Məhkəmə qərarları › İş №2(103)-9242/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9242/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9242/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1868/2021 saylı, 27.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh «İnter Consturction”MMC-yə qarşı pul tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X2 2018-ci ilin oktyabr ayında internetdə (Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində prokurorluq işçiləri üçün "xxxx" MMC tərəfindən tikilən binada mənzil satışının olduğunu öyrənmiş, oradan mobil nömrəsini aldığı X8 ilə telefonla danışaraq (mobil tel: *** *** ** **), Zaurun yönləndirdiyi özünü tikinti rəisi olduğunu iddia edən Fikrət adlı şəxslə birgə satışda olan mənzilə baxmışlar. Mənzilə baxdıqdan sonra Zaur onu Lider TV-nin yaxınlığına yerləşən ofisinə çağırmışdır. Bildirmişdir ki, əgər ödənişi bir ay ərzində etsə, baxdıqları mənzilin qiyməti 82000 AZN olacaq. X12 ofisində ona 300 AZN beh verib ilkin razılaşmışlar. Daha sonra tələbə yoldaşı Qorxmaz İbrahimli ilə yenidən Zaurun ofisinə qalan şərtləri danışmağa getmişlər və orada məlum olmuşdur ki, Zaurun atası Qorxmaz İbrahimlinin əmisi Məmməd Arazın (xalq şairi) evinə gedib gəlirmiş. Beləliklə, arada səmimiyyət yaranmış və Zaurun sözünə inanmağa qərar vermişlər. Bir neçə gün sonra İqbal, Zaur və dostu İsa 5 saylı Asan Xidmət mərkəzinə beh məqsədi ilə 10000 AZN ödəməyə getmişlər. Orada Zaur şəxsiyyət vəsiqəsinin üstündə olmadığını səbəb gətirərək, dostunun şəxsiyyət vəsiqəsi üstündə olduğundan onun adına ödəniş etməyi xahiş etmişdir. İqbal da X5 (şəxsiyyət vəsiqəsi: AA0395287) 10.000 AZN vermiş. İki gün sonra Zaur təcili pul lazım olduğunu bildirərək yenidən 10.000 AZN tələb etmişdir. Bu dəfə vaxt gec olduğundan və Asan xidmət mərkəzi bağlı olduğundan 10.000 AZN müqaviləsiz verməyə məcbur olmuşlar. Daha sonra qalan məbləği toplamaq üçün təsərrüfatlarındakı iribuynuzlu və xırdabuynuzlu heyvanları dəyər-dəyməzinə sataraq və 26000 AZN də borc alaraq məbləği birtəhər tamamlamış və 19 noyabr 2018-ci ildə o, və oğlu İqbal müqavilə imzalamaq üçün şirkətin ofisi olduğu iddia edilən yerə getmişlər. Orada Şahin adlı şəxs (mobil tel: *** *** ** **) onları qarşılamışdır. O, oğlu Zaur, Zaurun dostu İsa, Fikrət və şirkətin direktoru olduğunu iddia edən Şahinlə müqavilə imzalamışlar. Onlara müqavilə təqdim edilmişdir. Müqavilədə evin dəyərinin onlara deyiləndən fərqli olduğunu və mədaxil qəbzində 74.000 AZN qeyd olunduğunu görmüşlər. Belə olduqda Şahin onlara bunun şirkətlə Zaur arasındakı daxili bir məsələ olmasını və onlara heç bir aidiyyəti olmadığını demişdir. Bir ay sonra borcsuz, tam şəkildə müqavilə və evin maliyyə kağızının veriləcəyini iddiaçıya bildirilmişdir. Dekabrın sonunda evin təhvil veriləcəyi deyilmiş və onlar da halhazırda kirayə yaşadıqları üçün tezliklə təmir edib oraya köçməyi planlaşdırmışlar. Dekabrın sonunda Zaur arayışın hələ hazır olmadığını və yanvar ayında verəcəyini demişdir. Onlar 20 yanvar 2019-cu ildə binanın ərazisində yenidən Zaur və Fikrətlə görüşmüş, ancaq məsələnin yekunlaşmadığını bəhanə edərək, fevralın axırında maliyyə arayışı verəcəklərini bildirmişlər. Bu minvalla məsələ uzanmağa başlamışdır. Hər dəfə ayrı bəhanə uyduraraq, onları aldatmışlar. Bu müddət ərzində Seyid Namiq və Zaurun qardaşı olduğunu iddia edən Asif adlı şəxs də məsələyə qarışıb, hər dəfəsində bir ay möhlət istəmişlər. Tərəflər arasında bağlanmış 19.11.2018-ci il tarixli müqavilənin 3.2.2-ci bəndinə əsasən “İcraçı” bütün tikinti-quraşdırma və binanın istismara qəbul edilməsi işləri yekunlaşdırıldıqdan sonra mənzilin təhvil-təslim aktı ilə 2018-ci ilin dekabr ayınadək “Sifarişçi”yə təhvil verilməsini öhdəsinə götürür. Qeyd edilənləri nəzərə alaraq, tərəflər arasında bağlanmış 19.11.201 8-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942 A saylı məhəllədə inşa edilmiş yaşayış binasının “A” blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140.21 kv.m olan 3 otaqlı 21 nömrəli mənzil üçün ödədəyi 82.000 manat məbləğində pulun, bir ili üçün 8% olmaqla, 15 aya itirdiyi gəlir 820 manat və ona vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manatın cavabdeh "X4” Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tərəflər arasında bağlanmış 19.11.2018-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942 A saylı məhəllədə inşa edilmiş yaşayış binasının “A” blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140.21 kv.m olan 3 otaqlı 21 nömrəli mənzil üçün ödənilmiş 82.000 manat məbləğində pulun, 2019-cu il üçün 8 faiz olmaqla, 13 aya faiz faiz dərəcəsi 7106 manat, 2020-ci il üçün 7 faiz olmaqla 13 aya faiz dərəcəsi 6218 manat, cəmi itirdiyi gəlir 13324 manatın və ona vurulmuş mənəvi zərərə görə 5000 manatın cavadbeh Cavabdeh MMCdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1868/2021 saylı, 27.05.2021ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MMC-dən 74.000 (yetmiş dörd min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1868/2021 saylı, 27.05.2021ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək idddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1868/2021 saylı, 27.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək idddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən təqdim olunmuş sübutlar araşdırılaraq işin müəyyən edilmiş faktiki hallarına maddi hüquq normalarının tətbiqi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, «iş materiallarında olan kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən 19.11.2018-ci il tarixli, 39/18№-li kredit müqaviləyə əsasən 21 saylı mənzilə 74000 manat ödəniş edilmişdir. İş materiallarında olan 27.10.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, X1 İsa Vahid oğluna 10000 manat məbləğində borc vermişdir. Borc alan 27.12.2018-ci il tarixədək borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin araşdırılmış hallarından göründüyü kimi, tərəflər arasında bağlanmışmüqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcanküçələrinin kəsişməsində, 2942 A saylı məhəllədə inşa edilən yaşayış binasının «A» blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140.21 m2 olan, 3 otaqlı 21 №-li mənzilin bütün tikinti-quraşdırma işlərinin görülməsini, iddiaçı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlərlə aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz öhdəliklərini icra etmiş, cavabdeh isə icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 458.1-ci maddəsinə əsasən ”əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 458.2-ci maddəsinə əsasən bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh "xxxx" MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçının qarşısındakı öhdəliyini müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə aldığı pulu iddiaçıya geri ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış 19.11.2018-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942 A saylı məhəllədə inşa edilmiş yaşayış binasının “A” blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140.21 kv.m olan 3 otaqlı 21 nömrəli mənzil üçün ödənilmiş 74.000 manat "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulmalıdır... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə “özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə eyni zamanda əldən çıxmış fayda kimi cavabdehə ödənilən məbləğə hesablanmış faizlər barədə tələbin təmin edilməsini mümkün hesab etmir və qeyd edir ki, bu tələb ilə bağlı məhkəməyə hər hansı sübutlar təqdim edilmədi. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır”. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1868/2021 saylı, 27.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək idddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsinin əsası kimi ona istinad etmişlər ki, İddiaçı cavabdeh şirkətə faktiki olaraq 82.000 manat pul ödədiyi halda, ona 74 .000 manat ödəməsi barədə qəbz verilmiş, ödədiyi pulun məbləğini əks etdirən maliyyə arayışı tələb etsə də, ona həmin arayış verilməmişdir. 82.000 manat pulun Mərkəzi Bankın faiz uçotuna əsasən 26 ay üçün ona 13324 manat əlavə pul ödənilməlidir. İddiaçı həmin tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3, 439.7, 449.1 maddələrinə və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına istinad etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə sübut kimi təqdim olunmuş “19 noyabr 2018-ci il tarixli 39/18 saylı müqaviləyə əlavə”nin və 19 noyabr 2018-ci il tarixli 19 saylı kassa mədaxil orderinin surətində İddiaçı tərəfindən "xxxx" MMC-yə 74.000 manat ödənildiyi öz əksini tapmışdır. İddiaçı Cavabdehnə 82.000 manat pul ödədiyini təsdiq edən sənədi, həmin dəlilini təsdiq edə biləcək digər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə "xxxx" MMC ilə X7 arasında 19 noyabr 2018-ci il tarixində bağlanmış müqavilə üzrə ödənilmiş pulun geri qaytarılması tələbini X7 irəli sürmüşdür. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, həmin xüsusat Mülki Məcəllənin 439-cu maddəsinin tələblərinə müvafiq olaraq qanuna və müqaviləyə əsasən borcun üzərinə faizlər hesablanması kimi dəyərləndirilə bilməz. Bundan əlavə Mülki Məcəllənin 449.1-ci maddəsi özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsini nəzərdə tutur. Mülki işin materialları ilə müəyyən edilir ki, "xxxx" MMC ilə X7 arasında 19 noyabr 2018-ci il tarixində müqavilə bağlanmış və həmin müqaviləyə müvafiq olaraq iddiçı tərəfindən 74.000 manat "xxxx" MMC-yə ödənilmişdir. Öna görə həmin pul vəsaitinin iki ildən artıq müddətdə cavabdehdə saxlanılması qanunsuz və əsassız hesab oluna bilməz və cavabdeh həmin pul vəsaitini müqaviləyə əsasən qəbul edib ondan istifadə etdiyinə görə faizlər ödəməli deyildir. Bu cür müddəa müqavilənin özünün şərti kimi də nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti tənin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1868/2021 saylı, 27.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1868/2021 saylı, 27.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar