Məhkəmə qərarları › İş №2(103)-919/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-919/2021

14.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-919/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3904/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı(bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3904/2020saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən X3 və X7 da cavabdeh qismində işə cəlb edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi iddiaçının həmin mənzildə onun 12 ildən artıq yaşamasını, uşaqlarının həmin mənzildə qeydiyyatda olmasını, cehiz əşyalarının da həmin evdə olmasına, cavabdehin Şuşa şəhərindən məcburi köçkün olduğunu və həmin mənzildə müvəqqəti məskunlaşdığını, mənzildən istifadə etməyə cavabdeh və orada yaşayanlarla eyni hüquqa malik olduğunu nəzərə almamış, bununla da, iş üzrə yanlış nəticəyə gəlmişdir. Bu səbəbdən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin tam edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, həmin mənzilə 2008-ci ildə cavabdeh Y.Yusifovla ailə quraraq köçmüş və həmin vaxtdan da orada yaşamış, cavabdehlərlə birgə təsərrüfat aparmış, uşaqları da orada doğulmuş, uşaqları da həmin mənzildə qeydiyyatdadırlar. Nikahları 2020-ci ilin may ayında pozulmuşdur. Qayınanansı uşaqlara baxmadığı üçün uşaqları işə gedəndə atasıgilə aparmış, işdən çıxanda uşaqları götürüb evə gəlirdi, lakin 2020-ci ilin aprel ayında axşam evə qayıdanda qayınanası evin kilidini dəyişdiyi üçün evə girə bilməmiş, məcbur olub ata evinə getmişdir. Ata evi iki otaqlıdır, orada valideynləri və qardaşı ailəsi ilə birgə yaşayır. Cavabdeh isə dörd otaqlı evdə anası ilə yaşayır. Uşaqların rahat yatması, dərs oxumağı üçün də bir şərait yoxdur. Onun da həmin mənzildən cavabdehlərlə eyni istifadə hüququ var. Bu səbəbdən, apellyasiya şikayətinin təmin olunaraq, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, rayon məhkəməsi tərəfindən mənzilin hüquqi statusu müəyyən edilməmiş, digər cavabdehlər prosesə cəlb edilməmiş, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı 2008-ci ildə cavabdeh Y.Yusifovla ailə quraraq mənzilə köçmüş və həmin vaxtdan da orada yaşamış, cavabdehlərlə birgə təsərrüfat aparmış, uşaqları da orada doğulmuş, uşaqları da həmin mənzildə qeydiyyatdadırlar. Cavabdehlər Şuşa şəhərindən məcburi köçkündürlər və onlar həmin mənzildə müvəqqəti məskunlaşmışlar. İddiaçının mənzildən cavabdehlərlə eyni istifadə hüququ olduğu halda, onu mənzilə buraxmırlar. Halbuki Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(103)-4679/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı T.Yusifova və qeyrilərinin cavabdeh İddiaçı qarşı “mənzilin boşaldılması” tələbinə dair iddiası rədd edilmiş, həmin qətnamə ilə iddiaçıların Şuşa şəhərindən məcburi köçkün olduqlarına görə həmin mənzildə müvəqqəti məskunlaşdıqları, həmin mənzildən istifadə etməkdə İddiaçı hazırkı iş üzrə olan cavabdehlərlə eyni hüquqa malik olduğu müəyyən edilmişdir. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu səbəbdən, iddia tələbinin əsaslı olduğunu, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-907/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində 60 saylı aktla qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllü X1 anaları İddiaçı yanında saxlanılması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün, Cavabdeh hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4679 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar X3, X7 və X2 cavabdeh İddiaçı qarşı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən “mənzilin boşaldılması” tələbi təmin olunmamış, iddia tələbi rədd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********11 saylı məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 yaşayış massivi, Şərifzadə küçəsi, ev 7, 46 saylı mənzilin qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. Bakı Şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 19 saylı Mənzil Komunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli, 47 nömrəli arayışına əsasən Yeni Yasamal 1 yaşayış massivi, Şərifzadə küçəsi, ev 7, 46 saylı mənzildə Şuşa rayonundan məcburi köçkün kimi X3, X7, X6, X8 (yaşamır), X5 (yaşamır) məskunlaşıb. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən mübahisələndirilən hissədə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilin dövlət qeydiyyatından keçməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli yaşayış sahəsi dövlət qeydiyyatından keçmədiyindən və bu mübahisələri tənzimləyən birbaşa normalar olmadığından hazırkı mübahisəyə analoji münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə nəzərdə tutulur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında münasibət 2008-ci il tarixində yarandığından hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Hazırkı iş üzrə Bakı Şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 19 saylı Mənzil Komunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli, 47 nömrəli arayışına əsasən Yeni Yasamal 1 yaşayış massivi, Şərifzadə küçəsi, ev 7, 46 saylı mənzildə Şuşa rayonundan məcburi köçkün kimi X3, X7, X6, X8 (yaşamır), X5 (yaşamır) məskunlaşıb. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4679 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar X3, X7 və X2 cavabdeh İddiaçı qarşı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən “mənzilin boşaldılması” tələbi təmin olunmamış, iddia tələbi rədd olunmuşdur. Həmin qətnamədə iddiaçıların Şuşa şəhərindən məcburi köçkün olduqlarına görə həmin mənzildə müvəqqəti məskunlaşdıqları, həmin mənzildən istifadə etməkdə İddiaçı hazırkı iş üzrə olan cavabdehlərlə eyni hüquqa malik olduğu da müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, Məhkəmə kollegiyasının araşdırmaları ilə iddiaçının Cavabdehla 2008-ci ildə nikaha daxil olaraq həmin mənzilə köçməsi, o vaxtdan başlayaraq həmin mənzildə yaşaması, cavabdehlerlə birgə təsərüfat aparması, uşaqlarının da həmin mənzildə qeydiyyatda olması hazırkı işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Bundan əlavə, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4679 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə cavabdehlərin Şuşa şəhərindən məcburi köçkün olduqlarına görə həmin mənzildə müvəqqəti məskunlaşdıqları, mənzildən istifadə etməkdə İddiaçı hazırkı iş üzrə olan cavabdehlərlə eyni hüquqa malik olduğu da müəyyən edildiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası iddiaçının tələbi ilə bağlı həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: - iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, - iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, - iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, - iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, - iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. Beləliklə də, iddiaçının da orada yaşayan digər şəxslərlə eyni hüquqa malik olduğu müəyyən edildiyindən onun mübahisəli mənzilə köçürülmə tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə faktiki hallar aydınlaşdırılmadığından apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilərək, iddiaçı ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3904/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar