Məhkəmə qərarları › İş №2(103)-9135/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9135/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9135/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X6 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3661/2021 saylı mülki iş üzrə qəbul etdiyi 22 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh QSC-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 ilə "xxxx" Bank QSC arasında bağlanmış 11.12.2014-cü il tarixli 005R********** saylı kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün onunla bağlanmış 11.12.2014-cü il tarixli zaminlik müqaviləsinin ləğv edilməsi, tərəfindən ödənilmiş 35.194 ABŞ dollarının və həmin məbləğin 5 il özündə saxlanıldığına görə illik 5 faiz olmaqla 8798.50 ABŞ dolları olmaqla, cəmi 43.992.50 ABŞ dollarının ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 05.12.2014-cü il tarixində qardaşı X11 tərəfindən Cavabdeh QSC ilə bağlanmış kredit və ipoteka müqavilələrinə və onun zaminliyi ilə 71000 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Kredit faktiki onun tərəfindən ödənilirdi. 2015-ci ildə baş verən devalvasiyaya qədər ödənişləri daim vaxtında etmişdir. Bankın əməkdaşları krediti manata çevirəcəklərini bildirərək ödənişləri davam etdirməyi məsləhət gördülər. 11.08.2015-ci ildə banka ödəniş qrafıkinə uyğun olaraq, yəni 3625 USD ödəmək məqsədilə yaxınlaşmış, bank əməkdaşı kreditləri manata çevirdiklərini və 975 USD ödəməyinin kifayət olduğunu bildirmişdir. Daha sonra 09.09.2015-ci ildə yenə krediti ödəmək üçün banka yaxınlaşmış, bank əməkdaşı 915 USD ödəməli olduğunu bildirmişdir, beləliklə, eyni sözlərlə aldadaraq 12.10.2015-ci ildə 4036 USD, 11.11.2015-ci ildə 3994 USD və 44.40 AZN ödəniş etmişdir. 10.12.2015-ci ildə 800 AZN almış və ona bildirmişlər ki, kreditin manata çevrilməsi məsələsi artıq yekunlaşır. Xahiş etmişdir ki, manatla olan ödəniş qrafıki versinlər. Bank əməkdaşı sistemdə problem olduğunu, kreditlərin manata çevrilməsi ilə əlaqədar olaraq hələ ki müştərilərə ödəniş qrafıklərinin təqdim edə bilmədiklərini bildirdi. 2015-ci ilin sonunda ikinci devalvasiya vaxtı ödəniş etmək və ödəniş qrafıkini əldə etmək üçün yenə banka yaxınlaşmış, bankın əməkdaşları bildirmişdir ki, krediti manata çevirənədək heç bir ödəniş etməsin, belə ki, onsuz da heç kəs ödəniş etmir. Cavabdeh onu aldadaraq müqaviləni manatla deyil, ABŞ dollar ilə bağlamışdır. O da aldadıldığını 2015-ci ilin fevral ayında manatın devalvasiyasından sonra bilmişdir. Bununla yanaşı qardsaşı, maddi vəziyyətinin pisləşməsi ilə bağlı aidiyyəti qurumlara da rəsmi olaraq müraciətlər etmiş, lakin heç bir nəticəsi olmamışdır. Təsadüfi deyildir ki, tərəflər arasında bağlanmış müqavilələrdə tərəflərin hüquq və vəzifələri xüsusi qeyd olunsa da, üstünlük hüququ bankda saxlanılmış, ancaq hüquqları qeyd edilmiş, vəzifələri barədə heç bir müddəa yazılmamışdır. Əksinə kredit alanın isə ancaq vəzifələri göstərilmiş, hüquqlarının olması barədə heç bir bənd əlavə edilməmişdir. Bu hal onu göstərir ki, bank müqavilənin standart şərtlərini özü üçün vacib hesab edərək kredit alanın hüquqlarını kobud şəkildə pozmuşdur. Bundan başqa qeyd edir ki, qardaşı Rövşən Sultanovun iddia tələbi üzrə keçirilmiş məhkəmə proseslərinin nəticəsində sonradan ona məlum olmuşdur ki, iddiaçı Rövşən Sultanovun iddiası üzrə keçirilən məhkəmə prosesləri tamamilə saxtalaşdırılmış, yəni Rövşən Sultanovun da xəbəri olmadan ona məlum olmayan hallar baş vermişdir. Belə ki, ona sonradan məlum olmuşdur ki, qardaşının iddiası üzrə keçirilən məhkəmə proseslərində onun tərəfindən verilmiş vəsatətlər guya təmin edilməmiş, lakin iş materialları ilə tanış olan zaman məlum olmuşdur ki, onun vəsatətlərində qeyd etdiyi bütün sənədlər əslində tələb edilərək iş materiallarına əlavə edilmişdir və bütün bunlar da iddiaçının əleyhinə istifadə edilmişdir. Banka ödədiyi kreditlər barədə çıxarışı dəfələrlə istəməsinə baxmayaraq, bank heç bir sənəd təqdim etməmişdir. Kredit müqaviləsinə dəyişikliyin edilməsi yalnız zamin olaraq onun və borcalan X3 iştirakı ilə edilməli və imzalarla təsdiq edilməlidir, əks halda kredit müqaviləsinə hər hansı dəyişiklik edilə bilməz və reyestrə də məlumat ötürülə bilməz. Bu isə bank tərəfindən sənədlərin saxtalaşdırılmasıdır. Maliyyə Bazarlarına Nəzarət Palatasına kredit müqaviləsi ilə əlaqədar müraciət etdikdə onlar da həmin qanun pozuntusunu aşkar etdi, onların əməkdaşları bank ilə əlaqə saxlayaraq saxta sənədlə bağlı iradlarını bildirmişlər (lisenziyanın ləğv olunması ilə üzləşəcəklərini banka bildirmişlər) və bankın qanun çərçivəsində məsuliyyət daşıdığını onlara çatdırmışlar və yazılı surətdə 01.05.2017-ci il tarixində Palata tərəfindən Accessbankdan nə əsasa kredit müqaviləsinə dəyişiklik edildiyi barədə sorğu göndərdilər. Accessbank isə bir neçə gün sonra yəni 08.05.2017-ci il tarixində onlara və X10 X15 Tariyel İsmayılovun imzası ilə cavab məktubu göndərdi. Məktubda dəyişikliyin tərəflər arasında imzalanmış ödəniş qrafiki əsasında həyata keçirildiyi bildirilirdi. 13.11.2018-ci il tarixdə Maliyyə Palatasına yazılı müraciət etmişdir. Problemin həll olunduğu bildirilmiş, nə bankdan, nə də X2 hüquqlarını pozan dəyişdirilmiş kredit müqaviləsinin bir nüsxəsini ala bilməmişdir. Bank ona saxta 4036 USD məbləğində ödəniş cədvəli təqdim etmiş olsa da, X8 4031 USD məbləğində aylıq ödəniş cədvəli təqdim etmişdir. Bu isə dövlətdən yalnız onun adından hər ay 5 USD oğurlanması deməkdir. Bu hallar barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilmiş və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən də müraciəti cavabsız qalmamış, Xidmət tərəfindən 06.04.2018-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından məsələnin dəqiqləşdirilməsi və məlumat verilməsi tələb edilmiş, lakin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin belə müraciəti cavabsız qalmış, məlumat gizlədilmişdir. Yuxarıda göstərilən faktlardan məlum olur ki. bank tərəfindən qanunsuz olaraq, özbaşına şəkildə, birtərəfli qaydada veni müqavilə və qrafik tərtib edilmiş, həmin müqaviləni saxta olaraq guya X11 ilə bağlamış və o da, zamin olaraq guya müqaviləyə razılıq bildirmişdir. Belə bir hal olmamışdır. Belə olan halda bank tərəfindən bağlanmış veni müqavilə və öhdəliyə zamin durması mümkün olmamışdır. Bu səbəbdən zaminlik müqaviləsi etibarsız hesab edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(004)- 3661/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə yanaşı əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarına uyğun olmayan nəticəyə gəlməmişdir. Belə ki, öhdəliklər tərəfindən bank tərəfindən bir tərəfli qaydada dəyişdirilmiş, onun nə yazılığı, nə də şifahi xəbəri olmamışdır. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X12 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(004)- 3661/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi X4 isə apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(004)-3661/2021 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, 05.12.2014-cü il tarixində X11 ilə Cavabdeh QSC ilə bağlanmış kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi üzrə İddiaçı zamin olmuş və onunla zaminlik müqaviləsi bağlanmışdır. AR Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələblərinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1313/2017 saylı, 04.12.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh "AccessBank” QSC-yə qarşı “müqavilələrin etibarsız hesab olunması” tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı Cavabdeh QSC-nin cavabdehlər X7, İddiaçı və X9ma qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, 46527,91 ABŞ dolları əsas borc, 9486,52 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu, cəmi 57014,43 ABŞ dolları, 61 manat məhkəmə xərcinin X5 və İddiaçı müştərək qaydada tutularaq “AccessBank" QSC-yə ödənilməsi, tutmanın İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 8E 25 nömrəli mənzilə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 110.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.02.2019-cu il tarixli, 2(103)- 2206/2019 saylı qətnaməsi ilə iddiaçı X3 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.12.2017-ci il tarixli qətnaməsi iddiaçı X7 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20.09.2019-cu il tarixli, 2(102)-5291/2019 saylı qərarı ilə iddiaçı X3 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.02.2019-cu il tarixli, 2(103)-2206/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə cərimə borcuna dair hissədə dəyişdirilmiş, cərimə borcu 300 ABŞ dolları məbləğində müəyyən edilmiş, qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1313/2017 saylı, 04.12.2017-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 2206/2019, 11.02.2019-cu il tarixli qərarı ilə hazırkı işdə İddiaçı mübahisələndirdiyi zaminlik müqaviləsinin etibarlılığı yoxlanılmış və həmin zaminlik müqaviləsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsdə baxılmış 2(004)- 1313/2017 saylı iş üzrə cavabdehlərdən, o cümlədən hazırki işdə İddiaçı borcun tutulması qət edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3661/2021 saylı mülki iş üzrə qəbul etdiyi 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar