Məhkəmə qərarları › İş №2(103)-9217/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9217/2021

26.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9217/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-82/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" X2 Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin mənzildən çıxarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, onların mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" İK ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İK ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş və Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyul 2016-ci il tarixli 2(005)-746/2016 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair "xxxx" İK ASC-nin mülkiyyət hüquqları 25 aprel 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış və bankın adına RX seriyalı ******* nömrəli çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi Mənzil İstismar Kommunal Sahəsinin 38/3036 nömrəli 16 sentyabr 2014-cü il tarixli arayışından göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda olmaqla yaşayırlar. Əmlakın "xxxx" İK ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh şəxslər mənzildən çıxmaqdan imtina edirlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-82/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, onların mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayəti vermişlər və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-82/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassız hesab edilməklə ləğv edilməlidir. Belə ki, məhkəməsi işə baxılarkən cavabdeh kimi məhkəmə prosesində iştiraklarını təmin etməmiş və bununla da qaldırılmış iddia tələbi ilə bağlı etiraz və mülahizələrini dinləyib, araşdırmamış və ya təkzib etməmişdir. Bununlada məhkəmə baxışının çəkişmə prinsipinin tələblərini pozmuşdur. "xxxx" ASC ilə aralarında olan kredit müqaviləsindən doğan öhdəlikləri yerinə yetirə bilməmişlər. Bu hal demək olar ki, əslində fors-major hadisəsi kimi qiymətləndirilməli və bank tərəfindən nəzərə alınmalı idi. İddiaçı məhkəmə qətnaməsinə söykənərək mənzillərinə yeyələnir. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş "xxxx" ASC-yə olan kredit borcunu qəbul etməklə, bu məbləği ödəməyə hazırdılar. Məhkəmə nəzərə almağa borclu idi ki, boşaldilmalı mənzil onların ailə üzvləri ilə birlikdə yaşadığı yeganə mənzildir. Qanunvericilik bu hallarda mənzildə yaşayan sakinlərin mənafeyini nəzərə almalı və ailənin mənzildən çıxarılması məsələlərinə ehtiyyatla yanaşmalıdır. Məhkəməsi bu halların heç birini nəzərə almaq istəməmişdir. Nəticədə əgər məhkəmə qətnaməsi icra olunarsa evsiz küçədə qalmaq şansları nəzərə alınmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-82/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh1 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-82/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-82/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzil 25 aprel 2018-ci il tarixdə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına qeydiyyatdan keçirilmiş və hal-hazırda mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus mənzildə yaşamaqla qeydiyyatdadırlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildə qalması, mülkiyyətçinin mənzilə dair hüquqlarını həyata keçirilməsinə mane olur, iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 746/2016 saylı, 20 iyul 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, 10 oktyabr 2014-cü il tarixli 24-A-1-0-724-14 saylı kredit müqaviləsi üzrə yaranmış kredit borcu-18.204 manat məbləğində əsas borc, 3.115 manat məbləğində faiz və 1.800 manat məbləğində cərimə, cəmi 23.119 manat, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat, xidmət haqqı 20 manat pul məbləği Cavabdeh1 müştərək qaydada "xxxx" İKB-nin xeyrinə tutulması, tələbin Cavabdeh1 məxsus və ipoteka ilə yüklü, ilkin satış qiyməti 46.000 manat olan Bakı şəhəri Nərimanov rayonu, Z.Xəlil küçəsi, 14 saylı evin 1 otaqlı 1 saylı mənzilinə yönəldilməsi və həmin mənzil açıq hərracdan satılaraq əldə edilən vəsaitdən borcun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.(İ.vər. 7 - 11) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsindəki 14 nömrəli evin 17.92 kv.metr ümumi sahəsi olan 1 nömrəli mənzili "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə daşınmaz əmlakın Dövlət reyestrində 593 nömrəli reyestr kitabının 54473 nömrəli vərəqində 25.04.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.(İ.vər. 12) İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3174/2020 saylı, 25.08.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(009)919/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.(İ.vər. 79 - 85) İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)1235/2021 saylı, 12.04.2021-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh1 kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3174/2020 saylı, 25.08.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.(İ.vər. 116 - 124) İş materiallarında olan, 38 saylı MKİS-in 044989 №-li arayışının surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildən çıxmaqdan imtina etmələri iddiaçıya öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur, cavabdehlərin mənzildən çıxarılması üçün isə onların mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apеlyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayətinin həmin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də həmin halları təsdiq edən sübutları təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-82/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-82/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar