Məhkəmə qərarları › İş №2(103)-9237/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9237/2021

03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9237/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “məhdudiyyətin aradan qaldırılması və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 21 may 2021-ci il tarixli qətnamədən iş üzrə tərəf olmayan, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs Mixaylovnanın verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Nərimanov Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 21.05.2021-ci il tarixli qətnaməsindən iş üzrə tərəf olmayan, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsi həmin apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 357-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1.). Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir (maddə 357.2.). MPM-nin 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda sadalanan prosessual hüquq normalarından göründüyü kimi əgər birinci instansiya məhkəməsinin qətnaməsindən tərəfin özü deyil, qətnamənin hüquq və vəzifələrinə toxunduğunu hesab edən digər şəxs apellyasiya şikayəti verirsə, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq ilk növbədə qəbul edilmiş qətnamənin həmin şəxsin hüquq və vəzifələrinə toxunubtoxunmadığı müəyyən edilməli və bu barədə qərardad qəbul edilməlidir. Bu məsələlər həll edilmədən hazırkı apellyasiya şikayətinin baxılması üçün göndərilməsi şikayəti vermiş Maraqlı şəxs işdəki prosessual vəziyyətinin aydınlaşdırılmaması nəticəsini yaradır. Belə olan halda isə onun ümumiyyətlə, şikayət vermək hüququna malik şəxs olub-olmadığı məsələsi həll edilməmiş qalır. Bu mənada, hazırkı işin halları baxımından iş üzrə tərəf olmayan Maraqlı şəxs verdiyi apellyasiya şikayəti yalnız o halda prosessual qanunvericiliyin tələblərinə uyğun verilmiş hesab oluna və baxılmaq üçün qəbul edilə bilər ki, o, qəbul edilmiş qətnamənin onun hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınsın. İş materiallarından görünür ki, adından apellyasiya şikayəti verilmiş Maraqlı şəxs Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən həmin qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs kimi şikayət vermişdir. Lakin Rayon Məhkəməsi tərəfindən bununla bağlı müvafiq prosessual hərəkətlər edilmədən, yəni həmin qətnamə ilə şikayət vermiş şəxsin maraqlarına toxunulub-toxunulmaması məsələsi müəyyən edilmədən apellyasiya şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. MPM-nin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda hesab edilməlidir ki, Maraqlı şəxs verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkündür. Buna görə də, Maraqlı şəxs qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs qismində tanınıb-tanınmaması məsələsinin həlli üçün iş materialları qətnaməni qəbul etmiş Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən, Məhkəmə, MPM-nin 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 21 may 2021-ci il tarixli qətnamədən iş üzrə tərəf olmayan, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs Mixaylovnanın verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilsin və Maraqlı şəxs Mixaylovnanın qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs kimi tanınıb-tanınmaması məsələsinin həll edilməsi üçün apellyasiya şikayəti mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar