Məhkəmə qərarları › İş №2(103)-9207/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9207/2021

02.11.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9207/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Azneft” İB-yə qarşı “işdən azad edilməsi barədə əmr ləğv edilməklə, işə bərpa olunması və məcburi boşdayanmaya görə pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(009)-1860/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh NQÇİ “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi Siyəzən rayon Məhkəməsinə müraciət edərək 23.04.2021-ci il tarixli, Socar **********00070020B00051 nömrəli əmrinin qanunsuz və əsassız hesab edilməklə ləğv edilməsi, məcburi iş buraxma müddətinə görə əmək haqqı ödənilməklə işə bərpa olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh NQÇi-də uzun müddət müxtəlif vəzifələrdə çalışmışdır. İşlədiyi müddət ərzində heç bir intizam və digər xəta törətmədən əmək funksiyasını yerinə yetirmişdir. Həmçinin bildirir ki, bir övladı Bakı Avrasiya univeristetində, digəri isə Şuşa Humanitar kollecində təhsil alır. Həmçinin özü şəkərli diabet xəstəliyinə görə poliklinikada qeydiyyatdadır və həyat yoldaşı ağır xəstəlikdən əziyyət çəkir və daimi müalicəyə ehtiyacı var. Bildirir ki, bütün bunlarla bağlı sənədləri iddia ərizəsinə əlavə edib. Bütün sadaladığı xüsusatlara baxmayaraq Cavabdeh NQÇİ rəisinin 23.04.2021-ci il tarixli, Socar **********00070020B00051 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi əsas götürülərək işdən çıxarılmışdır. Halbuki işçilərin ixtisarı zamanı şəkərli diabet xəstəsi olan şəxslərlə əmək müqaviləsinə xitam verilməsini qanun qadağan edir. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndində işçilərin ixtisarı zamanı əmək müqaviləsinin ləğv edilməsi qadağan olan işçilərin siyahısında şəkərli diabet xəstəliyinə düçar olan şəxslərin adı qeyd edilmişdir. Əmək məcəlləsinin 78-cu maddəsi: İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər. 1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 2 İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə, xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Siyəzən rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh “Azneft” İB ilə əvəz edilmiş və mülki iş aidiyyəti üzrə Səbail rayon Məhkəməsinə daxil olmuşdur Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(009)-1860/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ,Bakı şəhəri Səbail rayon Məhkəməsinin qətnaməsini Əmək Məcəlləsinin 65-ci ( İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri), 66-cı (Attestasiya olunmayan işçilər) və 67-ci ( İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi) maddələrinin tələblərini nəzərə almayaraq qəbul edərək,maddi hüquq normalarını pozmuşdur. Bundan əlavə əmək müqaviləsinin ləğvi zamanı cavabdeh onun xeyrinə bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görməmiş və əmək müqaviləsinin ləğvinin zəruliyini işəgötürən kifayət qədər əsaslandırmamışdır. Nə cavabdeh nə də ki,Məhkəmə tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslarını qətnamədə göstərilməmişdir.Odur ki,subut olunur ki, onun ixtisar edilərək işdən azad olunmağı qanunsuz olmuşdur. Hesab edir ki, məhkəmə qətnamə qəbul edərkən, maddi və prosessual hüquq normalarını pozmuşdur.Ona görə də qətnamə ləğv edilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Hökumülla oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası işin araşdırılması zamanı müəyyən etmişdir ki, İddiaçı “Azneft” İstehsalat Birliyinin Cavabdeh NQÇİ-nin İstehsalatın Avtomatlaşdırılması sexinin 5-ci dərəcəli neft və qazçıxarma operatoru (dispetçer məntəqəsi) vəzifəsində işə qəbul olmuşdur. Cavabdeh NQÇİ Həmkarlar İttifaqı Komissiyasına “Azneft” İB-nin strukturunun optimallaşdırılması haqqında 01.09.2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştatlarının ixtisar olunması ilə əlaqədar İddiaçı adının olduğu işçilərlə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi üçün müraciət edilmişdir. Cavabdeh NQÇİ-nin X2 heyyəti iclasının 08.04.2021-ci il tarixli protokolu ilə Cavabdeh NQÇİ-nin müraciətinə baxıldığını və İddiaçı da adının olduğu işçilərlə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. İş materiallarında olan “Azneft” İstehsalat Birliyi Cavabdeh NQÇİ-nin SOCAR**********00070020B00051 saylı 23.04.2021- ci il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə 16.09.2005-cı il tarixdə bağlanmış əmək müqaviləsinə Həmkarlar ittifaqı təşkilatının razılığı ilə xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.3- cü maddəsinə əsasən ona on ildən çox əmək stajı olduğuna görə orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. İş üzrə İddiaçı işlədiyi vəzifə üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi zamanı minimum 61.5 bal toplayaraq, minimum tələb olunan 69.5 bal həddini aşa bilməmişdir (i.v. 42). Birinci instansiyanın mövqeyinə görə, məhkəmə göstərilən halların İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün kifayət etdiyini nəzərə alaraq 01.09.2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmrin etibarlığı üzrə əlavə araşdırma aparmağı zəruri hesab etmir. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Bundan əlavə, işəgötürən tərəfindən İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən ƏM-nin 80.1-ci maddəsinin tələbləri nəzərə alınaraq, Cavabdeh NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin razılığı da alınmışdır. Bu fakt Həmkarlar İttifaqı Komitəsinin 08.04.2021-ci il tarixli iclasının 71 saylı protokolu ilə təsdiq olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. 70-ci maddəsinin «b» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də, işçilərin sayı və ya ştatları ixtisar edilməsidir. 71-ci maddəsinin 1-ci bəndinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən, İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi, tərəflər arasında olan əmək münasibətləri pozularkən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin hallarını tam araşdırmış və qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, əmək qanunvericiliyi işçi ilə bağlanmış əmək müqaviləsinin işçinin şəkərli diabet xəstəsi olması səbəbinə görə ləğv edilməsini məhdudlaşdırmışdır. İşçinin şəkərli diabet xəstəsi olması isə onunla bağlanmış müqaviləsinin ləğv olunmasını qadağan etmir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun şəkərli diabet xəstəsi olması səbəbilə xitam verilməmişdir. İşçilərin saylı azaldılarkən və ştatların ixtisarı həyata keçirilərkən ixtisasın peşəkarlıq səviyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılır. İddiaçı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi zamanı cəmi 61.5 bal toplamışdır. Bu səbəbdən də onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(009)-1860/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar