Məhkəmə qərarları › İş №2(103)-9209/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9209/2021

11.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9209/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmrin ləğv edilməsi və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-417/2021 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmrin ləğv edilməsi və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh özü tərəfindən verilmiş 17 sentyabr 2020-ci il tarixli, 08 nömrəli əmrin ləğv edilməsi və cavabdeh tərəfindən işəgötürənə vurulmuş maddi zərərə görə 14.168 (on dörd min bir yüz altmış səkkiz) manat məbləğində pul vəsaitinin cavabdeh şəxsdən tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçınə 02 aprel 2018-ci il tarixli əmək müqaviləsi üzrə müddətsiz olaraq baş mühasib vəzifəsinə işə götürülmüşdür. İlk əvvəllər işçi tərəfindən əmək funksiyalarının icrası lazımi qaydada həyata keçirilmişdir. 16 iyul 2019-cu il tarixli İddiaçı təsisçilərinin qərarı ilə cəmiyyətin yeni qanuni təmsilçilik funksiyalarına malik direktoru vəzifəsinə X4 təyin edilmişdir. Bundan sonra cəmiyyətin gəlirlərində, ümumi dövriyyəsində ciddi fərqlərin yaranması öz növbəsində işçi-Cavabdeh cəmiyyətdəki maliyyə əməliyyatları barədə fəaliyyətinə əsaslı şübhələrin yaranmasına gətirib çıxarmışdır. İşçidən öz fəaliyyəti ilə bağlı hesabatlar tələb edildikdə bundan dəfələrlə yayınmış, hesabatlar təqdim etməkdən boyun qaçırmışdır. Hansı ki, cavabdeh şəxs hər rübün sonunda əsaslandırılmış hesabat təqdim etməli idi. Elektron imzanın cavabdehin özündə olması səbəbindən o, cəmiyyətin maliyyə vəsaitlərini və gəlirlərini öz istəyinə uyğun idarə etmişdir. Yekunda baş mühasibin fəaliyyətinin yoxlanılması məqsədi ilə onun ödəniş kartı üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Səbail filialından əldə edilmiş 16 sentyabr 2020-ci il və 17 sentyabr 2020-ci il tarixli çıxarışlardan müəyyən olunmuşdur ki, İddiaçı hesabından cavabdeh tərəfindən öz maaş kartına məvacibindən əlavə müxtəlif vaxtlarda 14.168 (on dörd min bir yüz altmış səkkiz) manat məbləğində pul köçürülmüşdür və həmin köçürmələrin heç bir hüquqi əsası olmamışdır. Cəmiyyət tərəfindən bu halın aşkar edilməsindən bir gün sonra cavabdeh qanuni məsuliyyətdən yayınmaq məqsədilə 17 sentyabr 2020-ci il tarixdə, həmin tarixdən əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmış və həmin ərizədən rəhbərliyin heç bir xəbəri və məlumatı olmamışdır. Həmin gündə “ASAN imzanın” özündə olmasından istifadə edərək 17 sentyabr 2020-ci il tarixində, saat 12:11-də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) öz əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 08 nömrəli əmr hazırlamış və həmin əmri sistemə daxil olaraq elektron qeydiyyatdan keçirmişdir. Lakin nə rəhbərliyin, nə də cəmiyyətin direktorunun həmin gün baş verənlərdən heç bir xəbəri olmamış, işçi hüquqdan sui-istifadə edərək, sənədləri saxtalaşdırmaqla öz-özünü işdən çıxarmışdır. Ümumiyyətlə direktor həmin gün işdə olmamışdır. Göründüyü kimi hazırki halda əmək müqaviləsinə xitam verilməsi qaydası qanunun müvafiq maddi hüquq normasının tələblərinin pozulması ilə nəticələnmişdir. Nə təsadüf ki, işçi öz ərizəsində işdən çıxması gününü ərizəni yazıdığı gün göstərmiş və ərizəsində yuxarıda göstərilən müstəsna halların hər hansı biri barədə məlumat göstərməmişdir. Bütün bu hallar göstərir ki, cavabdeh qanuni məsuliyyətdən yayınmaq və öz qanunsuz əməllərinə “hüquqi don” geyindirmək məqsədi ilə bu tələsik addımları atmışdır. Qeyd edilməlidir ki, işçi tərəfindən işəgötürənə vurulmuş maddi zərərin işəgötürən tərəfindən aşkar edilmiş məbləği 14.168 (on dörd min bir yüz altmış səkkiz) manatdır. Lakin cəmiyyətə məlum olmayan işçi tərəfindən vurulmuş faktiki zərər də var ki, bu zərərin tam həcmdə müəyyən edilməsi, ümumiyyətlə obyektiv həqiqətin aşkara çıxarılması üçün işçi baş mühasibin maliyyə fəaliyyətinin və mühasibatlıq uçotunun yoxlanılması üçün müvafiq audit keçirilməsi zərurəti vardır. Lakin cavabdehin hərəkətləri təkcə əmək qanunvericiliyinin müvafiq normalarının pozulmasından ibarət deyil və həmin hərəkətlərdə cinayət əlamətləri mövcuddur. Belə ki, cavabdehin cinayət əməlləri barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsi). Bu baxımdan, Cavabdeh baş mühasib kimi İddiaçındə qanuni fəaliyyətinin yoxlanılması üçün müvafiq auditin keçirilməsi barədə qərardad və Cavabdeh cinayət xarakterli əməlləri ilə bağlı xüsusi qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-417/2021 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh işəgötürənə vurulmuş maddi zərərə görə 14.168 (on dörd min bir yüz altmış səkkiz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı hesabına köçürülməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manatın Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh nümayəndəsi və vəkili X6 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(005)-417/2021 saylı qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə mülki işə mahiyyəti üzrə baxarkən maddi və prosessual hüquq normalarını kobud surətdə pozaraq, AR MPM-nin 385-ci maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində İddiaçı MMC-nin Cavabdeh qarşı “əmrin ləğv edilməsi və vurulmuş maddi zərərin ödənilməsinə dair” işə baxılarkən məhkəmə iclasının veri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməmişdir. Bu səbəbdən də cavabdeh məhkəmə prosesində iştirak edə bilməmiş, ədalətli məhkəmə araşdırması hüququndan məhrum edilmiş, eyni zamanda məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsipi təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(005)-417/2021 saylı qətnaməsi cavabdehə rəsmi surətdə təqdim edilməmiş, qətnamənin surətini 18 avqust 2021-ci il tarixdə nümayəndəsi vasitəsilə rəsmi qaydada almışdır. "Muğam Klub” MMC-nin direktoru X1 Rayon Prokurorluğuna ərizə ilə müraciət edərək Cavabdeh rəhbərliyin etibarından suiistifadə etdiyini, müxtəlif vaxtlarda MMC-nin hesabından öz maaş kartına məvacibindən əlavə 16.000 manat pul köçürdüyünü, cəmiyyətə məxsus ümumilikdə 53.624 manat məbləğində pul vəsaitini mənsimsəməsini qeyd etmişdir. Lakin 02 iyul 2021-ci il tarixdə Sayadov Səməd təkrar ərizə ilə rayon prokurorluğuna müraciət edərək sonradan aparılmış daxili araşdırmalar zamanı Cavabdeh fəaliyyətində hər hansı qanun pozuntusunun aşkar olunmadığını və bu səbəbdən də onun barəsində heç bir şkayətinin və tələbinin olmadığını bildirmişdir. Səbail Rayon Prokurorluğunun 02 iyul 2021-ci il tarixli qərarına əsasən Cavabdeh əməllərində hər hansı cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından, onun barəsində cinayət işinin başlanmasının rədd edilməsinə qərar verilmişdir. Məhkəmə qətnamə qəbul edərkən cəmiyyət tərəfindən təqdim edilmiş audit rəyini nəzərdən keçirirərək və əsaslı sübut hesab edərək iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Halbuki, Cavabdeh iştirakı və məlumatı olmadan, heç bir daxili sənədlər yoxlanılmadan və bütün rəsmi ödənişlər nəzərə alınmadan audit yoxlaması keçirilmiş və audit rəyi alınmışdır. Həmçinin, pul köçürməsi ilə bağlı cavabdeh ilə direktor arasında olan razılaşmaya əsasən bəzən cavabdehə məxsus "xxxx"da olan şəxsi bank kartında pul olduqca hesabından şirkətin instagram, qaz, işıq və s. kimi ödənişlərini həyata keçirmiş, daha sonra həmin ödənişlər şirkət tərəfindən onun əmək haqqı kartına köçürülmüşdür. Cavabdeh ödənişləri şəxsən direktorun razılığı və məlumatı əsasında icra etmişdir. İşdən çıxma faktı ilə bağlı bildirir ki, 16 sentyabr 2020-ci il tarixdə direktor ona təsisçi Sevinc Bağırovanın göstərişi ilə işdən azad olunmalı olduğunu bildirmiş, o da 17 sentyabr 2020-ci il tarixdə “ASAN imza” vasitəsilə özünü işdən azad edib bununla bağlı yazılı ərizəsini direktorun iş otağındakı stolun üzərinə qoymuşdur. Odur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(005)-417/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təminm edilməməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı öz nümayəndəsini məhkəməyə göndərmədiyinə görə, işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiyainstansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: - ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh kart hesabına 01.01.2019- 16.09.2020-ci il ərzində 22483,56 manat mədaxil, - 22556,11 manat məxaric olunmuşdur. - ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh kart hesabına 01.01.2018- 31.12.2019-cu il ərzində 17615,17 manat mədaxil, 17244,09 manat məxaric olunmuşdur. - İddiaçı rəhbərliyinə Cavabdeh tərəfindən 17.09.2020-ci il tarixli ərizədən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə 17.09.2020 tarixdən xitam verilməsini xahiş etmişdir. -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh 17.09.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci massədinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən 02.04.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh İddiaçındə 02.04.2018-ci il tarixdən etibarən baş mühasib vəzifəsinə təyin edilmişdir. əmək müqaviləsi müddətsiz bağlanmışdır. Aylıq əmək haqqı 300 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/4855 nömrəli 15 yanvar 2021-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, təqdim edilmiş mülki iş materiallarında Cavabdeh İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsi, cavabdehin hansı vəzifədə işlədiyi, tutduğu vəzifəyə görə əmək haqqı məbləği (vəzifə maaşı), əmək haqqı hesablanmasına dair cədvəllər və s. öz əksini tapmamışdır. Ekspert qeyd edir ki, mövcud iş materiallarında olan Cavabdeh məxsus ödəniş kartı üzrə çıxarış məlumatlarına əsasən ekspertiza qarşısında qoyulmuş sual üzrə 02 aprel 2018-ci il tarixdən 17 sentyabr 2020-ci il tarixə olan dövr üçün Cavabdeh məxsus maaş kartına əmək haqqı məvacibindən əlavə digər təyinat üzrə mədaxil olunmuş məbləğlərin cəmi 9387,87 manat məbləğində müəyyən edilmişdir. - Əmək haqqı cədvəlindən görünür ki, Cavabdeh ödənilmiş əmək haqqı 2018-ci il üzrə 2445,48 manat, 2019-cu il üzrə 3079,50 manat, 2020- ci il üzrə 2161,43 manat məbləğində olmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/1175 nömrəli 21 may 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında Cavabdeh İddiaçı ilə aralarında bağlanmış əmək müvqaviləsi, X3 cari hesabından çıxarışı, MMC-nin hesabından pul köçürmələrinə dair ödəniş tapşırıqları, sifarişlər, dövr üzrə əmək haqqı ştat cədvəlləri, əmək haqqı ödəniş cədvəlləri, məzuniyyətlə, yardımla, kompensasiya ilə bağlı əmrlər və s. mövcud deyil. Təqdim edilmiş İddiaçı MMC-nin cari hesabından çıxarış və Cavabdeh kart hesabından çıxarış nəzərə alındıqda isə İddiaçı MMC-nin hesabından Cavabdeh hesabına (02.04.2018-ci il tarixdən 17.09.2020-ci il tarixə) 2018-ci il üzrə 2.462,98 manat məbləğində əmək haqqı və 1.000,00 manat məbləğində yardım olmaqla ümumilikdə 3.462,98 manat, 2019-cu il üzrə 5.963,69 manat məbləğində əmək haqqı və 7.000,00 manat məbləğində kompensasiya olmaqla ümumilikdə 12.963,69 manat və 2020-ci il üzrə 6.443,50 manat məbləğində əmək haqqı və 500,00 manat məbləğində mükafat olmaqla, ümumilikdə 6.943,50 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Yəni ki İddiaçı hesabından Cavabdeh hesabına 02.04.2018-ci il tarixdən 17.09.2020-ci il tarixədək 14870,17 manat məbləğində əmək haqqı 1000,00 manat məbləğində yardım, 5.000,00 manat məbləğində kompensasiya və 500.00 manat məbləğində mükafat olmaqla ümumilikdə 23.370,17 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan başqa iş materiallarında (səh-21) Cavabdeh adından İddiaçı hesabına 24.04.2020-ci il tarixli, 1163,00 manat məbləğində ödəniş edilməsi barədə elan mövcuddur. Həmin məbləğ İddiaçı cari hesabında öz əksini tapır. -İddiaçı 11 iyun 2021-cin il tarixli faktiki nəticələr haqqında müstəqil auditor rəyindən görünür ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində İddiaçınə Cavabdeh tərəfindən 02.04.2018-ci il tarixdən 17.09.2020-ci il tarixədək aparılmış maliyyə əməliyyatları nəticəsində dəymiş ziyan təqdim edilmiş məlumatlar və sənədlər əsasında 101.518,02 manat məbləğində müəyyən edilmişdir. 14.248,66 manat məbləğində vəsaitin Cavabdeh əmək haqqı kartına köçürülməsi halı müəyyən edilmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh İddiaçınə 02 aprel 2018-ci il tarixli əmək müqaviləsi üzrə müddətsiz olaraq baş mühasib vəzifəsinə işə qəbul edilmiş, 17 sentyabr 2020-ci il tarixdə isə onlar arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. İddiaçı öz iddia ərizəsində cavabdehin işlədiyi müddətdə MMC-yə məxsus pul vəsaitlərini mənimsədiyini, habelə müdiriyyətin xəbəri olmadan, özündə olan ASAN imzadan istifadə edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri imzaladığını, bu barədə bildirişi ƏƏSMN-nin elektron bazasına yerləşdirdiyini bildirmişdir. Cavabdeh isə buna etiraz edərək, onun tərəfindən heç bir pul vəsaitlərinin mənimsənilmədiyini, iddia ərizəsində göstərilmiş pul məbləğlərinin MMC-nin müxtəlif gündəlik xərclərinə sərf edildiyini, bundan MMC-nin rəhbərliyinin də xəbəri olduğunu, həmçinin işdən azad olunması ilə bağlı əmri də MMC-nin direktorunun razılığı və göstərişi ilə özündə olan ASAN imza vasitəsilə imzaladığını bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsində əmək müqaviləsinə xitam verilmənin əsasları dəqiq şəkildə qeyd olunmuşdur. Belə ki, həmin maddənin a bəndində tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin xitam olunması əsası qeyd olunmuşdur. Həmin Məcəllənin 69.1-ci maddəsində işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsində ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.5-ci maddəsində işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri(sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin Maddə 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qanunvericiliyin yuxarıda sadalanan normalarından görünür ki, iddiaçı cavabdehlə əmək münasibətlərində olduğu müddətdə sonuncu tərəfindən ona maddi zərər vurulmasını, habelə onunla bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozmaqla tərtib edilmiş əmr əsasında xitam verilməsini bildirdiyindən, iddianın əsasını təşkil edən həmin faktiki halların mövcudluğu məhkəmə araşdırması zamanı öz sübuta yetirilməlidir. Bu halları sübut etmək yükü isə iddiaçının üzərinə düşür. İş materiallarında olan və cavabdeh tərəfindən təqdim edilmiş Səbail rayon prokurorluğunun müstəntiqinin 02 iyul 2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh hərəkətlərində cinayət tərkibinin olması barədə eyni əsaslarla (pul vəsaitlərinin mənimsənilməsi və özbaşına işdən azad edilməsi barədə əmri imzalaması) prokurorluğa müraciət olunmuş, həmin müraciət əsasında araşdırma aparılmış və Cavabdeh əməllərində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından, onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilən qərarın məzmunundan görünür ki, İddiaçı MMC-nin direktoru tərəfindən istintaq orqanına məktub ünvanlanmış, həmin məktubda MMC-nin direktoru bildirmişdir ki, Cavabdeh fəaliyyətinin yoxlanılması ilə bağlı MMC-də aparılmış audit yoxlamasının nəticələri yoxlamaya təqdim edilən sənədlərin tam olmaması səbəbindən düzgün olmamış, sonradan aparılmış daxili araşdırma ilə müəyyən edilmişdir ki, Cavabdeh öz vəzifələrinin icrası zamanı hər hansı bir qanun pozuntusuna yol verməmişdir. Odur ki, onların Cavabdeh və qeyrilərinə qarşı heç bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, Səbail rayon prokurorluğunun müstəntiqinin 02 iyul 2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı hazırkı mübakhisə üzrə preyudisial əhəmiyyət daşımaqla, Cavabdeh tərəfindən İddiaçı MMC-nə maddi ziyanın vurulması, habelə onunla bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə xitam verilməsinin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. Həmin qərarda isə İddiaçı MMC-nin direktoru tərəfindən verilmiş məktuba istinad edilməklə Cavabdeh heç bir qanun pozuntusuna yol verilmədiyi müəyyən edilmiş və onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı MMC-nin iddia ərizəsində göstərdiyi hallar – cavabdeh tərəfindən ona maddi ziyanın vurulması və onun işdən azad edilməsi ilə bağlı əmrin tərtibi zamanı əmək qanunvericiliyinin tələblərinin pozulması halı sübuta yetirilməmişdir. Beləliklə, müəyyən edilir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamış, nəticədə məhkəmə mübahisənin mahiyyəti üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 300 (üç yüz) manat İddiaçı MMC-yə tutulub dövlət büdcəsinə keçirilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətli təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-417/2021 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdeh qarşı “əmrin ləğv edilməsi və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 300 (üç yüz) manat İddiaçındən tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar