Məhkəmə qərarları › İş №2(103)-921/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-921/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-921/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsassız varlanma” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əsassız varlanma”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-322/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “əsassız varlanma” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 3136,89 manat pul vəsaitinin və 51,37 manat dövlət rüsumunun Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh ərizə verərək bildirmişdir ki, İddiaçı əməkdaşları 4 aylıq əmək haqqını məhkəmənin qərarı olmadan, maaş kartını bloklayaraq tutublar. Ona qarşı yönəldilən bu yalanları dəfələrlə onlarla müzakirə edib sübut etsə də, heç bir iş görülməyib. 4000 manat pulu o, götürməmişdir. Məktubda göstərildiyi kimi texniki səhv olsa da, öz səhvlərini başqasının üstünə yıxırlar. Onlar keşbək debet kartını bütün hər yerdə paylayırlar. Hamıya bu kartın nağdlaşdırma kartı olduğu bildirilir. Bu qanunsuzluğa son qoyulmasını xahiş edir. Onun üstünə yazılan 4000 manatı silib, 1400 manat mənimsənilən pulunun geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir

3. Nizami Rayon Məhkəməsinin e-2(007)-3091/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsassız varlanma” tələbinə dair sadələşdirilmiş icraat üzrə işə iddia icraatında baxılması qərara alınmışdır.

4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 2606.89 manat pul vəsaitinin və 51,37 manat dövlət rüsumunun Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Nizami Rayon Məhkəməsinin 2(007)-322/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Ülkər Yusifova) ilə iddia təmin edilmiş, Cavabdeh 2606.89 manat və ödənilmiş 51.37 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia qalan hissədə təmin edilməmiş, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 145 manatın Cavabdeh tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır.

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onların dəlilləri:

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, bildirmişdir ki, onun maaş kartı heç bir əsas olmadan bank tərəfindən bloklanıb, onun əmək haqqından 1400 manat əsassız tutulub. Bankla onun arasında 4000 manat pulun ona verilməsi barədə heç bir müqavilə olmamışdır. Göstərilənlərə əsasən qətnamənin tamamilə ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, şikayət əsassızdır, hesabdan çıxarışdan və ekspert rəyindən aydın olur ki, karta 30891 manat pul mədaxil edilmiş, 33497.89 manat isə məxaric edilmişdir. xx.xx.2023-cü il tarixinə qalıq -2606.89 manatdır. Apellyasiya şikayəti uzatma xarakterli olduğundan, təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

10. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “X2 kart müqavilə”sindən görünür ki, Bank Müştəriyə “X2” ödəniş kartı (bundan sonra - “X2 Kart” və ya “Kart) verir. Müştərinin müraciəti əsasında bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti (bundan sonra - kredit xətti) ayırır, həmin Karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, Müştəri isə Kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir.

11. İddiaçı ASC-nin ödəniş kartları üzrə çıxarışdan görünür ki, xx.xx.2022xx.xx.2023-cü il tarixlərində karta 30361 manat pul mədaxil edilmiş, 33497.89 manat isə məxaric edilmişdir. xx.xx.2023-cü il tarixinə qalıq -3136.89 manatdır.

12. İddiaçı ASC-nin ödəniş kartları üzrə çıxarışdan görünür ki, xx.xx.2022xx.xx.2023-cü il tarixlərində karta 30891 manat pul mədaxil edilmiş, 33497.89 manat isə məxaric edilmişdir. xx.xx.2023-cü il tarixinə qalıq -2606.89 manatdır.

13. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, Cavabdeh banka 3897.89 manat borcun 5 təqvim günü ərzində ödənilməsi tələb olunmuşdur, əks təqdirdə İddiaçı ASC tərəfindən həmin vəsaitinin qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur.

14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/332/2024 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixə 2606.89 manat borc müəyyən edilmişdir.

15. İddiaçı Prosessinq mərkəzinin xx.xx.2023-cü il tarixli bankomat çıxarışından görünür ki, balans -3897, 89 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Tətbiq edilən prosessual hüquq normaları:

17. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

18. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, cavabdehə məxsus İddiaçı ASC-nin ödəniş kartları üzrə çıxarışdan görünür ki, xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində karta 30891 manat pul mədaxil edilmiş, 33497.89 manat isə məxaric edilmişdir. xx.xx.2023-cü il tarixinə qalıq -2606.89 manatdır. Göründüyü kimi məxaric məbləği mədaxil məbləğindən çoxdur.

21. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Cavabdeh tərəf apellyasiya şikayətində onun kartından qeyd olunan məbləğin çıxarılmadığını bildirsə də, yuxarıda qeyd edilən ekspert rəyini şübhə altına ala biləcək hər hansı sübut təqdim edə bilmədiyindən apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Nəticə:

23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

25. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə cavabdehin mübahisələndirdiyi hissədə iddianın qiyməti 2606.89 manat təşkil etdiyindən, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

26. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

27. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin 2(007)-322/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar