Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9144/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 18.05.1992-ci ildə Laçın rayonunun Oculdərə kəndindən məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşmışdır. Məcburi köçkün düşənədək 01.06.1976-cı ildən 1992-ci ilin may ayına kimi Laçın rayonunun Oğuldərə kəndində «Çənlibel» koxozunda fəhlə işləmişdir. Lakin həmin illərdə işləməyini təsdiq edən əmək kitabçası orada qalmışdır. Hazırda o, təqaüdə çıxmaq istəyir. Bu məqsədlə bütün sənədlərini Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etmişdir. Lakin həmin təşkilatdan ona bildirilmişdir ki, onun təqaüdə çıxması üçün 25 il sığorta stajı tələb olunur. Bununla əlaqədar olaraq ona pensiya müəyyən edilməsindən imtina edilmiş, sosial sığorta stajının təsdiq olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Göstərilənlərə əsasən onun 01.06.1978-ci ildən 1992-ci ilədək Laçın rayonunun Oğuldərə kəndində yerləşən “Çənlibel” kolxozunda fəhlə işləməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(010)- 1333/2021 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. Qətnamədən narazı qalan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ərizənin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi «Hüquqi əhəmiyyəti olan faktların müəyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Rlenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin (hal-hazırda qüvvəsini itirmişdir) tələblərinə riayət etməmiş, nəticə etibarı ilə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan Laçın rayonu İcra Hakimiyyəti başçısının Oğuldərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi 1992-ci ildə Laçın rayonunun Oğuldərə kəndindən məcburi köçkün düşmüş, hal-hazırda ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 03.08.2016-cı il tarixli, AA seriyalı, 367384 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, Ərizəçi Laçın rayonundan məcburi köçkündür. İş materiallarında olan Azərbaycan Respubikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi ünvanlanmış 13.11.2020-ci il tarixli, **********5 nömrəli məktubda qeyd edilmişdir ki: “Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin ümumi iş stajınız 25 ildən az (18 il 5 ay 26 gün) təşkil edir. Bundan başqa, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40800 manat hesablandığı halda fərdi hesabınızın sığorta hissəsindən qeydə alınan pensiya kapitalı cəmi 33533.27 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İş materiallarında olan X6 məxsus, AZE ******* nömrəli əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X9 04.01.1989-cu ildə H.Hacıyev adına sovxozda işə qəbul edilmiş, 1990-cı ildə onun yerində Oğuldərə kəndi “Çənlibel” kolxozu yaradılmış, X2 əmək fəaliyyətini davam etdirmişdir. İş materiallarında olan X4 məxsus, AZE ******* nömrəli əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X9 05.06.1981-ci ildə H.Hacıyev adına sovxozda işə qəbul edilmiş, 1990-cı ildə onun yerində Oğuldərə kəndi “Çənlibel” kolxozu yaradılmış, X1 əmək fəaliyyətini davam etdirmişdir. Birinci instansiya məhkəməsində şahid kimi ifadə vermiş X8 izahatında bildirmişdir ki, Ərizəçi əmisi oğludur. Laçında onunla birlikdə “Çənlibel” adına kolxozda işləmişdir. O, işə başlayan vaxt kolxoz Hüsü Hacıyev adına olmuş, sonradan dəyişərək “Çənlibel” kolxozu olmuşdur. Arif orada 01.06.1978-ci ildən işləmişdir. Özü isə ondan bir neçə il sonra kolxozda işləməyə başlamışdır. Həmin vaxtdan 1992-ci ilə - işğala qədər kolxozda birlikdə işləmişlər. Arif kolxozda fəhlə olmuş, maldarlıq, ot biçimi-yığımı kimi işlər görmüşdür. O, rayondan çıxan vaxt əmək kitabçasını götürüb çıxa bilmişdir. Arifin isə kitabçası rayonda qalmışdır. Birinci instansiya məhkəməsində şahid kimi ifadə vermiş X10 izahatında bildirmişdir ki, o, Laçınlıdır. Ərizəçi onun qaynıdır. O, Ariflə birlikdə “Çənlibel” kolxozunda işləmişdir. Özü 1989-cu ildən kolxozda işləsə də Arif ondan çox qabaq, 1978-ci ildən bu kolxozda işləmişdir. Elə kolxozda işlədiyi dövrdə ailə qurmuşdur. Kolxoz əvvəl Hüsü Hacıyev adına kolxoz olmuş, sonradan adı dəyişmişdir. Arif kolxozda fəhlə olmuş, mal-heyvan otarmış, ot biçimi ilə məşğul olmuşdur. Rayon işğal olunan ərəfədə o, əmək kitabçasını götürə bilmişdir. Sonradan gəlib Bakıda xadimə işləmişdir. Arifin əmək kitabçası isə Laçında qalmışdır. İş materiallarını araşdıraraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 13.1-ci bəndində göstərilir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Hazırki işin hallarından görünür ki, ərizəçidən asılı olmayan səbəblərdən (Laçın rayonunun işğal altında olması) onun Laçın rayonunda işləməsini təsdiq edən sənədləri əldə etməsi mümkün olmamışdır. Buna baxmayaraq, məhkəmə iclasında ifadə vermiş şahidlər ərizəçi ilə bir müəssisədə işlədiklərini, ərizəçinin həqiqətən də, iddiada qeyd edilən müddət ərzində Laçın rayonu Oğuldərə kəndində «Çənlibel» kolxozunda fəhlə işlədiyini təsdiq etmişlər. Həmin şahidlərdən məhkəməyə təqdim etdikləri əmək kitabçalarının surətindən məlum olur ki, onlardan biri Laçın rayonu Oğuldərə kəndində «Çənlibel» kolxozunda 11.05.1980-ci ildən, digəri isə həmin kolxozda 01.01.1989-cu ildən işləmişdir. Məhkəmə kollegiyası iş üzrə şahid kimi dindirilmiş şəxslərin ifadələrinə Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən Qərarındakı hüquqi mövqeyinə uyğun olaraq sübut növü kimi qiymət verərək qeyd edir ki, şahidlər ərizəçi ilə eyni müəssisədə işləmələri barədə məhkəməyə hər hansı sübut təqdim etməsələr də, onların ifadələri mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, adıçəkilən şəxslər və ərizəçinin özü məcburi köçkündürlər və eyni kəndin sakinləridirlər. Wikipedia azad ensiklopediyasında olan məlumatlardan görünür ki, Laçın rayonu Oğuldərə kəndinin əhalisi 2006-cı ilə olan məlumatlara əsasən cəmi 920 nəfər təşkil edir. Göründüyü kimi, ərizəçinin və şahidlərin birgə yaşamış olduqları kəndin sakinlərinin sayı kifayət qədər məhduddur. Bu isə həmin kəndin sakinlərinin birgə əmək fəaliyyətindən başqa, həmkəndli kimi də bir-birini tanıması və əmək fəaliyyəti ilə məşğul olub-olmaması barədə məlumatlı olması ehtimalını əhəmiyyətli dərəcədə artırır. Bundan başqa, maraqlı şəxsin apellyasiya şikayətində istinad etdiyi Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli Plenum qərarında, nə də Nazirlər Kabinetinin hazırda qüvvədən düşmüş 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarında şahid ola biləcək şəxsin ərizəçi ilə eyni vaxtda və ya ondan daha əvvəl işləməli olmasına dair birbaşa tələb yoxdur. Bundan başqa, iş materiallarında olan Laçın rayonu İcra Hakimiyyəti Başçısının Oğuldərə kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş arayışda da ərizəçinin iddia ərizəsində qeyd edilən tarixlərdə həmin sovxozda fəhlə işləməsi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən istnad etdiyi şahid ifadələrinin mötəbər sübut olmaması və prosessual qanunvericiliyin tələbləri pozulmaqla əldə edilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 mart 2019-cu il tarixli Qərarında göstərilir ki, sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarındakı hüquqi mövqeyə istinad edib hazırkı işin hallarını araşdıraraq və təqdim edilmiş sübutlara məcmu halda, bir-biri ilə əlaqəli şəkildə qiymət verərək bu nəticəyə gəlir ki, Ərizəçi Laçın rayonu Oğuldərə kəndində «Çənlibel» kolxozunda 01.06.1978 – 05.1992-ci illərdə fəhlə işləməsi faktı sübuta yetir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(010)- 1333/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-9144/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9144/2021
18.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver