Məhkəmə qərarları › İş №2(103)-9198/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9198/2021

25.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9198/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdeh – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh3 nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh3nə qarşı “əmək kitabçasına düzəliş edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh3nə (İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.03.1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında 01.03.1993-06.08.2009-cu il tarixləri arasındakı dövr üçün aparılan qeydlərə düzəliş olunması, Cavabdeh2 NQÇİ-də traktorçu vəzifəsində deyil, qaldırıcı maşinist peşəsində işləməsi qeydinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 NQÇİ-də 30.08.1983cü il tarixdən əmək fəaliyyətinə başlamış, 01.03.1993-06.08.2009-cu il tarixləri arasındakı dövr də daxil olmaqla hazırkı dövrədək qaldırıcı maşinist peşəsində işləmiş, 58 yaşında olduğundan və ümumi əmək stajı 25 ildən yuxarı, habelə bu stajın 18 il 1 ay 20 günü güzəştli əmək stajına aid edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. 01.03.1993-06.08.2009-cu il tarixləri arasındakı dövrdə Cavabdeh2 NQÇİ-də qaldırıcı maşinist peşəsində işləməsi faktı, Cavabdeh3 İB-nin Cavabdeh2 NQÇİ tərəfindən verilən AB-04/13 saylı, 22.01.2020-ci il tarixli arayışla və arayışa əlavə edilmiş "Şəxsi Vərəqə”nin "İİİ.Təyinatlar və yerdəyişmələr” bölməsində müfaviq qeydlərlə təsdiq edilmişdir. Həmin qeydlərlə Cavabdeh2 NQÇİ-də 01.03.1993-06.08.2009-cu il tarixləri arasındakı dövr ərzində, habelə 06.08.2009-21.04.2011-ci il tarixlərində qaldırıcı maşınist peşəsində işlədiyi və güzəştli şərtlərlə ümumi əmək stajının 18 il 1 ay 20 gün təşkil etdiyi sübut olunur. Yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fonduna etdiyi müraciətə “əmək kitabçanızda qeyd olunanlara əsasən 01.03.1993-06.-8.2009-cu il tarixləri arasındakı dövr ərzində Cavabdeh2 NQÇİ-də işlədiyiniz traktorçu vəzifəsi Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neft qazması və hasilatı, neft qaz kondensatı, kömür və şiştin emalı bölməsində nəzərdə tutulmamamışdır. Bu səbəblə sizin güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir” məzmununda cavab verilmişdir. Beləliklə, 01.03.1993-06.08.2009-cu il tarixləri arasındakı dövrdə "Siyəzənneft” NQÇİ-də qaldırıcı maşınist peşəsində işlədiyi halda, əmək kitabçasında yanlış qeydin aparılması nəticəsində hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-ci il, 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 3.5-ci bəndinə görə “İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar olunarsa, düzəliş işəgötürən tərəfidən aparılır. Əmək kitabçasında sözügedən düzəlişin edilməsini və işəgötürən tərəfindən əmək kitabçasından iş fəaliyyəti haqqında çıxarışın verilməsini xahiş etsə də, müraciətinə qeyri-müəyyən cavab verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddiasının təmin olunmasını xahiş edən iddiaçı, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadığını, əmək kitabçasında aparılmış qeydlərə əsas təşkil edən əmrləri cavabdeh müəssisədən tələb etmədiyini və nəticədə hüququnun pozulmasına səbəb olan qərar çıxardığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh təşkilatın nümayəndəsi (vəkili) isə şikayətin əsassız və qətnamənin dəyişdirilmədən saxlanılmalı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iddiaçının iş materiallarında olan əmək kitabçasının surətində olan məlumatlara görə o, 30.08.1983-cü il tarixdə Cavabdeh3 İB-nin Cavabdeh2 NQÇİ-nə traktorların təmiri üzrə çilingər vəzifəsinə işə qəbul olunmuş, 17.01.1984-cü il tarixdə traktorçu vəzifəsinə köçürülmüş, 01.03.1993-cü il tarixə qədər həmin işdə işləmiş, 01.03.1993-cü il tarixdə NQÇİ-də 6-cı dərəcəli traktorçu vəzifəsinə, 01.03.1995-ci il tarixdə isə Avtonəqliyyat sexinə traktorçu işinə köçürülmüş, 06.08.2009-cu il tarixdə Xüsusi Texnika Sexinə 5-ci dərəcəli qaldırıcının maşinsti vəzifəsinə qəbul edilmişdir və hazırkı dövrə qədər adı çəkilən NQÇİ-də əmək fəaliyyətini davam etdirməkdədir. İşin hallarından aydın olur ki, Cavabdeh2 NQÇİ tərəfindən iddiaçıya 22.01.2020-il tarixdə verilən arayışda onun 01.03.1993-cü il tarixdən 06.08.2009-cu il tarixinədək NQÇİnin Avtonəqliyyat sexində qaldırıcı maşinist peşəsində işlədiyi və iş stajının 16 il 5 ay 5 gün təşkil etdiyi, 06.08.2009-cu il tarixdən 21.04.2011-cil tarinədək NQÇİ-nin Xüsusi texnika sexində qaldırıcı maşınist peşəsində işləməklə iş stajının 1 il 8 ay 15 gün, ümumilikdə əmək stajının 18 il 1 ay 20 gün təşkil etdiyi göstərilmiş, bununla belə sonradan – 17.12.2020-ci il tarixdə - ona ünvanlanmış məktubda sözügedən arayışda əks olunan məlumatların düzgün olmadığı, əmək kitabçasındakı “traktorçu” sözünün yuxarı hissəsinə əlavə edilən “qaldırıcı maşinist” sözünün doğruluğunun müvafiq qaydada təsdiq edilmədiyi və 27.04.1995-ci il tarixli 106 saylı əmrin İdarənin arxivində tapılmadığı bildirilmişdir. İddiaçının iddiasına görə, əmək kitabçasında 01.03.1993-06.08.2009-cu il tarixləri arasındakı dövr üçün aparılan qeydlər, yəni həmin müddət ərzində traktorçu vəzifəsində işləmiş olması qeydləri həqiqəti əks etdirmir və əslində həmin dövrdə qaldırıcının maşinsti işlədiyindən əmək kitabçasında müvafiq düzəliş həyata keçirilməlidir. Kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.1996-ci il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Apellyasiya baxışı zamanı iddiaçının əmək kitabçasında aparılan qeydlərə əsas təşkil edən əmrlərin təqdim olunması cavabdeh müəssisədən tələb edilmiş, məhkəmənin sorğusuna Cavabdeh2 NQÇİ-nin 27.04.1995-ci il tarixli 106 nömrəli əmrinin arxivdə aşkar edilmədiyi” məzmununda cavab verilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir; buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1353/2021 saylı iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar