Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-924/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 İddiaçının vəkili Vəkil2, Cavabdehin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı dividend qismində kompensasiya ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)- 394/2020 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “dividend qismində kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 Saylı Bakı İnzibati-İqtisad məhkəməsinə müraciət edərək, Cavabdeh ASCdən ona səhmlərinin miqdarına mütənasib ədalətli kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC -yə məxsus “Koroğlu” metro stansiyası yaxınlığında yerləşən torpaq sahələri 2015-ci il tarixində abadlaşıdırma məqsədilə dövlət ehtiyacları üçün alınmışdır.Sözügedən fakta, cəmiyyətin idarə heyətinin sədrinin xx.xx.2017-ci il tarixli məktubu ilə ətraflı münasibət bildirilmiş və cavabdehə məxsus Nərimanov rayonu Böyük şor, 4-cü uzununa, 29 ünvanında yerləşən əmlakın dövlət ehtiyacları üçün söküldüyünə görə, cəmiyyətə 2014-cü ildə kompensasiya ödənişi daxil olmuşdur. Lakin, cavabdeh həmin kompensasiyadan ona düşən payı verməkdən imtina edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-18/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “dividend qismində kompensasiyanın ödənilməsi” tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən iddiaçıya məxsus 1856 ədəd səhmin cavabdehin 33.400.000 manat dəyərində olan daşınmaz əmlakına nisbətini nəzərə alaraq 85.838 manat məbləğində pulun eləcə də, əmlakın qiymətləndirilməsi üçün iddiaçının ödədiyi 500 manat məbləğində xidmət haqqını cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-394/2020 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, iddiaçıya məxsus 1.856 ədəd səhmə (722054 ədəd səhmdə faiz ifadəsi, 0.257 %) görə, cavabdehin mülkiyyətində olan və real bazar qiyməti 33.400.000 manat dəyərində olan daşınmaz əmlakına (Nərimanov rayonu, Böyükşör qəsəbəsi, 4cü Uzununa küçəsi 29 ünvanında yerləşən 1.2055 ha torpaq sahəsində tikilmiş ümumi sahəsi 19758.5 kv.m olan daşınmaz əmlak) nisbətini nəzərə alaraq, 85.838 manat (səksən beş min səkkiz yüz otuz səkkiz manat) məbləğində kompensasiya qismində dividend pulunun və daşınmaz əmlakın qiymətləndirməsi üçün ödənilmiş 500 manat (beş yüz) xidmət haqqının, cəmi 86.338 manat (səksən altı min üç yüz otuz səkkiz manat) məbləğində pulun Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən, cavabdehin mülkiyyətində olmuş və dövlət ehtiyacları üçün sökülmüş əmlak qiymətləndirilmiş və həmin əmlakın dəyəri hesab etdiyi məbləğə iddiaçının iştirak payının əmsalı vurulmaqla dividend müəyyən edilmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi dividend yalnız xalis mənfəətdən bölünməlidir. Cavabdehin sökülmüş əmlakın dəyəri isə dividend deyil. Dividend xalis gəlirdən tutulmalı olduğu halda, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin gəlirindən deyil, zərərindən iddiaçıya dividend ödənilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən hazırki məhkəmə baxışının hədləri qətnamənin əsaslığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçının səhmdar kimi həmin səhmlərin müqabilində dividend almaq hüququ olduğundan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının sadə riyazı hesablamalar yolu ilə müəyyən etdiyi məbləğin tələb etməsi əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilməlidir. Belə ki, kollegiya tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin xx.xx.2017-ci il tarixli depo hesabından çıxarışa əsasən, Cavabdeh ASC-nin nizamnamə kapitalı ******* (bir milyon dörd yüz qırx dörd min bir yüz səkkiz manat sıfır qəpik) təşkil edir. Cəmiyyətə məxsus hər bir səhmin nominal dəyəri 2 (iki) qəpik təşkil edir. İddiaçı məxsus səhmlərin sayı 1856 (bir min səkkiz yüz əlli altı) ədəd olub, qiymətli kağız sahibi kimi Milli Depozit Mərkəzinin reyestrində DP00180066 hesab nömrəsi ilə qeydiyyata alınmış və səhmlər heç bir öhdəliklə yüklü edilməmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor, 4-cü uzununa, 29 ünvanında yerləşən əmlak Cavabdeh ASC-nin mülkiyyətində olmuş və 2014-cü il tarixdə sökülmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının nəticələrinə dair “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən Nərimanov rayonu, Böyükşör qəsəbəsi, 4-cü Uzununa küçəsi 29 ünvanında yerləşən 1.2055 ha torpaq sahəsində tikilmiş ümumi sahəsi 19758.5 kv.m, torpaq daşınmaz əmlakın qiymətləndirilməsi aparılmış və əmlakın real bazar dəyəri 33.400.000 manat, likvid dəyəri isə 30.060.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bir sıra halları araşdırmamış və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.2-ci maddəsinə görə, açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını, habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur: hesabat dövrü üzrə maliyyə göstəriciləri,aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər,cəlb edilmiş maliyyə vəsaitləri,idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri, idarəetmə strukturu,inkişaf siyasəti,səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər,investisiyaların həcmi və mənbəyi, cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi, ictimai layihələr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.1-ci maddəsinə görə, səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin mülki məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Həmin Məcəllənin 106-1.3.3-cü maddəsinə görə, səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək hüququ vardır. Həmin məcəllnin 106-1.3.7-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin xalis mənfəətindən dividend almaq hüquqları vardır. Həmin Məcəllənin 106-3.1-ci maddəsinə görə, səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Həmin Məcəllənin 106-3.2-ci maddəsinə görə, səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın Mülki Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. Həmin məcəllənin 106-3.5-ci maddəsinə əsasən, dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Həmin Məcəllənin 107.1.4-cü maddəsinə əsasən, cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Kollegiya qeyd edir ki, qanunvericilik səhmdar cəmiyyəti tərəfindən dividentlərin müəyyən edilməsi və bölüşdürülməsi qaydalarını müəyyən etmişdir. Qanunvericiliyin tələblərinə görə səhmdar cəmiyyətinin mənfəətini və zərərini bölüşdürmək səhmdar cəmiyyətinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri isə onların ödənilməsi haqqında qərarın qəbul ediləndən sonra yaranır. İş materiallarından göründüyü kimi, qeyd olunan ödənişdən əlavə olaraq dividentlərin bölüşdürülməsi barədə cəmiyyətin ümumi yığıncağının qərarı iş materialları ilə müəyyən edilmir. Buna görə də, cəmiyyətin iddiaçı qarşısında dividentlərin bölünməsi ilə bağlı hər-hansı öhdəliyi yaranmamışdır. Bundan əlavə ASC-nin mülkiyyətində olmuş əmlakın sökülməsi nəticəsində kompensasiya ödənilməsi iş materialları ilə müəyyən edilmir. Həmçinin kompensasiya məbləğinin ASC tərəfindən alınması iddiaçı tərəfindən sübut edilmir. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə məsrəfləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-394/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-394/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Məhkəmə məsrəfləri iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-924/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-924/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver