Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9142/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(004)-4413/2021 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gəlin kimi köçüb faktiki olaraq yaşamış olduğu Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 568-ci məhəllədə yerləşən 68 saylı evin 63 saylı mənzilinə yaşayış hüququnun tanınmasına, köçürülməsinə və faktiki olaraq yaşadığı otağa istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 568-ci məhəllədə yerləşən 68 saylı evin 63 saylı mənzilin üzərinə həbs qoyulması, həmin əmlakın satılmasına və bağışlanmasına cavabdehlərə və başqa şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli 2(004)-4413/2021 nömrəli qərardadı ilə İddiaçı iddianın təmini tədbiri barədə ərizəsi qismən təmin edilmiş, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 568-ci məhəllədə yerləşən 68 saylı evin 63 saylı mənzilinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli 2(004)-4413/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” iddiası rədd edilmişdir. Eyni zamanda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(004)-4413/2021 saylı qərardadı ilə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli 2(004)- 4413/2021 nömrəli qərardadı ilə iddianı təmin etmə tədbiri kimi mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 568-ci məhəllədə yerləşən 68 saylı evin 63 saylı mənzilinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa ləğv edilmişdir. Hazırda iddiaçı həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini və mənzilin üzərinə həbs qoyulması, həmin əmlakın satılmasına və bağışlanmasına cavabdehlərə və başqa şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş edərək, göstərmişdir ki, cavabdehlər faktiki olaraq bir çox rəsmi saytlarda mənzilin satılmasına dair elanlar vermişlər, mənzilin satılması onun hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. İddiaçının verdiyi şikayət məhkəmənin 16.08.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi, iddiaçı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə iddia tələbi rədd edilmişdir, həmin qətnamədən görünür ki, mübahisəli mənzil cavabdeh X1, yəni, iddiaçının qayınanasının xüsusi mülkiyyətindədir və iddiaçı mübahisəli mənzilə 14.09.2017-ci il tarixdə nikaha daxil olduqdan sonra köçüb yaşamış və iddiaçı ilə cavabdehin oğlu arasında olan nikah 05.02.2020-ci il tarixli qətnamə əsasında pozulmuşdur. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia rədd edildiyinə görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli 2(004)-4413/2021 nömrəli qərardadı ilə iddianı təmin etmə tədbiri kimi mübahisə predmeti olan, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 568-ci məhəllədə yerləşən 68 saylı evin 63 saylı mənzilinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa ləğv edilməlidir. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 162.2-ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Kollegiya vurğulayır ki, qanunverici, iddia rədd edildiyi halda iddianın təmin tədbirinin qətnamə qanuni qüvvəyə minənədək saxlanılmasını müəyyən etməklə yanaşı, məhkəmə tərəfindən qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxarılması imkanını da nəzərdə tutmuşdur, bu imkan məhkəmə tərəfindən şərtsiz olaraq bütün hallarda deyil, yalnız bunun üçün ciddi əsaslar olduqda, qətnamənin gələcəkdə icrasını çətinləşdirəcək və ya qeyrimümkün edə bilən halların yaranıb-yaranmaması və s. diqqətəlayiq hallar tarazlaşdırılmaqla tətbiq oluna bilər. Hazırki iddia tələbi ilə iddianı təmin tədbiri arasında əlaqənin mövcud olmamasını nəzərə alaraq, iddianı təmin tədbirinin saxlanılması üçün zərurət olmadığından məhkəmə haqlı olaraq tətbiq edilmiş iddianı təmin etmə tədbirinin ləğv edilməsi qənaətinə gəlmişdir. Kollegiya onu da qeyd edir ki, iddiaçının tələblərinin gələcəkdə tam və ya qismən təmin edilməsi belə mənzilin mülkiyyətçisi olan Cavabdeh2 həmin mənzili özgəninkiləşdirmək üçün maneə ola bilməz. Bu baxımdan iddianı təmin etmə tədbirinin ləğv edilməsi nəticəsində T.Həsənzadənin mənzili özgəninkiləşdirə biləcəyi barədə dəlillər əhəmiyyətsizdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(004)-4413/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9142/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9142/2021
13.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver