Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-918/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4452/2024 nömrəli 23 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlara əsasən istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkarlanmışdır.
2. 26.04.2024-cü il tarixli "Abonentin saldosu"na əsasən abonent kodu **********10030 olan İddiaçı 2020-ci ilin aprel ayında qalıq və aktlar qrafasında 669,60, 2023-cü il üzrə 8043,84 manat ümumilikdə 8713,44 manat borc yazılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 8713,4 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi evdə yaşayır. Qeyd edilən yaşayış evi ona məxsusdur və həmin evə cavabdeh "Azəriqaz" İB tərəfindən qaz xətti çəkilmiş və onunla "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə" imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən onların ünvanında smartkart tipli sayğac quraşdırılmışdır. "Azəriqaz" İB əməkdaşları tərəfindən evdə guya əlavə xətdən istifadə edilməsi ilə bağlı müxtəlif aylarda cərimə yazılmışdır. Bunların heç birindən xəbəri olmayıb. Qaz idarəsində həmin aktları və şəkilləri tələb etsə də, aktlar verilmiş, şəkillər isə verilməmişdir. Bundan sonra ona məlum olmuşdur ki, 8713,4 manat cərimə yazılmışdır.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 sentyabr 2024-cü il tarixli 2(008)-4452/2024 nömrəli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı əsassız hesablanmış 8378,62 manat borcun silinməsi, ödənilməli olan 107,13 manat məbləğində dövlət rüsumunun 103 manat hissəsinin cavabdehdən alınaraq dövlət büdcəsinə, qalan 4,13 manatın isə iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
6. Məhkəmə belə qənaətə gəlmişdir ki, istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutlar təqdim olunmadığından xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü ildə tərtib edilmiş aktlara əsasən hesablanmış 8043,84 manat borc silinməlidir.
7. Məhkəmə xx.xx.2020-ci il tarixli 00283215 nömrəli akt üzrə hesablanmış 669,56 manat məbləğdə zərərə münasibətdə qeyd etmişdir ki, iddiaçının qazdan qanunsuz kənar xətt vasitəsilə istifadə etməsi faktını və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq tərtib olunan akt üzrə pul tutulmalıdır. Digər tərəfdən isə xx.xx.2020-ci il tarixli ******* nömrəli akt üzrə müəyyən edilən ziyan məbləği şişirdilmişdir. Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanması nəzərdə tutulmuşdur. Lakin hesabatın hansı səbəbdən maksimal olaraq 24 saat aparılması göstərilməmişdir. Məhkəmə həmin tələbnaməni nəzərdən keçirərək belə hesab etmişdir ki, mütəmadi və fasiləsiz olaraq qızdırıcıların evdə 24 saat istifadəsi real deyil. Bu səbəbdən məhkəmə yay aylarında ümumiyyətlə qızdırıcılardan istifadə olunmamasını və yemək hazırlanmasına görə maksimum gündə 2-4 saat 4 gözlü qaz plitəsinin istifadə olunduğunu nəzərə alaraq 3 saat orta günlük iş rejiminin götürülməsini məqsədəmüvafiq hesab edir, ona görə 12 saat orta günlük iş rejimi ilə hesablamalar aparılmalıdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi istehlakçıya (onun nümayəndəsinə) təqdim edilmişdir və həmin şəxsin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Digər tərəfdən hər dəfə qeyri-qanuni birləşmə Birliyin əməkdaşları tərəfindən ləğv edilərək bununla bağlı aktlar (birinci instansiya məhkəməsinə təqdim edilib) tərtib edilsə də, istehlakçı təkrarən qaz xəttinə qeyri-qanuni birləşmə ilə qoşularaq təbii qazdan qanunsuz istifadə etməyə davam etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu
13. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
14. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.
15. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
16. Maddə 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17. xx.xx.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”
18. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
19. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
20. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.
21. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.
22. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
23. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
24. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Göründüyü kimi iddiaçıya məxsus ünvan üzrə birinci dəfə sayğaca müdaxilə əsası ilə 2020-ci ildə akt tərtib edilmişdir. Həmin akta görə mənzildə sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə aşkarlanmışdır.
34. Həmin akta əsasən tərtib edilmiş "Dəymiş ziyanın bərpasına dair tələbnamə"yə görə Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanması nəzərdə tutulmuşdur. Lakin hesabatın hansı səbəbdən maksimal olaraq 24 saat aparılması göstərilməmişdir.
35. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı tərəfindən mütəmadi və fasiləsiz olaraq qızdırıcıların evdə 24 saat istifadəsi real deyil. Bu səbəbdən yay aylarında ümumiyyətlə qızdırıcılardan istifadə olunmamasını və yemək hazırlanmasına görə maksimum gündə 2-4 saat 4 gözlü qaz plitəsinin istifadə olunduğunu nəzərə alaraq 3 saat orta günlük iş rejiminin götürülməsi məqsədəmüvafiqdir, ona görə 12 saat orta günlük iş rejimi ilə hesablamalar aparılmalıdır. Beləliklə, iddiaçı tərəfindən cavabdehə cəmi olaraq xx.xx.2020-ci il tarixli aktla müəyyən edilmiş 334,78 manat məbləğində ziyan vurulmuşdur.
36. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2022-ci tarixdə edilmiş dəyişikliklərə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
37. Baxılan iş üzrə isə tərtib edilmiş digər 8 akt xx.xx.2022-ci il tarixdən sonraki dövrə aiddir və qanunvericiliyin tələbinə əsasən iddiaçının təqsirli olmasını müəyyən edən müvafiq qərar cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə olan halda həmin aktlara əsaslanaraq vurulmuş zərərin tələb edilməsi əsassız hesab edilir.
38. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4452/2024 nömrəli 23 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.