Məhkəmə qərarları › İş №2(103)-9232/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9232/2021

06.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9232/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh ”Xudafərin” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4656/2020 saylı iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh ”Xudafərin” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 Müşviq oğlunun, İddiaçı1 cavabdeh ”Xudafərin” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən, iddiaçılar-payçıların (sakinlərin) Cavabdeh MMC-dən aldıqları, hazırki iş üzrə mübahisələndirilən mənzillərin, yəni: İddiaçı10 aid A3 korpusu, 4-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 138.97 kv.m olan mənzilin, İddiaçı9 aid A3 korpusu, 13-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 138.97 kv.m olan mənzilin, İddiaçı8 aid B korpusu, 13-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 155.08 kv.m olan mənzilin, İddiaçı7 aid A5 korpusu, 10-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 138.97 kv.m olan mənzilin, İddiaçı6 aid A2 korpusu, 1-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 138.97 kv.m olan mənzilin, İddiaçı5 aid A5 korpusu, 3-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 183.97 kv.m olan mənzilin, İddiaçı4 aid E korpusu, 16-cı mərtəbə, 4 otaqlı, ümumi sahəsi 213.51 kv.m olan mənzilin, İddiaçı3 aid A5 korpusu, 15-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 138.97 kv.m olan mənzilin, İddiaçı2 aid D korpusu, 15-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 122.44 kv.m olan mənzilin, İddiaçı1 aid C korpusu, 9-cu mərtəbə, 4 otaqlı, ümumi sahəsi 208.65 kv.m olan mənzilin Cavabdeh MMC tərəfindən onlara (müqavilə üzrə sahiblərinə) təhvil verilməsinə, 50 000 manatdan ibarət pul məbləğinin Cavabdeh MMC-dən alınaraq həmin məbləğin müştərək qaydada (hər iddiaçıya 5 000 manat olmaqla) İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4656/2020 saylı iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi (27.01.2021-ci il tarixli düzəliş qərardadı) ilə iddia qismən təmin edilmiş, cavabdeh ”Xudafərin” MMC-dən iddiaçılar İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 Müşviq oğlunun, İddiaçı1 hər birinin xeyrinə 5.000 (beş min) manat, cəmi 50.000 (əlli min) manat məbləğində pulun tutulması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh ”Xudafərin” MMC apellyasiya şikayəti verərək, qətnamənin qismən, Cavabdeh MMC-dən iddiaçların hər birinə 5000 manat, cəmi 50000 manat məbləğində pulun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır, o iddianın təmin olunması hissəsində ləğv olunmalı və həmin hissədə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmənin qətnamədə qeyd edilən yanaşması əsassızdır. İddiaçılar həqiqətən də binanın dam örtüyünün tikintisini və binada digər işləri şəxsən və ya üçüncü şəxslər vasitəsi ilə görmələrini, şəxsən hər biri tərəfindən 5000 manat pulun sərf edildiyini sübut etməlidirlər. Onlar bu pulun verilməsinə dair qəbzləri, pulun hansı istiqamətdə xərclənməsinə dair sübutlar verməlidir. Onların məhkəməyə təqdim etdikləri smeta sənədləri yuxarıda qeyd edilən işlərin görülməsi və həmin işlərin görülməsinə görə 988.000 manatın xərclənməsini və həmin məbləğin hansı hissəsinin iddiaçılar tərəfindən verildiyini təsdiq etmir və bu smeta sənədi iddianın qismən təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ”Xudafərin” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasə işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçılar ümumiyyətlə mübahisələndirməmiş, cavabdeh isə qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4656/2020 saylı iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sübutlarla müəyyən edilir ki, cavabdeh ”Xudafərin” MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “A” məhəlləsinin şimal hissəsində 0,553 ha torpaq sahəsi üzərində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Cavabdeh ”Xudafərin” MMC aralarında bağlanmış 11.04.2003-cü il tarixli, 84 saylı müqaviləyə əsasən həmin binanın “E” korpusunun, 16-cı mərtəbəsində, ümumi sahəsi 213,51 kv.m olan 4 otaqlı mənzili inşa edib İddiaçı4, 10.02.2003-cü il tarixli, 61 saylı müqaviləyə əsasən həmin binanın “A5” korpusunun, 3-cü mərtəbəsində, ümumi sahəsi 138,97 kv.m olan 3 otaqlı mənzili inşa edib İddiaçı5, 20.12.2003-cü il tarixli, 180 saylı müqaviləyə əsasən həmin binanın “A2” korpusunun, 1-ci mərtəbəsində, ümumi sahəsi 138,97 kv.m olan 3 otaqlı mənzili inşa edib İddiaçı6, 28.01.2003-cü il tarixli, 56 saylı müqaviləyə əsasən həmin binanın “A5” korpusunun, 10-cu mərtəbəsində, ümumi sahəsi 138,97 kv.m olan 3 otaqlı mənzili inşa edib İddiaçı7, 29.01.2004-cü il tarixli, 257 saylı müqaviləyə əsasən həmin binanın “B” korpusunun, 13-cü mərtəbəsində, ümumi sahəsi 155,08 kv.m olan 3 otaqlı mənzili inşa edib İddiaçı8, 28.01.2004-cü il tarixli, 255 saylı müqaviləyə əsasən həmin binanın “A3” korpusunun, 13-cü mərtəbəsində, ümumi sahəsi 138,97 kv.m olan 3 otaqlı mənzili inşa edib İddiaçı9, 27.12.2003-cü il tarixli, 196 saylı müqaviləyə əsasən həmin binanın “A3” korpusunun, 4-cü mərtəbəsində, ümumi sahəsi 138,97 kv.m olan 3 otaqlı mənzili inşa edib İddiaçı10, 14.10.2004-cü il tarixli, 314 saylı müqaviləyə əsasən həmin binanın “C” korpusunun, 9-cu mərtəbəsində, ümumi sahəsi 208,65 kv.m olan 4 otaqlı mənzili inşa edib İdrisov Nəcməddin İdris oğluna, 16.08.2012-ci il tarixli, 508 saylı müqaviləyə əsasən həmin binanın “D” korpusunun, 15-ci mərtəbəsində, ümumi sahəsi 122,44 kv.m olan 2 otaqlı mənzili inşa edib Nəsirova Təhminə İsmayıl qızına və 05.01.2004-cü il tarixli, 210 saylı müqaviləyə əsasən həmin binanın “A5” korpusunun, 15- ci mərtəbəsində, ümumi sahəsi 138,97 kv.m olan 3 otaqlı mənzili inşa edib İddiaçı3 təhvil verməyi, iddiaçılar İddiaçı4 (64.053 ABŞ dolları), İddiaçı5 (25.015 ABŞ dolları), İddiaçı6 (30.574 ABŞ dolları), İddiaçı7 (25.015 ABŞ dolları), İddiaçı8 (26.364 ABŞ dolları), İddiaçı9 (28.489 ABŞ dolları), İddiaçı10 (27.794 ABŞ dolları), habelə İdrisov Nəcməddin İdris oğlu (45.903 ABŞ dolları), Nəsirova Təhminə İsmayıl qızı (61.220 manat) və İddiaçı3 (27.794 ABŞ dolları) isə qeyd edilən mənzillərin müqavilə üzrə müəyyən edilmiş dəyərini cavabdeh ”Xudafərin” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmin mənzillərin müqavilələr üzrə müəyyən edilmiş dəyəri bu şəxslər tərəfindən cavabdeh ”Xudafərin” MMC-yə ödənilmiş və cavabdeh ”Xudafərin” MMC tərəfindən onların hər birinə ödənişlərin aparılmasını təsdiq edən kassa mədaxil orderləri verilmişdir. Sonradan İdrisov Nəcməddin İdris oğlu ilə İddiaçı1 arasında bağlanmış 19.10.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən İdrisov Nəcməddin İdris oğlu 14.10.2004-cü il tarixli, 314 saylı müqaviləyə əsasən Cavabdeh MMC-dən əldə etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “A” ünvanında yerləşən binanın “C” korpusunun, 9-cu mərtəbəsində, ümumi sahəsi 208,65 kv.m olan 4 otaqlı mənzili İddiaçı1 satılması barədə gələcəkdə alqısatqı müqaviləsinin bağlanması barədə üzərinə öhdəlik götürmüş, həmin mənzilin dəyəri İddiaçı1 tərəfindən ona ödənilmiş və o, notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən həmin mənzilin İddiaçı1 adına keçməsinə, sənədləşdirilməsinə, satılmasına razılıq vermişdir. Bununla da mənzillə bağlı bütün hüquqlar İddiaçı1 keçmişdir. Eyni qaydada İddiaçı3 ilə İddiaçı3 arasında 09.08.2019-cu il tarixdə ilkin müqavilə bağlanmış və İddiaçı3 tərəfindən eyni məzmunlu notarial qaydada təsdiq edilmiş ərizə verildikdən sonra 05.01.2004-cü il tarixli, 210 saylı müqavilənin predmeti olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “A” ünvanında yerləşən həmin binanın “A5” korpusunun, 15-ci mərtəbəsində, ümumi sahəsi 138,97 kv.m olan 3 otaqlı mənzilinə dair bütün hüquqlar İddiaçı3 keçmişdir. Nəsirova Təhminə İsmayıl qızı isə 04.03.2019-cu il tarixdə “baş beyin ocaqlı travması” səbəbindən ölmüş və 21.12.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onunla Cavabdeh MMC arasında bağlanmış yuxarıda qeyd edilən 16.08.2012-ci il tarixli, 508 saylı müqavilə üzrə tələb etmə hüququ vərəsəlik qaydasında İddiaçı2 Müşviq oğluna keçmişdir. Hazırda iddiaçılar cavabdehlə bağlanmış müqavilələr üzrə “Alıcı” nın üzərinə düşən öhdəliklərin tam icra edilərək, həmin müqavilələrin predmeti olan mənzillərin müqavilə üzrə müəyyən edilmiş dəyərinin tam ödənildiyini, lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilələrdən irəli gələn öhdəliklərin bugünədək tam yerinə yetirilmədiyini, binanın inşasını tamamlamadığını, bu işlərin onların vəsaiti hesabına həyata keçirildiyini və hazırda da onların vəsaiti hesabına davam etdirildiyini bildirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 451-ci maddəsinə əsasən borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır; 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Bu baxımdan cavabdeh həmin müqavilələr (2-ci bəndi) üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, ümumi təmir quraşdırma işlərinin görülməsi, o cümlədən binanın dam örtüyünün tikintisini, bina üzrə bütün arakəsmələrin hörülməsini, binanın həyətinə asfalt döşənməsini, habelə binanın qapı və pəncərələrinin şüşələnmiş vəziyyətdə quraşdırılmasını, elektrik, santexnika (su və kanalizasiya) xətlərinin çəkilməsini, binanın liftlərlə təchiz edilməsini və sazlanaraq istismara verilməsini təmin etməli idi. Lakin üzərinə götürdüyü bu kimi öhdəliklərini icra etməmiş və binanın inşasını tamamlamamışdır. İddiaçılar da məhz bu hallara istinad edərək, müqavilələrə əsasən cavabdeh tərəfindən yerinə yetirilməli olan bir sıra işlərin şəxsi vəsaitlər hesabına icra etdiklərini iddia edirlər və bu halı təsdiq edən sənədləri (işlərin görülməsinə dair smeta) təqdim edərək, bu məbləğlərin cavabdehdən tutulmasını tələb edirlər. Bu işlərdə ümumilikdə 183 sakin iştirak etmiş və 988.000 manat məbləğində pul vəsaiti sərf edilmişdir. Bununla belə, sifarişçi (alıcı) qismində çıxış edən iddiaçılar podratçı qismində çıxış edən Cavabdeh MMC-yə aralarında bağlanmış podrat müqavilələrində şərtləşdirilmiş muzdu ödəmələrinə baxmayaraq, cavabdeh həmin müqavilələrdə nəzərdə tutulan işləri tam icra etməmiş, müqavilə üzrə müəyyən edilmiş vəzifələrini vicdanla yerinə yetirməmişdir. Nəticə etibarı ilə podratçı tərəfindən görülmüş işlər müqavilə üzrə şərtləşdirilmiş keyfiyyətə və kəmiyyətə uyğun gəlməmiş, qüsurlu olmuşdur. Bu səbəbdən iddiaçılar cavabdeh tərəfindən görülməli olan işləri öz qüvvələri, habelə üçüncü şəxsləri cəlb etməklə və şəxsi vəsaitlər hesabına icra edərək, binanın dam örtüyünün tikintisini, bina üzrə arakəsmələrin hörülməsini, binanın həyətinə asfalt döşənməsini, habelə binanın qapı və pəncərələrinin şüşələnmiş vəziyyətdə quraşdırılmasını, elektrik, santexnika (su və kanalizasiya), habelə qaz xətlərinin çəkilməsini, binanın liftlərlə təchiz edilməsini və sazlanaraq istismara verilməsini təmin etmişlər. Bu işlər müqavilədən kənar qaydada, yəni əlavə olaraq görülməli işlər deyil və hər biri bilavasitə müqavilədən irəli gəlir. Ümumilikdə bu işlərə 988.000 manat məbləğində pul vəsaiti sərf edilmişdir. Bu işlərə ümumilikdə 183 sakin cəlb edildiyindən və sakinlər xərclərin çəkilməsində bərabər şəkildə iştirak etdiyindən, hər bir iddiaçı (988.000 / 183 = 5.399) 5.399 manat məbləğində xərc (zərər) çəkmişdir. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməli, müqavilələrdən irəli gələn və bilavasitə cavabdehin üzərinə düşən qeyd edilən işlərin nəticə etibarı ilə 183 sakin tərəfindən ümumilikdə 988.000 manat məbləğində pul vəsaiti sərf edilməklə icra edildiyi nəzərə alınmalı və cavabdeh ”Xudafərin” MMC-dən hər bir iddiaçının xeyrinə 5.000 manat məbləğində pul tutulmalıdır (cavabdehlə İdrisov Nəcməddin İdris oğlu, İddiaçı3 və Nəsirova Təhminə İsmayıl qızı arasında bağlanmış müqavilələrin predmetini təşkil edən mənzillərin sahibləri hazırda müvafiq olaraq İddiaçı1, İddiaçı3 və İddiaçı2 Müşviq oğlu olduğundan və qeyd edilən xərclərin qarşılanmasında iştirak etdiklərindən zərər məbləğini tələb etmək hüququ əldə etmişdilər). ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, cavabdeh müqavilələr (2-ci bəndi) üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, ümumi təmir quraşdırma işlərinin görülməsi, o cümlədən binanın dam örtüyünün tikintisini, bina üzrə bütün arakəsmələrin hörülməsini, binanın həyətinə asfalt döşənməsini, habelə binanın qapı və pəncərələrinin şüşələnmiş vəziyyətdə quraşdırılmasını, elektrik, santexnika (su və kanalizasiya) xətlərinin çəkilməsini, binanın liftlərlə təchiz edilməsini və sazlanaraq istismara verilməsini təmin etməli idi. Lakin üzərinə götürdüyü bu kimi öhdəliklərini icra etməmiş və binanın inşasını tamamlamamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4656/2020 saylı iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh ”Xudafərin” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4656/2020 saylı iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar