Məhkəmə qərarları › İş №2(103)-924/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-924/2024

23.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-924/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və zərərin əvəzinin ödənilməsi barədə iş üzrə (açar sözlər: yaşayış sahəsinə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və zərərin əvəzinin ödənilməsi barədə iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 noyabr 2023-ci il tarixli, e- 2(006)-3470/2023 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi Rüstəmova Günel Paşa qızı və Cavabdeh oğlunun payları 2/1 nisbətində olmaqla paylı mülkiyyətdədir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi və mülkiyyətindən məhrum olduğu 2013-2023-cü illər ərzində 10 illik müddət üçün 120 aylıq icarə haqqının ½ hissəsinin əldən çıxmış fayda olmaqla Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2ında yerləşən yaşayış sahəsi iddiaçının və cavabdehin hər birinin 1/2 payı olmaqla paylı mülkiyyətində olsa da, İddiaçı öz mülkiyyətində olan əmlakdan heç bir formada istifadə edə bilmir. Mülkiyyətində yaşayış sahəsi olmasına baxmayaraq İddiaçı övladı ilə birlikdə başqa ünvanda yaşayır. Belə ki, ünvan 2ında yerləşən yaşayış sahəsi Cavabdeh sahibliyində və istifadəsindədir. Evin giriş qapısının açarları cavabdehin sərəncamındadır. Bu səbəbdən İddiaçı həmin mənzilə daxil ola bilmir. Cavabdeh iddiaçının bu istəyinin yerinə yetməsinə hər vasitə ilə maneəçilik törədir. Cavabdeh qəti olaraq bildirmişdir ki, İddiaçı həmin mənzildə yaşamasına heç vaxt imkan verməyəcəkdir. Halbuki cavabdeh həmin mənzili kirayə verərək aylıq gəlir əldə edir və beləliklə də iddiaçının ən əsas konstitusion hüququ olan mülkiyyət hüququ pozulur. Eyni zamanda, neçə illər ərzində İddiaçı mülkiyyətindən məhrum olmaqla yanaşı həmin mənzili kirayə verəcəyi təqdirdə ondan gələcək gəlirdən də məhrum olmuşdur. Belə ki, həmin mənzilin aylıq kirayəsi ən azı 300 manat civarındadır. Kirayə qiymətinin 300 manat olduğu nəzərə alınmaqla həmin mənzil kirayə verilsə idi, İddiaçı kirayə müqaviləsindən 1/2 paya uyğun olaraq 150 manat gəlir əldə edə bilərdi.

4. Cavabdeh tərəfindən verilmiş iddiaya etiraz onunla əsaslandırılmışdır ki, nikahları pozulduqdan sonra oğlu Musa onunla, qızı Sevil isə anası ilə birlikdə ünvan 3 ünvanında yaşayırlar. Uşaqlardan biri onun, digərinin isə iddiaçının himayəsində olduğuna görə aliment ödəməli olmasa da, iddiaçıya hər ay müəyyən məbləğdə vəsait ödəmişdir və bu barədə qəbzlər mövcuddur. Mübahisə predmeti olan yaşayış sahəsi 3 mərtəbəli köhnə binanın 3-cü mərtəbəsində yerləşir və mənzil paylı mülkiyyətdə olsa da, naturada bölünmədiyi üçün mənzilin hansı hissədə iddiaçıya, hansı hissədə ona məxsus olması məlum deyildir. Bundan əlavə, nikahları pozulduğuna görə iki ailənin, yəni iddiaçı ilə birlikdə yaşamağı mümkün deyildir. İddiaçı ilə bir ailədə yaşamağmız mümkün olmadığından 2012-ci ildə ayrılaraq ayrı-ayrı ünvanlarda yaşayıblar. Hal-hazırda isə mənzili naturada bölmədən, yəni kimin hansı hissədən istifadə edəcəyini müəyyən etmədən birlikdə yaşamaqları mümkün deyildir. Həmçinin iddiaçı 10 il ərzində kirayə haqqını tələb etməkdə haqlı deyildir. Belə ki, mənzil yaşayış üçün yararsız vəziyyətdədir və kirayədə deyildir. Mənzilin yerləşdiyi bina yararsız və köhnə olduğuna görə söküntü altına düşdüyündən iddiaçıya mənzili sataraq əldə olunan pul vəsaitini bölməyi təklif etsə də, o, buna razı olmayaraq imtina etmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 noyabr 2023-ci il tarixli, 2(006)- 3470/2023 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq, İddiaçı ünvan 2ında yerləşən yaşayış sahəsinə köçürülməsi, qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzil tərəflərin paylı mülkiyyətində olmasına baxmayaraq, cavabdehin hərəkətləri nəticəsində iddiaçı həmin evə köçüb oradan istifadə edə bilmir. Mülkiyyət hüququ (o cümlədən mülkiyyət hüququnun xüsusi növü olan paylı mülkiyyət hüququ) üç səlahiyyəti (sahiblik, istifadə, sərəncam) özündə birləşdirir və həmin səlahiyyətlərdən birinin məhdudlaşdırılması mülkiyyət hüququnun pozulmasına dəlalət edir. İddiaçı mübahisəli evin ½ hissəsinin mülkiyyətçisi olsa da, həmin evin digər paylı mülkiyyətçisi olan cavabdehin hərəkəti nəticəsində öz mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. Bu da onun mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına dəlalət edir. Lakin iddianın əldən çıxmış fayda kimi 18000 manat pul tələbi ilə bağlı hissəsi əsassızdır. Belə ki, iddiaçı 2013cü ildən 2023-cü ilədək (120 ay) əmlakı icarəyə verəcəyini və verdiyi təqdirdə aylıq 150 manat qazancından məhrum olmasını qeyd etsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Yəni iddiaçı tərəf həqiqətəndə ona icarə (kirayə) üçün üçüncü şəxs tərəfindən müraciətin (təklif ) edilməsi barədə sübutları da təqdim edə bilməməklə bir daha vermiş olduğu iddianın əsassızlığının olmasına dəlalət edir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 153.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək təmin olunan hissənin ləğv edilərək iddianın həmin hissədə rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzil 3 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir və ümümi sahəsi 41.7 kv. metrdən ibarətdir. Mənzilin iddiaçının payına uyğun bölünməsi mümkün deyildir. Cavabdehlə iddiaçının bir yerdə yaşamaları mümkün olmadığına görə sonuncu ondan ayrılaraq başqa ünvana köçmüşdür. Hal-hazırda iddiaçı mənzilin ½ hissəsinə olan hüququndan sui-istifadə edərək yenidən həmin ünvana köçürülməsini istəmişdir, məhkəmə isə onun tələbini təmin edərək onların bir yerdə yaşaya bilməmələrinin səbəblərini aydınlaşdırmadan əsassız nəticəyə gəlmişdir. Halbuki, cavabdeh iddiaçıya ümumi mülkiyyətlərində olan mənzili sataraq paylarına uyğun bölməyi təklif etməsinə baxmayaraq məhkəmə, mənzilin bölünməz olmasını, əks cinsdən olan şəxslərin birlikdə hansı qaydada yaşamalarının, ümumi istifadə yerlərdən necə istifadə edəcəklərini, mənzilin kommunal xərclərinin hansı qaydada ödənilməsini müəyyən etmədən iddiaçının mənzilə köçürülməsini qərara almışdır. Məhkəmə iddiaçıya göstərilən normanı izah edərək, həmin maddənin tələblərinə əməl etməmiş və tərəflərin arasında yenidən konflikt yaranmasına şərait yaratmışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-1940/2012 saylı 18 may 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdehin arasında qeydiyyata alınan nikah pozularkən iddiaçı ilə cavabdehin bir yerdə yaşamasının mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə iddiaçı ilə cavabdehin ümumi mülkiyyətdə olan mənzilin hansı hissəsindən istifadə edəcəklərini müəyyən etmədən mənzilə köçürməkdə haqlı olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı paylı mülkiyyətdəki ½ payı Dövlət Reyestrindən Çıxarışa əsasən artıq çoxdan müəyyən edilib. Beləliklə də İddiaçı paylı mülkiyyətdəki ½ payı müəyyən edildiyindən və bu barədə çıxarış verildiyindən İddiaçı mülkiyyətçi olaraq həmin mənzilə köçürülüb orada yaşamaq hüququ vardır. Cavabdeh tərəf isə hər vəchlə mülkiyyət hüququnu istifadə hüququ ilə qarışdırır və mənzildən istifadə etmək üçün birgə yaşayış üsulunun müəyyən edilməsi şərtini ortaya atır. Belə yanaşma qanunsuz və əsassızdır. Cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi normalar paylı mülkiyyətdə payın ayrılıb tələb edən mülkiyyətçiyə verilməsi ilə əlaqədardır. İddiaçı isə ona hər hansı payın ayrılıb verilməsini tələb etmir, sadəcə mülkiyyətində olan mənzilə yetkinlik yaşına çatmayan qızı ilə birlikdə köçüb yaşamaq istəyir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır

12. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti ilə qətnamənin qismən – iddia tələbinin təmin edilən hissədə ləğvi xahiş edildiyi, mübahisənin predmeti bölünən olduğu, qətnamə iddiaçı tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddia təmin olunan – İddiaçı ünvan 2ında yerləşən yaşayış sahəsinə köçürülməsi tələbinə dair hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

19. İşdən görünür ki, cavabadehin hazırkı apellyasiya baxışının predmetini İddiaçı ünvan 2ında yerləşən yaşayış sahəsinə köçürülməsi təşkil edir.

20. İddiaçı bu hissədə tələblərinin hüquqi əsası kimi Mülki Məcəlləsinin paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılmasına dair normalara istinad etmişdir.

21. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, cavabdehlə iddiaçının bir yerdə yaşamaları mümkün olmadığına görə cavabdeh iddiaçıya ümumi mülkiyyətlərində olan mənzili sataraq paylarına uyğun bölməyi təklif etməsinə baxmayaraq məhkəmə mənzilin bölünməz olmasını, əks cinsdən olan şəxslərin birlikdə hansı qaydada yaşamalarının, ümumi istifadə yerlərdən necə istifadə edəcəklərini, mənzilin kommunal xərclərinin hansı qaydada ödənilməsini müəyyən etmədən iddiaçının mənzilə köçürülməsini qərara almışdır. Məhkəmə iddiaçıya göstərilən normanı izah edərək, həmin maddənin tələblərinə əməl etməmiş və tərəflərin arasında yenidən konflikt yaranmasına şərait yaratmışdır.

22. Kollegiya cavabdehin istinad etdiyi hallara münasibətdə qeyd edir ki, cavabdehin göstərdiyi halların heç biri hazırda yoxlanılan hissədə iddianın rədd olunmasına əsas ola bilməz. Nəzərə alınmalıdır ki, iddiaçı məhz mülki qanunvericiliyin paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna dair müddəlarına istinad etmiş, birinci instansiya məhkəməsi də həmin normalara istinadən iddiaçının mənzilə dair hüquqlarının olduğu qənaətinə gəlməklə iddiaçının mübahisəli mənzilə köçürülmə tələbini təmin etmişdir.

23. Qüvvədə olan qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Yəni, bu halda bütün tərəflərin iradə ifadəsi mövcud olmalıdır.

24. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbələrinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırkı iş üzrə iddiaçının iddia tələbini paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması tələbi deyil, iddiaçının paylı mülkiyyətdə olan mənzilə köçürülməsi təşkil etdiyindən məhkəmə iddia tələbindən kənara çıxaraq iddiaçıya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi normanı izah və paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılmasına dair maddi hüquq normalarını tətbiq edə bilməzdi.

25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 noyabr 2023-ci il tarixli, 2(006)- 3470/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 noyabr 2023-ci il tarixli, 2(006)- 3470/2023 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar