Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-921/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3084/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Balayeva (Əmirova) Aytən Vidadi qızı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdi. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verərək iddiaçının tələbinə münasibətdə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq müddətin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3084/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia müddəti tətbiq edilərək iddia rədd edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş, şikayətin dəlilləri kimi qeyd etmişdir ki, 19 may 2010-cu il tarixdən cavabdehin “Yeni Həyat” filialında müştəri xidməti şöbəsində mütəxəssis kimi əmək fəaliyyətinə başlamış, cavabdehin 11 mart 2019-cu il tarixli əmri ilə əmək fəaliyyətini “Səbail” filialında davam etdirmiş, 22 noyabr 2019-cu il tarixli, 1434 saylı əmrlə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsində verilən anlayışa görə isə müəssisə mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir. Əmək Məcəlləsinin həmin maddəsi Mülki Məcəllənin 53.3-cü maddəsi ilə ziddiyyət təşkil edir. Belə ki, MM-nin 53.3-cü maddəsinə görə, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər (Mülki Məcəllənin 43.1 və 53-cü maddələri). “Normativ hüquqi aktlar haqında” Azərbaycan Respublikasının Qanunun 2.5-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. İddiaçı qeyd edir ki, qanunvericilik aktları arasında ziddiyyət olduğundan əmək hüquqlarının pozulduğunu iddia etməkdə onda əminlik yaranmamışdır. Bu səbəbdən, 10.01.2020-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət etmiş, həmin orqanın ona ünvanladığı 05 mart 2020-ci il məktubda qeyd edilmişdir ki, Cavabdeh ASC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən onunla cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildikdə) xitam verildiyi məlum olmuşdur. Cavabdeh ASC-nin “Səbail” filialının hüquqi və ya fiziki şəxs kimi işəgötürən səlahiyyətinə malik deyildir. Eyni zamanda, Cavabdeh ASC-nin də ləğv olunmasına dair X4 Xidmətinin Bakı şəhər İdarəsinə heç bir sənəd təqdim edilməmişdir. Qeyd edilənlərlə əlaqədar, əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə D.Quliyev barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə uyğun olaraq MN ******* nömrəli, 06 fevral 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. İddiaçı fəaliyyət göstərdiyi filialın ləğv olunmasının cavabdeh tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edən Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinin təsiri altına düşmədiyini, filialın hüquqi şəxs olmadığını, onunla bağlanmış əmək müqaviləsinin tərəfi olan cavabdehin ləğv olunmadığını, bu səbəbdən də onunla əmək müqaviləsinə istinad olunan əsasla xitam verilməsinin qanunsuz olduğunu bildirir. Hesab edir ki, X4 Xidməti əmək mübahisələrini məhkəməyə qədər həll edən orqan olduğundan, onun məhkəməyə müraciət etmək hüququ məhz inzibati orqan tərəfindən bu məsələyə baxıldıqdan sonra cavabdeh tərəfindən bundan irəli gələn vəzifələrin icra edilmədiyi halda yaranır. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “a” bəndinə istinadən xitam verilməsi qanunsuz olmuşdur, hazırkı halda filialın ləğv olunması iddiaçı ilə bağlanmış əmək müqaviləsinin əmrdə göstərilən əsasla ləğv edilməsi üçün əsas ola bilməzdi, Konstitusiya Məhkəməsinin 30.07.2021-ci il tarixli Qərarında verdiyi şərhi də bunu təsdiq edir, qaldı ki, iddiaçının ƏM-nin 296.2-ci hissəsində nəzərdə tutulmuş bir aylıq müddətin ötürülməsi ilə bağlı gəldiyi nəticəyə, bunu da əsaslı hesab etmək olmaz, əvvala ona görə ki, iddiaçı özü həmin müddətin ötürülməsini mübahisələndirməyərək, bunun səbəblərini göstərmiş və həmin səbəblərin də üzrlü hesab edilərək buraxılmış müddətin bərpa olunmasını yazılı şəkildə rayon məhkəməsindən xahiş etmiş, rayon məhkəməsi isə həmin səbəblərin üzürlü olub-olmamasına düzgün qiymət verməmişdir. Halbuki ƏM-nin 296-cı maddəsinin 6-cı hissəsinin tələbinə görə həmin maddədə göstərilən müddətlər üzürlü səbəblərdən....ötürülərsə mübahisəyə baxan orqan müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Bu səbəbdən və Konstitusiya Məhkəməsinin 30.07.2021-ci il tarixli Qərarına əsasən apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi İ.Şirinov apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, ən azından müddət ötürülmüşdür, qanunu bilməmək heç kəsi məsuliyyətdən azad etmir, ona görə də şikayətin rədd edilməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki işdə olan № ******* saylı əmək kitabçasının surətindən görünür ki, Balayeva (Əmirova) Aytən Vidadi qızı 19 may 2010-cu il tarixdən 22 noyabr 2019-cu il tarixinədək Cavabdeh ASC-də baş mütəxəssis vəzifəsində çalışmış, 22.11.2019-cu il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur. Cavabdeh ASC-nin 1434 №-li, 22 noyabr 2019-cu il tarixli əmrindən görünür ki, X3 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə (müəssisə ləğv edildikdə) əsasən 22 noyabr 2019-cu il tarixdən etibarən xitam verilməsi və işçi ilə son haqq-hesabın aparılması əmr edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X2 ünvanladığı 05 mart 2020-ci il məktubda qeyd edilmişdir ki, Cavabdeh ASC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən onunla cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildikdə) xitam verildiyi məlum olmuşdur.Cavabdeh ASCnin “Səbail” filialının hüquqi və ya fiziki şəxs kimi işəgötürən səlahiyyətinə malik deyildir. Eyni zamanda, Cavabdeh ASC-nin də ləğv olunmasına dair X4 Xidmətinin Bakı şəhər İdarəsinə heç bir sənəd təqdim edilməmişdir.Qeyd edilənlərlə əlaqədar, əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə D.Quliyev barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə uyğun olaraq MN ******* nömrəli, 06 fevral 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-921/2021 saylı, 17 fevral 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.1-ci maddəsi ilə Mülki Məcəllənin 43.1-ci, 44.1-ci, 53-cü və 59.1-ci maddələrinin müqayisəli şəkildə, eləcə də Əmək Məcəlləsinin 294 və 296-cı maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsi ilə əlaqədar həmin müraciətə baxılıb qurtaranadək hazırkı iş üzrə icraat dayandırılmışdır. Həmin müraciətlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsi”nə dair 30 iyul 2021-ci il tarixli qərarı qəbul etmişdir. Həmin qərara əsasən, əmək müqaviləsi işçi ilə mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, habelə səlahiyyətli orqan tərəfindən bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəliyin ləğvi zamanı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə ləğv edilməlidir. Əmək müqaviləsi işçinin çalışdığı iş yeri üzrə mülkiyyətçinin müvəkkil etdiyi müəssisənin rəhbəri ilə bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəlik ləğv edilərkən həmin müqavilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndində nəzərdə tutulan müəssisənin ləğv edilməsi əsası ilə ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır. Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar. Aparılmış məhkəmə araşdırmaları zamanı aşağıdakı məsələlər hazırkı işin mübahisəsiz halları kimi müəyyən olunmuşdur: -iddiaçının 19.05.2010-cu il tarixindən cavabdehlə bağladığı əmək müqaviləsinə əsasən mütəxəssis kimi cavabdeh bankda işə başlaması; - həmin tarixdən 11.03.2019-cu il tarixinədək bankın “Yeni həyat” filialında işləməsi; - 11.03.2019-cu il tarixindən etibarən isə cavabdehin müvafiq əmri ilə “Səbail” filialında baş mütəxəssis vəzifəsinə keçirilməsi; - 22.11.2019-cu il tarixində cavabdeh bankın 1434 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “a” bəndinə (müəssisənin ləğv edilməsinə) əsasən xitam verilməsi; - cavabdeh (işəgötürən) Cavabdeh ASC-nin müəssisə olaraq ləğv olunmadığı, yalnız iddiaçının çalışdığı “Sabail” filialının ləğv olunması; - iddiaçının əmək hüquqlarının pozulması ehtimalı ilə X4 Xidmətinə müraciət etməsi; - Müfəttişlik tərəfindən aparılmış müvafiq araşdırmaların nəticəsi olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğuna görə cavabdeh bankın səlahiyyətli şəxsinin İXM-nin 192.6-cı maddəsinə əsasən inzibati tənbeh olunması haqqında MN0411038 nömrəli 06 fevral tarixli protokolun tərtib olunması; - bu barədə məlumatın iddiaçıya 18 mart 2020-ci ildə tədim olunması; -iddiaçının hazırkı iddia ərizəsi ilə 17.04.2020-ci il tarixdə məhkəməyə müraciət etməsi; -iddiaçının iddia ərizəsi ilə birlikdə buraxılmış müddətin bərpa edilməsi barədə ərizə verməsi; - cavabdehin Əmək Məcəlləsində nəzərdə tutulmuş müddətin tətbiqinə dair ərizə verməsi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək və hazırkı mülki iş üzrə edilmiş müraciətlə bağlı Konstitusiya Məhkəməsinin 30.07.2021-ci il tarixli Qərarına əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh bankın 1434 saylı, 22.11.2019-cu il tarixli əmri ilə iddiaçının fəliyyət göstərdiyi “Səbail” filialın ləğv edilməsi səbəbindən onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “a” bəndinə (müəssisənin ləğv edilməsinə) istinadən xitam verilməsinin qanunsuz olması hazırkı mülki iş üzrə edilmiş müraciətlə bağlı Konstitusiya Məhkəməsinin 30.07.2021-ci il tarixli Qərarına əsasən müəyyən olunmuşdur, bu səbəbdən də həmin əmrin qanuniliyi ilə bağlı məsələnin əlavə əsaslandırılmasına zərurət qalmır. Ümumiyyətlə isə, rayon məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə qətnaməsində həmin əmrin əsaslı olub-olmaması məsələsini müzakirə etməmiş, yalnız iddia müddətini tətbiq etməklə iddianı rədd etmişdir. Bunula bağlı, yəni iddiaçının hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməsi üçün qanunla müəyyən olunmuş müddətin ötürülməsi səbəblərinin üzürlü hesab edilə bilməsi ilə əlaqədar Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, rayon məhkəməsi iddiaçının həmin ərizəsinə münasibətdə göstərmişdir ki, iddiaçı buraxılmış müddətin üzürlü səbəblərdən baş verməsinə dair sübutlar təqdim edə bilməmişdir. Baxmayaraq ki, iddiaçı tərəfin həm müddət bərpasına dair ərizəsindəki, həm də izahatlarındakı mövqeyi ondan ibarət olmuşdur ki, filialın ləğv olunmasına görə iddiaçı ilə bağlanmış əmək müqaviləsini müəssisənin ləğvi əsasını nəzərdə tutan ƏM-nin 70-ci maddəsinin “a” bəndinə istinadən xitam verilməsi ilk andan qeyri-müəyyən görünsə də, sonradan X4 Xidməti tərəfindən iddiaçıya ƏM ilə MM-nin müəssisənin filialı anlayışı ilə bağlı normaları arasındakı uyğunsuzluq izah edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə bankın vəzifəli şəxsi barəsində İXM-nin 192.6-cı maddəsinə uyğun inzibati tənbeh vermə haqqında protokol tərtib edildiyi bildirilmiş, Xidmətin həmin məktub ona 05.03.2020-ci il tarixdə ünvanlansa da, məktub ona 18.03.2020-ci il tarixdə təqdim olunmuşdur. Bundan sonra iki qanun arasındakı qeyri-müəyyənliyin onun xeyrinə olduğunu, yəni hüququnun pozulduğunu bilmiş və bir aylıq müddət ərzində məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsinin üzərinə vurulmuş daxil olma qeydindən məlum olur ki, onun ərizəsi Nəsimi Rayon Məhkəməsində 21.04.2020-ci il tarixdə qeydə alınsa da, iddia ərizəsinin göndərildiyi poçt zərfinin üzərində olan rəsmi qeyddən məlum olur ki, iddiaçı hazırkı ərizəsini 17.04.2020-ci il tarixdə rabitə orqanına təqdim etmişdir. Belə olan halda müəyyən olunur ki, iddiaçı X4 Xidməti tərəfindən ona ünvanlanmış izah məktubunu aldığı 18.03.2020-ci il tarixdən hesablanmaqla bir aylıq müddəti ötürməmişdir. İddiaçı tərəfindən 18.03.2020-cil tarixinədək ötürülən müddətə münasibətdə isə Məhkəmə Kollegiyasının qənaətinə görə həmin müddətin ötürülməsi üzrlü hesab edilməlidir. Çünki aparılan müzakirələr zamanı məlum olmuşdur ki, bir sıra məsələlərdə olduğu kimi, bu məsələdə də həm hakimlər, həm də məhkəmələr arasında olduqca fərqli mövqelər və demək ki, həm də fərqli yanaşmalar və müvafiq olaraq da fərqli məhkəmə qərarları mövcuddur. Məlum olmuşdur ki, qeyd edilən məsələyə, yəni əmək münasibətlərindən irəli gələn mübahisələrə baxılarkən eyni məsələləri tənzimləyən müxtəlif qanun normaları arasında ziddiyyət (kolliziya) olduqda sahəvi qanun kimi Əmək Məcəlləsinin və ya Mülki Məcəllənin normalarının, eləcə də fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini tənzimləyən Əmək Məcəlləsinin 296-cı maddəsində təsbit olunmuş qaydaların tətbiqi ilə bağlı həm də kəskin fərqli mövqe mövcuddur və dərhal da qeyd olunmalıdır ki, bu cür fərqli yanaşma ayrı-ayrı hakimlərlə yanaşı, həm də müxtəlif instansiya məhkəmələrinin qərarlarında da rast olunur. Mübahisə doğuran və məhkəmə praktikasında fərqli yanaşmalara səbəb olan əsas məsələ isə bundan ibarətdir: Əmək Məcəlləsinin 70-ci maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən etmişdir ki, həmin əsaslardan biri də müəssisənin ləğv edilməsidir (həmin maddənin “a” bəndi). Eyni zamanda Əmək Məcəlləsinin 3-cü maddəsində əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışı verilmişdir. Həmin normada verilmiş anlayışa əsasən hüquqi şəxs, onun filialı və nümayəndəliyi də müəssisədir (həmin maddənin 1-ci bəndi). Bununla belə, Mülki Məcəllədə hüquqi şəxslərlə bağlı məsələləri tənzimləyən xüsusi fəsil (İV fəsil- hüquqi şəxslər) nəzərdə tutulmuşdur. Həmin fəsildə hüquqi şəxsin anlayışı, onun növləri, hüquq qabiliyyəti, yaradılması, təsisçiləri, nizamnaməsi, dövlət qeydiyyatı, orqanları, məsuliyyəti, idarə olunması, yenidən təşkili, ləğv edilməsi və müflis olması kimi məsələlərlə yanaşı, həm də hüquqi şəxsin nümayəndəlik və filiallarının da anlayışı verilmiş və onların statusu müəyyən olunmuşdur (maddə 53). Mülki Məcəllənin 43.1-ci maddəsində hüquqi şəxsin anlayışı verilmişdir – hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Məcəllənin 44.1-ci maddəsi isə hüquqi şəxsin hüquq qabiliyyəti ilə bağlı məsələni tənzimləyir. Həmin normanın tələbinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olur və mülki vəzifələr daşıyır, hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Hüquqi şəxsin ləğvinin anlayışı isə Mülki Məcəllənin 59.1-ci maddəsində aşağıdakı kimi təsbit olunmuşdur – hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Müzakirə olunan məsələyə birbaşa aidiyyəti olan norma isə hüquqi şəxsin nümayəndəlik və filiallarının anlayışını və statusunu müəyyən edən, eləcə də onların idarə olunması və fəaliyyətini tənzimləyən Mülki Məcəllənin 53-cü maddəsidir. Həmin normada təsbit olunmuşdur ki, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır (maddə 53.1). Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamsını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır (maddə 53.2). Normanın tələbinə görə nümayəndəliklər və filiallar hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəlik və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər (maddə 53.3). Qeyd olunanlardan da aydın olur ki, Əmək Məcəlləsində müəssisə və filiala verilən anlayışla, Mülki Məcəllədə hüquqi şəxslə onun filialına verilən anlayışlar arasında aşkar ziddiyyət mövcuddur. Hazırkı məsələyə dair aparılmış təhlillər zamanı müəyyən olunmuşdur ki, həmin mübahisələrin həllinə birbaşa təsir edən və bu məsələyə münasibətdə olduqca fərqli olan hər iki mövqeyin tərəfdarlarının yetərli hesab oluna biləcək tutarlı əsasları və istinad etdikləri maddi hüquq normaları mövcuddur. Belə ki, Konstitusiya Qanununun normativ hüquqi aktlar və onların hüquqi qüvvəsini müəyyən edən 2-ci maddəsində təsbit olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Mülki Məcəlləsi tətbiq edilir (maddə 2.5). Bununla belə, Konstitusiya Qanununun normativ hüquqi aktların kolliziyasının həlli qaydalarını müəyyən edən 10-cu maddəsində təsbit olunmuşdur ki, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir (maddə 10.3). Göründüyü kimi, oxşar hallarda mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün, bir qayda olaraq istinad olunan “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu da bu məslədəki fikir ayrılığını aydınlaşdırmır, əksinə, bir qədər də mürəkkəbləşdirir. Bu isə, eyni hüquqi qüvvəyə malik normativ hüquqi aktlar arasında mövcud olan həmin ziddiyyətin Konstitusiya Məhkəməsi tərəfindən şərh edilməsini zəruri etmişdir. Belə olan halda müəyyən olur ki, iddiaçının müddəti ötürməsində qanunda olan qeyri- müəyyənliklər obyektiv səbəb olmuşdur. Burada qanunun “keyfiyyəti” məsələsi ortaya çıxmışdır. Hazırkı işlə bağlı Konstitusiya Məhkəməsinə müraciət edilməsi və Konstitusiya Məhkəməsinin də 30.07.2021-ci il tarixli qərarında verdiyi şərhi də bunu təsdiq etmişdir. Belə olan halda, iddiaçıya münasibətdə- “qanunu bilməmək məsuliyyətdən azad etmir” postulatına istinad etmək əsaslı və keçərli sayıla bilməz və hər hansı əks yanaşma iddiaçını həddən artıq “yük altında” qoymuş olardı. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Beləliklə, hazırkı iş üzrə birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, sübutları 88-ci maddənin tələbləri baxımından düzgün qiymətləndirməmiş, Əmək Məcəlləsinin normalarının tətbiq və təfsirində səhvə yol verməklə düzgün olmyan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsində göstərilmişdir ki, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Yuxarıda qeyd olunanlara əsasən, cavabdehin 22 noyabr 2019-cu il tarixli, 1434 saylı əmri Əmək Məcəlləsinin normalarına zidd olduğundan iddia tələbi təmin edilməli, işçi vəzifəsinə bərpa edilməli, iddiaçıya məcburi iş buraxmaya görə işə bərpa olunduğu vaxtadək ödənilməli olan əmək haqqı hesablanaraq ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçının iddiası təmin edilməli, o, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmalı, iddiaçıya işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı Balayeva (Əmirova) Aytən Vidadi qızının apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3084/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilsin. İddiaçı Balayeva (Əmirova) Aytən Vidadi qızı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunsun. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-921/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-921/2021
27.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver