Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-916/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5827/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Xətai-5 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı kommunal xidmət haqqı borcuna görə 3856,63 manat, dövlət rüsumuna görə 30 manat tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Xətai-5 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı kommunal xidmət haqqına görə ödədiyi 1136 manat və dövlət rüsumuna görə 30 manat tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-5827/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia ərizəsi təmin edilmiş, Cavabdeh kommunal xidmət haqqı borcuna görə 3856,63 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 3886,63 manatın Xətai-5 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xeyrinə tutulması, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edildiyini bildirmişdir. Belə ki, cəmiyyətin üzvü olmayan çoxmənzilli binanın sahə mülkiyyətçisi olaraq onunla çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifəsidir. Onunla Xətai-5 MMMC arasında yaşayış sahəsinə və kommunal xidmətlərə görə hər hansı müqavilə bağlanmamış, ümumiyyətlə belə müqavilənin bağlanması üçün iddiaçı tərəfindən hər hansı bir təşəbbüs irəli sürülməmiş, müqavilə layihəsi müzakirə üçün təqdim edilməmişdir. Ondan kommunal haqlar üzrə borc tələb edilən mənzildə o, bir gün belə olsun yaşamamış, orada göstərilən hər hansı kommunal xidmətlərdən faktiki olaraq istifadə etməmişdir. Xətai-5 MMMC tərəfindən onunla heç bir müqavilə bağlamadan 2016-cı ildən 2019- cu il tarixədək ondan xidmət haqqı adı ilə 1136 manat vəsait alınmışdır. Kommunal xidmətlərə görə haqq ödəmək öhdəliyi daşımadığı halda Xətai-5 MMMC tərəfindən ondan 2016-cı ildən 2019-cu il tarixədək xidmət haqqı adı altında 1136 manat alınaraq əsassız varlanmaya yol verilmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22.10.2014-cü il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Xətai rayonu 2934-cü məhəllə Sadıqcan küçəsi ev 2A, korpus 5, ümumi sahəsi 216,6 m2 olan 10 saylı mənzil Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Хətai-5 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nizamnaməsinin 2.1-ci bəndindən müəyyən olunur ki, cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdəbarəsində sərəncam verilməsini tələbetməkdən, bu nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Nizamnamənin 3.1-ci bəndindən müəyyən olunur ki, cəmiyyət Azərbaycan Respublikası mövcud qanunvericilik aktları və bu nizamnamə ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınaraq hüquqi şəxs statusunu əldə etdiyi andan aşağıdakı hüquqlara malikdir: 3.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 3.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 3.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərcləri smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək. Хətai-5 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti iştirakçılarının ümumi yığıncağının 26.12.2016-cı il tarixli qərarından müəyyən olunur ki, yığıncaq Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə 28.11.2016-cı il tarixli 18 №-li və 22.12.2016-cı il tarixli 19 №-li qərarlarına müvafiq olaraq, Хətai-5 MMMC-nin aylıq kommunal tarifləri dəyişdirilərək sahə mülkiyyətçisinə qış mövsümündə (15.11-15.04 ərəfəsində) istilik, daimi olaraq isti su verildikdə mənzilin ümumi sahəsinin hər m2 üçün 0,90 manat, sahə mülkiyyətçisi qış mövsümündə istiliklə təchiz edilmədikdə və mənzilə isti su verilmədikdə mənzilin ümumi sahəsinin hər m2 üçün 0,50 manat, sahə mülkiyyətçisi mənzildə yaşamadığı təqdirdə, təmirə başlayan günədək mənzilin ümumi sahəsinin hər m2 üçün 0,35 manat müəyyən olunması barədə qərar qəbul edilmişdir. Хətai-5 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarə heyəti iclasının 5 saylı 28.12.2016-cı il tarixli protokolundan müəyyən olunur ki, iclasda Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə 28.11.2016-cı il tarixli 18 №-li və 22.12.2016-cı il tarixli 19 №-li qərarlarına müvafiq olaraq, Хətai-5 MMMC-nin aylıq kommunal tarifləri dəyişdirilərək sahə mülkiyyətçisinə qış mövsümündə (15.11-15.04 ərəfəsində) istilik, daimi olaraq isti su verildikdə mənzilin ümumi sahəsinin hər m2 üçün 0,90 manat, sahə mülkiyyətçisi qış mövsümündə istiliklə təchiz edilmədikdə və mənzilə isti su verilmədikdə mənzilin ümumi sahəsinin hər m2 üçün 0,50 manat, sahə mülkiyyətçisi mənzildə yaşamadığı təqdirdə, təmirə başlayan günədək mənzilin ümumi sahəsinin hər m2 üçün 0,35 manat müəyyən olunması barədə qərar qəbul edilmişdir. Şifarişçi Хətai-5 MMMC ilə icraçı Qaraşoğlu MMC arasında bağlanmış 13 saylı 05.01.2017-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, icraçı şifarişçinin Bakı şəhəri Xətai rayonu 2934-cü məhəllə Sadıqcan küçəsi 2934-cü məhəllədə yerləşən binasındakı 6 ədəd 6 mərtəbəli 800 kq. Şərnişin liftlərinin texniki xidmətini öhdəsinə götürmüşdür. Şifarişçi Хətai-5 MMMC ilə icraçı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Təsərrüfatı Departamentinin Kommunal Xidmətlər Müəssisəsi MMC arasında bağlanmış 023898 saylı 05.01.2017-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, icraçı şifarişçiyə məxsus ərazidə yerləşən konteynerlərdə yığılmış bərk məişət tullantılarının daşınmasını və zəzərsizləşdirilməsini, sifarişçi isə daşınma ilə əlaqədar lazım olan şəraiti və xidmət haqqının vaxtında ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Хətai-5 MMMC-nin 2021-ci il üçün vəsaitin xərclənməsi arayışından müəyyən olunur ki, kommunal xidmətlərə görə Хətai-5 MMMC 2021 ildə cəmi 49474,85 manat sərf etmişdir. Хətai-5 MMMC-nin maliyyə arayışından müəyyən olunur ki, Bakı şəhəri Xətai rayonu 2934-cü məhəllə Sadıqcan küçəsi ev 2A, korpus 5, ümumi sahəsi 216,6 m2 olan 10 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh Хətai-5 MMMC-yə olan kommunal borcu 3856,63 manat təşkil edir. Belə ki, 2016-cı ilin fevral ayından ilin sonuna kimi həmin mənzilin 898,89 manat olan kommunal borcundan 461 manat ödənilmiş, 2017- ci ilin 909,72 manat olan kommunal borcundan 375 manat ödənilmiş, 2018-ci ilin 909,72 manat olan kommunal borcundan ödəniş edilməmiş, 2019-cu ilin 909,72 manat olan kommunal borcundan 300 manat ödənilmiş, 2020-ci ilin 909,72 manat olan kommunal borcundan ödəniş edilməmiş, 2021-ci ilin yanvar-iyun ayları üçün ödəniş edilməmişdir. Хətai-5 MMMC-nin mədaxil qəbzlərindən müəyyən olunur ki, Bakı şəhəri Xətai rayonu 2934-cü məhəllə Sadıqcan küçəsi ev 2A, korpus 5, ümumi sahəsi 216,6 m2 olan 10 saylı mənzili ünvanı üzrə 09.06.2016-cı il tarixdə 154 manat, 15.07.2016-cı il tarixdə 77 manat, 19.08.2016-cı il tarixdə 100 manat, 08.09.2016-cı il tarixdə 50 manat, 18.04.2017- ci il tarixdə 150 manat, 14.11.2017-ci il tarixdə 225 manat, 10.01.2019-cu il tarixdə 300 manat, 19.10.2020-ci il tarixdə 80 manat ödəniş edilmişdir. Хətai-5 MMMC-nin Bakı şəhəri Xətai rayonu 2934-cü məhəllə Sadıqcan küçəsi ev 2A, korpus 5, ümumi sahəsi 216,6 m2 olan 10 saylı mənzilinin sahibinə ünvanladığı xəbərdarlıqdan müəyyən olunur ki, mənzil sahibinə 01.09.2020-ci il tarixinə kommunal xidmətlərə görə 3174,30 manat borcunun olması bildirilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili onunla MMMC arasında müqavilə bağlanmaması və onun həmin mənzildə yaşamaması, yəni orada göstərilən hər hansı kommunal xidmətlərdən faktiki olaraq istifadə etməməsi ilə bağlıdır. Bununla bağlı Kollegiya qeyd edir ki, Mənzil Məcəlləsinin 135.2.-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan (135.2.4.). Həmin Məcəllənin 137.10.-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 45.5.-ci maddəsinə əsasən coxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Həmin Məcəllənin 122.1.-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; Həmin Məcəllənin 122.3.-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Məcəllənin 122.4.-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 135.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 137.1.-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Məcəllənin 137.4.-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Məcəllənin 137.8.-ci maddəsinə əsasən yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. Məcəllənin 137.9.-cu maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Beləliklə, Kollegiya cavabdehin apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək qeyd edir ki, yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinə mülkiyyət hüququnun əmələ gəldiyi andan yaranır. Mülkiyyətçilər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.məhkəmə prosesi zamanı məhkəmə iclası barədə ona məlumat verilməmişdir. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin, qarşılıqlı iddia tələbini rədd edərək haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin, qarşılıqlı iddia tələbini rədd etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 oktyabr 2021-ci il tarixindən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə edilmiş dəyişikliyə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər (maddə 402.1). Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-5827/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-916/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-916/2022
03.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver