Məhkəmə qərarları › İş №2(103)-9137/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9137/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9137/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 iyul 2021-ci il tarixli qərardadından iddiaçı QSC-nin verdiyi şikayətə şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin cavabdehə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 14.04.2021-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. İddiaçı QSC həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti Rayon Məhkəməsi tərəfindən qəbul edilərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərsə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.05.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin qaytarılması üçün iş Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadı onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti 30.04.2021-ci il tarixdə Süleyman Bəkirov tərəfindən imzalanmış, lakin ona verilmiş etibarnamənin müddəti 11.09.2020-ci il tarixdə artıq bitmişdir. Belə olan halda hesab edilməlidir ki, apellyasiya şikayəti buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 26.07.2021-ci il tarixli qərardadla iddiaçı QSC-nin verdiyi apelyasiya şikayətini (yuxarıda qeyd edilən əsasla) geri qaytarmışdır. İddiaçı QSC-nin həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi Rayon Məhkəməsinə verilən zaman Süleyman Bəkirova verilmiş etibarnamənin müddəti bitməmişdir. Apellyasiya şikayəti verilən zaman isə etibarnamənin müddətinin bitməsi iddiaçıya məlum olmamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 12.08.2021-ci il tarixli qərardad ilə şikayəti təmin edilməmiş və baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin araşdırılmış və mübahisəsiz hallarından müəyyən olunur ki, QSC-nin apellyasiya şikayəti 16.05.2021-ci il tarixdə daxil olmuş və QSC-nin adından “X1 Edilməsi Agentliyi” MMC-nin icraçı direktoru Süleyman Bəkirov tərəfindən imzalanmışdır. İddiaçı QSC tərəfindən Süleyman Bəkirovun adına verilmiş etibarnamədən görünür ki, etibarnamənin müddəti 11.09.2020-ci il tarixdə bitmişdir. Bununla da müəyyən edilir ki, apellyasiya şikayəti verilən zaman Süleyman Bəkirovun apellyasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır. İşin hallarını nəzərə Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 362-ci maddəsinə görə, apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. MPM-nin 363.1-ci maddəsinin mənasına görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Odur ki, qeyd olunanları nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı qəbul etməklə, habelə həmin qərardaddan verilmiş şikayəti təmin etməməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri əsassızdır. MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar