Məhkəmə qərarları › İş №2(103)-9207/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9207/2020

26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9207/2020 26.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 2082/2020 saylı qərardadından Cavabdeh Bəyəli oğlu tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehı 7100 manat və 30 manat dövlət rüsumunun əvəzinin alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 2082/2020 saylı qərardadı ilə Cavabdeh məhkəmə aidiyyatı haqqında ərizəsi rədd edilmişdir. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-2082/2020 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, yeni qərardad qəbul edilməsini və ya şikayətə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-2082/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh Cavabdeh mülki işin ərazi aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsinə göndərilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh şikayət vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 2082/2020 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-2082/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Cavabdeh Bəyəli oğlu bu qərardaddan da şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 2082/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bununla yanaşı, sonuncu qərardadı qəbul etməmişdən əvvəl Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 26 oktyabr 2020-ci il tarixli, 2(004)- 2082/2020 saylı qərardadı ilə tərəflərin məhkəməyə gəlmədiyinə görə MPM-in 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsini baxılmamış saxlamışdır. Apellyasiya instansiya məhkəməsi şikayəti iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 366.1 və 366.2-ci maddələrinə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunan normaların tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. İşdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 2082/2020 saylı qərardadından şikayətə MPM-in 269-cu maddəsinin tələblərinə əsasən baxıb xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 2082/2020 saylı qərardadı qəbul etməzdən əvvəl, özünün 26 oktyabr 2020-ci il tarixli, 2(004)- 2082/2020 saylı qərardadını, yəni tərəflərin məhkəməyə gəlmədiyinə görə MPM-in 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsini baxılmamış saxlandığını nəzərə almalı idi. Belə ki, iddia ərizəsini baxılmamış saxlamaqla məhkəmə mülki işin icraatına bu əsasla yekun vurmuş olur, başqa sözlə mülki iş artıq faktiki olaraq mövcud deyil. Mülki iş baxılmamış saxlanıldıqdan sonra, məhkəmənin qanunda nəzərdə tutulan hallar istisna olmaqla hansısa prosessual hərəkətlər etmək, o cümlədən özünün əvvəllər qəbul etdiyi hansısa qərardadlardan verilən şikayətlərə, sanki mülki işə baxılması davam edirmiş kimi, baxıb yeni qərardadlar qəbul edilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamış və belə bir prosessual imkanın yerinə yetirilməsi mexanizmi də MPMdən görünmür. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini həm də ona görə əsaslı hesab edir ki, tutaq ki, hazırki şikayətin apellyasiya icraatını mümkün hesab edib ona mahiyyəti üzrə baxarkən özünün MPM-in 398.0.2-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərindən istifadə edib qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququndan istifadə etdi. Bu halda birinci instansiya məhkəməsi MPM-in 399-cu maddəsində nəzərdə tutulan apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlərin məcburiliyini nəzərə alıb, baxılmamış saxlanılmış mülki iş üzrə növbəti hansı prosessual hərəkətləri və necə yerinə yetirəcəyi sualı da ortaya çıxacaqdır. Təbii ki, baxılmamış saxlanılmış mülki işin icraatının təzələnməsi tələb olunacaq. Ancaq MPM-in 265.0.5-ci maddəsində, bu Məcəllənin 259.0.6-cı maddəsində nəzərdə tutulmuş əsasla baxılmamış saxlanılma qərardadını məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız iddiaçı və ya cavabdehin vəsatətinə əsasən ləğv edilə bilməsi nəzərdə tutulmuşdur. İddiaçı yaxud cavabdeh tərəfin isə bu günə qədər belər bir vəsatətlərinin olduğu işdən görünmür. Göründüyü kimi, bu ziddiyyətli hallar araşdırılmadan işə apellyasiya qaydasında baxılması mümkünsüzdür. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırkı mülki işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 269, 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 2082/2020 saylı qərardadından Cavabdeh Bəyəli oğlu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar