Məhkəmə qərarları › İş №2(103)-9134/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9134/2021

20.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9134/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, onun vəkili X11, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi ziyana görə pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4249/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, çalışdığı X2 Agentliyi ilə birgə maliyyələşən layihənin idarə edilməsi qrupunun ləğv olunmadığı və işlərin davam etdiyi nəzərə alınaraq, layihəyə mühəndis vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir Cavabdeh ASC-də X5 X1 Əməkdaşlıq Agentliyi ilə birgə maliyyələşən layihənin idarə edilməsi qrupunda mühəndis vəzifəsində fəaliyyət göstərmişdir. Tikintisində iştirak və nəzarət etdiyi bir çox layihələrdə - “Qusar rayonu içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması”, “Quba rayonu Dəvədabanı qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması”, “Xızı rayonu, Altıağac qəsəbəsi içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” və “Xaçmaz rayonunun içməli su mənbəyinin inşası” layihələrində işlər uğurla başa çatmışdır. Həmçinin, tikintisinə nəzarət etdiyi Xızı rayonu X14 Qurğuları, Altıağac qəsəbəsi X14 Qurğuları və Xaçmaz rayonu X14 Qurğuları layihələrinin inşası işləri davam etdirilməkdədir. Təəssüf ki bilinməyən səbəblərdən (bəlkə də arxa-dayaq olmadığından) sabiq X9 tikintisi başa çatmış layihə idarəetmə qruplarının ləğv olunması ilə əlaqədar verdiyi qərarla, çalışdığı layihəyə aidiyyətı olmasa da ixtisar siyahısına salınmışdır. Azərsuda baş verən yoxlamalar zamanı Q.Hüseynov vəzifəsindən azad olunandan sonra bu işlərin icrasını İşlər İdarəsi müdiri Möhsün Quliyev davam etdirib. Dövlət başçısının dəfələrlə “cavan kadrlara xüsusi ilə pandemiya dönəmində iş şəraiti yaradın” göstəriş və tapşırıqlarına məhəl qoymayaraq yaşı 70-dən yuxarı olan pensiya müavinəti alan əməkdaşların (tapşırılan vəya öz qohum əqrabası) işdə qalmasına şərait yaratmış ,əvəzində onun kimi cavan kadrların ixtisara düşməsinə və işdən çıxarılmasına səbəb olmuşdur. Başa düşülən hal kimi hansısa yaşı çox olan təcrübəli əməkdaşın işdə saxlanılması mümkün ola bilər, lakin bu digər gənc və perspektivli kadrların işdən uzaqlaşdırılmasına səbəb olmamalıdır. X7 Respublika Komitəsinə yazılan məktubda onu çalışdığı layihədə yox, fəaliyyət göstərməyən X13 (KFW) ilə birgə maliyyələşən layihənin idarə edilməsi qrupunun mühəndisi kimi qeyd etmiş və ixtisara düşməsinə səbəb olmuşdur. Belə böyük bir yalanı isə M.Quliyevin tabeliyində olan kadrlar şöbəsi, texniki səhv olduğunu əsaslandırmağa çalışmışdır. Hərkəsə məlumdur ku, texniki səhv deyilən hal vergül, nöqtə və hərf xətasıyla olur. M.Quliyevlə görüşündə çalışdığı X2 Agentliyi ilə birgə maliyyələşən Layihə İdarə etmə qrupunun ləğv olunmadığını, layihələrin davam etdiyini və işdən azad olunmağının hansı qanuni əsaslarla həyata keçirildiyini bildirdikdə və soruşduqda M.Quliyev tərəfindən artıq gec olduğunu, X6 işinə xitam verildiyini (əmr olmadan qanuna zidd hərəkət edərək, əmri sonradan imzaladıb), 6 təqvim həftəsinin tamamından sonra işə bərpa olunmağın mümkünlüyünü bildirdi (ƏM maddə 75/ç bəndinə uyğun yazılı öhdəlik olmadan). X8 ilə görüşdə hildirildi ki, işə yenidən qayıda bilmək üçün 6 təqvim həftəsinin bitməsiylə əlaqədar qanunvericilikdə hər hansısa maddə yoxdur. Məqsədi 1 ayın tamamından sonra hər hansısa quruma və ya Məhkəməyə şikayət edə bilməyinin qarşısını almaqdı. X10 portalına kadrlar tərəfindən ərizə yazılaraq texniki səhv olduğunu qeyd edərək, 18.05.2021-çi il tarixdən işə elektron bərpanın mümkünlüyü bildirildi və hər cür yardıma hazır olduqlarını qeyd etdilər. 27.05.2021-ci il tarixdə sədr əvəzi Köçərli Həsənova işə bərpa olunması üçün yazdığı ərizəyə də M.Quliyev öz adından şablon məktubla cavab verərək guya ona iş təklif olunduğunu, onun isə təklifi qəbul etmədiyini bildirilmişdir. Bir daha hansı əsasa və qanuna görə işdən ixtasara düşməsini yazdıqda eyni cavabla ərizə cavabsız qaldı.Təklif olunan işə gəldikdə isə 1420 AZN maaş aldığı vəzifənin layihələr bitmədiyi halda hansı əsasla 800 manatlıq işlə əvəzlənməsinə etiraz etmişdir.. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4249/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək onun təmin olunmamasını və mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 02.03.2015-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı 12-ci dərəcə ilə "xxxx" ASC-nin X5 Müdiriyyətinin Regionlar üzrə tikinti departamentinin Beynəlxalq layihələr üzrə tikintiyə texniki nəzarət şöbəsinə mühəndis (Qusar rayonu üzrə) vəzifəsinə təyin edilmişdir. Cavabdeh ASC-nin 01.07.2019-cu il tarixli 186-k №li əmrinə əsasən, İddiaçı Cavabdeh ASC-nin X5 Müdiriyyətinin Layihə İdarəetmə qrupları ilə işin təşkili şöbəsinin X2 Agentliyi ilə birgə maliyyələşdirilən layihənin idarə edilməsi qrupunun texniki nəzarət üzrə mühəndisi ilə bağlanmış əmək müaviləsinə edilmiş dəyişikliyə əsasən 01.07.2019-cu il tarixdən 14-cü dərəcə ilə X5 Müdiriyyətinin Layihə idarəetmə qrupları ilə işin təşkili şöbəsinin X2 Agentliyi ilə birgə maliyyələşdirilən layihənin idarə edilməsi qrupuna mühəndis vəzifəsinə təyin edilmişdir. Cavabdeh ASC-nin “ştat cədvəlinə dəyişiklik edilməsi haqqında” 30.03.2021-ci il tarixli, 161 №li əmrinin 1.9-cu bəndinə əsasən, X2 Agentliyi ilə birgə maliyyələşdirilən layihənin idarə edilməsi qrupundan bir vahid 14-cü dərəcəli mühəndis ştatı ləğv edilmişdir. Azərbaycan Su Təsərrüfatı X3 Respublika Komitəsinə ünvanlanmış “əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi haqqında” 07.05.2021-ci il tarixli, 01/1/01-1/1/6770 nömrəli məktuba əsasən İddiaçı tutduğu vəzifə üzrə ştat vahidi ixtisarına düşdüyünə görə xəbərdarlıq müddəti bitdikdən sonra onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə müvafiq olaraq ləğv edilməsinə razılıq verilməsi xahiş edilmişdir. Azərbaycan Su Təsərrüfatı X3 Respublika Komitəsinin “ştat vahidinin ixtisarı ilə bağlı əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi haqqında” 08.05.2021-ci il tarixli məktubuna əsasən, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 18.05.2021-ci il tarixli, 189-K nömrəli əmrlə ləğv edilmişdir. İddiaçı ştatın ixtisara düşməsi ilə əlaqədar peşə təcrübəsinə uyğun “Bakı Sukanal” İdarəsinin Texniki istehsalat şöbəsinin mühəndisi vəzifəsi üzrə müvafiq iş təklif edilmiş, o təklifdən imtina etmişdir. Aşağıda şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən cavabdeh orqan tərəfindən qanunvericiliyin hər hansı pozuntusuna yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinə görə isə, “işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə: 1) orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; 2) işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər”. İş materiallarından aydın olur ki, cavabdeh Şirkətin Cavabdeh ASC-nin “ştat cədvəlinə dəyişiklik edilməsi haqqında” 30.03.2021-ci il tarixli, 161 №li əmrinin 1.9-cu bəndinə əsasən, X2 Agentliyi ilə birgə maliyyələşdirilən layihənin idarə edilməsi qrupundan bir vahid 14-cü dərəcəli mühəndis ştatı ləğv edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar edilən işçilərin siyahısı müəyyən edilmiş, bununla əlaqədar 30.03.2021-ci il tarixində iddiaçıya onun əmək müqaviləsinə 6 təqvim həftəsində xitam veriləcəyi barədə xəbərdarlıq bildirişi göndərilmişdir. Göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həmçinin, kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə üst-üstə düşür və Məhkəmə kollegiyasi həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4249/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar