Məhkəmə qərarları › İş №2(103)-916/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-916/2020

14.01.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-916/2020 14.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçılar Turra Səttarovanın, İddiaçı3, Arif Mustafayevin, cavabdeh X5 prosessual hüquq varisi Cavabdeh2 nümayəndəsi, Vəkil2, üçüncü şəxs Binəqədi Bələdiyyəsinin nümayəndəsi Zəhraxanım Ələkbərova-Kılınçın iştirakları ilə, X1nın və qeyrilərinin cavabdehlər X8, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Binəqədi Bələdiyyəsinə qarşı bələdiyyə qərarının və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair ilkin; X5 torpaq sahəsinə edilmiş qəsdə son qoyulması, maddi və mənəvi zərərin tutulması tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4059/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, Binəqədi Bələdiyyəsinin 377 saylı, xx xxxxxx 2005-ci il tarixli qərarı ilə Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsində, 83 saylı yaşayış binasının arxasında 780 kv.m torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) əlavə edilmiş cizgiyə uyğun olaraq sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün alqı-satqı yolu ilə (hər kv.m üçün 50.000 manat ödəmək şərtilə) X4 mülkiyyətinə ayrılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2-inz(81)- 2711/2012 nömrəli qərarı ilə torpaq sahəsinə dair Cəmilə Quliyevanın adına ölçü və planının (kadastr planı) verilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-227/2014 nömrəli qərarına əsasən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X4 adına ilkin hüquqi qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə həvalə edilmiş, qətnamənin icrası qaydasında sonuncunun adına xx.xx.2014-cü il tarixli, RX seriyalı № ******* nömrəli çıxarış verilmişdir. xx xxx 2014-ci il tarixli alğı-satqı müqaviləsi ilə X11 torpaq sahəsini X2, torpaq sahəsi sonuncunun adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014cü il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən X12 mübahisəli torpaq sahəsini qızı Cavabdeh2 bağışlamışdır. X12 xx xxx 2019-cu il tarixdə ölmüşdür. Baxılan iş üzrə X1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X9 cavabdehlər X8, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 adına verilmiş Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 416 saylı qərarının və həmin qərar əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, sakini olduqları Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi, 83 saylı yaşayış binasının arxasında, yaşıllıq sahəsində əhalinin ümumi istifadəsində olan ərazidə 780 kv.m torpaq sahəsinin tanımadıqları vətəndaş X12 tərəfindən hasarlanması və burada tikinti aparılması nəzərdə tutulur. Bu işin icrasına özünü X5 rəsmi nümayəndəsi kimi təqdim edən Azər adlı şəxs rəhbərlik edir. Həmin şəxs əraziyə inşaat materiallarının daşınmasına cəhd göstərmiş, lakin sakinlər tərəfindən bu cəhdin qarşısı alınmışdır. Onlar yaşıllıq sahəsində əhalinin ümumi istifadəsində olan ərazidə hər hansı obyektin tikilməsinə etiraz edir və bunu qanunazidd sayırlar. Bu yaşıllıq sahə 30-40 illik ağaclardan ibarət olmaqla sakinlərin istirahət yeridir. Ərazidə, həmçinin avtobus dayanacağı yerləşir və hər gün sakinlər buradan piyada hərəkət edir. Onlar qeyd edilən torpaq sahəsinin indiyədək özəlləşdirilməsindən xəbərsiz olmuşlar. Bu barədə məlumat əldə etdikləri ilk gün, yəni iyunun 7-də dərhal müxtəlif orqanlara müraciət etmişlər. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının İ müavini İlqar Süleymanovla sakinlərin görüşündə bildirilmişdir ki, qeyd edilən torpaq sahəsində tikinti aparılmasına dair rəsmi icazə yoxdur. Həmçinin qeyd edilən torpaq sahəsi ümumiyyətlə mübahisəlidir. Həmin torpaq sahəsi ilk dəfə Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 416 saylı qərarı ilə tanımadıqları vətəndaş X7 guya sahibkarlıq fəaliyyətilə məşğul olmaq məqsədilə ayrılmışdır. Lakin indiyədək ərazidə heç bir sahibkarlıq fəaliyyəti göstərilməmişdir. Əslində, məqsəd bu torpağı əlavə gəlir əldə etmək üçün gələcəkdə alqı-satqı predmetinə çevirmək olmuşdur. Bu hərəkətin qarşısını almaq və yaşıllıq sahəsini xilas etmək məqsədilə hələ 2008-ci ilin ayrı-ayrı vaxtlarında sakinlər adından müvafiq orqanlara müraciət edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının İ müavini F.Aslanovun xx.xx.2008-ci il tarixli, 402 saylı cavab məktubunda Binəqədi Bələdiyyəsinin məlum qərarının ləğv olunması üçün icra hakimiyyəti tərəfindən iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edildiyi bildirilmişdir. Lakin, göründüyü kimi, bu məsələ məhkəmə qaydasında həllini tapmamışdır. Torpaq sahəsinin artıq digər şəxsə satılması və həmin şəxsin adına özəlləşdirilməsi məlum olmuşdur. X12 qarşılıqlı iddia verərək, ilk iddianın rədd edilməsi, iddiaçılar tərəfindən xüsusi mülkiyyətində olan mübahisəli torpaq sahəsinə edilmiş qəsdə son qoyulması, mülkiyyət hüquqlarının həyata keçirilməsinin qarşısının alınması və mülkiyyətinə qəsd edilməsi nəticəsində ona dəymiş 20000 manat maddi və 30000 manat mənəvi zərərin əvəzinin müştərək qaydada iddiaçılardan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesi zamanı cavabdeh X12 hüquq varisi – qızı Rəcəbova (Məmmədova) Samirə Əlvan qızı ilə əvəz edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar rədd edilmişdir. İlkin iddia üzrə X1, İddiaçı3, İddiaçı4 və X9 cavabdehlər X8 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti ilkin iddianın dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin ilkin mülkiyyətçisi X17 Məmmədovun qohumudur. Əlvan Məmmədov torpaq sahəsini rəsmi olaraq alğı-satqı müqaviləsinə əsasən əldə etsə də, faktiki olaraq, o, əvvəlcədən torpaq sahəsinin mülkiyyətçisi olub. Ona görə də Əlvan Məmmədov vicdanlı alıcı sayıla bilməz. Apellyasiya baxışı zamanı iddiaçılar şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdehin hüquqi varisinin vəkili şikayətə etiraz təqdim edərək, təmin olunmamasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi mübahisə ilə bağlı hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın təmin olunmaması hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni qarşılıqlı iddia üzrə iddiaçı mübahisələndirməmiş, ilkin iddia üzrə iddiaçılar isə qətnaməni ilkin iddianın təmin olunmamış hissəsində ləğvini xahiş etmişlər. Birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə bələdiyyə qərarının ləğvi üçün əsaslar yoxdur. X14 vicdanlı əldə edən olduğu və torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi qanunvericiliyə uyğun olduğu üçün ilkin iddia rədd olunmalıdır. Halbuki, iddiaçıların iddia tələbində ləğv olunmasını xahiş etdikləri bələdiyyə qərarı inzibati orqanın qəbul etdiyi hüquqi aktdır. İnzibati orqana qarşı yönəlmiş tələb üzrə mübahisə inzibati xarakterli olduğu üçün həmin mübahisəyə yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmədə baxıla bilərdi. Birinci instansiya məhkəməsi həmin iddiaya baxmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur. Eyni zamanda baxılan iş üzrə mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş alğı-satqı müqaviləsinin etibarsızlığı tələbi irəli sürülmədiyindən həmin çıxarışın qanuniliyinə qiymət verilməsi mümkün deyildir. Bu baxımdan Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin eyni tarixli qərardadı ilə ilkin iddianın bələdiyyə qərarının ləğv edilməsi tələbinə aid hissədə mülki işin icraatına xitam verilmişdir. İlkin iddianın çıxarışın etibarsızlığı tələbinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xx.xx.2014-cü il tarixli qərarında qeyd etmişdir ki, şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. ...Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iş üzrə mübahisələndirilən çıxarış alğı-satqı müqaviləsi əsasında verilmişdir. Həmin müqavilə iddiaçılar tərəfindən mübahisələndirilmir. Belə olan halda mülki məhkəmə icraatı qaydasında çıxarışın ləğvi tələbinin təmin olunması da mümkün deyildir. Ona görə də ilkin iddia çıxarışın ləğvi tələbinə aid hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4059/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddianın təmin olunması hissəsində ləğv edilsin. X1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X3 cavabdehlər X8 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı X5 adına Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar