Məhkəmə qərarları › İş №2(103)-9231/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9231/2021

12.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9231/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X7 (bundan sonra – Mərkəz) qarşı “işə bərpa və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 mart 2021-ci il tarixli qətnamədən cavabdeh Məktəbin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Mərkəzə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Mərkəzin direktoru tərəfindən verilmiş 29.10.2020-ci il tarixli, 103 saylı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi işburaxmaya görə aylıq əmək haqqının hesablanıb Mərkəz tərəfindən ona ödənilməsi, işdən qanunsuz olaraq azad olunması nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 1.000 manat məbləğində pul vəsaitinin Mərkəzdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Mərkəz üzrə verilmiş 29.10.2020-ci il tarixli, 103 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən iddiaçı ilə Mərkəz arasında bağlanmış “Əmək müqaviləsinə” xitam verilmişdir. Halbuki, iddiaçı 10 ilə yaxın müddətdir ki, avtomobil fənnini tədris edir, yüksək göstəriciləri də iddiaçı məhz bu fənn üzrə əldə etmişdir və diaqnostik qiymətləndirmənin nəticələrinə görə iddiaçıdan aşağı bal toplayan müəllimlər hazırda da Mərkəzdə işləyirlər. Bundan başqa nəzərə alınmalıdır ki, həmin ştat vahidi ixtisar olunmamışdır və hazırda da mövcuddur. Avtomobil fənnini isə hazırda rəsm müəllimi tədris edir. İddiaçı pozulmuş hüququnun bərpası ilə bağlı həmkarlar təşkilatına müraciət etmiş və orada ona bildirmişlər ki, həmkarlar ittifaqının qərarı olmadan cavabdeh Mərkəz onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verə bilməzdi. Lakin cavabdeh Mərkəz iddiaçı ilə bağlanmış “Əmək müqaviləsini” bərpa etmədiyindən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 31.03.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh Mərkəz üzrə verilmiş “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 29.10.2020-ci il tarixli, 103 saylı əmrinin ləğv edilməsini, iddiaçının cavabdeh Mərkəzə müəllim vəzifəsinə işə bərpa edilməsini, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Mərkəz tərəfindən iddiaçıya ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. Cavabdeh Mərkəz həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğuna görə ləğv olunmalıdır. Belə ki, iddiaçı, iddia tələbi ilə mübahisələndirdiyi əmrin ona məlum olduğu vaxtdan 2 ay sonra Rayon Məhkəməsinə müraciət etmişdir. Həmçinin, iddiaçının dərs dediyi fənn onun ixtisasına uyğun olmamışdır. Buna görə də onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan da görünür ki, iddiaçıya ixtisara düşməsi ilə bağlı məlumat verilmişdir. İşə baxmış Rayon Məhkəməsi işin bu hallarına qiymət verməmişdir, halbuki, iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə Mərkəzin nümayəndəsi tərəfindən ərizə verilmişdir. Cavabdeh Mərkəzin vəkili (nümayəndəsi) X2 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı əmək qanunverricliyində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Cavabdeh Mərkəz tərəfindən iddiaçıya işdən çıxması barədə məlumat verilmiş, son haqq hesabın aparılması üçün iddiaçı dəvət olunmuş, lakin iddiaçı gəlməkdən imtina etmişdir. Cavabdeh Mərkəzdə Həmkarlar ittifaqı fəaliyyət göstərir, baxmayaraq ki, həmin qurumun iclasında bu məsələ müzakirə olunmamış və müvafiq qərar qəbul edilməmişdir. Buna baxmayaraq iddia təmin edilə bilməz, çünki iddiaçı iddia müddətini ötürmüşdür. Cavabdeh Mərkəzin vəkili (nümayəndəsi) apellyasiya baxışının növbəti iclasında iştirak etməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin, habelə Rayon Məhkəməsinin qətnaməsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, həmkarların iclası keçirilmədən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 29.10.2021-ci il tarixdə cavabdeh Mərkəzin kadrlar şöbəsindən onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq bildirmişlər ki, onunla bağlanmış “Əmək müqaviləsi” ləğv edilmiş və Mərkəzə gəlib əmri və son-haqq hesabını götürməsini təklif etmişlər. Lakin o bundan imtina etmiş və 04.11.2020-ci il tarixdə Həmkarlar təşkilatına müraciət etmişdir. 10.11.2021-ci il tarixdə isə, oradan ona bildirmişlər ki, həmkarlar ittifaqının qərarı olmadan onunla bağlanmış “Əmək müqaviləsinin” ləğvi qanunsuzdur. Bundan sonra da, o, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı, qızı 15.09.2005-ci il tarixdə 6 saylı Bakı Peşə Liseyinə istehsalat təlim ustası vəzifəsinə işə qəbul edilmiş, 14.09.2011-ci il tarixdən etibarən isə həmin Liseyin ixtisas fənn müəllimi vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən məlum olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə 6 nömrəli Bakı Peşə liseyi və 9 nömrəli Bakı Peşə Liseyi birləşdirilmiş və onların bazasında “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” yaradılmışdır. Bununla əlaqədar iddiaçının ərizəsi əsasında onunla bağlanmış “Əmək müqaviləsinə” 03.09.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” hissəsi (müəssisə ləğv edildikdə) ilə xitam verilmiş və iddiaçı, onunla cavabdeh Mərkəz arasında bağlanmış 03.09.2019-cu il tarixli “Əmək müqaviləsinə” əsasən Mərkəzə müəllim vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan sənədlərdən və 28.09.2020-ci il tarixli əmrdən görünür ki, iddiaçıya Əmək Məcəlləsinin 70 maddəsinin “b” bəndinə əsasən ixtisar olunduğu barədə xəbərdarlıq edilmiş və xəbərdarlıq müddətinin 28.10.2020-ci il tarixdə bitəcəyi barədə ona məlumat verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 68.1-ci maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: (“a”) tərəflərdən birinin təşəbbüsü; (“b”) əmək müqaviləsinin müddətinin qurtarması; (“c”) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; (“ç”) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); (“d”) tərəflərin iradəsindən asılı olmayan hallar; (“e”) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi göstərilmişdir. Həmin əsaslar aşağıda göstərilənlərdən ibarətdir: (“a”) müəssisə ləğv edildikdə; (“b”) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; (“c”) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; (“ç”) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; (“d”) sınaq müddəti ərzində işçi özünü doğrultmadaqıda; (“e”) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Məcəllənin 76-cı maddəsinin 1-ci hissəsinə görə, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məcəllənin 76-cı maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məcəllənin 74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə görə, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinə görə, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məcəlləsinin 80-ci maddəsinin 3-cü bəndinə görə, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. İddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” cavabdeh Mərkəz tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, müəssisədə həmkarlar ittifaqı fəaliyyət göstərməsinə baxmayaraq, iddiaçının işdən çıxarılması məsələsi X1 iclasında müzakirə olunmamış, həmkarlar ittifaqının qərarı alınmamışdır. Bu baxımdan hesab edilməlidir ki, işəgötürən olan cavabdeh Mərkəz işçisi olan iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin tələbinə riayət etməmiş, müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığını almadığı üçün iddiaçının işdən çıxarılması qanunsuz olmuşdur. Bununla yanaşı Məhkəmə qeyd edir ki, iddiaçı əmək qanunvericiliyində nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyi üçün onun işə bərpa olunması barədə tələbi təmin oluna bilməz. Rayon Məhkəməsi cavabdeh Mərkəz tərəfindən verilmiş “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəyə münasibət göstərərək qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır. İddiaçı onun barəsində qəbul edilmiş 29.10.2020-ci il tarixli əmrlə tanış edilməli və bu əmrin surəti ona işəgötürən (cavabdeh) tərəfindən təqdim olunmalı idi. Təqdim olunmanın da sübutu olaraq iddiaçı tərəfindən aidiyyəti sənədlərdə əmrin qəbul edilməsini təsdiq edən imza edilməli idi. Lakin araşdırma zamanı qeyd edilən əmrin surətinin ona təqdim edilməsi aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” 29.10.2020-ci il tarixdə xitam verilmişdir. İddiaçının bildirdiklərinə əsasən müəyyən olunur ki, o, 29.10.2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini bilmişdir. Belə ki, iddiaçın özünün bildirdiyinə görə, 29.10.2020-ci il tarixdə cavabdeh Mərkəzin kadrlar şöbəsindən onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq bildirmişlər ki, onunla bağlanmış “Əmək müqaviləsi” ləğv edilmiş və Mərkəzə gəlib əmri və son-haqq hesabını götürməsini təklif etmişlər. Məhkəmə “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin surətinin işəgötürən olan cavabdeh Mərkəz tərəfindən təqdim olunmalı olması ilə bağlı Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmır. Çünki iddiaçının özünün bildirdiyinə görə, o, 29.10.2020-ci il tarixdə cavabdeh Mərkəzin kadrlar şöbəsindən telefon vasitəsilə daxil olmuş dəvətə baxmayaraq Mərkəzə gedib əmri və son-haqq hesabı almaqdan imtina etmişdir. Göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçı öz hüququnun pozulduğunu 29.10.2021-ci il tarixdə artıq bilmiş, lakin o, iddia ərizəsi ilə 10.12.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da, iddiaçı tərəfindən 1 aylıq müddət ötürülmüşdür. İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatda bildirmişdir ki, o, pozulmuş hüquqlarının bərpası məqsədi ilə 04.11.2020-ci il tarixdə Həmkarlar təşkilatına müraciət etmiş, 10.11.2021-ci il tarixdə ona bildirmişlər ki, həmkarlar ittifaqının qərarı olmadan onunla bağlanmış “Əmək müqaviləsinin” ləğvi qanunsuzdur. Bundan sonra da, o, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı hesab edir ki, bu hal nəzərə alındıqda müəyyən edilir ki, o, iddia müddətini ötürməmişdir. Bunları nəzərə alan Məhkəmə bildirir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin İ hissəsinə görə, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə görə, bu maddənin birinci hissində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Odur ki, bunları və iddiaçının “Əmək kitabçasını” və son haqq hesabı almaqdan imtina etməsini nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə 1 aylıq iddia müddətinin axımının başlanması məhz 29.10.2020-ci il tarixdən hesablanmalıdır. İddia müddətinin üzürlü səbəbdən ötürülməsi və müddətin bərpası üçün əsasların olmadığı müəyyən edildiyindən iddia tələbinin təmin edilməsi qeyri-mümkündür. Lakin işə baxmış Rayon Məhkəməsi işin bu halını yanlış qiymətləndirmişdir. Beləliklə də apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə, apellyasiya baxışı ilə müəyyən edilmiş hallara, habelə MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X5 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 mart 2021-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X3rşı “işə bərpa və sair tələbləri barədə” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar