Məhkəmə qərarları › İş №2(103)-915/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-915/2021

11.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-915/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Bakı şəhəri 9 nömrəli notariat ofisinə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri 9 saylı notariat ofisinə və “xxxx” açıq səhmdar cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı Əbdülhüseyn Cəbiyevin xx xxx 2019-cu il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində öldüyünü, qardaşının ölümündən sonra ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Möylan küçəsi 5 nömrəli fərdi yaşayış evini miras əmlak kimi faktiki qəbul etdiyini, hazırda da evin özünün sahibliyində olduğunu, qardaşının başqa vərəsəsinin olmadığını, vərəsəlik şadətnaməsinin verilməsi üçün 9 saylı notariat kontoruna etdiyi müraciətə müsbət cavab verilmədiyini bildirmiş, buna görə də sözügedən əmlak üzərində vərəsəlik hüququnun tanınması haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmasını xahiş edən iddiaçı şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işi birtərəfli araşdırdığını, hüququn tətbiq edilməsində səhv buraxdığını, habelə tətbiq edilməli olan qanun və ya digər normativ hüquqi aktı tətbiq etmədiyini irəli sürmüşdür. İşə baxılmasının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmasına baxmayaraq iddiaçı, habelə cavabdeh Bakı şəhəri 9 nömrəli notariat ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə iclaslarında iştirak edən “xxxx” ASC-nin, ləğv prosesində olan “Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətinin və “Qafqaz Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri isə iddianın heç bir hüquqi əsasının olmadığını bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Möylan küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evi xx xxxx 2004-cü il tarixdə X1 adına ilkin qeydiyyatdan keçmiş, “X3 Mərkəzi”nin hərracın nəticələri haqqında xx xxx 2016-cı il tarixli Y-280 nömrəli protokoluna və xx xxx 2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinə əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adına qeydiyyata alınmış, Bakı şəhəri 53 saylı notariat kontorunda xx xxxxxx 2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən “Qafqaz Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə keçirilmişdir İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, X2 xx xxxxxxx 2018-ci il tarixdə vəfat etmişdir və iddiaçı onun vərəsəsi kimi sözügedən əmlakla bağlı ona vərəsəlik şəhadətnaməsinin verilməsini istəməkdədir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İşin yuxarıda qeyd olunan müəyyən edilmiş hallarından göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Möylan küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evi X1 mirasının kütləsinə daxil olmamışdır və bu səbəblə də iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə ümumiyyətlə uzlaşmamaqdadır. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-860/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar