Məhkəmə qərarları › İş №2(103)-915/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-915/2023

06.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-915/2023 06.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzildən çıxarılma”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı nümayəndəsi X7 və vəkili Nümayəndə, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1735/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin 27 sentyabr 2022-ci il tarixli iclasında X3 və X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdirlər.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1-də yerləşən iki otaqlı mənzil İddiaçı Məmməd oğlunun mülkiyyətindədir. Mənzil ona mərhum anasından qalmışdır. Həmin mənzilə bacısı Səbinə Məmmədova və 2 azyaşlı uşaqları da payçıdırlar. Cavabdehlə heç bir qohumluq əlaqəsi yoxdur. Ev 2 otaqlı olduğundan mənzildən sərbəst istifadəsinə problem yaranır. Cavabdehin həmin mənzildən heç bir formada istifadə hüququ yoxdur. Bir yerdə yaşamaları mümkünsüzdür. İddiaçı Cavabdeh heç vaxt istifadə hüququ verməmişdir.

4. Səbail Rayon Məhkəməsinin 2(009)-1735/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Şəhla Süleymanova) ilə iddia təmin edilmiş, Cavabdeh əşyaları ilə birlikdə ünvan 1-dən çıxarılması qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152.1., 157.2., 157.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Cavabdeh apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, mərhum Oksananın ailəsi, övladları olmayıb, o, uzunmüddətli xəstə idi, 5 ildən çoxdur ki, ona baxmış, bütün yeməyini, dərmanını bir sözlə bütün ehtiyaclarını ödəmişdir. Bütün kommunal xərcləri öz adına ödəmişdir, xx.xx.2020-ci il tarixdə Oksana vəfat etmiş və onu özü dəfn etdirmiş, bütün dəfn mərasimini və digər xərcləri öz şəxsi vəsaiti hesabına qarşılamış, Oksana sağ olarkən heç bir qohum, tanış gəlib maraqlanmayıblar. O, Oksananın köməkçisi təyin edilmişdi, Oksana ona etibarnamə vermiş, onunla birlikdə yaşamışdır, o,əgər evi kiməsə bağışlamaq istəsəydi ona deyərdi. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Ə.Məmmədov və vəkili Nümayəndə ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdilər.

9. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Sorokina Tatyana apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 32, 4 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 32, 4 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X6 adına qeydiyyata alınmışdır.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi,ev 32, 4 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

13. 46 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, X5 Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 32, 4 saylı mənzilin ½ hissəsinin sahibidir, ona aid olan hissədə tək özü qeydiyyatdadır.

14. AZ – İ 945518 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 13 oktyabr 2004-cü il tarixində vəfat etmişdir.

15. 19 dekabr 2012-ci il tarixli mənzilin bağışlanmasına dair müqavilənin surətindən görünür ki, X5 Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 32-də yerləşən 4 saylı iki otaqlı, ümumi sahəsi 69.5 kv.m olan mənzildən yaşayış sahəsi 19.5 kv.m olan bir otaqdan ½ hissəsini xalası qızı X8 bağışlamışdır.

16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, **********83 saylı məktubundan görünür ki, hazırda Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 32-də yerləşən 4 saylı mənzilin 1 otağı X1, 1 otağın ½ hissəsi X4, 1 otağın ½ hissəsi isə İddiaçı mülkiyyətindədir.

17. 23.09.2017-ci il tarixli etibarnamədən görünür ki, X5 bütün əmlakının idarə edilməsi üçün Cavabdeh etibarnamə vermişdir.

18. AZ – İİ 091543 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 06 iyul 2020-ci il tarixində vəfat etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasinin Konstitusiyası

19. Maddə 29.İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

23. 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir:

24. Maddə 365.1.7. etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

29. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

30. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

31. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

35. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

37. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Belə ki, mülki işin mübahisəsiz hallarından göründüyü kimi Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 32, 4 saylı mənzilin ½ hissəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

40. Rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzil üzərindəki mülkiyyət hüququnun ona tanındığı imkanından istifadə edərək cavabdehin qeyd edilən yaşayış sahəsindən çıxarılmasını və boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur.

41. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

42. Həmin Məcəllənin 157.2-ci madədsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

43. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili yəni, mərhumun cavabdehə etibarnamə verməsi ilə bağlı ilk növədə qeyd edir ki, mərhum X5 həmin mənzilin mülkiyyətçisi olmamışdır, həmçinin etibarnamə mənzilə dair hər hansı hüquq müəyyən etmir, bundan başqa 06 iyul 2020-ci il tarixdə etibarnaməni vermiş şəxsin ölməsi ilə Mülki Məcəllənin 365.1.7-ci maddəsinin tələblərinə əsasən etibarnaməyə xitam verilmişdir.

45. Beləliklə, iddiaçı mənzilin mülkiyyətçisi olduğundan, cavabdehin mübahisəli mənzilə hər hansı hüququ olmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

46. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

48. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-1735/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar