Məhkəmə qərarları › İş №2(103)-915/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-915/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-915/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1782/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İsmayil qızı Cavabdeh İsmayil qızına qarşı pul tələbinı dair iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müracət edərək, ünvan 1 ünvanında yerləşən, "xxxx" ASC-də ipoteka ilə yüklü olan 28 saylı mənzilə görə 2018-ci ilin may ayından 2019-cu ilin aprel ayınadək 11 ay ərzində aylıq ödədiyi 554,30 manat (455,60 AZN aylıq+30,67 AZN həyat sığortası+68,03 AZN əmlak sığortası=544,30AZN) olmaqla, cəmi 6097 manat, mənzilin təmirinə xərclədiyi 5000 manat olmaqla, ümumilikdə 11097 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, 18.04.2018-ci il tarixdə daşınmaz əmlakın ilkin alqı satqısı müqaviləsi ilə Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 13 saylı evin, 28 saylı mənzilinə görə 50 saylı Notariat kontorunun depozitinə 45000 AZN pul ödəməklə həmin mənzili almış və öz şəxsi əmlakı kimi ipoteka ilə yüklü olduğundan aylıq ödənişləri ödəmiş və təmir işlərinə pul xərcləmişdir. 2018-ci ilin may ayından 2019-cu ilin aprel ayınadək hər ay 554,30 AZN (544,30=455,60 AZN aylıq+30,67 AZN həyat sığortası+68,03 AZN əmlak sığortası) ümumilikdə 11 ay ərzində 6097 AZN ipoteka ödənişlərini ödəmişdir. Həmin ödənişlərin ilk 6 ayını "xxxx" ASC-nin Sumqayıt filialında, 5 ayını isə Novxanı Poçtunda ödəmişdir. Qeyd olunan mənzili aldıqdan sonra aşağıdakı təmir və yaxşılaşdırma işləri aparmışdır. Belə ki, həmin mənzilə kombi sistemi quraşdırmış, dam örtüyünə tol çəkdirməklə qırlatmış, dəmirdən olan yararsız su turbaları yeni plastik su turbaları ilə əvəz etdirmiş, su çənini təmir etdirərək su nasosu quraşdırmış, blokdan mənzilə gələn mərkəzi elektrik kabel xəttini dəyişdirmiş, parketi cilalatdırmaqla təmir etdirmiş, dəhlizin linolium örtüyünü çıxardaraq metlax döşətdirmiş, bütün bu təmir işlərinə cəmi 5000 manat, ümumilikdə isə 11097 manat pul xərcləmişdir. Bir müddət sonra alqısatqı müqaviləsinə əsasən mübahisəli mənzilin mülkiyyətçisi və satıcısı X1 vəfat etdiyini xəbər tutmuşdur. Buna baxmayaraq, ailəsi ilə birgə artıq sözügedən ünvanda yaşayırdı. Mərhumun vərəsələrinə (hazırki iş üzrə cavabdeh və övladlarına) evin onun adına sənədləşdirilməsi üçün müraciət etmişdir. Çünki, cavabdeh mübahisəli mənzilə dair mirası qəbul edib, bundan sonra onunla yekun alqı-satqı müqaviləsi bağlamalı idi. Cavabdehin notariusa müraciəti nəticəsində ona 29.08.2019-cu il tarixdə 2V-749 nömrəli vərəslik haqqında şəhadətnamə verilmişdir. Cavabdeh isə sözügedən vərəsəlik şəhadətnaməsi əsasında mübahisəli mənzili öz adına rəsmiləşdirmişdir. Daha sonra cavabdeh, onun ailə üzvləri ilə birgə mənzildən çıxarılmasına nail olmuşdur. Cavabdeh İsmayil qızı cavabdeh İddiaçı İsmayil qızına qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müracət edərək cavabdehdən 13.09.2019-cü tarixdən başlayaraq ünvan 2 ünvanında yerləşən 28 saylı mənzildən qanunsuz istifadə edildiyinə görə mənzil təhvil verilənədək hər ay 450 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı Bakı şəhəri Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 13, mənzil 28 ipoteka ilə yüklü olduğundan aylıq ödənişləri və təmir işlərinə pul xərclədiyindən və təmir işləri gördüyündən həmin pulun dəyərinin Cavabdeh tutulmasını tələb etmişdir. Lakin hər şeydən əvvəl işin müəyyən halı ondan ibarətdir ki, iddiaçı sadaladığı halları və ödənişləri heç bir dəlillə sübuta yetirə bilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.02.2020-ci il tarixli, 2(004)-689/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair işi üzrə iddiaçının sadaladığı hallar məhkəmə tərəfindən əsassız hesab edildiyindən ünvan 3 ünvanında yerləşən mənzilin İddiaçı və onun ailə üzvləri tərəfindən boşaldılaraq Cavabdeh qızma təhvl verilməsi barədə qətnamə çıxarılmışdır. Beləliklə, mülki prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. İşin digər vacib halı ondan ibarətdir ki, X1 vəfatından (13.09.2019-cu il tarixdən) sonra mülkiyyət hüquqları ilə qarşılıqlı iddia üzrə iddiaçıya məxsus olan mənzilə gedərkən qarşılıqı iddia üzrə cavabdeh İddiaçı və onun ailə üzvlərinin həmin evdə yaşadıqlarını görmüş, onlardan əmlakını tərk etmələrini tələb etdikdə isə İddiaçı və onun ailə üzvləri bu qanuni tələbə etiraz edərək həmin evin onlara məxsus olmasını iddia etmişlər. İddia onunla əsaslandırılmışdır ki, həmin ev X1 vəfatından bir qədər öncə alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmışdır. Halbuki, qeyd edilən alqısatqı prosesindən X3 heç bir məlumatı olmadığını, belə bir alqı-satqı müqaviləsi olduğu təqdirdə həmin mənzil birgə nikah dövründə əldə edildiyindən müvafiq alqı-satqıya dair onun da razılığı notariat qaydasında tələb olunduğu halda belə bir razılıq alınmadan alqısatqı həyata keçirilmişsə də həmin müqavilənin etibarsız olduğu bildirilmiş, lakin bu bildirişə və haqlı tələbinə heç bir məhəl qoyulmamışdır. Bununla bağlı 13.09.2019-cu il tarixdən etibarən bildirişlə mənzildən qanunsuz istifadə edən şəxslərə həmin mənzili qanuni mülkiyyətçisinə təhvil vermələri barədə məlumat verilsə də, bu günə kimi cavabdeh və onun ailə üzvləri mənzildən çıxmırlar. Cavabdehin və onun ailə üzvlərinin bu hərəkətləri ilə onun qanunla qorunan hüquq və mənafelərinə zidd hal yaranmaqla, əmlak və mülkiyyət hüquqları ciddi şəkildə pozulmaqdadır və mənzil hazırda İddiaçı və onun ailə üzvlərinin qanunsuz istifadəsindədir. Bu səbəbdən, 13.09.2019-cu tarixdən başlayaraq sözügedən mənzil təhvil verilənədək hər ay üçün 450 manat pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qızma ödənilməsi zəruridir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1782/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh İsmayil qızından 6097 (altı min doxsan yeddi) manat tutularaq İddiaçı xeyrinə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh İsmayil qızının cavabdeh İddiaçı İsmayil qızına qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş edərək şikayətində göstərmişdir ki, məhkəmə artıq digər məhkəmə tərəfindən etibarsız sayılmış müqaviləni əsas tutaraq İddiaçı mübahisə predmeti olan mənzildən 13.09.2019ci il tarixdən 17.07.2021-ci il tarixə qədər istifadəsini qanunsuz saymamışdır. Halbuki, qeyd olunan əqd artıq əvvəlki məhkəmə tərəfindən etibarsız sayılmış və buna görə də bağlandığı andan etibarsız sayılır. Beləlilklə, əqd etibarsız sayıldığından qanunvericiliyə əsasən tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Eyni Məcəllənin 337.5-ci maddəsində isə qeyd edilmişdir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.İşin hallarından göründüyü kimi İddiaçı mübahisə predmeti olan mənzildən etibarsız sayılmış əqdə əsasən əsassız istifadə edib və bu səbəbdən də həmin əmlakdan istifadə etməyinin dəyərini ödəməlidir. Lakin məhkəmə yuxarıda göstərilən maddi normaların tələblərini pozaraq etibarsız sayılmış müqaviləni əsas gətirərək cavabdehin hərəkətlərində heç bir qanunsuzluq aşkar etməmişdir. Həmçinin məhkəmənin işə qeyri obyektiv baxmasını növbəti fakt sübuta yetirir: Belə ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində daşınmaz əmlakın icbari sığortasına görə hər ay 68,03 manat ödədiyini bildirsə də, bu hal həqiqətə uyğun deyil. Belə ki, iddiaçının mərhum əri ilə "xxxx" ASC arasında bağlanmış 28.03.2016-cı il tarixli ünvan 2 ünvanında yerləşən 28 saylı mənzilin icbari sığortasına dair müqavilədən görünür ki, 68,03 manat icbari sığortanın illik ödəniş məbləğidir, aylıq yox. Yəni, məhkəmə tərəfin əsassız olaraq nümayəndəsi olduğu şəxsdən 68,03 manat tələb etməsini heç bir araşdırma aparmadan təmin etmiş və bununla da hesab edir ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutlara heç bir qiymət verməyib və iddiaçının hüquqlarını nəzərə almayaraq qərəzli qətnamə qəbul etmiş, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, işin məhkəmə baxışı zamanı tərəflərin izahaları və şahidin ifadəsi, həmçinin təqdim edilmiş sübutların və ekspert rəyinin araşdırılması nəticəsində müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən 13 saylı evin, 28 saylı mənzili İddiaçı tərəfindən boşaldılaraq, Cavabdeh təhvil verilməli, Cavabdeh tərəfindən İddiaçı 45000 manat məbləğində pul ödənilməlidir. Müvafiq məhkəmə aktı qanuni qüvvəsini alaraq, icraya yönəldilənədək İddiaçı tərəfindən (X2 vasitəsi ilə) alqı-satqı və ipoteka müqaviləsinə əsasən mübahisəli mənzilə görə "xxxx" ASC-nin hesabına cəmi 6097,30 manat məbləğində pul ödənilmişdir. Qeyd olunan qətnamə 17.05.2021-ci il tarixdə icraya yönəldilmişdir. Beləliklə, məhkəmə işin faktiki halarına əsasən İddiaçı tərəfindən (əri X2 vasitəsi ilə) alqı-satqı və ipoteka müqaviləsinə əsasən mübahisəli Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən 13 saylı evin, 28 saylı mənzilə görə "xxxx" ASC-nin hesabına cəmi 6097 manat məbləğində pulun ödənilməsini nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsaslanaraq hesab edir ki, ilkin iddia tələbi həmin məbləğin qaytarılması hissəsində təmin edlərək 6097 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalı, ilkin iddia tələbi mənzilin təmirinə xərclənmiş vəsaitin tutulması hissəsində heç bir mötəbər sübutla əsaslandırılmadığından, təmin edilməməlidir. Məhkəmə bu hissədə iddia tələbini təmin etməyərkən həmdə, mənzilin ilkin iddiaçı tərəfindən artıq boşaldılaraq cavabdehə təhvil verilməsini, mənzil təhvil verilərkən iddiaçı tərəfindən quraşdırlılmış əşya və avadanlıqların sökülərək götürülməsini də nəzərə alır. İşin bu halı iddiaçı və cavabdehin nümayəndələrinin etiraf edici izahatları ilə də sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda, qarşılıqlı iddia tələbinə münasibətdə mənzilin boşaldılması, təhvil verilməsi və mənzilə görə ödənilmiş 45000 manat pulun qaytarılması barədə ilkin və qarşılıqlı iddiaları üzrə məhkəmə işinin 2019-cu ildə başlamaqla, 2021-ci ilin fevral ayında yekunlaşmasını, iş üzrə qəbul olunmuş məhkəmə aktının da həmin tarixdə qanuni qüvvəsini alıb 17.05.2021-ci il tarixdə icraya yönəldilməsini, cavabdeh İddiaçı və ailəsinin müvafiq müqavilə əsasında mübahisəli mənzildə yaşamaqla ondan istifadə etməsini nəzərə alaraq hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı ona məxsus mənzildən əsassız istifadə etdiyinə görə pul tələbi ilə məhkəmədə iddia qaldırmaq hüququ yaranmamışdır. Ona görə də, qarşılıqlı iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün deyil dəyişdirilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi göstərilsə də, məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilk iddianın təmin edilən, qarşılıqlı iddianın isə təmin edilməyən hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İlk iddia tələbinin təmin edilən hissəsinin faktiki əsası (faktiki hallar) tələbin həmin hissədə qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dizpozisiya əlamətləri ilə uzlaşsa da əmlak sığortasına görə alınmalı olan məbləğin miqdarı istisna olmaqla, eləcə də qarşılıqlı iddianın faktiki əsası (faktiki hallar) tələbin həmin hissədə qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi, Cavabdeh iddiaçının hesabına sonralar aradan qalxmış əsasa söykənən hüquqi əsas olmadan varlanması iş materialları ilə tam təsdiq olunur. Ona görə də öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün, yəni ipoteka ilə yüklü olan, ilkin alqı-satqı müqaviləsi bağlanmış, mübahisə predmeti olmuş mənzilə görə ipoteka ödənişlərini etmişdir. Lakin varlanmış şəxs olan cavabdehin əməli gözlənilən məqsədə uyğun olmadığından, yəni iddiaçı ilə həmin mənzilə dair sonradan mərhum ərinin vərəsəsi kimi alqı-satqı müqaviləsi bağlamamışdır. Əksinə ilkin müqaviləni də mübahisələndirərək onun etibarsızlığına nail olmuş, mənzil də ona qayıtdığından məhrum olan iddiaçı da hazırda ipoteka krediti üzrə ödədiklərini geri tələb edir. Bu tələbin əsası da maddi hüquq normasının dispozisiya şərtləri ilə tam uzlaşdığından, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır. İkincisi, qanuni qüvvəyə minmiş başqa bir məhkəmə aktı ilə ilə mübahisə predmeti olmuş mənzilin alqı-satqısına dair 18.04.2018-ci il tarixli ilkin müqavilə etibarsız hesab edilsə də bu hal İddiaçı mübahisə predmeti olan mənzildən 13.09.2019-ci il tarixdən 17.07.2021-ci il tarixə qədər istifadəsini qanunsuz sayılması üçün əsas ola bilməz. Əvvəla ona görə ki, iddiaçının mənzildən 13.09.2019-ci il tarixdən 17.07.2021-ci il tarixə qədər istifadəsi qanunsuz idisə, buna həmin işdə qiymət verilə bilərdi. Çünki, məhz həmin işdə məhkəmə Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq edərək mənzilin boşaldılaraq Cavabdeh təhvil verilməsini, Cavabdeh isə mübahisəli mənzilə görə ödənilmiş 45000(qırx beş min)manatın alınaraq İddiaçı qaytarılmasını qət etmişdir. Demək, əqd etibarsız sayıldığı üçün tərəflərdən hər biri əqd üzrə aldıqlarını, yəni İddiaçı mənzili, Cavabdeh isə 45000(qırx beş min) manatı digər tərəfə qaytarmışdır. Alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda, tərəf onun dəyərini pulla ödəməlidir. Ancaq alınanları eyni qaytarmaq mümkün olduğu üçün, tərəfin onun dəyərini pulla ödəməyinə ehtiyac olmamışdır. Bununla yanaşı, Cavabdeh İddiaçı mənzildən 13.09.2019-ci il tarixdən 17.07.2021-ci il tarixə qədər istifadəsini qanunsuz sayırsa, demək qarşı tərəfin həmin mənzilə görə ödədiyi 45000(qırx beş min)manatı da o, qanunsuz özündə saxlamış və pul vəsaitini qanunsuz saxlamağa görə qarşı tərəf ən azından Mülki Məcəllənin 445.7-ci və ya 449.1-ci maddəsinə əsasən pul tələb edə bilər. Ona görə də, qarşılıqlı iddiaçı bu cür iddia irəli sürməzdən əvvəl tərəflərin mübahisəli mənzillə bağlı yaranmış qarşılıqlı münasibətləri baxımından nə qədər əsaslı, qanuni və ədalətli olmasını özü üçün dəqiqləşdirməli idi. Üçüncüsü, apellyasiya şikayətinin növbəti dəlili əsaslıdır. Çünki, iddiaçı mənzilin icbari sığortasına görə hər ay 68,03 manat ödədiyini bildirsə də, bu hal iş materialları ilə təsdiq olunmur. Belə ki, qarşılıqlı iddiaçının mərhum əri ilə "xxxx" ASC arasında bağlanmış 28.03.2016-cı il tarixli ünvan 2 ünvanında yerləşən 28 saylı mənzilin icbari sığortasına dair müqaviləyə əsasən 68,03 manat icbari sığortanın illik ödəniş məbləği olmuşdur. Bu fakt ilk iddiaçının təqdim etdiyi qəbzlə də təsdiq olunur. Göründüyü kimi, ilk iddiaçı tərəfindən 11 ay ərzində, hər ay deyil, yalnız bir dəfə 68,03 manat icbari əmlak sığortası ödənilmişdir. Ona görə də ilk iddia üzrə cavabdehdən mənzilə görə ipoteka krediti ödənişinin əvəzi kimi alınmalı olan məbləğin əvəzi 6097 (altı min doxsan yeddi) manat azaldılaraq 5416,70(beş min dörd yüz on altı manat, yetmiş qəpik) manat müəyyən edilməlidir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1782/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni ipoteka krediti üzrə ödənişin əvəzi olan 6097 (altı min doxsan yeddi) manat hissəsində dəyişdirlməli və həmin məbləğ azaldılaraq 5416,70(beş min dörd yüz on altı manat, yetmiş qəpik) manat müəyyən edilməli, qətnamə, mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1782/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni alınmalı olan 6097 (altı min doxsan yeddi) manat hissəsində dəyişdirlsin və həmin məbləğ azaldılaraq 5416,70(beş min dörd yüz on altı manat, yetmiş qəpik) manat müəyyən edilsin. Qətnamə, mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar