Məhkəmə qərarları › İş №2(103)-9156/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9156/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9156/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş qeyri-yaşayış sahəsindən çıxarılma və sair tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 avqust 2021-ci il tarixli qərardaddan ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan, onun tərəfindən cavabdehə icarəyə verilmiş və ünvan 1 ünvanda yerləşən sahədən cavabdehin çıxarılması və vurulmuş zərərin əvəzi olaraq cavabdehdən onun xeyrinə 15.700 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh öz növbəsində iddiaçıya qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək mübahisəli sahə ilə əlaqədar olaraq iddiaçının ona vurduğu zərərin əvəzinin ödənilməsi məqsədi ilə iddiaçıdan onun xeyrinə 2.251.500 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ayni zamanda “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək işə mahiyyəti üzrə baxılıb iş üzrə müvafiq qətnamə qəbul edilənədək mübahisəli sahənin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 03.08.2021-ci il tarixli qərardadı ilə ərizəni təmin etmişdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia formal mülahizələrə əsaslanır, əsassızdır və Rayon Məhkəməsi qarşılıqlı iddianı icraata səhv qəbul etmişdir. Belə olan halda qarşılıqlı iddianın təmini məqsədi ilə müvəqqəti tədbirin görülməsi qanunsuzdur. İddiaçının həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 12.08.2021-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin ediməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir (maddə 157.1.). Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157.2.). Məhkəmə, iddianı təmin etmək məqsədi ilə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər (maddə 158.1.2.). Göründüyü kimi, mülki icraat qaydasında baxılan iş üzrə iddianın təmini tədbiri olaraq mübahisə predmetinə aid olan müəyyən hərəkətlərin edilməsini cavabdehə qadağan etməkdə məqsəd hazırki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmin edilməsindən ibarətdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) qarşı irəli sürülmüş iddia tələbinin əsasını mübahisəli sahə ilə əlaqədar olaraq iddiaçının ona vurduğu zərərin əvəzinin ödənilməsi məqsədi ilə iddiaçıdan onun xeyrinə pulun tutulması təşkil edir. Qarşılıqlı iddianın gələcəkdə rədd olunması ehtimalı mövcud olduğu kimi təmin edilməsi ehtimalı var. Lakin hazırki mərhələdə qarşılıqlı iddianın əsaslı olub-olmamasına hüquqi qiymətin verilməsi qeyri-mümkündür, çünki iş araşdırma mərhələsindədir. Belə olan halda işə baxılıb qurtaranadək gələcəkdə üzərinə tələb yönəldilə bilən mübahisəli sahə qorunub saxlanılmalıdır. Əks halda təmin edilməsi istisna edilməyən qarşılıqlı iddia üzrə qəbul edilə biləcək qətnamənin icrasında müəyyən çətinliklər yarana bilər. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi işə baxılıb nəticə verilənədək mübahisəli sahə ilə bağlı iddianın təmini tədbirinin görülməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Şikayətin yuxarıda qeyd olunan dəlilinə gəldikdə isə qeyd edilməlidir bu dəlil qərardadın ləğv edilməsi üçün əsaslı deyil. Çünki qarşılıqlı iddia ərizəsi Rayon Məhkəməsi tərəfindən artıq icraata götürülmüşdür. Qarşılıqlı iddianın icraata götürülməsi isə bu mərhələdə artıq mübahisələndirilə bilməz. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəni təmin etməklə və bu barədə qəbul etdiyi qərardaddan iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) verdiyi şikayəti təmin etməməklə iş üzrə əsaslı və qanuni nəticəyə gəlmişdir. Qərardadı ləğv etmək üçün əsas yoxdur, ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 avqust 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar