Məhkəmə qərarları › İş №2(103)-9227/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9227/2021

11.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9227/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi İddiaçı9 iştirakı ilə, İddiaçılar İddiaçı13, İddiaçı12, İddiaçı11, İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh ”Xudafərin” MMCyə qarşı “mənzillərin təhvil verilməsi və pulun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(001)-4854/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı13, İddiaçı12, İddiaçı11, İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh ”Xudafərin” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən, iddiaçılar - payçıların (sakinlərin) Cavabdeh MMC-dən aldıqları, hazırki iş üzrə mübahisələndirilən mənzillərin, yəni İddiaçı13 aid A4 korpusu, 13cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 145,11 kv.m olan mənzilin, İddiaçı12 aid B korpusu, 1ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 115,57 kv.m olan mənzilin, X1 aid E korpusu, 1-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 19.8 kv.m olan qarajın və E korpusu, 9-cu mərtəbə, 4 otaqlı, ümumi sahəsi 214,14 kv.m olan mənzilin, İddiaçı10 aid A4 korpusu, 14-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 138,97 kv.m olan mənzilin, İddiaçı9 aid A5 korpusu, 3-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 141,79 kv.m olan mənzilin, İddiaçı8 aid B korpusu, 6-cı mərtəbə, 3 otaqlı, ümumi sahəsi 183,80 kv.m olan mənzilin, X2 aid C korpusu, 11- ci mərtəbə, 4 otaqlı, ümumi sahəsi 208,65 kv.m olan mənzilin, İddiaçı6 aid A2 korpusu, 8-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 138,97 kv.m olan mənzilin, İddiaçı5 aid A4 korpusu, 3-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 145,11 kv.m olan mənzilin, İddiaçı4 aid A5 korpusu, 8-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 145.11 kv.m olan mənzilin, İddiaçı3 aid B korpusu, 4-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 183,80 kv.m olan mənzilin, İddiaçı2 aid D korpusu, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 155,02 kv.m olan mənzilin, İddiaçı1 aid E korpusu, 12-ci mərtəbə, 4 otaqlı, ümumi sahəsi 214,14 kv.m olan mənzilin Cavabdeh MMC tərəfindən onlara (müqavilə üzrə sahiblərinə) təhvil verilməsi, 47474 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq 7.255 ABŞ dollarının İddiaçı13, 5.778 ABŞ dollarının İddiaçı12, 10.707 ABŞ dollarının X1, 6.948 ABŞ dollarının İddiaçı10, 7.596 ABŞ dollarının İddiaçı9, 9.190 ABŞ dollarının İddiaçı8 ödənilməsi, 65000 manatdan ibarət pul məbləğinin Cavabdeh MMC-dən alınaraq həmin məbləğin müştərək qaydada (hər iddiaçıya 5000 manat olmaqla) İddiaçı13, İddiaçı12, X1, İddiaçı10, İddiaçı9, İddiaçı8, X2, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 ödənilməsinə dair qətnamə qəbul edəsiniz xahiş etmişdir. Bundan sonra iddiaçılar iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini 47474 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq 7.255 ABŞ dollarının İddiaçı13, 5.778 ABŞ dollarının İddiaçı12, 10.707 ABŞ dollarının X1, 6.948 ABŞ dollarının İddiaçı10, 7.596 ABŞ dollarının İddiaçı9, 9.190 ABŞ dollarının İddiaçı8 ödənilməsi hissəsində azaltdıqlarını bildirmiş və tələb edilən əmlakların iddiaçılara təhvil verilməsi və 65000 manatdan ibarət pul məbləğinin Cavabdeh MMC-dən alınaraq həmin məbləğin müştərək qaydada (hər iddiaçıya 5000 manat olmaqla) onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar müqavilə üzrə öhdəliklərini yerinə yetirərək, nəzərdə tutulmuş məbləğləri tam şəkildə MMC-yə ödəmişlər, bu barədə kassa mədaxil orderləri də verilmişdir. Lakin MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, tikilməkdə olan binanı yarımçıq qoymuşdur. Bina üzrə payçılar birlik yaradaraq binanın tamamla işlərinin görülməsi üçün smeta layihəsi tərtib etmiş, layihə üzrə tələb olunan pul məbləğini öz aralarında cəmləşdirərək, binanın tamamlama işlərini həyata keçirmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(001)- 4854/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh ”Xudafərin” MMC-dən iddiaçılar İddiaçı13, İddiaçı12, İddiaçı11, İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 hər birinin xeyrinə 5.000 manat, cəmi 65.000 manat məbləğində pulun tutulması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.01.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(001)-4854/2020 nömrəli qətnaməsində buraxılmış yanlışlıq düzəldilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(001)-4854/2020 nömrəli qətnaməsində “MÜƏYYƏN ETDİ” sözündən sonra 5-ci abzasda olan “Məhkəmə, iddiaçı tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.” cümləsi, “Məhkəmə, iddiaçı tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.” cümləsi ilə əvəz edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçılar həqiqətən də binanın dam örtüyünün tikintisini və binada digər işləri şəxsən və ya üçüncü şəxslər vasitəsi ilə görmələrini, hər biri tərəfindən 5000 manat pulun sərf edildiyini sübut etməlidirlər, məhkəməyə təqdim etdikləri smeta sənədləri qeyd edilən işlərin görülməsini və həmin işlərin görülməsinə 988000 manatın xərclənməsini, həmin məbləğin hansı hissəsinin iddiaçılar tərəfindən verildiyini təsdiq etmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı9 apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər iddiaçılar və cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiklərinə görə işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddia qismən təmin edilmiş olsa da, iddiaçılar qətnaməni mübahisələndirməmiş, cavabdeh MMC qətnamənin qismən ləğvini xahiş edərək, iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Kollegiya apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh ”Xudafərin” MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “A” məhəlləsinin şimal hissəsində 0,553 ha torpaq sahəsi üzərində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Cavabdeh ”Xudafərin” MMC aralarında bağlanmış 26.12.2011-ci il tarixli, 468 saylı müqaviləyə əsasən həmin binanın “E” korpusunun, 12-ci mərtəbəsində, ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı mənzili inşa edib İddiaçı1, 12.01.2004-cü il tarixli, 223 saylı müqaviləyə əsasən həmin binanın “D” korpusunun, 7-ci mərtəbəsində, ümumi sahəsi 155,02 kv.m olan 3 otaqlı mənzili inşa edib İddiaçı2, 29.01.2004-cü il tarixli, 256 saylı müqaviləyə əsasən həmin binanın “B” korpusunun, 4-cü mərtəbəsində, ümumi sahəsi 183,80 kv.m olan 3 otaqlı mənzili inşa edib İddiaçı3, 13.12.2003-cü il tarixli, 168 saylı müqaviləyə əsasən həmin binanın “A5” korpusunun, 8-ci mərtəbəsində, ümumi sahəsi 145,11 kv.m olan 3 otaqlı mənzili inşa edib İddiaçı4, 26.12.2003-cü il tarixli, 194 saylı müqaviləyə əsasən həmin binanın “A4” korpusunun, 3-cü mərtəbəsində, ümumi sahəsi 145,11 kv.m olan 3 otaqlı mənzili inşa edib İddiaçı5, 18.12.2003-cü il tarixli, 174 saylı müqaviləyə əsasən həmin binanın “A2” korpusunun, 8-ci mərtəbəsində, ümumi sahəsi 138,97 kv.m olan 3 otaqlı mənzili inşa edib İddiaçı6, 07.01.2004-cü il tarixli, 214 saylı müqaviləyə əsasən həmin binanın “C” korpusunun, 11-ci mərtəbəsində, ümumi sahəsi 208,65 kv.m olan 4 otaqlı mənzili inşa edib İddiaçı7, 03.01.2003-cü il tarixli, 45 saylı müqaviləyə əsasən həmin binanın “B” korpusunun, 6-cı mərtəbəsində, ümumi sahəsi 183,80 kv.m olan 3 otaqlı mənzili inşa edib İddiaçı8, 06.01.2003-cü il tarixli, 46 saylı müqaviləyə əsasən həmin binanın “A5” korpusunun, 3-cü mərtəbəsində, ümumi sahəsi 141,79 kv.m olan 3 otaqlı mənzili inşa edib İddiaçı9, 14.02.2004-cü il tarixli, 272 saylı müqaviləyə əsasən həmin binanın “A4” korpusunun, 14-cü mərtəbəsində, ümumi sahəsi 138,97 kv.m olan 3 otaqlı mənzili inşa edib İddiaçı10, 12.04.2004-cü il tarixli, 300 saylı və 27.04.2004-cü il tarixli, 01 saylı müqavilələlərə əsasən müvafiq olaraq həmin binanın “E” korpusunun, 9-cu mərtəbəsində, ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı mənzili və “E” korpusunun, 1-ci mərtəbəsində, ümumi sahəsi 19,8 kv.m. olan qarajı (qeyri-yaşayış sahəsini) inşa edib İddiaçı11, 14.04.2004-cü il tarixli, 301 saylı müqaviləyə əsasən həmin binanın “B” korpusunun, 1-ci mərtəbəsində, ümumi sahəsi 115,57 kv.m olan 2 otaqlı mənzili inşa edib İddiaçı12, 09.02.2004-cü il tarixli, 269 saylı müqaviləyə əsasən həmin binanın “A4” korpusunun, 13cü mərtəbəsində, ümumi sahəsi 145,11 kv.m olan 3 otaqlı mənzili inşa edib İddiaçı13 təhvil verməyi, iddiaçılar İddiaçı1 (160.605 manat), İddiaçı2 (31.004 ABŞ dolları), İddiaçı3 (36.760 ABŞ dolları), İddiaçı4 (28.007 ABŞ dolları), İddiaçı5 (27.570 ABŞ dolları), İddiaçı6 (26.404 ABŞ dolları), İddiaçı7 (41.730 ABŞ dolları), İddiaçı8 (31.246 ABŞ dolları), İddiaçı9 (22.800 ABŞ dolları), İddiaçı10 (28.002 ABŞ dolları), İddiaçı11 (mənzilə görə 36.404 ABŞ dolları, qaraja görə 5.000 ABŞ dolları), İddiaçı12 (26.500 ABŞ dolları), İddiaçı13 (29.022 ABŞ dolları) isə qeyd edilən mənzillərin müqavilə üzrə müəyyən edilmiş dəyərini cavabdeh ”Xudafərin” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmin mənzillərin müqavilələr üzrə müəyyən edilmiş dəyəri bu şəxslər tərəfindən cavabdeh ”Xudafərin” MMC-yə ödənilmiş və cavabdeh ”Xudafərin” MMC tərəfindən onların hər birinə ödənişlərin aparılmasını təsdiq edən kassa mədaxil orderləri verilmişdir. Tərəflər arasında bağlanılmış müqavilələrə əsasən cavabdeh həmin müqavilələr (2ci bəndi) üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, ümumi təmir quraşdırma işlərinin görülməsi, o cümlədən binanın dam örtüyünün tikintisini, bina üzrə bütün arakəsmələrin hörülməsini, binanın həyətinə asfalt döşənməsini, habelə binanın qapı və pəncərələrinin şüşələnmiş vəziyyətdə quraşdırılmasını, elektrik, santexnika (su və kanalizasiya) xətlərinin çəkilməsini, binanın liftlərlə təchiz edilməsini və sazlanaraq istismara verilməsini təmin etməli olduğu halda, üzərinə götürdüyü bu kimi öhdəliklərini icra etməmiş və binanın inşasını tamamlamamışdır. İddiaçılar müqavilələrə əsasən cavabdeh tərəfindən yerinə yetirilməli olan bir sıra işlərin şəxsi vəsaitlər hesabına icra etdiklərini iddia edərək, bu halı təsdiq edən sənədləri (işlərin görülməsinə dair smeta) təqdim etmiş və məbləğlərin cavabdehdən tutulmasını tələb etmişdirlər. Bu işlərdə ümumilikdə 183 sakin iştirak etmiş və 988.000 manat məbləğində pul vəsaiti sərf edilmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 451-ci maddəsinə əsasən borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər. Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır; 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, sifarişçi (alıcı) qismində çıxış edən iddiaçılar podratçı qismində çıxış edən Cavabdeh MMC-yə aralarında bağlanmış podrat müqavilələrində şərtləşdirilmiş muzdu ödəmələrinə baxmayaraq, cavabdeh həmin müqavilələrdə nəzərdə tutulan işləri tam icra etməmiş, müqavilə üzrə müəyyən edilmiş vəzifələrini vicdanla yerinə yetirməmişdir. Nəticə etibarı ilə podratçı tərəfindən görülmüş işlər müqavilə üzrə şərtləşdirilmiş keyfiyyətə və kəmiyyətə uyğun gəlməmiş, qüsurlu olmuşdur. Bu səbəbdən iddiaçılar cavabdeh tərəfindən görülməli olan işləri öz qüvvələri, habelə üçüncü şəxsləri cəlb etməklə və şəxsi vəsaitlər hesabına icra edərək, binanın dam örtüyünün tikintisini, bina üzrə arakəsmələrin hörülməsini, binanın həyətinə asfalt döşənməsini, habelə binanın qapı və pəncərələrinin şüşələnmiş vəziyyətdə quraşdırılmasını, elektrik, santexnika (su və kanalizasiya), habelə qaz xətlərinin çəkilməsini, binanın liftlərlə təchiz edilməsini və sazlanaraq istismara verilməsini, habelə bu kimi digər işlərin görülməsini təmin etmişlər. Bu işlər müqavilədən kənar qaydada, yəni əlavə olaraq görülməli işlər deyil və hər biri bilavasitə müqavilədən irəli gəlir. Ümumilikdə bu işlərə 988.000 manat məbləğində pul vəsaiti sərf edilmişdir. Bu işlərə ümumilikdə 183 sakin cəlb edildiyi və sakinlərin xərclərin çəkilməsində bərabər şəkildə iştirak etdiyi nəzərə alındığı halda, hər bir iddiaçı (988.000 / 183 = 5.399) 5.399 manat məbləğində xərc (zərər) çəkmiş olur ki, onun da əvəzini tələb etmək hüququna malikdir. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4854/2020 saylı iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar