açılanların sayı 25 ədəd olmaqla, şüşələr tünd rəngli və profillərin də rəngi tünd olmaqla pəncərələr quraşdırılması razılaşdırılmış və həyata keçirilmişdir. Görülən bu işlər 63000 manat dəyərində olmuşdur. Lakin sonradan cavabdeh şüşənin rənginin bəyənilmədiyini, dəyişdiriləcəyini, həmçinin açılanların sayının artırılması, cam balkonun cəbhə profili ilə əvəz olunması və əlavə olaraq gözətçi otağına pəncərələrin əlavə edilməsini bildirmiş, bu işlərin həcmi 520 kv.m. olmuş, əlavə qiymətlər razılaşdırılmış, həmin işlər cavabdehə məxsus evdə yerinə yetirilmiş və cavabdehə təhvil verilmişdir. Ümumi olaraq görülmüş işlərin məbləği 152440 manat olmuş, cavabdeh həmin məbləğin yalnız 105000 manatını ödəmiş, qalan 48590 manatı ödəməmişdir. Dəfələrlə cavabdehdən pulu ödəməsini tələb etsələr də, cavabdeh pulun ödənilməsindən yayınmış, aralarında olan şifahi razılaşmanı pozmuşdur. Pulun vaxtında ödənilməməsi səbəbindən iddiaçılar P.A.Ağayev qarşısında götürdükləri öhdəliyi yerinə yetirə bilməmiş və bu səbəbdən maddi zərərə məruz qalmışlar. Cavabdeh tərəfindən iddiaçılara 15000 manat məbləğində maddi ziyan vurulmuş, manatın dollara nisbətdə zəifləməsi, materialların qiymətinin qalxması və s. hallar nəzərə alınmalıdır. Belə ki, cavabdeh üçün görülmüş işlərin hal-hazırda dəyərinin müəyyən edilməsi üçün “SKYGLASS” firmasına müraciət edilmiş və görülmüş işlərin dəyəri 198780 manat müəyyən edilmişdir. Cavabdehin pulu vaxtında ödəməməsi nəticəsində iddiaçılar pulu Pərvin Ağayevə çatdıra bilməmiş, bununla bağlı problemlər yaranmış və cavabdehin əməli nəticəsində onlar mənəvi zərərə də məruz qalmışlar. Belə ki, cavabdehin iddiaçıları aldatması, sonda pulu ödəməməsi səbəbindən dəfələrlə stress keçirmiş və psixikalarına ciddi şəkildə təsir etmişdir. Cavabdeh tərəfindən iddiaçılara vurulmuş mənəvi zərəri 1500 manat məbləğində dəyərləndirlər. Mənəvi ziyanı dəflərlə həmin sahəyə gedib-gəlmələri, fəhlərlə vaxtında pul verə bilməmələri ilə əlaqələndirmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(007)-53/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 28408 manat məbləğində pul vəsaitinin və 15 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertizalar üçün çəkilmiş 200 manat xərcin 100 manatının iddiaçılara, 100 manatının isə cavabdehə aid edilməsi və onlardan alınıb dövlət büdcəsinə keçirilməsi, iddiaçılar tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun onlara aid edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakışəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(007)-53/2019 saylı qətnaməsinin qismən, yəni iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar tərəfindən qeyd edilən işlər görülməmiş və pəncərə quraşdırılması ilə bağlı hər hansı xidmət göstərilməmişdir. Əksinə, görülən işlər X2 tərəfindən həyata keçirilmişdir. Belə olan halda mülki prosessual qanunvericiliyin tələbinə görə hər hansı maddi və digər tələbinin olacağı halda iddiaçı qismində yalnız X2 çıxış edə bilərdi ki, onun tərəfindən hər hansı iddia tələbi irəli sürülməmişdir. Bundan başqa, məhkəmə yalnız ekspertiza rəylərinə istinad etmişdir ki, bu hissədə də yanlışlığa yol verilmişdir. Ekspertiza rəyləri həqiqəti əks etdirmir və orada bir sıra hallar nəzərə alınmamışdır. Belə ki, cavabdeh özünə məxsus evdə təmir-tikinti işləri aparmaq üçün İddiaçı2 müraciət etmiş, görülən işlərlə bağlı 105000 manat məbləğində pul vermişdir. Müəyyən müddət keçdikdən sonra Sənan bildirmişdir ki, pəncərələr tam hazırdır. Pəncələrə baxış keçirdikdə şüşələrin keyfiyyətsiz olması müəyyən edilmişdir. Şüşələrin qalınlığı 8 mm. deyil, 6 mm-lik olmuş, pəncələrin konstruksiyası cavabdehin xoşuna gəlməmiş, pəncərələr bayıra açılmış və narahat olmuşdur. Qüsurlar ustanın günahı ucbatından olmuş və keyfiyyətsiz materiallardan istifadə edilmişdir. Bundan başqa, qarajın qapısının və kalitkanın pulunun onları quraşdıran şəxs tərəfindən ödəniş olunmuşdur. Cavabdeh aldadılmış, etibarından sui-istifadə edilmişdir. O, iddiaçıya artıqlaması ilə pul vermişdir. Maksimum ona 85000,00 manat ödəməli olmuş, işlər başa çatdıqdan sonra öz hesabına pəncələri təmir etmişdir. İddiaçının ucbatından cavabdehin yenidən əlavə xərcləri olmuşdur. Əslində İddiaçı2 cavabdehə borcludur. Məhkəmədə cavabdeh tərəfindən dəvət edilmiş şahid X5 ifadəsində bildirmişdir ki, o cavabdehin bağ evində quraşdırılan pəncələrdə olan nasazlıqları və qusurları aradan qaldırmış, bütün pəncələri təmir etmiş və çatmayan materialları əlavə etmiş, pəncərələrdə olan 90% petlələri, zamokların fiksatorlarını dəyişmiş, aşağı sürüşmüş şüşələri qaldırıb yerinə qoymuş, plastik takozları quraşdırmış, tozluq adlanan rezini də alıb qoymuşdur. Pəncələrin konstruksiyasında çoxlu texniki səhvlər olmuş, ümumiyyətlə quraşdırılan pəncərələr keyfiyyətsiz olmuşdur. Bununla bağlı bütün ödənişləri Cavabdeh özü etmişdir. Nə qədər xərc tutmasını deyə bilmir. Göründüyü kimi, ekspertiza qarşısında görülən işlərin keyfiyyəti və standartlara uyğunluğu barədə sual qoyulmamış və tədqiqat aparılmamışdır. Pəncələrin konstruksiyasında çoxlu texniki səhvlər olmuş, ümumiyyətlə quraşdırılan pəncərələr keyfiyyətsiz olmuşdur. Lakin məhkəmə buna əhəmiyyət verməmişdir. Həmçinin ekspert cavabdehin təmir işləri qurtardıqdan sonra pəncərlərdə əlavə təmir etdiyini və çatmayan materialları əlavə etdiyini nəzərə almamış, həmin işləri də görülmüş iş kimi iddiaçının xeyrinə dəyərləndirmişdir. Əslində İddiaçı2 “makler”lik edərək özünə əsassız varlanmaq istəyir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini tam müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 etibarnamə əsasında nümayəndəsi, vəkil X3pellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 məhkəməyə gəlməmiş, səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq hesab edir ki, iddia tələbləri birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunsa da, iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmədiyindən hazırki apellyasiya baxışının hədlərini yalnız qətnamənin iddianın təmin edildiyi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsində tərəflərlə təqdim olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçılarla cavabdeh arasında sonuncunun bağ evinə 521 kv.m. sahəyə alüminum profildən və “parket” şüşədən pəncərələrin (materialla birlikdə), 239 kv.m. sahəyə açılan alüminum profildən və “parket” şüşədən pəncərələrin, 1 ədəd hərəkətli qaraj qapısının, 1 ədəd köməkçi sahəyə giriş qapısının (kalitkanın) quraşdırılması barədə razılığa gəlinmişdir. Həmin işlərə görə cavabdehin konkret nə qədər məbləğ ödəməli olması hər hansı yazılı müqavilədə və ya digər sənəddə müəyyən olunmamış, tərəflər arasında işin nəticəsindən asılı olaraq qiymətin razılaşdırılması nəzərdə tutulmuşdur. Həmçinin birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh tərəfindən görülən işlərə görə iddiaçılara 105000 manat ödənilmişdir. Görülən işlərin keyfiyyəti cavabdehi qane etmədiyi üçün iddiaçılara öz iradını bildirmiş və həmin nöqsanlar işlərin aparılmasına cəlb edilmiş üçüncü şəxs Pərvin Ağayev tərəfindən aradan qaldırılmağa çalışılmış, lakin görülmüş işlər cavabdehi yenə də qane etmədiyi üçün onun tərəfindən nöqsanların aradan qaldırılması üçün başqa şəxslər cəlb edilmışdır. Məhkəmə daha sonra hesab etmişdir ki, cavabdeh tərəfindən işin qüsurlarının aradan qaldırılması ilə bağlı konkret nə qədər xərc çəkməsinə dair məhkəməyə sübut təqdim olunmadığı üçün onun xərcləri nəzərə alınmadan hazırki iş üzrə təyin olunmuş ekspertiza üzrə ekspert tərəfindən müəyyən olunmuş qiymətlər əsas götürülərək mübahisəyə qiymət verilməlidir. Belə ki, məhkəmə araşdırılması ilə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçılara ödəmiş olduğu 105000 manat nəzərə alınmaqla 28408 manat ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin olunmasına dair mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmiş və cavabdehin bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisəni mahiyyəti üzrə həll edərkən podrat müqaviləsinə dair mülki qanunvericiliyin müddəalara istinadı da əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 753.-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Cavabdehə məxsus evə pəncərələrin, qaraj qapısının və köməkçi sahəyə giriş qapısının quraşdırılmasına dair iddiaçılardan İddiaçı2la Cavabdeh arasında razılığa gəlməsi və iddiaçı tərəfindən qeyd olunan işlərin görülməsinin təşkil etməsi, cavabdeh tərəfindən isə məhz iddiaçıya pul vəsaitinin ödənilməsi iş üzrə mübahisəsizdir və cavabdeh tərəfindən apellyasiya şikayətində də etiraf olunur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının öz növbəsində işlərin görülməsini üçüncü şəxsə həvalə etməsi cavabdehin iddiaçının qarşısında öhdəliklərinin yerinə yetirilməsi vəzifəsindən azad etmir. Belə ki, tərəflər arasında mövcud olan şifahi razılaşmaya əsasən sifarişin bilavasitə iddiaçılar tərəfindən icra edilməli olması cavabdeh tərəfindən iddia olunmamışdır. Həmçinin məhkəmə kollegiyası görülən işlərin mahiyyətini nəzərə alaraq iddiaçıların bilavasitə özlərinin həmin işləri görməli olmasını əsassız hesab edir. Belə ki, binaya pəncərə və qapıların quraşdırılması xüsusi bilik və bacarıqlar, avadanlıqların mövcudluğunu tələb edir ki, həmin işlərin bir və ya iki şəxs (iddiaçılar) tərəfindən özbaşına icra edilməsi mümkün deyil. Başqa sözlə, cavabdeh iddiaçılara sifariş verərkən dərk edirdi ki, tələb olunan işlər bilavasitə İddiaçı2 tərəfindən deyil, onun tərəfindən işə cəlb olunacaq başqa şəxslər tərəfindən icra olunacaqdır. Məhkəmə kollegiyası izah edir ki, iddiaçılarla üçüncü şəxs Pərvin Ağayev arasında öz növbəsində subpodrat müqaviləsindən irəli gələn münasibətlər yaranmış və həmin münasibətlər əsasında aralarında hər hansı mübahisə yarandığı halda, ayrıca icraat qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, görülən işlərin keyfiyyətsiz olması, dəyərinin 85000 manatdan artıq olmaması və iddiaçıların gördükləri işlərdən sonra əlavə xərclərin tələb olunması əsası ilə iddianın rədd olmasına dair cavabdehin apellyasiya şikayətinin dəlilləri də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Məcəllənin 763.2-ci maddəsinə görə əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Mülki Məcəllənin 764.1-ci maddəsinə görə əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Cavabdeh iddiaçılar tərəfindən görülmüş işlərin keyfiyyətsiz icra olunmasını iddia etsə də, qüsurların konkret nədən ibarət olması və onların aradan qaldırılması üçün çəkilən xərclərə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həmin halı birinci instansiya məhkəməsində cavabdeh tərəfindən dəvət olunmuş şahid X5 da Cavabdeh bağ evində quraşdırılan pəncələrdə olan nasazlıqları və qusurları aradan qaldırdığını göstərsə də, bununla bağlı çəkilən xərclərə dair məlumat verə bilməmişdir Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq cavabdehdən tutulmalı olan pul vəsaitinin məbləğini müəyyən etmək üçün iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəylərini əsas kimi götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə mühəndis texniki ekspertizasının 04 dekabr 2018-ci il tarixli 28095 saylı rəyinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Cavabdeh məxsus bağ evində yerinə yetirilmiş işlərin ümumi dəyərinin 2014-cü il tarixdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq, təqribən 130258,00 manat məbləğində olduğu müəyyən olunur. İş üzrə keçirilmiş əlavə məhkəmə mühəndis texniki ekspertizasının 23 aprel 2019cu il tarixli 33964 saylı rəyinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən cavabdeh Cavabdeh məxsus bağ evində yerinə yetirilmiş işlərin ümumi dəyərinin 2014-cü il tarixdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq, təqribən 133408,00 manat məbləğində olduğu müəyyən olunur. Belə ki, əlavə ekspert rəyində ilkin ekspertiza ilə sonrakı ekspertiza rəyi arasında yaranmış 3150 manat qiymət fərqinin qaraj və yardımçı tikililərin giriş-çıxış qapılarının ilkin ekspertiza zamanı ekspertizaya təqdim edilməməsi ilə izah olunur. Birinci instansiya məhkəməsi əlavə ekspertizanın rəyi ilə müəyyən olunmuş 133408 manatdan iddiaçıların onlara cavabdeh tərəfindən ödənilməsini etiraf etdikləri 105000 manat məbləğində pul vəsaitini çıxmaqla, qalan 28408 manat məbləğində pulun tutulmasını əsaslı hesab etmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində İddiaçı2 izahatında göstərmişdir ki, iddia tələbində göstərilən işin dəyərində qarajın qapısı qiyməti 2400 manat və kalitkanın qiyməti 750 manat daxildir. İddiaçıların tələblərinin sübutu qismində təqdim etdikləri görülmüş işlərə və ödənişlərə dair vərəqdən (i.v. 14) müəyyən olunur ki, cavabdeh tərəfindən pəncərələrin dəyərindən 105000 manat, qaraj qapısının dəyərindən isə 2000 manat, yəni ümumilikdə 107000 manat ödənilmişdir. Məhkəmə kollegiyası həmin vərəqin iddiaçılar tərəfindən tərtib olunmasını və məhkəməyə təqdim olunmasını nəzərə alaraq, cavabdeh tərəfindən aparılmış ödənişlərin sübutu qismində qiymətləndirir və hesab edir ki, əlavə məhkəmə mühəndis texniki ekspertizasının 23 aprel 2019-cu il tarixli rəyi ilə cavabdeh Cavabdeh məxsus bağ evində yerinə yetirilmiş işlərin ümumi dəyəri olan 133408,00 manat məbləğində həmçinin qaraj və yardımçı tikililərin giriş-çıxış qapılarının dəyəri daxil olduğundan və qaraj qapısının dəyərindən 2000 manatın ödənilməsi apellyasiya icraatı qaydasında əlavə müəyyən olunduğundan, həmin pukl vəsaiti cavabdehdən tutulmalı olan məbləğdən çıxılmalı və birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 384.0.3 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(007)-53/2019 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh 26408 (iyirmi altı min dörd yüz səkkiz) manat məbləğində pul tutularaq İddiaçı1 və İddiaçı2 ödənilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(007)-53/2019 saylı qətnaməsi mübahisələndirilən qalan hissədə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar